Durmuş xan Şamlı Haqqinda Melumat - Vikipedia

Durmuş xan Şamlı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Durmuş xan Şamlı

Durmuş xan Əbdi bəy oğlu Şamlı (XV əsr, Herat1525, Herat) — qızılbaş sərkərdəsi, Herat hakimi.

Durmuş xan Şamlı
II Durmuş xan Əbdi bəy oğlu Şamlı
bayraq
İsfahan bəylərbəyliyi
bayraq2
1503 – ?
1514 – 1514
ƏvvəlkiMəhəmməd bəy Ustaclı
SonrakıMəntəşa sultan Ustaclı
1521 – 1525
ƏvvəlkiƏmir xan Mosullu
SonrakıHüseyn xan Şamlı
Şəxsi məlumatlar
Doğum tarixi XV əsr
Doğum yeri Herat, Herat bəylərbəyliyi, Səfəvilər dövləti
Vəfat tarixi
Vəfat yeri Herat, Herat bəylərbəyliyi, Səfəvilər dövləti
Fəaliyyəti hərbi lider[d]
Atası Əbdi bəy
Uşağı Sultan Hüseyn bəy Şamlı
Hərbi xidmət
Döyüşlər
Rütbəsi general, qubernator

Əmir xan Mosullu tərəfindən Əmir Qiyasəddinin 11 iyun 1521-ci ildə i İxtiyarə qalasına həbs edilib, 16 iyunda isə edam edilməsi xəbəri Şah ismayıla çatdıqda şahın əmri ilə Təhmasib Mirzə və Əmir xan Təbrizə çağırıldı. Şahzadə Sam Mirzə və onun lələsi kimi Durmuş xan Şamlı yeni Xorasan hakimi təyin edildilər. Bu xəbər Durmuş xana çatdıqda o hələ də Xirqanda idi. Xəbəri eşidən kimi Herata doğru yola düşdü. Nəhayət 1521-ci ildə Durmuş xan Herat hakimi kimi vəzifəsinin icrasına başladı. O ömrünün sonuna kimi Herat hakimi kimi fəaliyyətini davam etdirdi. Durmuş xanın hakimliyində Herat şəhəri özünün yüksəliş dövrünü yaşadı.

Həyatı redaktə

Şamlı boyundan olan Durmuş xan məşhur təvaçıbaşı Əbdi bəy Şamlı ilə Şah İsmayılın bacısının oğlu idi. Mənbələrdə Durmuş xan haqqında Şah İsmayılın ən yaxın adamlarından biri olduğu və şaha sədaqəti ilə seçildiyi yazılır.[1]

Çaldıran döyüşünə qədər fəaliyyəti redaktə

“Tarixi aləmara-yi-Səfəvi” əsərində verilən məlumata görə hələ 20 iyun 1503-cü ildə baş vermiş Almaqulağı döyüşündə Şah İsmayılın rəhbərliyindəki Səfəvi ordusu Sultan Muradı məğlub etdikdə, Sultan Murad döyüş meydanını tərk etməli olur. Döyüşün rəhbərlərindən Mustafa paşa da onun ardınca geri çəkilmək istədikdə, şah ordusunun təqibindən yaxa qurtara bilmir. Şah İsmayıl ona yetişərək nizə ilə onu atdan yerə salır. Durmuş xan isə dərhal onun başını bədənindən ayırır. Bu döyüşdən sonra səfəvi qoşunu Həmədandan İsfahana gəlir və Şah İsmayılın əmri ilə Durmuş xan İsfahan bəylərbəyi təyin olunur. İsfahan bəylərbəyi təyin edildikdən sonra, Durmuş xan memar Mirzə-şah Hüseyn İsfahanini öz vəziri seçərək şəhərin yenidən qurulmasını vəzifəsini ona tapşırdı. Mənbələrdə Çaldıran döyüşünə qədər Durmuş xan tez-tez səfərlərdə iştirak etdiyi üçün İsfahanın idarəsini Mirzəşah Hüseynə həvalə etdiyi barədə məlumatlara rast gəlmək mümkündür.[2]

İsgəndər bəy Münşi "Tarix-i aləmara-yi Abbasi" əsərində Məhəmməd Kərrənin itaətsizlik göstərməsi məsələsində Durmuş xan Şamlının adını çəkir. "Tarix-i aləmara-yi Abbasi" və "Aləmara-yi Səfəvi"nin məlumatına görə, Yəzdin mühasirəsi uzun çəkdikdə Nemətulla şah Yəzd əhlinə məktub göndərdi və onları Məhəmməd Kərrənin məkrlərinə uymamağa və qala darvazalarını qızılbaşların üzünə açmağa çağırdı. Bildirilir ki, bundan sonra şəhər əhalisi fürsət tapıb qala darvazalarını açdılar və Durmuş xanın rəhbərliyi altında olan qızılbaş dəstəsi qalaya daxil olaraq onu nəzarət altına götürdülər.[3]

Yenə "Aləmara-yi Səfəvi" və "Aləmara-yi Şah İsmayıl" əsərlərində Mükri tayfası hakimi Sarom xan Mükrinin üsyanı zamanı tərəflər arasında baş verən döyüşdə Durmuş xan və atası Əbdi bəy Şamlı haqqında məlumatlara rast gəlmək mümkündür.[2] Döyüşün ilk günü qızılbaş qoşunlarının qalibiyyəti ilə sona çatır. Buna baxmayaraq şahzadə İbrahim Mirzə yaralanır. Döyüşün gedişatı Şah İsmayıl tərəfindən izlənilirdi və Səlmas ətrafında nə baş verməsindən onun xəbəri var idi. Burada qızılbaş qoşunlarının mürəkkəb vəziyyətlə qarşılaşdığını bildiyindən Şah İsmayıl sonradan Əbdi bəy və oğlu Durmuş xan Şamlının rəhbərliyi altında 6 min nəfərlik bir qoşun dəstəsini də Sultan İbrahimin köməyinə yolladı.[4]

İkinci gün Sarom xan yenidən döyüş meydanına enir və tərəflər öz yerlərini tuturlar. Sarom xanın oğlu Ərduvan bəy atasından icazə alıb meydana çıxır və qarşısına adam tələb edir. Şahzadə İbrahim Mirzə yaralı olduğu üçün onun qarşısına Əbdi bəy Şamlı çıxır.[5] Qarşılıqlı mübarizədə Əbdi bəy yaralanır. Ərduvan bəy onun başını kəsmək üçün əyildikdə oğlu Durmuş xan döyüş meydanına atılır. Qılınc zərbəsi ilə Ərduvan bəyi qətlə yetirir. Sarom xan oğlunun öldürüldüyünü gördükdə özünü Durmuş xanın üstünə atdı, bütün qəzəbini toplayaraq qılıncının zərbəsini Durmuş xanın üstünə yönəltdi. Bu zərbə o qədər ağır idi ki, Durmuş xanın müdafiə olunmağa çalışdığı qalxanını parçalayaraq onu yaraladı. Bununla belə, Durmuş xan döyüş meydanını tərk etmədi və bütün qızılbaşları da döyüşə ruhlandırmaq üçün yarasını sarıtdırıb özünü yenidən meydana atdı. Döyüş Sarom xanın rəhbərliyində kürd qoşunun məğlubiyyəti ilə nəticələndi.[6]

1510-cu ildə Şeybani xanın Mərvə çəkilməsi haqqında məktubu Şah İsmayıla yetişəndə o, Durmuş xanı yanına çağırdı və Heratın hakimliyini ona həvalə etdi. Sonra da Şah İsmayıl ona tapırdı ki, qızılbaş dəstəsi ilə Herata yollansın, oradakı özbək qoşun dəstəsinə zərbə vurmaqla bu şəhəri ələ keçirsin, Canvəfa Mirzəni əsir götürsün, öz müavinini Heratda saxlayaraq Canvəfa Mirzə ilə qayıdıb yenidən qızılbaş qoşunlarına qatılsın. Durmuş xan isə Şah İsmayıldan icazə istədi ki, onun yanında qalsın, onunla birlikdə Mərv yürüşündə iştirak etsin və yalnız Mərvdən qayıtdıqdan sonra Herata yürüş etsin. Şah İsmayıl onun bu xahişini qəbul etdi və sonra da Can adlanan məntəqədən Mərvə doğru hərəkətə başlamaq haqqında göstəriş verdi.[7]Mənbələrdə tərəflər arasında baş verən 3 saatlıq Mərv döyüşü haqqında ətraflı məlumatlar var. Özbək şahı Şeybani xan məğlub edildikdən sonra Şah İsmayıl tərəfindən təqib edilərək öldürülür (bəzi mənbələrə görə bataqlıda boğulur). Onun yaxın adamı Canvəfa Mirzə isə Durmuş xan tərəfindən təsadüfən qətlə yetirilir.[8]

Hicri 918/ miladi 1512-1513-cü ildə Şahzadə Əhmədin oğlu. Murad, Nur Əli xəlifə ilə birlikdə Şah İsmayıla sığınır. Bu zaman şahın əmri ilə onları qarşılamaq və qonaq etmək vəzifəsi Durmuş xan Şamlıya tapşırılmışdı.[9]

Çaldıran döyüşündə rolu redaktə

Çaldıran döyüşü başlamazdan əvvəl Şah İsmayılın əmri ilə döyüşdən əvvəl şura toplantısı keçirilir. Bu haqqda Səfəvi qaynaqlarında verilən məlumatlar demək olar ki eyni məzmundadır. Qaynaqlarda Osmanlı ilə döyüş təcrübəsi olan komandanların hamısı düşmən ordusunun döyüş nizamı almadan hücum etməyi məsləhət gördüyü yazılmışdır. Bu təklif Şah İsmayıl və əsas Qızılbaş sərkərdələrindən olan Durmuş xan Şamlının narazılığına səbəb olur, onlar mərdyana döyüş olması üçün düşmənlərinin hazırlıqlarını bitirməsini gözləməyi təklif edirlər.[10]

Bican tərəfindən yazılmış "Cahanqoşai-ye Xaqan" əsərində müharibə şurası toplantısı daha ətraflı verilmişdir. Bu əsərdə Osmanlı ordusu barədə məlumat verməyə ilk öncə Xan Məhəmməd xanın başladığını, Osmanlı ordusunun arabalardan, toplardan və tüfəngçilərdən ibarət döyüş taktikasını izah etdiyi bildirilir. Nurəli Xəlifə və bəzi başqa sərkərdələr qələbə üçün Osmanlıya qəfil hücumu etməyi məsləhət bilirlər. Durmuş xan isə onlara "əmriniz [yalnız] Diyabəkirdə işləyir" deyə şiddətlə qarşı çıxmışdır.[10]

Bu məclis haqqında Həsən bəy Rumlu tərəfindən qələmə alınan Əhsənət-Təvarix əsərində də məlumatlara rast gəlmək mümkündür. Rumlu yazır:[11]

Xan Məhəmməd Ustaclu, Nurəli xəlifə və rumilərin vərdişlərini bilən bəzi digər şəxslər ərz etdilər:

- Düşmənlər Çaldıranda özlərini müdafiə etməyə hazır olmazdan öncə onların üzərinə gedək və o natamamların işini bitirək. Durmuş xan Şamlu bu sözü rədd edib, Xan Məhəmmədə xitabən:

- Sənin kətxudalığın (ağalığın) Diyarbəkrdə keçər, – dedi və əlavə etdi: - Onlar özlərini qorumaq üçün əllərindən gələni edənədək gözləyərik. Ondan sonra döyüş meydanına qədəm qoyub onların qoşununu darmadağın edərik. İsgəndər şanlı xaqan, Durmuş xanın sözünü qəbul etdi (bəyəndi). Sultan Səlim Çaldıran təpəsindən aşağı enib, öz qoşunlarının mövqeyini möhkəmləndirməyə çalışaraq öz ətrafını araba və zəncirlə bağladı.[11]

"Naməlum hekayələr" əsərində isə hekayə bir qədər fərqlidir. Bu əsərdə əsas mübahisə indi və ya sonra hücum etmək ətrafında yox, geri çəkilmə ya da hücum etmə ətrafında cərəyan edir. Chester Beatty Librarydə saxlanılan əlyazmada isə bu toplantının təsviri qısadır. Burada bəzilərini geri çəkilməyi təklif etməsinə qarşı Durmuş xan Şamlının "Qeysar kimdir ki, qorxub ondan qaçaq? Allahın kimə [qələbə] verəcəyini görmək üçün çalışacağıq və vuruşacağıq!" deyə cavab verdiyi yazılmışdır.

"Aləmaray-i Səfəvi"nin sonrakı əlyazmalarında bu müzakirələr bir qədər fərqli təqdim edilmişdir. Burada da, Xan Məhəmməd xan birinci çıxış edir. Lakin bu əsərdə o, Osmanlı hərb taktikasından bəhs etmir, sadəcə düşmənin çoxlu döyüşçüsü olduğunu, yetəri qədər qızılbaşın toplanmadığını, cəmi 18 min döyüşçünün olduğunu bildirir. Şah İsmayıl bu məqamda başqalarının fikirlərini soruşur. Durmuş xan Şamlı bu sözləri deyir:[12]

-Yüz min dəfələrlə absurd bir şəkildə dünyaya gətirdiyin bu ada ayıb olsun. Səni kişiyanə biri olduğunu düşününcə! Qeysar kimdir ki, biz ona arxamızı çevirəcəyik və oğrular kimi səssiz aradan çıxacağıq? Niyə kişilər kimi özümüzü onun ordusuna atmırıq? Əgər bəxt onundursa, [qələbə] onun olacaq və əgər – İnşallah – Uca Yaradan onu bizim Kamil Rəhbərimizə versə, bizim olacaq.

Farsdilli mənbə və ədəbiyyatda olan məlumata görə, Səfəvi qoşunlarının sağ cinahı Durmuş xanın rəhbərliyi altında idi. "Aləmaray-i Səfəvi" adlı mənbənin təsvirinə görə, döyüşdə Sultanəli Əfşar osmanlılar tərəfindən əsir götürüldükdən sonra Şah İsmayıl döyüşü davam etdirdi. Şah İsmayıl elə bu vaxtlarda Durmuş xanın osmanlıların mühasirəsində olduğunu müşahidə etdi və dərhal da onun köməyinə yollandı. Baxmayaraq ki, Durmuş xanın əhatəsində çoxlu sayda Osmanlı döyüşçüsü var idi, Şah İsmayıl onu bu mühasirədən azad edə bildi və həyatını təhlükədən uzaqlaşdırdı.[13]

“Tarixi aləmara-yi-Səfəvi ”əsərində qeyd olunur ki, qızılbaş ordusunun məğlubiyyəti ilə nəticələnən döyüşdən sonra Şah İsmayılın əmri ilə Taclı Bəyimi tapmaq və ya haqqında bir xəbər gətirmək məqsədilə Durmuş xan 300 əsgər ilə onun ardınca göndərildi.[14] Təsadüfən Durmuş xan Şamlının vəziri Mirzəşah Hüseyn İsfahani Taclı bəyimin əşyalarını daşıyırdı. Onlar Təbrizdən təqribən 2 mənzil uzaqlaşdıqdan sonra Taclı bəyim ilə qarşılaşmışdılar. Mirzəşah Hüseyn Taclı bəyimi Marağa yolu ilə şaha aparmaq üçün yola düşdükdə yolda Durmuş xan Şamlı ilə rastlaşırlar. Bu hadisədən sonra Şah İsmayıl ölən vəkili Mirzə Əbdül Bakinin əvəzinə Mirzəşah Hüseyn İsfahanini yeni vəzir, vəkil və divani ali naziri təyin edir.[14]

Bəzi mənbələrdə Çaldıran döyüşündəki məğlubiyyətin səbəbkarı kimi Durmuş xanın adı çəkilir. Mahmud ibn Xandəmir Durmuş xan Şamlını düşmənin gücünü xor görməkdə, Şah İsmayılı isə onun sözlərini dinləməklə təkəbbürlülük etməkdə qınayır. "Təkmilat" əsərində Durmuş xan ilə digərlərinin özündənrazılığının qızılbaşları bədbəxtliyə düçar etdiyini yazır.[15] Şah Təhmasib bu döyüşün şahidlərindən biri kimi taxta çıxdıqdan sonra Osmanlı sultanına yazdığı məktubda atası İsmayıl və sərkərdələrinin gecə sərxoş olduqlarını bu səbəbdən məğlub olduqlarını yazır. O vaxtdan bəri Çaldıran döyüşü haqqında söz açıldıqda atasını bu məntiqsiz döyüşə təşviq etdiyi üçün Durmuş xana lənət oxuyarmış.[16]

1517-ci ilin sonlarında Şah İsmayıl qışlaq üçün Naxçıvana yollandı. Şah İsmayıl Naxçıvana doğru hərəkət edərkən bir həftənin ərzində üç oğlan övladı dünyaya gəldi və mənbələrdə olan məlumatlara görə, Şah İsmayıl bu övladlarının doğulmasını çox böyük sevinc və şadyanalıqla qarşıladı. Bu üç övladdan birincisi Şah İsmayıl Marağada olarkən, 1517-ci il sentyabr ayının 8-də dünyaya gəldi və onun adını Sam Mirzə qoydular. Şah İsmayıl, Sam Mirzənin anadan ol- masına görə böyük miqdarda nəzir-niyaz payladı və Durmuş xan onun lələsi təyin edildi.[17]

1518-1519-cu ildə baş verən hadisələr redaktə

Şah İsmayıl, h. 924/1518-19-cu illərdə Qumda olarkən Mazandaran hakimlərinin illik xərac vermədiyini öyrənib, Durmuş xan Şamlını digər görkəmli Şamlı əmirləri ilə birlikdə onlara qarşı göndərdi. Bu hadisə Əhsənət-Təvarix əsərində ətraflı təsvir edilmişdir. Həsən bəy Rumlu yazır:[18]

“Bu il İsgəndər şanlı xaqan eşitdi ki, Mazandaran valisi Ağa Məhəmməd Ruzəfzun başını itaət kəməndindən və boynunu tabeçilik boyunduruğundan çıxarmış, üzünü uzlaşma səmtindən nifaq yoluna döndərmişdir. Ona görə də itaəti vacib olan fərman verildi ki, Durmuş xan Şamlu bir dəstə igidlə Mazandarana yollansın.[19] Durmuş xan [asimandakı] bürclərin ulduzlarından daha çox və yəcucların sayından daha artıq bir ordu ilə Mazandarana yönəldi. Ağa Məhəmməd yağış damlaları qədər əsgərlərin gəlişindən agah olduqda Övlad və Kəlis qalalarını möhkəmləndirdi. Qazilər zilhiccə [ayının] 15-də (18.12.1518) Kəlis qalasını əhatə etdilər. Üç gündən sonra aləmi yandıran qoşunlar zorla və güclə qalanı tutdular. O zaman şücaətli xan məiyyət və ordu ilə Övlad qalasına yollandı. Xanın əmri ilə Qazı Cahan qalanın içinə gedib, əhd-peyman edərək Ağa Məhəmmədi oradan çıxardı. Xan cənabları Tanrının yardımı ilə Sariyə yönəldi.”[18]

Mənbələrdəki məlumatlara görə, Durmuş xanın döyüşçüləri tüfənglərlə də silahlanmışdılar və bu tüfənglərdən də səmərəli istifadə edilməsi qala müdafiəçilərinə ağır zərbə vurulmasına imkan verdi.[20]

Durmuş xan Ağa Məhəmmədi məğlub etdikdən sonra Sariyə doğru hərəkət etdi. Ağa Məhəmmədin əsir düşdüyünü eşidən Mir Əbdülkərim oğlu Mahmud Sultanı hədiyyələr və 2000 tümən pul ilə Durmuş xanı qarşılamağa göndərdi. O illik xəracın vaxtlı vaxtında ödənəcəyinə söz verib şaha layiq hədiyyələrlə şahın yanına gələcəyini bildirdi. Durmuş xan bu sözü qəbul edib Mahmud Sultana xələt verərək geri qayıtmasına icazə verdi. Bundan başqa Hezarcirib hakimləri Mir Hüseyn, Məlik Kavus, Məlik Bəhmən və Mazandaranın digər bölgələrindən olan əmirlər hədiyyələrlə Durmuş xanın yanına gəlib öz itaətlərini bildirdilər. Durmuş xan Ağa Məhəmməd və əldə etdiyi xərac ilə Şah İsmayılın İsfahandakı ov yerinə getdi. Şah onu xüsusi ehtiram ilə qarşıladı.[21]

1519-cu ilin yazında Şah İsmayıl bütün ətrafındakılarla birlikdə Savə istiqamətində hərəkətə başladı. Həmin məntəqədə olarkən Şah İsmayıl Gilan hakimi Əmirə Dibacın itaətsizlik yolunu tutması barəsində məlumat aldı. Şah İsmayılın əmri ilə Durmuş xan ilə başqa bir Şamlı əmiri və nüfuzlu şəxsləri bu bölgəyə göndərildi.[22] Şahın tapşırığı ilə onlar Mazandaran və Rüstəmdar hakimlərinin də hərbi qüvvələri ilə birlikdə Xəzər dənizi sahilindən Lahicana gedərək ora da Lahican hakimi Xan Əhmədin qoşunu ilə birləşib Rəştə yola düşdülər.[23] Əmirə Dibac Durmuş xanın rəhbərliyi altında Səfəvi qoşun dəstəsinin bölgəyə gəlməsi xəbərini eşidən kimi Rəştin nüfuzlu şəxslərini toplayaraq şahın yanına göndərib bağışlanma dilədi. O həmçinin Xan Əhmədə də məktub göndərib ondan vasitəçilik etməsini xahiş etdi. Əmir Dibacın təmsilçiləri şahın hüzuruna çıxıb gətirdikləri hədiyyələrlə birlikdə xəzinəyə 5000 tümən ödəyib bundan sonra illik xəracı vaxtlı-vaxtında ödəyəcəklərinə söz verdilər.[24] Şah İsmayıl da Xan Əhmədin vasitəçiliyi ilə Əmir Dibacı əfv edib Rəşt hökumətini ona verdi. Bu hadisədən sonra Durmuş xan geri qayıdıb Sultaniyyədə şah ordusuna qoşuldu.[25]

1519-cu ildə Şah İsmayıl Osmanlı qoşunlarının Bağdad üzərinə ehtimal olunan hərbi yürüşü haqqında məlumat alan kimi, Durmuş xanın və Zeynal xanın rəhbərliyi altında kömək üçün Bağdada qoşun dəstəsi göndərdi. “Aləmara-yi Səfəvi” və “Aləmara-yi Şah İsmayıl”ın bu yürüşdə iştirak etmədiyini göstərməklə, Durmuş xanla Zeynal xanın rəhbərliyi altında olan qoşun dəstəsinin Bağdad istiqamətində Osmanlı qoşunları ilə hər hansı bir döyüşə girmələri barəsində də məlumat yoxdur.[24]

Lakin Osmanlı ordusu Səfəvi hüdudlarından uzaqlaşanda Şah İsmayıl Bistundan ayrılaraq Quma, oradan isə Savəyə gəldi. Qızlıbaş komandirləri də orada ona qoşuldu. Bu zaman özbəklərin Xorasana hücuma hazırlaşdıqları xəbərini eşidən Şah İsmayıl qızılbaşları Firuz-kuha , özbəklərin hücumu halında Təhmasib Mirzə və Herat valisinə köməyə göndərdi. Lakin Osmanlı ordusunun yenidən şərqə doğru irəlilədiyini öyrənən Şah İsmayıl Durmuş xanı və Zeynal xanı Marağa ordusuna çağırmalı oldu.[26]

Übeyd Xan, h. 927/1520-21-ci ilin yazında 30.000 süvari və piyada ilə Xorasana doğru irəlilədi. Bundan xəbər tutan Sərəxs hakimi dərhal Herata qasid göndərdi və vəziyyəti 25 may 1521-ci il Cümə axşamı günü Herat bəylərbəyinə bildirdi. Übeyd xanın Xorasana hücum xəbəri Şah İsmayıla çatanda dərhal Durmuş xanı və başqa bir şamlu sərkərdəsini Herat hakimi Əmir xanı dəstəkləmək üçün Xorasana göndərdi.

Übeyd xan 12 günlük mübarizədən sonra 8 iyun 1512-ci ildə mühasirəni buraxıb yol boyu kəndləri və əkin sahələrini talayaraq Buxaraya geri qayıtdı. Onun geri dönüş səbəbi Durmuş xanın gəlişindən xəbər tutması idi. Durmuş xan yolda Heratda baş verənləri eşidib Şah İsmayılın yeni əmrini gözlədi. Bu hadisədən sonra Übeyd xan bir daha Şahın sağlığında Xorasana hücum etmədi.[26]

Xorasan əmir-əl ümərası təyin olunması redaktə

Əmir xan Mosullunun Xorasan vilayətinin idarəçiliyində yol verdiyi haqsızlıqlar, vilayətin vəziyyətinin kifayət qədər ağırlaşması, insanların yaşayışının dözülməz hala çatması, habelə Əmir Qiyasəddinin qətlə yetirilməsi barəsindəki xəbərləri alandan sonra Şah İsmayıl yaranmış vəziyyətlə bağlı ciddi qərar qəbul edilməsini məqsədəuyğun saydı.16 iyun 1521-ci ildə Əmir Qiyasəddinin ölüm xəbərini eşidən şah Təhmasib Mirzə və Əmir xanı Təbrizə çağırdı.[27] Şah İsmayıl qərara aldı ki, Təhmasib Mirzənin yerinə onun digər oğlu Sam Mirzə Xorasan vilayətinin hakimi təyin edilsin və Durmuş xan da onun lələsi olsun. [26]Semnan sərhədindən başlayaraq Təxarestan sərhədinə qədər olan ərazilər Əbülnəsr Sam Mirzənin idarəçiliyi altına verilirdi. Bu qərarın çıxarıldığı zaman Durmuş xan Uləng Xərqan adlanan məntəqədə idi və Sam Mirzəyə lələ təyin edilməsi barəsində ona məktub göndərildi. Vilayət işlərinin yoluna qoyulması üçün Zeynal xana da Durmuş xanla birlikdə Xorasana yola düşmək tapşırıldı. Şah sarayından göndərilən məktubu alan kimi, Durmuş xan dərhal Xorasan vilayətinə yola düşməli idi. Durmuş xan bu qərara itaət etdi və dərhal da onun icrası üçün Zeynal xanla birlikdə Xorasan istiqamətində hərəkətə başladı. Onlar bilirdilər ki, Əmir xan vəzifədən azad olunduğunu anlasa itaətsizlik göstərə bilər. Bu səbəbdən Herata çatmamış yol boyu Əmir xana məktublar yazıb Hüseyn bəy, İshaq bəy və Şeyx Bünyad vasitəsilə ona göndərdilər. Məktubların məqsədi əsas gəliş səbəblərini gizləmək, Əmir xanın şübhəyə düşməsinin qarşısını almaq idi. Məktubda yazılırdı ki, Əmir xan yenə də öz vəzifəsini icra etməyə davam edəcəkdir və onlar Əmir xana kömək göstərmək üçün Xorasana gəlirlər. Lakin bu məktublar istənilən nəticəni vermədi. Durmuş xanın gəlişindən xəbər tutan kimi Əmir xan Təhmasib Mirzəni də yanına alaraq Qəndahar istiqamətində Səbzəvarda düşərgə saldı və burada onları gözləməyə başladı. Şəhərə çatdıqda Əmir xan Heratı tərk etmişdi. Durmuş xan və Zeynal xan bir müddət şəhərdə abadlaşdırma işləri apardı. Daha sonra Durmuş xan daxili çaxnaşmanın qarşısını almaq məqsədilə az sayıda qoşun ilə Səbzəvara Əmir xan Mosullu ilə danışıq aparmağa getdi. Onun məqsədi Əmir xanı təhlükədə olmadığına inandırmaq və Təhmasib Mirzəni ziyarət etmək idi. Durmuş xanın gəlişindən xəbər tutan Əmir xan məclis təşkil etdi. Bu məclislərdə Durmuş xan Əmir xanın ünvanına çoxlu təriflər söylədi.[28] O Əmir xan Mosullunu inandırdı ki, buraya gəlmək məqsədi sadəcə köməkdir. Əmir xan yenə də vəzifəsinə davam edəcəkdir. Durmuş xanın sözlərinə inanan Əmir xan və Təhmasib Mirzə birlikdə Herata qayıtdılar. Herata gəldikdə Əmir xan öz sarayına yollandı. Həmin gün Durmuş xanın vəziri Həbullah tərəfindən göndərilən qasid onun məktubunu Durmuş xana çatdırdı.[28] Məktubda yazılırdı ki, Əmir Qiyasəddinin qətlində Əmir xan Mosullu günahkardır və həbs olunaraq şah sarayına göndərilməlidir. Mənbələrdə bu məktubda həm də Sam Mirzənin Xorasan hakimi təyin edilməsi ilə bağlı fərman olduğu da yazılır. Çox keçmədən bu xəbər Əmir xan Mosulluya da çatdı. Müqavimət göstərməyin mənasız olduğunu anlayan Əmir xan şahdan bağışlanma diləmək üçün Təhmasib Mirzə ilə birlikdə Təbrizə yola düşdü.[29]

"Aləmara-yi Səfəvi" və "Aləmara-yi Şah İsmayıl" əsərlərində olan məlumatlara görə isə, Durmuş xan və Zeynal xan şahzadə Təhmasib xanla birlikdə Qəndəhar yürüşündən Herata dönən kimi, Şah İsmayıldan alınan fərmanla tanış oldular və bu fərmanı Əmir xana da bəyan etdilər. Durmuş xan şah fərmanını bəyan edəndən dərhal sonra Əmir xanı həbs etdi və onu Zeynal xana tapşırdı. Zeynal xan da Əmir xanı nəzarət altına alaraq Təhmasib Mirzənin dəstəsi ilə birlikdə Təbriz istiqamətində hərəkətə başladı. Şah İsmayılın əmri ilə Əmir xan Qəzvində həbsxanaya salındı.[30]

Durmuş xan ömrünün sonuna kimi Herat hakimi vəzifəsini icra etmişdir.

Übeyd xanın növbəti hücumu zamanı redaktə

Şah İsmayılın vəfatından sonra hakimiyyətə xələfi Şah Təhmasib gəldi. Şahın ölümü ilə qızılbaşlar arasında rəqabət nəticəsində mərkəzi hakimiyyətin zəifləməsindən istifadə edən Übeyd xan 1523-cü ildə Amudərya çayını keçərək Xorasan üzərinə hücuma başladı. Bu zaman Xorasan və mərkəzi Herat şəhəri, şahın kiçik oğlu Sam Mirzə və lələsi Durmuş xan tərəfindən idarə olunurdu. Durmuş xan hücum xəbərini eşidib döyüş hazırlıqlarına başladı.[31] İlk əvvəl vəziri Xacə Həbibulla Savəci ilə məsləhətləşib qalanı gücləndirərək ehtiyat qida toplamağı əmr etdi. Durmuş xan qalanın müxtəlif hissələrinə növbətçilər yerləşdirdi. Firuzabad darvazasının qorunması Xacə Həbibullaya tapşırıldı. İraq darvazası Teymuroğluya təhkim olundu. Durmuş xanın qardaşı Hüseyn mirzə isə Məlik darvazasını mühafizə etməli idi.[32] Sam Mirzə isə qorçulardan ibarət bir dəstə ilə qalanın mərkəzində dayanmalı idi. Burada məqsəd qalanın hər bir nöqtəsinə tez bir zamanda kömək çatdıra bilmək idi. Döyüşlər bir neçə ay davam etsə də, özbəklərin bütün hücumları məğlubiyyətlə nəticələndi. Bu hadisələrdən sonra Kuçum Sultan Durmuş xana məktub yazaraq qalanı təhvil verməyi əks təqdirdə insanlara ibrət olacaq tərzdə öldürüləcəyini bildirdi.[33] Bundan sonra Durmuş xan da Kuçum Sultana təhdidkar cavab məktubu göndərdi. Hər iki məktubun məzmunu Əhsən ət-Təvarix əsərində belə göstərilmişdir

“Kuçum xan, Durmuş xana bir məktub (nişan) göndərdi. Məzmunu belə idi: “İnadkarlığı və düşmənçiliyi tərk edib şəhərdən çıxın və şəhərin açarlarını [mənə] təslim edin ki, biz də sizi öz əmirlərimizin sırasına daxil edək”. Durmuş xan məktubun məzmunundan agah olduqda Sam mirzənin dilindən Kuçum xana bu məzmunda bir məktub (nişan) göndərdi: “Xaqanların ümdəsi olan Kuçum xan şahanə inayətimizdən əmin olsun və bilsin ki, lələm Durmuş xana göndərdiyiniz məktub bizim nəzərimizə çatdırılmışdır. Səndən nə əcəb ki, bu qədər savaşlar görməyinə, çoxlu yollar keçməyinə, siyasi işlərdə və münasibətlərdə təcrübə toplamağına baxmayaraq, belə istəklərə düşürsən? Gərəkdir ki, gündüz köç edib öz mülkünə gedəsən və şah dərgahının qılınc qurşananlarının qəzəbindən qorxub öz namusunu hifz etməyin qayğısına qalasan!”[34]

Durmuş xan gücünü göstərmək məqsədilə Qara Eşik adı ilə tanınan Məhəmməd bəy Qorçubaşının rəhbərliyində əsgərlərdən ibarət bir dəstəni Murad bağı, Herat şəhərinin ətraf bölgələri və Sevincək xanın iqamət yerinə hücuma göndərdi. Qızılbaş əsgərləri hücum edərək özbəklərin müqavimətini qırıb Murad bağına qədər irəlilədilər. Onlar bağın qapısını sındırdılar. Burada qalan Sevincək xan ilə Übeyd xan qızılbaşların hücum xəbərini eşidib dərhal bağı tərk etdilər. Durmuş xan Şamlı özbəkləri məğlub etməyə nail oldu və özbəklər şəhəri tərk edərək Məvarəünnəhrə geri qayıtdılar.[31]

Ölümü redaktə

Durmuş xan Şamlı özbəklərlə baş verən döyüşlərdən sonra ömrünün son illərini Heratda məclislər təşkil edərək keçirdi. O 1526-ci ildə (bir digər mənbələrdə 1524-1525-ci il) vəfat etdi.[35][36] Durmuş xan həyatda ikən vəziri Xacə Həbibullanın köməyi ilə Xorasanı abadlaşdırmış, xalqa olan mülayim rəftarı ilə seçilmişdi. Həsən bəy Rumlu bildirir ki, onun xidmətləri nəticəsində xalq Hüseyn Bayqara ilə vəziri Əlişir Nəvai dövründəki rəfahı belə unutmuşdu. Onun dəfn mərasiminə görə heratlılar Məhşədə gəlmişdi.[37]

Ailəsi redaktə

Oğlanları

Mənbə redaktə

  • Mehman Süleymanov. Şah İsmayıl Səfəvi. Bakı: Elm və təhsil. 2018. ISBN 978-9952-8176-9-0.
  • İsgəndər bəy Münşi Türkman. Tarix-i Aləmara-yi Abbasi (Abbasın dünyanı bəzəyən tarixi) (PDF). I. Bakı: Təhsil. AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu. 2009. səh. 792.
  • Zabil Həsrət oğlu Bayramlı. AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİNİN QURULUŞU VƏ İDARƏ OLUNMASINDA TÜRK QIZILBAŞ ƏYANLARININ ROLU. Bakı: «AVROPA» nəşriyyatı. 2015. səh. 348.
  • Anonim (red Yədullah Şükrü). Aləm ara-yi Səfəvi. Tehran: İntişarat-ı İttilat. 1350.
  • Cəfər Nuri, Firudin Nuri (Ercan Gümüş tərcümə). Şah I İsmailin Kürt Emir ve Liderlerinin İsyanına Yaklaşımına Dair Bir Değerlendirme. İstanbul: Hiper Yayın. 2021. 85–95.
  • Babək Cavanşir. İRAN’DAKİ TÜRK BOYLARI ve BOY MENSUBU KİŞİLER (SAFEVÎ DÖNEMİ – I. ŞAH TAHMASB HÂKİMİYETİNİN SONUNA KADAR / 1576). İstanbul: T.C. Mimar Sinan Güzel Sanatlar Üniversitesi Sosyal Bilimler Enstitüsü Tarih Anabilim Dalı Ortaçağ Tarihi Programı. 2007. səh. 896.
  • M.Ə.Məhəmmədi. TARİX-İ QEZELBAŞAN. Bakı: Azərbaycan nəşriyyatı. 1993. səh. 48.
  • Wood, Barry. "The Battle of Chālderān: Official History and Popular Memory". Iranian Studies. 50 (1). 2017: 79–105. doi:10.1080/00210862.2016.1159504.

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. Bayramlı, 2015. səh. 33
  2. 2,0 2,1 Məhəmmədi, 1993. səh. 7
  3. Cavanşir, 2007. səh. 369
  4. Nuri, 2021. səh. 87
  5. Süleymanov, 2018. səh. 221
  6. Münşi, 2009. səh. 75
  7. Süleymanov, 2018. səh. 274
  8. Süleymanov, 2018. səh. 277
  9. Cavanşir, 2007. səh. 367
  10. 10,0 10,1 Süleymanov, 2018. səh. 436
  11. 11,0 11,1 Rumlu, 2017. səh. 424
  12. Wood, 2017. səh. 88-89
  13. Süleymanov, 2018. səh. 461
  14. 14,0 14,1 Aləmarayi-Səfəvi. səh. 501
  15. Wood, 2017. səh. 96
  16. Cavanşir, 2007. səh. 368
  17. Süleymanov, 2018. səh. 544
  18. 18,0 18,1 Rumlu, 2017. səh. 437
  19. Bayramlı, 2015. səh. 34
  20. Süleymanov, 2018. səh. 550
  21. Cavanşir, 2007. səh. 370
  22. Süleymanov, 2018. səh. 553
  23. Bayramlı, 2015. səh. 35
  24. 24,0 24,1 Cavanşir, 2007. səh. 371
  25. Rumlu, 2017. səh. 438
  26. 26,0 26,1 26,2 Cavanşir, 2007. səh. 372
  27. Münşi, 2009. səh. 44
  28. 28,0 28,1 Rumlu, 2017. səh. 441
  29. Süleymanov, 2018. səh. 579
  30. Süleymanov, 2018. səh. 580
  31. 31,0 31,1 Cavanşir, 2007. səh. 374
  32. Rumlu, 2017. səh. 448
  33. Münşi, 2009. səh. 50
  34. Rumlu, 2017. səh. 449
  35. Bayramlı, 2015. səh. 37
  36. Münşi, 2009. səh. 51
  37. Rumlu, 2017. səh. 475

Saytda 75 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023