Fərhad Haqqinda Melumat - Vikipedia

Fərhad Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Fərhad - Nizami Gəncəvinin "Xəmsə"sinin ikinci məsnəvisi olan "Xosrov və Şirin" poemasının qəhrəmanlarından biridir. Poemada Şirinə aşiq olan Fərhadın sevgisi cavabsız qalır və o, faciəvi şəkildə ölür.

Fərhad
Gəncə şəhərində "Fərhad" heykəli
Gəncə şəhərində "Fərhad" heykəli
Əsər Xosrov və Şirin
Uyğunlaşdırma yox
Məlumat
Cinsi kişi
Ölüm tarixi VII əsr
Peşəsi daşyonan[d]

Tarixi mənbələrdə redaktə

XII əsrin mötəbər tarixi sənədi, 520 (1126)-ci ildə qələmə alınan “Kitabi-mücmələt-təvarix v-əl-qisəs” əsərində (müəllifi naməlumdur) Xosrovun cəh-cəlalından, Şirin haqqında verilən maraqlı məlumatdan əlavə, Xosrovun Bəhramdoxt adlanan digər bir məşuqəsinin də adı çəkilmiş, həmçinin Fərhad haqqında bəhs olunmuşdur. Fərhadın tarixi bir şəxsiyyət olduğuna işarə edən müəllif burada onu həm mühəndis-memar, həm də sepəhbod [1] adlandırır. Əli Əkbər Şəhabi isə qeyd edir [3] ki, bu məsələ ağlabatandır, çünki, keçmişdə Fərhad adını ancaq Əşkanilərin şahları, şahzadələri, sərkərdələri və digər dövlət xadimləri daşıyarmış. FirdovsininŞahnamə”sində də Xosrovun sərkərdələri arasında Fərhad adlı bir qoşun başçısı qeyd edilir. “Kitabi-mücmələt-təvarix v-əl-qisəs” əsərinin müəllifi bu haqqda öz fikrini belə ifadə edir: “...onun (Xosrovun) hərəmxanasında on iki min nəfər qadın yaşayırdı. Rum qeysərinin qızı Məryəm, Bəhramdoxt, Gurduyə və dünya gözəli olan Şirin onlardan idi. Sipəhbod Fərhad ona aşiq olur...Nəticədə, izləri indi də Bisütun dağında qalan işlər görməyə məcbur edilir.” [4]

Q.Y.Əliyevə görə, Fərhad tarixi yox, əfsanəvi bir şəxsiyyətdir ki, Nizami onun obrazını sabitləşdirmişdir.[2]

Nizaminin "Xosrov və Şirin" poemasında redaktə

Nizami Fərhadı kübar nəsildən yox, zəhmətkeş ailədən götürmüş, eşq aləmində şah ilə zəhmətkeşi qarşı-qarşıya qoymuş, bununla da “Xosrov və Şirin” poemasında maraqlı bir ziddiyyət yaratmışdır. Həm Şirinin Xosrovu sevməsi, həm də Fərhadın Şirinə vurulub, həyatının sonuna qədər aşiqi-sadiq olması eşq aləmi üçün yüksək bir nümunədir.

Fərhad həm mühəndis, heykəltaraş-sənətkar, həm də Şirinə vurulmuş bir aşiqdir. Fərhad elə, eşq əsiri olduğu ilk gündən özünü tamamilə unudur, bütün qedrət və bacarığı ilə çalışır ki, Şirinin vüsalına yetişsin. Bu məqsəddən ötrü, daşları külüngünün zərbəsi ilə toza çevirir, arx qazıb, hovuz tikir, Bisütun dağını yarır, qdrətli və müstəbid hökmdar Xosrovun gözünün içinə baxaraq, sevgilisinə eşq elan etməkdən çəkinmir.

Faciə burasındadır ki, Şirin Fərhadı sevmir, ona yalnız mahir bir sənətkar kimi hörmət bəsləyir. Gördüyü işləri şəxsən müşahidə etməkdən ötrü Bisütun dağına gedib, onu təşviq edir. Bu hadisə Fərhadın iradəsini, qolunun qüdrətini artırırsa, Xosrovda qısqanclıq və həsəd hissini gücləndirib şəkki-şübhəni, şahın kin və qəzəbini artırır. Hökmdar Fərhadı hüzuruna çağırıb onunla şəxsən söhbət edir. Bu söhbət zamanı Fərhad, Xosrov kimi möhtəşəm bir hökmdarı məğlub edir. Xosrov hiylə qurub, Fərhadın ölümünə şərait yaradır. Nizami Fərhadı o qədər saf və təmizdir ki, Şirinin onu sevib sevmədiyini bilmədən, eşq yolunda canını qurban verməyə razılaşır.

Başlanğıcda Nizami Fərhadı bir mühəndis, sənətkar kimi təqdim edir. Şirin Qəsri-Şirinə süd çatdırmaq üçün arx çəkdirmək haqqında Şapurla məsləhətləşəndə şair Şapurun dili ilə Fərhadı Şirinə belə təqdim edir:

"  “Fərhad adlı bir cavan vardır,

Usta mühəndisdir, bir sənətkardır.” [3]

" 

Nizami Fərhadın mənşəyi, haralı olduğu haqqında heç bir məlumat vermir, Şapurun dili ilə Fərhadı Şirinə təqdim etdiyi zaman ancaq onunla Çində eyni ustadın yanında birgə təhsil almalarına işarə edir:

"  “Biz Çində onunla yaşıd olmuşuq,

Bir yerdə oxuyub yaşa dolmuşuq.” [3]

" 

Nizami Fərhadı Məcəsti elminə yekun vuran, İğlidis həndəsəsinin sirlərini aça bilən bacarıqlı mühəndis, məharətli rəssam və ləyaqətli bir heykəltaraşdır. Hələ şair Fərhadı Şapur tərəfindən Şirinə təqdim edərkən onun sənətkarlığı haqqında aşağıdakı fikri ifadə edir:

"  “Qızıl bir rəng alır işindən güllər,

Daşlara dəmirlə, Çin nəqşi çəkər.” [4]

" 

Fərhad heç bir çətinlikdən qorxmur, Şirin ona daşdan arx çəkilməsi zərurətini söyləyəndə dağçapan dərhal bu təkliflə razılaşıb, tapşırığı yerinə yetirəcəyinə söz verir, arxı çəkib bitirməklə də vədinə əməl edir.

 
Gəncədə "Fərhad" fəvvarəsi

Fərhadla Şirinin macırasını eşidən Xosrov rəqibini aradan qaldırmaq məqsədi ilə Bisütun dağını yarmağa, geniş bir yol açmağa məcbur edəndə, Fərhad Şirinə çatmaq xətrinə bu imkan dairəsindən xaric olan tapşırığı qəbul edir. O, hələ Bisütun dağını yarmazdan əvvəl sıldırım bir qaya üzərində Şirinin, Xosrovun və Şəbdizin şəklini nəqş edir.

Nizami Fərhadı həm də çox həyalı və utancaqdır. O, ilk dəfə Şirinlə üzbəüz gəlib görüşəndə Şirinin gözəl camalına o qədər aşiq olur ki, hətta başını qaldırıb onun üzünə belə baxa bilmir. Şirinlə danışmağa cəsarəti çatmır. Fərhad özünü o qədər itirir ki, Şirinin ona nə söylədiyini belə dərk edə bilmir. Şirininnbuyruğuna razılıq əlaməti olaraq ancaq barmaqlarını gözləri üzərinə qoyur, bayıra çıxıb cariyələrdən Şirinin nə deyib, nə istədiyini öyrənir.[5]

Həmin utancaq, Şirinin qarşısında dili tutulan Fərhadı Nizami yeri gələndə qüdrətli natiq, cəsarətli hazırcavab, odlu bir kəlam sahibi, sevgisi yolunda başından keçməyə hazır olan həqiqi aşiq və qorxmaz igid kimi təsvir edir. Fərhadla Xosrovun mübahisəsi başdan-ayağa kuhkənin cəsur, möhkəm məntiq və kamal sahibi olduğunu sübut edir. Xosrovun hər bir sualına tutarlı və cəsarətli cavab verib, sonda qüdrətli və möhtəşəm bir hökmdarı məğlub edib söz meydanından çıxarır.[6]

Ağıl və zəkasına, danışıq bacarığına, biliyinə, düşüncə və hazırcavablığına baxmayaraq, şair bəzən onu hər deyilənə inanan, hər kəsə etibar edən bir şəxs kimi verir. Elə illər boyu birgə təhsil aldığı Şapuru kifayət qədər tanımaması, onun bütün dediklərinə ürəkdən inanması, Xosrov kimi rəqib müqabilində Şirinə aşiq olmasının özü də onun bir növ Fərhadın sadəlövhlüyünə, hadisələri düzgün qiymətləndirmədiyinə sübutdur. Yaxud Bisütun dağını yarması şərti ilə Xosrovun Şirini ona verməsi vədinə inanması da onun hər deyilən sözə inanmasından irəli gəlir. Həmçinin uydurma qara xəbəri alarkən, yoxlamadan, aramadan inanmaq, ağır dərd və kədərdən ölmək Fərhadın həddən artıq təmiz ürəkliliyinə, səmimiyyətinə, həssaslığına əsaslanır.[7]

Vəhşinin "Fərhad və Şirin" poemasında redaktə

 
Nizami məqbərəsi yanında Fərhad heykəli

VəhşininFərhad və Şirin” poemasının əsas qəhrəmanı Fərhaddır. Əsərin natamamlığına baxmayaraq, Vəhşi bu poemada Fərhad obrazını xeyli mükəmməl və hərtərəfli təsvir edə bilmişdir.[8]

Vəhşi, elə başlanğıcdan fərhadı polad iradəli daşyonan bir usta kimi təsvir edir. Şirin nəzərdə tutduğu qəsri tikdirmək üçün iki nəfər məharətli usta tapılıb gətirilməsinə göstəriş verəndə Vəhşi Şirinin dili ilə o sənətkarların səciyyəsini belə bəyan edir.
Bənna haqqında:

"  “Birinci hünərli bir sənət sahibi ki,
Əlindən gözəl bir bina tikmək gəlsin.

Layihələri həndəsə əsasında qurulub,
Heç bir artıq-əksiyi olmasın. [9]

" 

Daşyonan haqqında:

"  Sonra dəmir ürəkli, polad canlı olsun ki,
Zəhmət çəkməyə belini bağlasın.

Canı bərklikdə daşı üzən olsun,
Çevik olub əl-ayaqdan da iti olsun. [9]

" 

Bununla da Vəhşi əvvəlcədən Fərhadın nə kimi xüsusiyyətlərə malik olacağı haqqında fikir söyləyir.

Vəhşinin Fərhadı həddindən artıq gözü-könlü tox, qızıl-gümüşə etinasızdır. Şirinin xidmətçiləri nəzərdə tutulan sənətkarı tapıb, onlarla görəcəkləri iş və alacaqları əmək haqqı barəsində danışıq aparanda bənna yerinə yetirəcəyi iş qarşılığında ancaq qızılla maraqlanır, ona istədiyi miqdarda qızıl veriləcəyi təqdirdə, tapşırığı qəbul edəcəyini sözyləyir. Fərhad isə görəcəyi iş qarşılığında qızıldan imtina edir. Vəhşinin Fərhadı hələ heç Şirinin üzünü görməmiş, onun adını eşitməmiş, kim olduğunu bilməmiş, heç bir fikir və məqsədə əsaslanmadan muzd almaqdan imtina edir. Əmək qarşılığında qızıl almağı özünə ayıb hesab edir. Lakin, həmin dövr üçün bu cür təfəkkür heç də təbii və adi deyildi.[10]

Fərhad Şirinlə üzbəüz gəldikdə ilk baxışdan ona məftun olur. Dağçapan bütün varlığı, bütün vücudu ilə Şirinin hüsn camalına heyran olur. Nizamidə olduğu kimi, Vəhşinin Fərhadı da, o qədər sadəlövh, xəyalpərəst və məsumdur ki, özünün Şirinə tay olmadığını nəzərdə tutmayaraq, ona vurulur. Lakin, bu uğursuz eşqin nə ilə nəticələnəyini düşünmür. O, özünü pərvanə kimi şöləyə vurur, bu atəşin eşqin bərabərində heç nədən qorxmayaraq sevgi meydanına atılır.

Vüsal Şirazi də nəzmə çəkdiyi hissədə Fərhadın obrazını sələfi kimi təsvir edir. Vüsalın Fərhadı da gözəl bir rəssam, bacarıqlı bir heykəltaraşdır. O, hələ əsas işə başlamazdan əvvəl Şirinin təsvirini Bisütun dağının sıldırım bir qayasında həkk edir. Vüsalın Fərhadı da polad əzmli və möhkəm iradəlidir. Şirin onunöhdəsinə qoyduğu işin çətinliyindən danışanda Fərhad öz saf eşqinin qüdrətinə əsaslanaraq ona cavab verir:

"  “Daş dağ yox ki, polad bir dağ olsa da,

Eşqinin gücü ilə onu kökündən qazaram.” [9]

" 

Vüsal Fərhadı çinli bir bütpərəst kimi təsvir edib, onun dilindən belə söyləyir:

"  “Mən çinliyəm, çinlilər də bütpərəstlikdə,

Badədəki sərxoşluq kimi məşhurdurlar.”[9]

" 

Digər bir yerdə Şirin onun həqiqətən də bütpərəst olduğunu dəqiqləşdirmək istəyəndə, Fərhad gözəlin sualına belə cavab verir:

"  “Fərhad ona söylədi, bəli, belədir,

Mən çinliyəm, çinlilər də bütpərəstdirlər.” [9]

" 

Fərhad, bir neçə dəfə özünün Çində, Bütxanədə, Brəhmən təlimi əsasında böyüyüb pərvəriş tapması, bütlərə pərəstiş etməsi haqqında fikir söyləyir. Şirinə bildirir ki, əgər bu vaxta kimi cansız-ürəksiz bütlərə pərəstiş etmişdirsə, bundan sonra, Şirini – canlı və ürəkli bütü öz məbudu bilib, ona sitayiş edəcəkdir.

Sabir Şirazi nəzmə çəkdiyi hissədə əvvəlcə Fərhadı çox utancaq və həyalı biri kimi təsvir edir. Hətta, Şirin onu xəlvətə çağırıb müaşiqə etmək istərkən, Fərhad susur, utandığından qızarır, həyasından başını yuxarı qaldıra bilmir. Fərhadın utandığını görən Şirin, başqa tədbir görür, onu uzaq, səfalı bir çəmənə dəvət edir, orada hər cür şərait yaradır. Bütün gecəni onunla təklikdə qalır. Fərhada tam azadlıq, istədiyi kimi hərəkət etmək imkanı verir. Ancaq Sabirin Fərhadı özünü ilahi bir şeq, ruhani bir məhəbbət yolçusu kimi göstərərək, Şirinə yaxın durmur.

Nəvainin "Fərhad və Şirin" poemasında redaktə

Nəvai Fərhadı rəşadətli, cəngavər və igid kimi təsvir edir. Onun Xosrovla görüşünü iki rəqibin üz-üzə gəlməsi kimi tərənnüm edir. Fərhad ilə Xosrovun mülakiməsini iki bərabər hüquqlu sərkərdənin danışığı kimi verir. Fərhad Xosrovun qarşısında əsir olsa da, öz mənliyini, vüqar və mətanətini itirmir. Xosrovun suallarına lazım bildiyi kimi cavablar verir.[11]

Nizaminin əsərindən fərqli olaraq, Nəvainin əsərində Şirin Fərhadı sevir və ona sadiqdir. Şapur məhbus Fərhadla görüşüb, əlaqə saxlayır. Onun ruhən və cismən çəkdiyi əzabları Məhinbanuya danışır. Banu isə Şirinin əzablarından bəhs edir.

Nəvai Fərhadın simasında öz xalqının simvolunu, istək və arzularının rəmzi olan bir qəhrəmanı təcəssüm etdirir. Şair bütün arzularını bu cəsarətli insanın sarsılmaz mübarizəsində əks etdirib, bu ideal surətin nakam eşq və məhəbbət faciəsini göstərir. Şair, Fərhad obrazında bütün müsbət xüsusiyyətləri toplayır. Onu ilk gəncliyindən elmi sevən, cəsarətli, cəngavər, qələmlə yanaşı, balta və külünglə də çarpışan, daş yonub binalar tikən, maddi abidələr yaradan bir şəxs kimi oxucularına təqdim edir.[12]

Kövsərinin "Şirin və Fərhad" poemasında redaktə

 
Şəkixanovların evində Fərhad təsviri

Fərhad, XVII əsr Azərbaycan şairi Kövsərinin "Şirin və Fərhad" poemasının da əsas qəhrəmanıdır. Kövsərinin Fərhadı Çin xaqanının nəslindəndir. O, mükəmməl təlim-tərbiyə görmüşdür, memarlıq və daşyonma işinə böyük həvəs göstərir. Fərhad eşq sevdasına giriftar olduqdan sonra, öz qüdrət və imkanlarından yox, şəxsi ləyaqət və bacarığından istifadə etməklə sevgilisinə çatmaq üçün şərqdən qərbə yola düşür. Burada bir müddət özünü sövdəkar kimi qələmə versə də, tezliklə xaqan nəslindən olduğu aşkara çıxır. Lakin, şərait yenidən onu adsız yaşamağa məcbur edir. Şirini özünə məftun edirsə də, bu, uzun sürmür, daha qüdrətli bir rəqib meydana çıxır, Fərhadın bütün arzularını puç edib, zorakılıq yolu ilə Şirini özü ilə Mədainə aparır. Fərhad da əldən çıxmış məşuqəsinin ardınca İran paytaxtına, Xosrovun sarayına yola düşür:

"  “Ürəyi qəm yükü daşıyaraq mənzilbəmənzil,

Karvanın ardınca yola düşdü.”

" 

Hələ Mədainə gedib çatmamışdan əvvəl Kövsəri Fərhadı birbaşa Bisütun dağına gedir. Fərhad bu sehrli dağın hər daşında, hər qayasında bir nakamın izini tapır. Hər addımında bir sevda şəhidinin məzarını görür, heyrətlə öz-özünə belə bir sual verir:

"  “Görəsən bu kədərlər yurdu,

Hansı bir yorğunun yeri və məkanıdır.”

" 

Sanki, Bisütunun hər daşı, hər qayası nakam bir məhəbbətin dili ilə Fərhada cavab verir:

"  “Məhəbbət cığırdı ki, bu eşq yoludur,

Hər addımbaşı bir sevda şəhidinin yatağıdır.”

" 

Fərhad Bisütunu tərk edib, var qüvvəsi ilə çalışıb, Şapur və Şirinlə əlaqə yaratsa da, qüdrətli bir hökmdar, əyyaş bir despotun əlindən gözəl Şirini geriyə qaytarmaq cəhdi uğursuzluğa düçar olur. Lakin Fərhad bu haqqda əvvəlcədən düşünmür. O, canını əsirgəmədən Xosrovun meydanına atılır. Ciddi konfliktlər və çarpışmalar da bundan sonra başlayır. Lakin, Fərhad təhlükədən çəkinən və kimdənsə qorxan deyildir. Kövsəri öz qəhrəmanının şücaət və mərdliyini belə təsvir edir:

"  “Yaxşı adlanan nə ki var,
O gözəl gəncin vücudunda toplanmış idi.

Fəhmi, idrakı, biliyi yüksək idi.
Hər işdə onunümunə göstərirdilər.
Mərdlikdə, şücaətdə Rüstəm kimi idi.
Mürvətdə, kərəmdə Hatəm kimi idi...
Qolunun qüvvəti ilə aslanı xatırladırdı.
İgidlikdə və şücaətdə nəziri yox idi.”

" 

Digər tərəfdən Fərhad çox sadədil və safürəklidir. Fərhadın məhz bu kimi xüsusiyyətlərindən istifadə edərək Xosrov onu Bisürunu yarmağa məcbur edir. Kövsəri Fərhadı o qədər təmiz və təmənnasızdır ki, Bisütunu yarmaq qarşılığında Şirinin vüsalına yetişmək şərtini də irəli sürmür. Xosrovun Bisütunu yarmaq təklifini şərtsiz qəbul edərək ancaq ağır, möhkəm bir balta istəyir və dağı yarmağa başlayır:

"  “Fərhad da baltanı əlinə alıb,

Bisütunu yarmağa bel bağladı.” [13]

" 

Kövsəri Fərhadı da ilk növbədə Şirinin misilsiz bir heykəlini yonur, onun qarşısında diz çöküb səcdə edir. O da Nizami Fərhadı kimi dağla-daşla danışır. Göylərə səs salır. Qart daşları əzib toza çevirəcəyinə and içir. Burada da Fərhad Şirini atı ilə birlikdə boynuna qaldırıb Bisütundan Qəsri Şirinə qədər aparır. Bütün əsərlərdə təsvir olunan Fərhadlar kimi məşuqəsi xatirinə hər cür çətinliklərə sinə gərir.

Fərhadın ölüm səhnəsini Kövsəri təxminən Nizamidə olduğu kimi təsvir etmişdir. Hökmdarı müstəqimən Fərhadın qətlindən çəkindirən Büzürgümid tədbir töküb saxta qara xəbəri Fərhada çatdırır. Saf ürəkli Fərhad yalan xəbərə inanıb dərhal öz canına qəsd edir. Bu səhnədə ancaq kiçik detallar dəyişmiş olsa da, əsas etibarilə Nizami səhnələri təkrar olunur.

Vurğunun "Fərhad və Şirin" dramında redaktə

Səməd VurğununFərhad və Şirin” dramının əsas qəhrəmanı olan Fərhad Azərbaycan xalqının bacarıqlı, vətənpərvər oğludur. O, mahir bir sənətkar, görkəmli bir sərkərdə və sədaqətli aşiqdir. S. vurğun Fərhadı bir insan kimi təsvir etmişdir, onu ideallıq, nöqsansızlıq göylərindən endirmiş, ona daha həyati, daha təbii bir xarakter vermişdir.

A.Arşaruni yazır ki, Səməd Vurğun Fərhadı nə igid bir sərkərdə, nə fədakar bir aşiq nə də ardıcıl bir sənətkar kimi özünü göstərə bilmişdir.[14] Şair öz qəhrəmanını bu üç böyük sifət və səciyyənin heç birinin rəmzi və nümayəndəsi kimi təmsil etdirə bilməmişdir. Onun surəti nəinki mükəmməl və dolğun təsvir olunmuşdur, əksinə, hər üç sahədə Fərhad obrazı naqisdir.[15]

Əsərdə Fərhadın sərkərdəlik ləyaqəti və bacarığı da ciddi nəzərə çarpmır. Məhinbanu qoşunu gedib Mədain darvazalarına qədər çıxdığı zaman sərkərdə Fərhad bu qəəbədən nəinki istifadə edə bilmir, əksinə aldanır, silahı yerə qoyub rəqibi Xosrovun qarşısında təslim olur, onun buyruğu ilə təbiətlə mübarizəyə girişir, Bisütun dağını yarmağa başlayır.

Səməd Vurğunun əsərində Fərhadın Şirinə məhəbbəti də səmimi və dolğun verilməmişdir. Onun Fərhadı Şirinə bəslədiyi məhəbbəti qarşısında fədakarlıq yerinə qorxaqlıq göstərmiş, “töküləcək qanlar” haqqında düşünmüşdür.

M. A. Dadaşzadə 1941-ci ildə Fərhad surətinin bəzi nöqsanlarından bəhs edərək yazır ki, S. Vurğun Fərhad ilə Şirinin münasibətlərində, bu iki qəhrəmanın xarakterində dramatik cəhətdən əsaslandırılmayan hallara yol vermiş, xüsusən Fərhadı bütövlükdən, daxili ardıcıllıq və dramatizmdən mərhum etmişdir.[16]

Səməd Vurğun Fərhadın rolunu nə qədər böyüdüb, onu gah sərkərdə, gah sənətkar, gah da fədakar bir aşiq kimi tərənnüm etsə də, Fərhad Xosrovun bərabərində Yenə də Nizami əsərindəki sadə, əməkçi bir insan kimi, tragik bir qəhrəman olaraq qalmışdır.[17]

İstinadlar redaktə

  1. Sepəhbod, Sipəhbud – Sasanilər dövlətində hərbi vəzifə, ordu komandiri.
  2. Г. Ю. Алиев – Легенда о Хосрове и Ширин в литературах народов Востока, Москва, 1960, səh. 61
  3. 3,0 3,1 Nizami – Xosrov və Şirin, Bakı, 1962, səh.146
  4. Nizami – Xosrov və Şirin, Bakı, 1962, səh. 146
  5. Nizami – Xosrov və Şirin, Bakı, 1962, səh. 148
  6. Nizami – Xosrov və Şirin, Bakı, 1962, səh. 156
  7. Q. Beqdeli – Qədim Şərq ədəbiyyatında Xosrov və Şirin mövzusu, Bakı, Elm, 1970, səh. 118
  8. Beqdeli, səh. 202
  9. 9,0 9,1 9,2 9,3 9,4 Vəhşi Bafqinin divanı, səh.545-558
  10. Beqdeli, 205
  11. Beqdeli, 250
  12. Beqdeli, 254
  13. “Şirin və Fərhad” poemasının Azərbaycan dilinə tərcümə olunmuş hissələri Q. Beqdelinin 1970-ci ildə nəşr edilmiş “Şərq ədəbiyyatında Xosrov və Şirin mövzusu” monoqrafiyasından götürülmüşdür.
  14. А. Аршаруни – Поетическая традииция и пьеса Самед Вургуна в сб. «Фархад и Ширин», М., изд-во ВТО, 1946, стр. 10
  15. Q. Beqdeli – Şərq ədəbiyyatında Xosrov və Şirin mövzusu, Bakı, Elm, 1970, səh. 346
  16. M. Arif – Fərhad və Şirin haqqında bəzi qeydlər, “Vətən uğrunda”, 1941, N.7-8, səh. 43
  17. M. Arif – Səməd Vurğunun dramaturgiyası, Bakı, 1964, səh. 126

Ədəbiyyat redaktə

П:  «Nizami Gəncəvi»
П:  «Ədəbiyyat»
  • Q. Beqdeli – Şərq ədəbiyyatında Xosrov və Şirin mövzusu, Bakı, Elm, 1970
  • Heshmat Moayyad - FARHĀD, Encyclopædia Iranica, 15 dekabr 1999.

Həmçinin bax redaktə


Saytda 72 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023