Fərhad və Şirin (Nəvai) Haqqinda Melumat - Vikipedia

Fərhad və Şirin (Nəvai) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Fərhad və Şirin (Nəvai)

Fərhad və Şirin (özb. Farhod va Shirin) - özbək şairi Əlişir Nəvainin "Xəmsə" toplusuna daxil olan ikinci əsərdir. Şair bu poemanı 1484-cü ildə yazmışdır. Əsər NizamininXosrov və Şirin” poemasına nəzirə yazılmışdır və vəzni də Nizamidə olduğu kimi həzəc bəhridir. Lakin, Nəvainin “Fərhad və Şirin”i həm də, özündən əvvəlki bütün eyni məzmunlu əsərlərdən fərqlənən yeni bir əsərdir.

Fərhad və Şirin
Farhod va Shirin
Müəllif Əlişir Nəvai
Janr məsnəvi
Orijinalın dili özbək dili
Orijinalın nəşr ili 1484
Tərcüməçi Ə.Vahid
M.Dilbazi
Ə.Ziyaqay
M.Rahim
N.Rəfibəyli
Əvvəlki Heyrət-ül-əbrar
Sonrakı Leyli və Məcnun

Bu əsəri fərqləndirən birinci xüsusiyyət budur ki, Nəvai özündən əvvəlki bütün şairlər kimi, əsəri fars dilində yox, öz dilində - özbək dilində yazmışdır. Digər yenilik isə, əsərdə özbək xalqının, türkdilli xalqların adət-ənənə, istək və arzularının tərənnüm edilməsidir. Əsərdə surətlər, hadisələr, məqsəd və hədəf tamamilə başqadır. Burada yeni tipli şəxslər təsvir olunmuş, əsərin məzmunu, həm də qəhrəmanı Nizami əsərindən tamamilə fərqlidir.

Məzmunu redaktə

border=none  Əsas məqalə: Xosrov və Şirin
Əlişir Nəvainin Xəmsəsi
 

Heyrət ül-əbrar
Fərhad və Şirin
Leyli və Məcnun
Yeddi səyyar
İsgəndərin səddi

Fərhad Çin xaqanının oğludur. Fərhadın atası oğlu üçün qəsr tikdirməkdən ötrü Xəta vilayətinin iki məşhur sənətkarını – rəssam Manini və memar Banini gətirib, Fərhad üçün dörd saray tikdirməyə başlayır. Fərhada sənətkarların hünəri çox xoş gəlir. Memarlıq və rəssamlıq sənətlərini mənimsəməyi arzulayır. Atasından icazə alıb işə başlayır və çox çəkmədən mahir bir daşyonan olur, dörd il tamam şəxsən tikinti işlərində iştirak edir. Hər dörd saray tikdirilib başa çatdırılır. Fərhad hər üç ayda sarayların birində yaşayıb dövran sürür.

Fərhadın atasının xəzinələrinə baş çəkərkən sirli bir güzgü görür. Bu güzgü hər kəsin başına gələcək işləri göstərən və sirrləri aşkar edən bir güzgü idi. Fərhad, bu sehrli güzgünün sirrlərini öyrənmək üçün atasının etirazlarına baxmayaraq Yunanıstana tərəf yola düşür. Gedib yunan dağlarında Süheyla adlı bir həkimlə görüşür. Süheyla onu öz adı ilə çağırır. Nə məqsəddən ötrü buraya gəlməsini soruşur və ona Cəmşid camını tapmaq üçün yol göstərir. Fərhad Süheyla həkimin göstərişlərinə əməl edir, əjdahanı, divi öldürür. İskəndərin tilsimlərini sındırır. Nəhayət cami-cahannümanı və çoxluxəzinə əldə edir. Yunan xalqı onu böyük təntənə ilə qarşılayır. Fərhad oradakı zülmü aradan qaldırıb, ədaləti bərpa edir, sonra isə Çinə qayıdır. Orada Yunanıstanda aldığı təlimlər əsasında güzgüyə baxır, özünü həmişəlik qəmli və kədərli görür. Güzgü Fərhada başına gələcək bir çox hadisələri göstərir. Burada Fərhad həmçinin, Ərmənzəmində yaşayan Şirinin camalını görür və o gündən qıza vurulur. Şirinin eşqinin əsiri olaraq, bütün ixtiyarını əldən verir.

Fərhad səyahətə çıxarkən gəmisi tufana uğrayıb dənizdə qərq olur. O, bir taxta üzərinə çıxır. Külək fərhadı Yəmən vilayətinə və Taif sərhəddinə tərəf aparır. Gəmi ilə mirvari sövdasına gedən tacirlər Fərhada nicat verirlər.

Gəmi dəniz quldurlarının basqınına məruz qalır. Sərnişinlərin həyatı və sərvəti təhlükə altına düşür. Fərhad silaha sarınıb oğruları qətiyyətlə dəf edir. Elə bu zaman Şərqi və Qərbi gəzmiş, çoxlu həyat təcrübəsinə malik rəssam Şapuru Fərhada təqdim edirlər. Buradan da Şapur və Fərhadın tanışlığı başlanır. Fərhadla Şapur Yəmən mülkündən Ərmənzəminə tərəf birgə yola düşür, uzun müddət yol getdikdən sonra birgə Ərmən mülkünə çatırlar. Onlar qart daşdan bir dağa rast gəlir və çoxlu adamın bu dağı yarmaqla məşğul olduğunu görürlər, soruşduqda isə öyrənirlər ki, bu Məhinbanunun əmridir. Fərhad onlara kömək etmək qərarına gəlir və işə başlayır. Çox çəkmədən pəhləvan Fərhadın şöhrəti hər yana yayılır; xəbər Məhinbanuya da gedib çatır. Banu şirinlə birlikdə Fərhadı yaxından görmək məqsədi ilə dağa gedir. Qart daşaları mum kimi əridən Fərhadın məharəti onları məftun edir. Fərhad onları görəcək, güzgüdə görüb aşiq olduğu qızı tanıyır.

Şirin Fərhadı sarayına apararaq ona eşqini elan edir və həmin gündən eşqinə sadiq qalır. Lakin, Xosrov onların eşqinə mane olur və Frəhadı hüzuruna çağırır. Şirin gecə-gündüz Fərhad haqqında düşünür. Məhinbanu ona təsəlli verib hələlik də olsa Fərhadı unutmağı məsləhət görür. Lakin, Şirin onu unuda bilmir. Xosrov Fərhadı həbsə atdırır. Şapur məhbus Fərhadla görüşüb, əlaqə saxlayır. Fərhad Şapur vasitəsiylə Şirinlə məktublaşır. Buna görə də Xosrov Şapuru casusluqda ittiham edərək həbsə atır.

Xosrov Şirinin Fərhada yazılmış bir məktubunu ələ keçirdikdən sonra, onun Fərhada olan sonsuz məhəbbətindən daha da hiddətlənir. Öz qəzəbini söndürmək üçün Ərmənzəmini tamamilə viran etmək qərarına gəlir. Şirini Fərhadın eşqindən soyutmaq üçün yeni bir tədbir görməyi tələb edir. Büzürgümidin yeni tədbiri ilə xosrov hiyləgər bir qadını lazımi göstərişlə zindana, Fərhadın yanına göndərir. Qarı yalandan, məcburiyyət qarşısında qalmış Məhinbanunun Xosrovla barışıb, qardaşı qızı Şirini də ona ərə verdiyini Fərhada söyləyir. Ancaq artırır ki, yazıq qız, Xosrovun əlinə düşməsin deyə, zəhər içib özünü öldürdü, onların toy məclisi yasa döndü. Bu yalan qara xəbərin dözülməz əzabı Fərhadın nəcib ürəyini partladır, o yerə yıxılıb zindanda can verir.

Fərhadın ölüm xəbəri tezliklə hər yana yayılır. Xosrov öz namərd tədbirinin uğurla həyata keçirilməsinə sevinir. Xəbər Şirinin də qulağına çatır, onun mehriban və nəcib ürəyi hədsiz kədərlənir, başdan-ayağa qara geyinib matəmə bürünür. Fərhadın ölümündən sonra Xosrov utanmadan Məhinbanunun yanına elçi göndərir. Banu olduqca çıxılmaz vəziyyətə düşür. Bir tərəfən ölkənin viran və işğal olunması, əhalinin qırılması və talanması, digər tərəfdən Fərhadın ölümü, Şirinin matəmə qərq olması, Xosrovun Şirini tələb etməsi Banunu düşündürür. Məhinbanu Xosrovdan icazə alaraq Şirini bir müddətlik Ərmən dağlarına aparır. Yolda Xosrovun oğlu Şiruyə Şirinin kəcavəsinə rast gəlir və qıza vurulur. Şiruyə düşünür ki, Şirinin vüaslına yetişməyin yeganə yolu rəqibinin, yəni atasının aradan götürülməsidir. Beləliklə, o bir oxla iki nişan vuraraq həm taxt-taca, həm də gözələ sahib ola bilər.

Bundan sonra Şiruyə qoşun, saray xadimləri içərisində Xosrovun əleyhinə gizli təbliğata başlayır. O, tədricən atasından narazı olanları bir cəbhədə toplayır və üsyan qalxır, Xosrov həbsə alınır. Rəqibi tamamilə aradan qaldırmaq məqsədi ilə gecə zindana soxulan Şiruyə xəncərlə atasının bağrını yarır. Şirin, “mən hələ də Fərhadın eşqi ilə nəfəs alıram” deyərək Şiruyənin elçisini rədd edir. Nəvai Şirini özünü Fərhadın cənazəsi üzərində qətlə yetirir. Fərhadın uşaqlı yoldaşı Xəta mülkünün böyük sərkərdəsi olan Bəhram faciədən xəbər tutaraq, Ərmənzəminə qoşun çəkir. Şiruyədən Fərhad və Şirinin intiqamını alır. Onlar üçün məqbərə tikdirib, Şapuru da həmin məqbərənin xadimi edir.

Əsas obrazlar redaktə

Fərhad redaktə

border=none  Əsas məqalə: Fərhad

Nəvai Fərhadı rəşadətli, cəngavər və igid kimi təsvir edir. Onun Xosrovla görüşünü iki rəqibin üz-üzə gəlməsi kimi tərənnüm edir. Fərhad ilə Xosrovun mülakiməsini iki bərabər hüquqlu sərkərdənin danışığı kimi verir. Fərhad Xosrovun qarşısında əsir olsa da, öz mənliyini, vüqar və mətanətini itirmir. Xosrovun suallarına lazım bildiyi kimi cavablar verir.[1]

Nizaminin əsərindən fərqli olaraq, Nəvainin əsərində Şirin Fərhadı sevir və ona sadiqdir. Şapur məhbus Fərhadla görüşüb, əlaqə saxlayır. Onun ruhən və cismən çəkdiyi əzabları Məhinbanuya danışır. Banu isə Şirinin əzablarından bəhs edir.

Nəvai Fərhadın simasında öz xalqının simvolunu, istək və arzularının rəmzi olan bir qəhrəmanı təcəssüm etdirir. Şair bütün arzularını bu cəsarətli insanın sarsılmaz mübarizəsində əks etdirib, bu ideal surətin nakam eşq və məhəbbət faciəsini göstərir. Şair, Fərhad obrazında bütün müsbət xüsusiyyətləri toplayır. Onu ilk gəncliyindən elmi sevən, cəsarətli, cəngavər, qələmlə yanaşı, balta və külünglə də çarpışan, daş yonub binalar tikən, maddi abidələr yaradan bir şəxs kimi oxucularına təqdim edir.[2]

Şirin redaktə

border=none  Əsas məqalə: Şirin

Nəvainin “Fərhad və Şirin” əsərində Şirin surəti Nizamidə olduğu kimi məhəbbət, vəfa və nəciblik simvoludur. Lakin Nəvai ona Xosrovu yox, Fərhadı sevdirir. Fərhadı sevdiyi gündən ölənə kimi bir gün də olsun başqası haqqında düşünmür. Nəvainin əsərində Şirin və Fərhad gənc və həmyaşıddırlar. Həmçinin Nəvai bir dəfə də olsun Xosrov və Şirini üz-üzə gətirmir.[3]

Tarixi redaktə

Əlişir Nəvai “Xəmsə”sini 1483-1495-ci illərdə öz ana dilində (özbək dili) yaratmışdır.[4] Bu əsər şairin geniş həyat müşahidələrinin məhsulu, ləyaqətli hökmdarlıq təcrübələrinin nəticəsi idi. Nizami Gəncəvidən sonra “Xəmsə” yaratmaq Zaqafqaziya, Orta AsiyaHindistanda bir ənənə şəklini almışdı. Şübhə yoxdur ki, Nəvai də öz “Xəmsə”sini nəzmə çəkməzdən əvvəl şifahi ədəbiyyatdan əlavə, sələflərinin, xüsusən Nizami Gəncəvi, Əmir Xosrov DehləviƏşrəf Marağainin “Xəmsə”ləri ilə tanış olmuşdur.[5]

“Fərhad və Şirin” əsəri Əlişir Nəvai “Xəmsə”sinin üçüncü əsəridir. Əsərin müqəddiməsindən görünür ki, Nəvainin nə XIV əsrin ortalarında yaşamış Azərbaycan şairi Arif ƏrdəbilininFərhadnamə”sindən [6] və də Qütbünün cığatay dilinə tərcümə etdiyi “Xosrov və Şirin”indən heç xəbəri yox imiş. Çünki, o, Nizami və Dəhləvinin əsərlərini birinci və ikinci, özünün “Fərhad və Şirin”ini isə üçüncü hesab edir. Arifin və Qütbünün isə adlarını çəkmir. Ola bilsin ki, Nəvai Qütbünün tərcüməsini müstəqil əsər hesab etmədiyi üçün adını çəkməmişdir.

Lakin, Arif Ərdəbilinin əsərinə gəldikdə, Q. Beqdelinin fikrincə, qəti demək olar ki, Nəvainin bu əsərdən xəbəri olmamışdır. Əks təqdirdə, Marağalı Əşrəfin (1350) “Xəmsə”, o cümlədən “Xosrov və Şirin” poemasının adını çəkdiyi kimi, Arif Ərdəbilinin də əsərinin adını çəkər, əsərə öz münasibətini bildirərdi. Nəvai, Əşrəfin “Xosrov və Şirin” poemasına zəif və müvəffəqiyyətsiz bir əsər kimi baxıb, Onu Nizami və Dehləvinin əsərləri ilə bir sıraya qoymaq istəməmişdir. Məhz buna görə də, öz poemasını üçüncü adlandırmışdır.[7] Nəvai, 1484-cü ildə “bu köhnə dastana yeni bir don geydirmişdir.” Əsər Nizaminin “Xosrov və Şirin” poemasına nəzirə yazılmışdır və vəzni də Nizamidə olduğu kimi həzəc bəhridir.

Tədqiqi redaktə

Nəvainin “Fərhad və Şirin”i özündən əvvəlki bütün eyni məzmunlu əsərlərdən fərqlənən yeni bir əsərdir.[8] Bu əsəri fərqləndirən birinci xüsusiyyət budur ki, Nəvai özündən əvvəlki bütün şairlər ki, əsəri fars dilində yox, öz dilində - özbək dilində yazmışdır. Digər yenilik isə, əsərdə özbək xalqının, türkdilli xalqların adət-ənənə, istək və arzularının tərənnüm edilməsidir. Əsərdə surətlər, hadisələr, məqsəd və hədəf tamamilə başqadır. Burada yeni tipli şəxslər təsvir olunmuş, əsərin məzmunu, həm də qəhrəmanı Nizami əsərindən tamamilə fərqlidir.

Poema tarixi fakt əsasına işlənmiş olsa da, sələflərini təkrar etməsin deyə Nəvai əsərin quruluşunda, süjet və obrazlarında əsaslı dəyişikliklər əmələ gətirmişdir. Burada əsərin əsas qəhrəmanı Nizami əsərində olduğu kimi, Sasani hökmdarı Xosrov yox, Çin xaqanının oğlu Fərhaddır. Nəvainin süjetə daxil etdiyi ən mühüm dəyişiklik, özündən əvvəlki şairlərdə ikinci dərəcəli surət olan Fərhadı baş qəhrəman kimi səciyyələndirib, birinci yerə keçirməsidir. Y. E. Bertels qeyd edir ki, “buna görə də, o, haqqlı olaraq poemanın adını dəyişərək “Fərhad və Şirin” qoyur.” [9] Nəvai bütün diqqətini Fərhada verərək, onun həyatını anadan olduğu gündən ölənə qədər təsvir və tərənnüm edir.

Nizaminin "Xosrov və Şirin" poemasının təsiri redaktə

Fərhadın şəxsiyyəti və obrazı ilk dəfə olaraq geniş planda Nizami tərəfindən yaradılmışdır. Lakin, Nizami Fərhadın keçmişi haqqında çox az izahat vermişdir. Çünki Nizami əsərinin əsas qəhrəmanı Fərhad yox, Xosrovdur. Odur ki, Nizami Fərhadın əsil-nəsəbinə diqqət yetirmir. Onun kim və haralı olması ilə maraqlanmır, onu sadəcə bir daşyonan, adi bir sənətkar kimi verir, sonra da əsərindəki ziddiyyətləri daha qabarıq və şiddətli göstərmək üçn onu Xosrova qarşı qoyur, Xosrovun sevdiyi Şirinə aşiq edir. Nəvai Fərhadı sadəcə bir daşyonan kimi təqdim etmir, o, öz poeması haqqında bir neçə nüsxədən mənbı şəklində istifadə etməklə bərabər, həm də sözsüz xalq əsəbiyyatını mükəmməl surətdə izləmişdir. Çünki, bu poema, artıq XII əsrin sonundan başlayaraq, surətlə yayılmış, dillər əzbəri olmuşdur. Fərhad surətinin Nizami və Dehləvi əsərlərindən tamamilə fərqli verildiyi Nəvai əsərində, o, bir şahzadə kimi təqdim olunmuşdur. Y.E.Bertels yazır ki, “Çin, Nəvainin təsəvvüründə Uzaq Şərq olmayıb, Çin Türküstandır, onun qəhrəmanları isə çinlilər yox, Şərq türkləridir...” [10]

Nəvai Fərhadı da Nizami Xosrovu kimi ən kiçik yaşlarından dövrünün bütün elm və fənlərini öyrənməklə məşğul olur. O, tədricən fəlsəfə, hikmət, heyət, nücum, riyaziyyat, ilahiyyat elmlərinə yiyələnir, ruhən və cismən hərtərəfli inkişaf edir.[10]

Nizami öz qəhrəmanı Xosrovun igidliyini, zəka, istedad və bacarığını həddindən artıq böyüdüb təsvir etdiyi kimi, Nəvai də Fərhadın mükəmməl obrazını yaratmış, onu hər kəsdən artıq, hamının fövqündə təsvir etmişdir.

Nizami öz əsərində Şirinin ilin dörd fəslində dörd vilayətdə yaşadığını qeyd etmişdirsə, Nəvai də həmin süjeti götürmüş, son səhnələrdə bir qədər dəyişiklik etmişdir. Fərhadın atası xaqan oğlu üçün qəsr tikdirməkdən ötrü Xəta vilayətinin iki məşhur sənətkarlnı – rəssam Manini və memar Banini gətirib, Fərhad üçün dörd saray tikdirməyə başlayır. Fərhada sənətkarların hünəri çox xoş gəlir. Memarlıq və rəssamlıq sənətlərini mənimsəməyi arzulayır. Atasından icazə alıb işə başlayır və çox çəkmədən mahir bir daşyonan olur, dörd il tamam şəxsən tikinti işlərində iştirak edir. Hər dörd saray tikdirilib başa çatdırılır. Fərhad hər üç ayda sarayların birində yaşayıb dövran sürür.

Nəvai, Fərhad obrazında öz xalqının, öz vətəninin qəhrəman oğlunu tərənnüm edir, həm də onu əməksevən, elmə, sənətə qiymət verən və öz qollarının qüvvəti ilə quruculuq işlərində fədakarlıqla çalışan, bütün ağır və çətin işlərin öhdəsindən gələ bilən bir zəhmətkeş insanın təsvirini vermişdir.

Əgər Nizamidə Xosrov ilk səfərində İrandan Azərbaycana, oradan isə ƏrmənzəminəRuma gedirsə, Nəvai birinci dəfə Fərhadı Çindən Yunanıstana göndərir. Hər iki qəhrəman müəyyən məqsəd üçün şərqdən qərbə səfər edərək, geri qayıdır.

Ümumi məzmun və quruluş baxımından Nəvainin “Fərhad və Şirin”i ilə Nizaminin “Xosrov və Şirin”i arasında ümumi oxşarlıq o qədər də çox deyildir.[11] Başlanğıcdan Nəvai öz əsərinin quruluşunun tərkib hissələrini tamamilə Nizamidən fərqli surətdə qoymuşdur. Nəvai Şirini ilk görüşdə Fərhada aşiq olur, onu saraya aparıb eşq elan edir, aşiq və məşuqə sona kimi bu təmiz və ilk məhəbbətlərinə sadiq qalırlar. Lakin, Nizamidə Fərhadın sevgisi qarşılıqlı deyildi.

Nəvainin təsvir etdiyi Səlasil dağı əslində mövcud deyil və yalnız şairin təfəkkürünün məhsuludur. Nizaminin təsvir etdiyi Bisütun dağı və onun kitabələri isə Kirmanşahın yaxınlığında, Qəsri Şirində hələ də durmaqdadır. Lakin bu kitabələr, Fərhad tərəfindən deyil, Əhəməni şahı Daranın (e.ə. 521-486) sifarişi ilə başqa bir sənətkar tərəfindən yonulmuşdur.[12]

Nizaminin “Xosrov və Şirin” poemasında Xosrovla Şirin uzun müddət bir-birini sevir, görüşür və çəmənlərdə otururlar. Nəvainin “Fərhad və Şirin” poemasında isə Xosrovla Şirin bir dəfə də olsun görüşmürlər.

İstinadlar redaktə

  1. Beqdeli, 250
  2. Beqdeli, 254
  3. Beqdeli, 258-262
  4. Beqdeli, 219
  5. Beqdeli, 239
  6. Bu əsərin yeganə əlyazma nüsxəsi İstanbulun Ayasofiya Kitabxanasında saxlanılır.
  7. Beqdeli, 241
  8. Beqdeli, 242
  9. Е. Э. Бертельс – Наваи, М.-Л., 1948, стр. 188
  10. 10,0 10,1 Е. Э. Бертельс – Наваи, М.-Л., 1948, стр. 193
  11. Beqdeli, 247
  12. Cəlaləddin Hümayi. İran ədəbiyyatı tarixi, Tehran 1308, səh.138

Ədəbiyyat redaktə

  • Q. Beqdeli – Şərq ədəbiyyatında “Xosrov və Şirin” mövzusu, Bakı, 1970
  • Ə.Nəvai - Fərhad və Şirin, Bakı, 2006, müqəddimə və şərh H. Araslı.

Həmçinin bax redaktə

Xarici keçidlər redaktə


Saytda 44 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023