Heyran xanım Haqqinda Melumat - Vikipedia

Heyran xanım Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Heyran xanım

Azərbaycanlı şairə

Heyran xanım (1790, Naxçıvan - 1848, Təbriz) — Azərbaycan şairəsi.[1]

Heyran xanım
Doğum tarixi
Doğum yeri Naxçıvan
Vəfat tarixi
Vəfat yeri Təbriz
Vətəndaşlığı
Fəaliyyəti şairə, yazıçı
Əsərlərinin dili Azərbaycan dili
Vikimənbənin loqosu Heyran xanım Vikimənbədə

Həyatı redaktə

Heyran xanım XVIII əsrin sonlarında kürd mənşəli[2] Dünbuli Kəngərli xanları ailəsində doğulmuşdur. Naxçıvanda təhsil almış, ərəb və fars dillərini, klassik Azərbaycan və fars ədəbiyyatını öyrənmişdir. XIX əsrin əvvəllərində Rusiya-İran toqquşmaları dövründə çoxlu xoylu naxçıvanlılar ilə birlikdə onun da ailəsi Naxçıvandan İrana köçürülmüşdür. XIX əsrin 60-cı illərində vəfat etmişdir. Füzuli ədəbi məktəbinin davamçılarından, klassik Azərbaycan poeziyasının tanınmış nümayəndələrindəndir.

Azərbaycan və fars dillərində, əsasən, aşiqanə şeirlər yazmışdır. Rudəki, İzzəddin Həsənoğlu, Sədi Şirazi, Hafiz Şirazi, İmadəddin Nəsimi, Əlişir Nəvai, Məhəmməd Füzuli, Qövsi Təbrizi və başqa şairlərə nəzirələri var. Əruzun heca vəzninə yaxın bəhrlərində, sadə xalq dilində yazmışdır. Bəzi şerləri şifahi xalq ədəbiyyatı nümunələrinə yaxındır. Əsərlərinin 3 əlyazması (Bakı, Tehran və Tbilisi nüsxələri) məlumdur; bunlardan ən mükəmməli şairənin sifarişi ilə yazılmış Bakı nüsxəsidir. Həmin nüsxə Azərbaycan Respublikası Əlyazmalar İnstitutunda saxlanılır.

Yaradıcılığı redaktə

Doğma yurdundan və yaxın adamlarından ayrı düşən Heyran xanımın həyatı kədərli keçmişdir. O, həmişə zəmanədən, adamların vəfasızlığından, özünün qürbətdə tək-tənha qalmasından gileylənmiş, yaşadığı Təbriz şəhərini "guşeyi-zindan" adlandırmışdır. Ömrü iztirablar içində keçən şairənin gənclik təravəti və gözəlliyi tez solmuş, zahirən tamam qocalmışdır. Şeirlərinin birində o, öz vəziyyətini təsvir edərək yazır:

" 

Belim büküldü,qara saçlarım ağardı mənim,
Qocalmışam bu cəfakar çərx əlindən, aman.

" 

Azərbaycan dilində yazdığı qəzəllərdən birində əsl-nəcabəti və haralı olması haqqında yazmışdır:

" 

Soruşursan nəsəbini bu yazıq Heyranın,
Bir Əli xadimidir, cümlə cəhanə bildir.
Naxçıvan şəhrinin ətrafına çatsa nəsəbi,
Əslində varsan əgər taifəsi Dünbülidir.

" 

Şairənin ömrünün sonları daha kədərli keçmişdir. Ailə ixtilafları və narazılıqları onun iztirablarını daha da çoxaltmış, dərd-qəmini artırmışdır. Təbii ki, bunlar ona ağır təsir göstərmiş, getdikcə səhhəti pisləşmişdir. Heyran xanım 1848-ci ildə Təbrizdə vəfat etmiş və orada dəfn olunmuşdur.

Yaradıcıllığında klassik poeziya üslubunu davam etdirən Heyran xanım əsərlərini İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Əlican Qövsi kimi klassik Azərbaycan şairlərinin ədəbi təsiri ilə yazmışdır.

Təmiz, insani məhəbbətin tərənnümü, ayrılıq dərdi, hicran aləmi, vüsal arzusu onun şeirlərinin əsas mövzusudur. Böyük sələflərinin yaradıcıllıq yolunu davam etdirən Heyran xanım gözəlliyi ehtirasla tərənnüm edir, müasirlərini mənəvi-əxlaqi təmizliyə çağırır. Şairənin fikrincə həqiqi gözəllik ağılla ölçülür. Gözəlliyin birinci meyarı ağıldır. Camalı gözəl olanların ağlı, kamalı da gözəl olmalıdır. Şairə məsnəvilərinin birində yazır:

" 

Neçə şərt ilə ölçülərsə camal,
Şərt-əvvəldir hüsnə əqlü kamal.
Hər cavanda ki, var camal yəqin,
Olmalı onda həm kamal yəqin.

" 

Heyran xanımın ictimai motivli şerlərində zəmanədən şikayət, cəmiyyətdəki sosial bərabərsizliyə, qadın hüquqsuzluğuna qarşı etiraz nidaları güclüdür. Şeirlərinin o, lirik qəhrəmanın dili ilə cəmiyyətdəki ədalətsizlikdən narazılığını bildirərək yazır:

" 

Haray, gəldi-gedər bu fani cahan,
Etmişdir qəlbimi qanlı bir ümman.

" 

"Təbrizdə zəlzələ haqqında" şerində Heyran xanım yaşadığı şəhərdə baş verən təbii fəlakət nəticəsində əmələ gəlmiş faciəli hadisələrdən, "sinəsi dağlı, gözləri giryan" qalmış anaların kədərindən, onların göylərə qalxan əfqanından bəhs edir. Həcmcə kiçik olmasına baxmayaraq, bu şeir kədərli bir lövhə kimi yadda qalır:

" 

Oldu, ya rəbb, həlak insanlar,
Suvarıb torpağı qızıl qanlar.
Oldu çöllər cavanlara mədfən,
Çoxlarına nə qüls var, nə kəfən.
Sinəsinə dağlı, gözləri giryan,
Minlər ilə ana edər əfqan.
Bala dərdilə cümləsi ağlar,
Nə bir ehsan, nə bir xətmi-Quran var.
Baxasan, hər tərəf cəsədlə dolu,
Bağlanıb xalq üçün nicat yolu.

" 

İstedadlı şairənin əsərləri janr, üslub, bədii sənətkarlıq keyfiyyətləri baxımından zəngindir. O, klassik poeziyyanın qəzəl, müxəmməs, müstəzad, rübai, tərcibənd janrlarında, habelə məsnəvi formasında əsərlər yaratmış, lirik qəhrəmanın daxili aləmini, sevinc və kədərini dərindən açmaq üçün təşbeh, istiarə, təzad, təkrir, mübaliğə kimi bədii təsvir və ifadə vasitələri işlətmiş, ədəbiyyatımızı yeni keyfiyyətlərlə zənginləşdirmişdir.

Kitabları redaktə

İstinadlar redaktə

  1. Əzizə Cəfərzadə. Azərbaycanın aşıq və şair qadınları. Bakı: Gənclik, 1991, səh.35.
  2. "Arxivlənmiş surət". 2022-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-06.

Xarici keçidlər redaktə


Saytda 36 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023