Kenzaburo Oe Haqqinda Melumat - Vikipedia

Kenzaburo Oe Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Kenzaburo Oe (yap. 大江 健三郎; 31 yanvar 1935[1][2][…], Ose[d], Ehime prefekturası, Yaponiya imperiyası3 mart 2023[3]) — yapon yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1994).

Kenzaburo Oe
yap. 大江 健三郎
Doğum tarixi 31 yanvar 1935(1935-01-31)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 3 mart 2023(2023-03-03)[3] (88 yaşında)
Vəfat səbəbi qocalıq[d]
Təhsili
Fəaliyyəti roman yazıçısı, esseist, ssenarist, universitet müəllimi[d], fantastika yazıçısı[d], yazıçı
Fəaliyyət illəri 1957–2013
İstiqamət Ekzistensializm
Janrlar roman, esse
Üzvlüyü
Mükafatları "Fəxri Legion" ordeni komandoru "Mədəniyyət" ordeni
ədəbiyyat üzrə Nobel mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Onun fransız, amerikan ədəbiyyatı və ədəbiyyat nəzəriyyəsinin güclü təsiri altında olan romanları, hekayələri və esseləri siyasi, sosial və fəlsəfi məsələlərdən, o cümlədən nüvə silahı, nüvə enerjisi, sosial nonkonformizm və ekzistensializmdən bəhs edir.

Həyatı redaktə

Kendzaburo Oe Sikoku adasında, kasıb və çoxuşaqlı ailədə doğulmuşdur. Atası müharibədə həlak olduğundan anasının və nənəsinin himayəsində böyümüşdü. Oe ailəsindəki qadınların gözəl dil və ədəbiyyat duyumu, folklora dərindən bələdlikləri Kendzaburoya təsirsiz qalmamışdı.

Oe ali təhsilini Tokio universitetinin fransız ədəbiyyatı bölümündə almışdı. Müəllimi Fransua Rable yaradıcılığının mahir bilicisi sayılan Kadzuba Vatanabe idi. Rablenin qrotesk realizmi sonralar Oe əsərlərinə təsirsiz qalmamışdı, lakin magistr dərəcəsi almaq üçün dissertasiya yazmaq zərurəti meydana çıxanda Oe orta əsr fransız yazıçısının deyil, Jan Pol Sartrın yaradıcılığına, xüsusən də fəlsəfi irsinə üz tutmuşdu. Tədqiqatçılar onun ilk əsərlərində də fransız ekzisensializminin müəyyən izlərini görürlər. Yaradıcılıq üslubunun və ədəbi dünyagörüşünün formalaşması prosesində Oe Yunqun analitik psixologiya, Lotmanın semiotika və Baxtinin qrotesk realizmi haqqındakı nəzəri fikirlərindən yararlanmışdı.

Bədii yaradıcılığa universitet illərində başlayan Kendzaburo Oe ilk əsərlərini — "Gəlir" (1957) hekayəsini və "Maldarlıq" (1958) povestini çap etdirmişdi. Bu nəsr nümunələri qısa bir zamanda ədəbi ictimaiyyətin diqqətini çəkmişdi. Gənc yazıçı öz ölkəsinin Akutaqavi mükafatını qazanmışdı. "Geçikmiş gənclik" (1961) adlı ilk romanında isə Oe hələ də amerikan işğalının mənəvi ağırlıq və iztirablarını hiss edən yapon tələbələrinin həyatını göz önündə canlandırmağa çalışmışdı.

1963-cü ildə yazıçının ailəsində birinci övlad dünyaya gəlmiş, oğlu doğulmuşdu. Ona Hikari adını vermişdilər. Yapon dilindən tərcümədə bu adın mənası "işıq" deməkdir, lakin anadan qüsurlu doğulan və indiyə qədər də danışa bilməyən Hikari Kendzeburo Oenin evinə işıq deyil, əslində qüssə, kədər və zülmət gətirmişdi. Yazıçı yaradıcılıqdan kənar bütün həyatını xəstə oğluna həsr etməyi qərara almışdı. O, artıq 45 ildir ki, bu ağır yükü yorulmadan, şikayətlənmədən çiyinlərində daşımaqdadır. Müəllifin bir çox əsərləri kimi "Şəxsi təcrübə" (1964) avtobioqrafik romanı da bu ailə faciəsinə həsr olunmuşdur. Maraqlıdır ki, Oenin ənənəvi Nobel mühazirəsinin bir hissəsi də insanların dilini başa düşməyən, ancaq təbiət və quşlarla "dil tapmağı" bacaran xəstə oğlu haqqında idi. Bu romana görə müəllif Yaponiyanın "Cintyoza" nəşriyyatının mükafatını almışdı.

Yapon yazıçısının ən populyar əsərlərindən olan "1860-cı ilin futbolu" romanı bədiilik, fəlsəfilik və sənətkarlıq baxımından Oe yaradıcılığında yeni mərhələnin başlanmasından xəbər verirdi. Təkcə bir il ərzində romanın 11 nəşrinin meydana çıxması da bunun sübutu idi. Əsərdə iki dünya baxışı üz-üzə qoyulmuşdu. Müəllif göstərirdi ki, həyatda həm insanların əleyhinə gedərək, həm də onlara xidmət edərək mövqe qazanmaq mümkündür. Oenin bir yazıçı kimi cavab tapmaq istədiyi başqa bir mühüm sual isə ümummilli aksiyalara — xalq hərəkatına rəhbərlik etmək niyyətinə düşənlərin mənəvi-əxlaqi siması ilə bağlı idi.

Oe yapon simasını itirmədən, yapon ənənələrinə sadiq qalmaqla Avropa ədəbi təcrübəsindən də məharətlə yararlanmışdı. Bu mənada fransız dili vasitəsi ilə tanış olduğu klassik Avropa və özəlliklə də rus ədəbiyyatının ona güclü təsiri olmuşdu. Yazıçının etirafına görə, gənclik dövründən başlayaraq hər ilin birinci on gününü mütləq Dostoyevskinin əsərlərini oxumağa sərf edir. Tolstoyun "Hərb və sülh" romanını isə indiyə qədər azı on dəfə oxuyub. Şklovski və Baxtin kimi məşhur rus ədəbiyyat nəzəriyyəçiləri də Oenin sevimli müəllifləri sırasına daxildir. Hətta yenə öz etirafına görə, Baxtinin əsərləri yapon mədəniyyətinin mahiyyətini anlamaq baxımından onun üçün açar rolunu oynamışdı. Bulqakovun "Master və Marqarita"sı, eləcə də müasir rus ədəbiyyatının Yevgeni Yevtuşenko, Andrey Voznesenski, Bulat Okucava, Bella Əhmədullina, Valentin Rasputin kimi nümayəndələrinin yaradıcılığı yapon müəllifinə kifayət qədər tanış və doğmadır.

"Ürəyimi sular apardı" (1973) romanında yazıçı vəhşi qazlar vasitəsi ilə öz ailəsi ilə təmas quran lal uşağın timsalında yenidən şəxsi həyatının baş probleminə müraciət etmişdi. "Yeni əsrin gənc insanı, oyan!" (1983) romanı isə bu mövzunun başqa aspektdən şərhinə həsr olunmuşdu.

Dünyanın və insanların problemlərinə şikəst oğulun və əzab çəkən atanın müstəvisindən baxmaq Oenin "Ata, hara gedirsən?" (1966), "Bizi dəlilikdən qurtar" (1969) və "Bir gün o özü mənim göz yaşlarımı siləcək" (1974) romanlarının da əsas mövzusunu təşkil etməkdədir.

Oe müasir yapon nəsrinin bədii təfəkkür və ifadə yeniliyi baxımından dünya miqyasında böyük maraq doğuran və bir sıra dillərə tərcümə olunan "Sakit həyat" (1990), "Şəfa qüllələri" (1990), romanlarının, yaradıcılığının zirvəsi adlandırdığı "Alovlanan yaşıl ağac" (1993–1995) trilogiyasının müəllifidir. Son bir neçə ildə çap etdirdiyi "İki yüz yaşlı uşaq" (2003), "Əlvida, kitab!" (2005) romanları və dörd hekayələr məcmuəsi yapon yazıçısının sözün dərinliklərinə və sehrinə doğru səyahətinin davam etdiyini göstərir.

Nobel laureatı olduqdan sonra verdiyi ilk müsahibələrin birində yazıçı demişdi: "Mən artıq 38 ildir ki, nəsr əsərləri yazıram. Son 31 il ərzində bütün yazılarımın leytmotivi bu və ya digər vəsilə ilə xəstə oğlum olmuşdur. Hiss edirdim ki, mən də getdikcə Yaponiyada geniş yayılan eqobelletristikanın nümayəndələrindən birinə çevrilirəm, lakin sonda bununla barışmalı oldum. Mən Hikari adlı balaca adamla birlikdə yaşayıram. Düşünürəm ki, elə bu mənə ölkə haqqında, dünya haqqında, insan qəlbi haqqında yazmağa imkan verir. Məni həyəcanlandıran bütün problemləri Hikari vasitəsi ilə dərk edirəm".

Kendzaburo Oe 1999-cu ildə "reallıqla mifi birləşdirərək bugünkü insan fəlakətlərinin həyəcanlı səhnələrini göz önünə gətirən yüksək poetik gücə malik xəyali dünya yaratdığına görə" Nobel mükafatı laureatı olmuşdu. Yazıçı bu mükafatı qazandığı üçün böyük qürur hissi duyduğunu dönə-dönə dilə gətirmiş və uzaq Yaponiyaya, yapon ədəbiyyatına diqqət yetirdiyi, onun gücünü hiss edib layiqincə qiymətləndirdiyi üçün İsveç Akademiyasına minnətdarlığını bildirmişdi.

Kendzaburo Oe çoxsaylı esselərin, Avropaya və Amerikaya səyahətləri haqqında yol qeydlərinin müəllifidir. Amerikalıların Xirosima və Naqasakidə törətdikləri atom vəhşəti onun siyasi publisistikasının başlıca mövzularından biridir.

Yapon yazıçısı Amerika İncəsənət Akademiyasının xarici üzvüdür. 2002-ci ildə Fransa hökuməti dünya mədəniyyəti qarşısındakı görkəmli xidmətlərinə görə onu Fəxri Legion ordeni ilə təltif etmişdi. Kendzaburo Oe müxtəlif vaxtlarda Yaponiyada mövcud olan ədəbi mükafatların demək olar ki, hamısına layiq görülmüşdür, lakin ölkəsində imperator hakimiyyəti institutunun saxlanmasının əleydarları olduğu üçün 1994-cü ildə yapon imperatorunun qərarı ilə təltif olunduğu "Asaxi" mükafatından və ordendən imtina etmişdir.

2004–2006-cı illər məşhur yapon yazıçısının yaradıcılığında sükut dövrü olmuşdur. Oenin yeni əsərlər üzərində işlədiyi barədə məlumatlar yayılsa da, hər hansı bir kitabı nəşr edilməmişdi. Yalnız 2007-ci ildə onun yeni əsərindən — "Gözəl Anabel Li: saçlarım biz-biz olur, mən ölürəm" romanından hissələr çap olunmuşdur.

İstinadlar redaktə

  1. 1 2 大江健三郎 // Internet Speculative Fiction Database (ing.). 1995.
  2. 1 2 Kenzaburō Ōe // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 Japan News.

Mənbə redaktə

  • Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.

Xarici keçidlər redaktə


Saytda 144 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024