Müstövfi əl-məmalik Haqqinda Melumat - Vikipedia

Müstövfi əl-məmalik Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Müstövfi əl-məmalik

Müstövfi əl-məmalik (fars. مستوفی‌الممالک‎; vilayətlərin xəzinədarı) — Elxanilər dövründən Qacarlar dövrünədək İranda maliyyə idarəsinin rəhbəri.

Ehtimal etmək olar ki, mülki idarə aparatının başçısı olan vəzirin nəzarəti altında işləyirdi. "Allahın mühafizə etdiyi vilayətlərin" (məmalik-i məhrusə) ərazisində "divan-i məmalik" idarələrinin bütün maliyyə əməliyyatları, onların əyalət nümayəndələrinə (ümmal) göndərdikləri yazılı təlimatlara müvafiq olaraq həyata keçirilirdi.[1] İdarə vergi aparatının işinə, dövlət büdcəsinin tərtib edilməsinə rəhbərliyi həyata keçirir, vergi siyahılarını təsdiq edirdi.Bəylərbəyilərin tiyul və digər mükafatları, vəzirlərin, müstövfilərin[2] kələntərlərin maaşları (rüsumat), mülki və hərbi şəxslərin məvacibləri onun təsdiqləməsi və möhürü olmadan verilmirdi.[3] İsgəndər bəy Münşinin məlumatına görə, I Təhmasibin dövründə "divan-i əlanın böyük müstövfilərindən" məlum olan on nəfərin yeddisi müstövfi əl-məmalik, ikisi də "müstövfiy-i bəqayə" "vergi borcları üzrə xəzinədar" idi.[4]

Aşağıdakılar müstövfi əl-məmalik olmuşlar:

  1. Mir Məsud Curbadqani
  2. Xacə Hüseyn
  3. Xacə Qiyasəddin Əli
  4. Xacə Qasım Nətənzi
  5. Xacə Məlik İsfahan
  6. Mir Qiyasəddin Mahmud İsfahani
  7. Mirzə Şükrulla İsfahani.

Onların içərisindən daha məşhur olanı yerli əyanların nümayəndəsi, "riyaziyyat qanunlarında və hesab kitablarının aparılmasında mahir" (qanun-i hesabdani və elm-i siyaq) olan, şahın hüsn-rəğbətini qazanmış Xacə Qasım Nətənzi idi. Mir Qiyasəddin Mahmud bu vəzifədə az işlədi və tezliklə işdən azad edildi. Müəyyən dövrdə xəzinədar vəzifəsi "əlahəzrət dəftərxanasının mirzələri (avaracanəvisan-i dəftərxane-yi hümayun)" arasında bölüşdürüldü. "Onlardan hər biri öz idarəsinin müstövfisi idi". Sonra Mir Qiyasəddin Mahmud yenidən vəzifəyə təyin edildi və bu dəfə uzun müddət ərzində öz vəzifəsini yerinə yetirdi. O, I Şah Təhmasibin vəfatına üç il qalmış azad edildi və onun yerinə Mirzə Şükrulla irəli sürüldü. müstövfi əl-məmalikin rolunu bundan görmək olar ki, hicri 981 (1573–1574)-ci ildə Mirzə Şükrulla bu vəzifəyə təyin olunarkən ona 500 Təbriz tüməni məbləğində məvacib müəyyən edilmişdi. Vəzirlər – Seyid Həsən Fərəhani və Xacə Cəmaləddin Əli Təbrizi üçün müəyyən edilən məvaciblər də həmin miqdarda idi.[5]

Yuxarıda qeyd edildiyi kimi, II Şah İsmayılın dövründə Mirzə Şükrulla vəzir vəzifəsinə keçirilmiş, onun yerini isə Mirşah Qazi İsfahani tutmuşdu. O, yeni şah – Məhəmməd Xudabəndənin dövründə də müstövfi əl-məmalik vəzifəsində qalmış və "işdə tam sərbəstlik göstərmişdi". Lakin o, tezliklə ona düşməncəsinə yanaşan vəzir Mirzə Salmanın təhriki ilə vəzifədən kənar edilmiş və müstövfilik vəzifəsi Xacə Məhəmməd Bəkir Hərəviyə verilmişdi.[6] müstövfiyan-i bəqayə sırasında İsgəndər bəy Münşi Mir[7] Hidayətulla Məmurinin, onun qardaşı Mir Məhəmməd Məmurinin, habelə əvvəlcə müstövfi əl-məmalik vəzifəsinə irəli çəkilmiş Mirşah Qazi İsfahaninin adlarını çəkir.[8][9]

İstnadlar redaktə

  1. Təzkirət əl-Mülük, vər.4a, b.
  2. Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. səh.306
  3. Təzkirət əl-Mülük, vər.27a, b.
  4. Təzkirət əl-Mülük, səh . 122–125
  5. Tarix-i Aləm-arayi Abbasi, səh.162
  6. Əhsən ət-Təvarix, səh.458; Cəvahir əl-əxbar, vər.334a
  7. Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. səh.307
  8. Tarix-i Aləm-arayi Abbasi, səh.163
  9. Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. səh. 308

Ədəbiyyat redaktə

Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. Bakı,"Şərq-Qərb", 2007, 344 səh.+8 səh. (illüst.) ISBN 978-9952-34-101-0

Həmçinin bax redaktə

Həmçinin bax redaktə


Saytda 37 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024