Mərvdəki Qacar xanlığı Haqqinda Melumat - Vikipedia

Mərvdəki Qacar xanlığı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Mərvdəki Qacar xanlığı

Mərvdəki Qacar xanlığıMərv bölgəsində 1747-ci ildən 1788-ci ilə qədər mövcud olmuş və Qacarlar tərəfindən idarə edilmiş müstəqil xanlıq. Xanlıq Səfəvi dönəmindən bueradakı vadinin hakimləri olan və Qacar tayfasının İzzəddinli boyuna mənsub şəxslər tərəfindən idarə edilmişdir. Xanlıq 1747-ci ildə Nadir şahın ölümündən sonra müstəqil olmuş və Buxara hakimi Danyal bəylə yaxşı münasibətlər qurmuşdur. Danyal bəydən sonra hakimiyyətə gələn oğlu Şah Murad 1785-ci ildə taxta oturmuş və xanlığın hakimi Bayram Əli xan Qacarın üzərinə hücum edəərk onu məğlub etmişdir. 1788-ci ildə bütün vadi Buxara ordusu tərəfindən ələ keçirilmiş və Buxara dövlətinə ilhaq edilmişdir. Mərv xanlığının sonuncu hakimi Məhəmməd Hüseyn xan Qacar İrana qaçmağa məcbur olmuşdur.[1][2][3]

Xanlıq
Mərvdəki Qacar xanlığı

Dövlət dini İslam
İdarəetmə forması Mütləq monarxiya
Sülalə Qacar tayfasının İzzəddinli boyu

Zəmin redaktə

XVI əsr boyunca Mərv bölgəsi Buxara, XivəSəfəvi dövlətləri arasında mübahisəli bölgə idi.[2] Mərv döyüşündə I İsmayılın bölgəni fəth etməsinə baxmayaraq, bir müddət sonra bölgə itirildi və Xivə xanlığının asılılığına keçdi.[1] Abdulla xan Buxaralı 1593-cü ildə bölgəni yenidən ələ keçirdi. Lakin I Abbasın hakimiyyəti dövründə itirilmiş digər ərazilər kimi burada Səfəvi imperiyasına geri qaytarıldı və 1600-ci ildə qızılbaşlardan olan Bektaş xan Ustaclı oraya hakim təyin edildi. Onu 1608-ci ildə Mehrab xan Qacar əvəz etdi. Mehrab xan bölgədə uzunmüddətli canişin olan ilk Qacar sərkərdəsi idi. Bu zaman Mərvin əhalisinin böyük bir hissəsi oraya I Abbas tərəfindən köçürülmüş Qacar tayfası mənsubları idilər.[2]

XVII əsrin sonları və XVIII əsrin əvvəllərində Mərv iqtisadi və siyasi mərkəz olaraq tənəzzül dövrünü yaşamaqda idi. Bölgənin Qacar hakimləri Səfəvi şahlarına qarşı öz müstəqilliklərini iddia etməyə başlayırdılar. 1715-ci ildə Qacar tayfa başçısı Məhəmməd Əli bəy bölgədəki digər 3 hakimi qovdu və 1722-ci ildə İsfahanın əfqan üsyançıları tərəfindən ələ keçirilməsindən öz müstəqilliyini elan etdi.[2] Malik Mahmud Sistani də bu zaman Mərvə uğursuz şəkildə öz hakimiyyətini yayma cəhdi həyata keçirdi. 1723-1724-cü illərdə Nadir xan Əfşar Mərv hakimlərinin işlərinə müdaxilələr etməyə başladı. O, Məhəmməd Əli bəyin xələfi Polad bəyi vali kimi dəstəkləməyə çalışsa da, o, tatarlar tərəfindən öldürüldü. Polad bəyi öldürən tatarlar bölgəni talamağa başladılar. Sonrakı 10 il ərzində Nadir xan (1736-cı ildən sonra şah) bölgədəki tatar və türkmənləri məğlub etdi.[2] Onun bölgəyə hakim təyin etdiyi Kəlbəli xan Əfşar (1738-ci ildə hakim təyin edilib) regiona vaxtaşırı yağma hücumları edən tayfaları məğlub etdi və elə bir şərait yaratdı ki, həmin tayfalar Mərv bölgəsinə yalnız ticarət etməyə daxil ola bildilər. O, həmçinin yağma və müharibələr səbəbilə dağıdılmış irriqasiya sistemini də bərpa etdi.[2]

1740-cı ildə Nadir şahın Buxara üzərinə yürüşü zamanı Mərv hakimləri onun ordusuna ərzaq təminatı etdilər. Lakin Əfşar ordusunun böyük bir hissəsi səhrada öldü və bu da Nadiri bölgə hakimlərinə qarşı cəzalandırma tədbirlərinə əl atmağa sövq etdi.[2] Yerli hakimlərin böyük bir hissəsi öldürüldü. Nadir bölgədə yenidən irsi Qacar hakimiyyətini bərpa etdi və hakim olaraq Şahqulu bəy Məhəmməd Əli bəy oğlu Qacar təyin edildi. Nadir şah Əfşarın hakimiyyətinin son ilində o, mərkəzi hökumətin yüksək vergi tələblərinə görə üsyana başlasa da, məğlub olduqdan sonra kor edildi.[2]

Tarixi redaktə

Nadir şahın 1747-ci ildə öldürülməsindən sonra Mərv müstəqil siyasət yeritməyə başladı.[1][2][3] 1751-ci ildə Mərv bəylərbəyi Əli Nağı xan Qacar qısamüddətli olaraq Məşhədi ələ keçirdi və Xorasanın daxili işlərinə qarışmağa başladı. Bu zaman Xorasanda daxili qarışıqlıq hökm sürməkdə idi, çünki Nadir şahın varislərindən olan Şahrux şah yerli tayfa başçılarını öz hakimiyyətinə tabe etdirə bilmirdi.[2] Mərvin izolyasiyası və münbit torpaqların mövcudluğu Mərv hakimlərinə müstəqillik elan etməyə şərait yaradırdı. Mərkəzi hakimiyyətdə, Xivədə və Buxaradakı qarışıqlıqlar bu müstəqillik iddialarını daha da real edirdi.[3] XVIII əsrə aid səyyahlar vahədə 15 min insanın yaşadığını yazırdılar və şəhər Murqab üzərindəki bəndlə təmin edilməkdə idi.[3] Burada Qacar tayfa başçıları şəhəri qorumaq üçün qala da tikdirmişdilər. Xanlığın ən görkəmli və sonuncu hakimi Bayram Əli xan Qacar[a] Buxara hakimi Danyak bəylə yaxşı münasibətlər formalaşdırmışdı. Bayram Əli xanın atası ilə də dost olmuş Danyal bəy ona məktublarında oğul (fərzənd) deyə xitab etməkdə idi.[2][3]

Buxara işğalı redaktə

1785-ci ildə Danyal bəyin ölümündən sonra Bayram Əli xan Qacar onun oğlunun və varisinin yanına elçilərlə hədiyyələr göndərdi.[3] Lakin yeni hökmdar Şah Murad dostluq münasibətləri qurmaq istəmirdi və Mərvi ələ keçirərək növbəti yürüşləri üçün istifadə etmək niyyətində idi. 1785-1786-cı illərdə Şah Murad Mərvə qarşı özünün ilk yürüşünə başladı. Bayram Əli xan Qacar döyüşdə öldürüldü və başı kəsilərəl Buxaraya göndərildi. Onun başı buxarada dar ağacından asıldı.[2][4] Buxara ordusunun geri çəkilməsindən sonra Mərvin yerli əhalisi Bayram Əli xanın oğlu Hacı Məhəmməd Hüseyn xan Qacarı Məşhəddən gətirdərək hakim etdilər. 1788-ci ildə Şah Murad ikinci yürüşünə başladı və şəhəri ələ keçirərək suvarma sistemini dağıtdı. Məhəmməd Hüseyn xan Qacar canını xilas etmək üçün İrana qaçdı və beləliklə də, xanlığın fəaliyyətinə son qoyuldu.[3]

Qeydlər redaktə

  1. Tam ad; Bayram Əli Qacar İzzəddinli ibn Şahqulu bəydir. Onun hakimiyyət illəri mübahisəlidir. Mir Əbdülkərim Buxari iddia edir ki, o, 1782-ci ildən 1785-ci ilə qədər hakim olmuşdur. Uilyam Vud bunun yazı səhvi olduğunu yazmaqdadır. Bayram Əli xanın oğlu Hacı Məhəmməd Hüseyn xan atasının 31 və ya 50 il hakimlik etdiyini bildirmişdir. Məhəmməd Sadiq Mərvəzi yazır ki, Bayram Əli xan Əfşar imperiyasının dağılmağa başladığı dövrdə yerli hakimlər tərəfindən xan seçilmişdir. Bu da təxminən 1747-ci ildə onun hakimlik etməyə başladığını göstərir.

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. 1 2 3 Bregel, 2003. səh. 60–61
  2. 1 2 3 4 5 6 7 8 9 10 11 12 Noelle-Karimi, 2014. səh. 267–272
  3. 1 2 3 4 5 6 7 Wood, 1998. səh. 46–60
  4. Wilde, 2016. səh. 690–692

Mənbə redaktə

  • Yuri Bregel. An Historical Atlas of Central Asia. Brill. 2003. ISBN 978-90-474-0121-6.
  • Christine Noelle-Karimi. The Pearl in Its Midst: Herat and the Mapping of Khurasan (15th-19th Centuries). ustrian Academy of Sciences Press. 2014. ISBN 978-3-7001-7202-4.
  • William Arthur. The Sariq Turkmens of Merv and the Khanate of Khiva in the early nineteenth century. 1998.
  • Andreas Wilde(2016). What is Beyond the River?: Power, Authority, and Social Order in Transoxania 18th-19th Centuries. What is Beyond the River?: Power, Authority, and Social Order in Transoxania 18th-19th Centuries. Verlag der Österreichischen Akademie der Wissenschaften. 2016. ISBN 978-3-7001-7866-8.

Saytda 99 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024