Malurus elegans Haqqinda Melumat - Vikipedia

Malurus elegans Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Malurus eleganssərçəkimilər dəstəsinin Maluridae fəsiləsinə mənsub olan quş növü. Köçəri növ deyil və Qərbi Avstraliyanın cənub-qərb hissəsi üçün endemikdir. Bu quşlarda cinsi dimorfizm müşahidə olunur və erkəkləri çoxalma dövründə parlaq gümüşü-göy baş, qulaq örtüsü, bel lələklərinə, qırmızı çiyin lələklərinə, qara boğaza, boz-qəhvəyi quyruq və qanada bürünür. Çoxalma dövrünün xaricində isə, boz-qəhvəyi lələklər çoxluq təşkil edir, amma bəzən erkəklərdə qara və göy lələklər də müşahidə olunur. Hazırda bu növün yarımnövlərinin olmadığı qəbul olunur. Sözügedən növ M. lambertiM. pulcherrimus növləri ilə yaxın qohum olsalar da, yaşadıqları ortaq arealda hibridlər tapılmadığı üçün ayrı növ kimi təsnif olunurlar. M. elegans növünə aid quşların bəlli ərazilərdə sayca çox olmasına baxmayaraq, azalma müşahidə olunur.

Malurus elegans
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Malurus elegans
Beynəlxalq elmi adı

Ensiz dimdiyə malik olan bu quş növü həşəratları ovlamaq üçün adaptasiya keçirmişdir və həşəratyeyəndir. Əsasən Eucalyptus marginata ağaclarından ibarət mülayim və yağışlı meşələrdə kollarda qidalanır və yaşayır. Malurus cinsinin digər növlərində olduğu kimi bu növdə də ancaq dişi fərdlər balaların qayğısına qalır. Lakin digər növlərdən fərqli olaraq köməkçi dişi quşların balaların qayğısına qaldığı müşahidə olunmuşdur. Kommunikasiya vasitəsi kimi siqnallardan istifadə edirlər və bölgələrini bildirmək üçün oxuyurlar. Fərdlər bir-birilərini nəğmələrindən tanıyırlar. Erkək fərdlər çoxalma dövründə dişiləri cəlb etmək üçün sarı tac ləçəklərini qoparıb onlara təqdim edirlər.

Taksonomiya

redaktə

Malurus elegans növü ilk dəfə 1837-ci ildə ornitoloq Con Quld tərəfindən təsnif olunmuşdur. Quşun elmi adı latın dilində "zərif" mənasını verən elegans sözündən yaranmışdır.[3] Quld əvvəlcə növün yayılma arealı kimi Avstraliyanın şərq sahillərini göstərsə də, Con Qilbert tərəfindən cənub-qərbi Avstraliyadan[4] gətirilmiş nümunələrə nəzər yetirdikdən sonra səhv etdiyini başa düşmüşdür. Həvəskar ornitoloq Qreqori Metyus 1916-cı ildə dişi fərdlərin lələklərinin daha tünd olduğunu bildirmiş və buna görə də bu növün uarreni irqinə mənsub olduğunu demişdir.[5] Lakin digər alimlər bu fərqi müşahidə etməmiş və bu növ üçün ayrı irq müəyyən edilməmişdir.[6] Əslində populyasiyalar və fərdlər arasında ölçü və rəng baxımından çox az variasiya vardır.[7]

Malurus elegans Avstraliya və Yeni Qvineyada yayılmış Malurus cinsinə daxil olan 12 növdən biridir.[8] Bu cinsə daxil olan olan üç növün ortaq xüsusiyyəti şabalıd rəngli çiyinlərdir. Bu 3 növə Keyp-York yarımadasında yayılmış Malurus amabilis, qitənin böyük hissəsində yaşayan Malurus lamberti və qərbi Avstraliya ilə Eyr yarımadasında yayılmış Malurus pulcherrimus daxildir.[9] Molekulyar DNT analizləri nəticəsində ən yaxın qohum növün Malurus pulcherrimus olduğu müəyyənləşdirilmişdir.[10]

Maluridae fəsiləsinə daxil olan digər quşlar kimi bu növ də gicitkən quşları fəsiləsi (Troglodytidae) ilə qohum deyil. Keçmişdə milçəkqapanlar fəsiləsinə (Muscicapidae), daha sonra Sylviidae fəsiləsinə daxil edilmişdir. 1975-ci ildə ildə isə Maluridae fəsiləsi tanınmışdır.[11] Son dövrlərdə aparılmış DNT analizləri Maluridae fəsiləsinin MeliphagidaePardalotidae fəsilələri ilə qohum olduğu və Meliphagoidea üstfəsiləsində təsnif oluna biləcəyini göstərmişdir.[12][13]

Təkamül

redaktə

Ornitoloq Riçard Şodd 1982-ci ildə apardığı araşdırmalar nəticəsində şabalıdı çiyin lələklərinə malik olan növlərin şimalda yayıldığını, lakin qitənin cənub-şərqində yayılmamadıqlarını göstərmiş, bu növün əcdadlarının şimaldan gəldiyini iddia etmişdir.[6] Ehtimal olunur ki, bu növün əcdadları cənuba və cənub-qərbə təxminən 2 milyon il əvvəl — Pliosen dövrünün sonunda və ya Buz dövrünün əvvəllərində miqrasiya ediblər. Soyuq və quru iqlim şəraiti yaşayış areallarının kiçilməsinə və populyasiyalarının parçalanmasına səbəb olmuşdur. Cənub-qərbdə qalan quşlar M. elegans növünə, şimal-qərbdə qalmış növlər isə M. lamberti növünə təkamül etmişdir. İqlimin istiləşməsi nəticəsində mərkəzi və cənubi Avstraliya ilə Eyr yarımadası arasında yerləşən ərazidə yayılmış quşlar M. pulcherrimus növünə təkamül etmişdir. Sərin iqlim şəraiti bu növün digər növlərdən təcrid olunmasına gətirib çıxarmışdır. Buz dövrünün sonunda — 12.000–13.000 il əvvəl şimaldakı quşlar yenidən cənuba köç etmişdirlər. Bu yayılma 3 növün eyni yerdə yaşamasına səbəb olmuşdur. Gələcəkdə aparılacaq molekulyar analizlərin daha dəqiq nəzəriyyələrin ortaya çıxmasına səbəb ola biləcəyi düşünülür.[6]

Fiziki xüsusiyyətlər

redaktə
 
Dişi (solda) qara dimdiyi və qırmızı sürməsi ilə, erkək isə eklips lələkləri ilə.

Malurus elegans 15 santimetr boya və 8–11 qram çəkiyə malikdir. Bu xüsusiyyətlərinə əsasən Maluridae fəsiləsinin ən iri növüdür.[14] Quyruq uzunluğu 7,5 santimetrdir.[4][15] Uzunluğu erkəklərdə 10 millimetr və dişilərdə 9,3 millimetr olan dimdik uzun, ensiz və itidir; dabanı genişdir.[4] Dimdik ətrafları həşəratlarla qidalanan digər quş növlərindəki ilə oxşarlıq təşkil edir.[16]

Fəsiləyə daxil olan digər növlərdə olduğu kimi bu növdə cinsi dimorfizm müşahidə olunur. Erkəklərin qara-boz rəngli lələkləri çoxalma dövründə parlaq göy və şabalıd rənginə bürünür. Çoxalma dövründə parlaq rəngli təpə, qulaq örtüsü və üst bel lələklərinə malik olurlar.[17] Çoxalma dövründə erkəyin təpəsi, qulaq örtüsü və üst beli göy lələklərlə örtülü olur, boğazında və boğazının arxasında parlaq qırmızı-qəhvəyi lələklər peyda olur. Uzun quyruğu və qanadları boz-qəhvəyi rəngdədir, qarnı isə boz-ağ rəngdədir. Çoxalma dövrü nəzərə alınmadıqda erkək və dişi fərdlər boz-qəhvəyi rəngdə olurlar, amma erkəklər bəzən göy və qara lələklərinin bəzilərini qoruya bilirlər. Bütün erkəklərin dimdikləri və sürmələri qara rənglidir. Dişilərin də dimdikləri qara rəngli olsa da, sürmələri pas rəngi və göz halqaları açıq-boz rəngdədir. Yetkinliyə çatmayan erkəklərin sürmələri altı həftəlik ikən qaralır və yumurtadan çıxdıqdan sonraki ilk çoxalma dövründə lələkləri tam olaraq çoxalma lələklərinə çevrilmir.[18] Bu lələklər başda göy və boz, döşdə qara və boz ləkəli və parçalı görünüşə səbəb olur. Erkəklərin çoxu iki yaşında çoxalma lələklərinə qovuşurlar, bir qismi üç yaşını gözləməli olurlar.[19] Tək bir qrup içində müxtəlif erkək fərdlərin çoxalma lələklərinə sahib olduğu müşahidə olunmuşdur, amma bunun çoxalmaya və növdaxili rəqabətə necə təsir etdiyi bilinmir.[20]

Həm erkək, həm dişilər çoxalma dövründən sonra payızda lələklərini dəyişirlər və erkəklər eklips lələklərə bürünür. Qışda və ya yazda yenidən çoxalma lələklərinə sahib olurlar.[4] Gövdə lələkləri hər iki halda dəyişir, amma qanad və quyruq lələkləri dəyişmir. Quyruq lələkləri aşındıqda və ya zədələndikdə dəyişə bilər.[21] Erkəklərin qulaq örtülərindəki göy lələklər parlaq rənglidir.[22] Bu parlaq göy lələklər ultrabənövşəyi şüaları qaytarır. Ultrabənövşəyi görmə qabiliyyətinə malik bu cür quş növlərində belə lələklər daha parlaq olur.[23]

Kommunikasiya

redaktə

Malurus elegans növünün fərdləri bir-biriləri ilə xəbərləşmək və bölgələrini bildirmək üçün səsli ünsiyyətdən istifadə edirlər.[24] Fərdlər bir-birilərini nəğmələrindən tanıdıqları üçün qrup üzvləri ilə yadları ayıra bilirlər.[25] Əsas nəğmə 1–4 saniyə çəkir və saniyədə 10–20 elementdən ibarətdir. Həm erkəklər, həm dişilər tərəfindən, xüsusilə bölgə sərhədlərinin qorunmasında istifadə olunur.[4][26] Əsasən sübh açılmazdan əvvəl və açıldıqdan sonra oxuyurlar.[27] Qidalanmaq üçün ətrafı gəzən quşlar digərləri ilə alçaq tonlu və azalan tonda sii-sii-sii səsinin təkrarı ilə ünsiyyət qururlar. Yüksək və kəskin tsit səsi həyəcan siqnalıdır.[4]

Yaşama müddətləri

redaktə

Maluridae fəsiləsinə aid olan quşların bir mövsümə sağ qalma nisbəti bu qədər kiçik quş növü üçün çox yüksəkdir. Malurus elegans növbəti ilə erkəklərin 78 %-i və dişilərin 77 %-nin sağ qalması qalması nisbəti ilə fəsilə içində ən yüksək sağ qalma nisbətinə sahibdir.[28] Əsasən 10 il yaşa bilirlər. Məlum olan ən yaşlı Malurus elegans 16 yaşına çatmışdır.[29]

Yayılması

redaktə
 
Eucalyptus diversicolor meşəsi yaşamağa üstünlük verdikləri yerdir.

Malurus elegans cənubi Avstraliyanın cənub-qərbində, Pertin şimalında axan Mur çayından Marqaret-River şəhərinə, eləcə də, Albaniyə qədər olan ərazidə yaşayır.[4] Bu ərazilərdə geniş yayılmış növdür,[30] lakin bataqlıqların qurudulması nəticəsində populyasiyalarında azalma müşahidə olunur.[31][32] Eucalyptus diversicolorEucalyptus marginata ağaclarından ibarət meşələrin aşağı qatlarında yaşayırlar. Cavan meşələrdə yaşamağa üstünlük verirlər, lakin bəzən ağac kəsilmiş bölgələrdə də yaşayırlar.[33] Əgər yaşadıqları meşədə yanğın baş verərsə, populyasiya həmin meşəyə ən az iki il qayıtmır.[34] Pinus cinsi şam meşələri yaşamaları üçün əlverişli deyil.[35]

Meşə içində daha nəmli olan Lepidosperma effusum qamışlıqlarına üstünlük verirlər.[36] Yaşadıqları bölgə şimaldan Malurus lamberti, şərqdən də Malurus pulcherrimus növlərinin yaşadıqları bölgə ilə qonşudur. Digər iki növ quru kolluqları sevsə də, Malurus elegans nəm kolluqlarda yaşayır.[4] Keçid formaları olmadığı üçün bu üç quş ayrı növ kimi qeydə alınmışdır.[37]

BirdLife International Malurus elegans növünün yaşadığı ən əhəmiyyətli qoruq əraziləri kimi Araluen-Vunqonq, Calbarraqup, Mundarinq-Kalamunda, Şimali Dandalup, Stirlinq silsiləsi, İki xalq körfəzi və Menipiks dağını göstərmişdir.[38]

Davranış

redaktə

Növün fərdləri yerdə hərəkət edərkən iki ayağını da eyni anda yerdən kəsərək hoppanırlar,[39] lakin bəzən qaçdıqları da müşahidə olunur. Müvazinəti quyruq təmin edir. Quyruq yuxarı doğru və dik dayanır, nadir hallarda hərəkətsiz olur. Qısa və dairəvi qanadlar havaya qalxmağı asanlaşdırır və qısa çəkən uçuşlar üçün əlverişlidir, lakin uzun çəkən uçuşlar üçün əlverişli deyil.[40]

Malurus elegans az sayda fərdlərdən ibarət qruplar şəklində yaşayan və balalarını birlikdə böyüdən bir növdür və bölgələrini bütün il boyunca müdafiə edirlər. Bu bölgələr yaşadıqları ekosistemi təşkil edən meşələrdə 0,4–2,4 hektar sahəni əhatə edir, amma daha az üstünlük verilən yerlərdə daha kiçik ola bilir.[36] Yaşadıqları yer yaxşı keçən çoxalma dövründən sonra qrupa yeni qoşulan fərdləri də dəstəkləyəcək qədər genişdir.[41] Qruplarda adətən 2–9 quş olur və orta hesabla 4 quşdan ibarətdir.[36] Öz fəsiləsində ən böyük qrupa sahib növdür. Bunun səbəbi yüksək illik həyatda qalma nisbəti və uyğun bölgələrdə yaşamalarıdır. Çoxalma nisbətləri kiçik olsa da, gənc fərdlərin doldura biləcəyi boşluqlar vardır.[42] Cütlüklərdə sosial cəhətdən monoqamiya müşahidə olur, cütlükdən biri ölənə qədər bir-birilərindən ayrılmırlar.[36] Həyatda qalan quş qrupdakı köməkçi quşlardan birini özünə cüt seçir. Üzərində çox araşdırma aparılmasa da, bu növün cütləşərkən bir neçə fərdlə cütləşdiyi məlumdur. Bu növdə digərlərinə nisbətən daha çox dişi köməkçi quş vardır.[43] Qrupların yarısından çoxunda əsasən dişi olan iki və ya da daha çox köməkçi quş var. Köməkçi quşlar balaları bəsləyərək çoxalma dövründə cütləşən dişilərin yükünü azaldır.[44] Köməkçi quşların ildə uğurla böyüdülən bala kuş nisbətini 1,3-dən 2 quşa artırdığı və bununla da populyasiyalarının daha sürətlə artdığı göstərilmişdir.[45] Erkək köməkçisi olan dişi köməkçilərin biri ilə yeni bir cütlük yaradıb bölgəni genişlətdirdikləri müşahidə olunmuşdur.[46]

Yuvalarına hücum edən əsas yırtıcılara Avstraliya sağsağanı (Cracticus tibicen), digər Cracticus cinsi quşlar, Dacelo novaeguineae, Strepera cinsi kuşlar, qarğalar və quzğunlar (Corvus cinsi quşlar), Colluricincla cinsi quşlar ilə qırmızı tülkü (Vulpes vulpes), pişiksiçovul (Rattus rattus) kimi məməlilər aiddir.[47] Həm erkək, həm də dişi yetişkin fərdlər təhlükə qarşısında bala quşların olduğu yuvadan uzaqlaşmaq üçün qaçaraq yırtıcıları özlərinə çəkirlər. Qaçış zamanı baş, boyun və quyruq aşağı enikdir, qanadlar açıq tutulur və lələklər qabardılır. Quş bu zaman durmadan qaçarkən həyəcan siqnalı da verir.[36]

Bu növdə dişilər erkəklərin cütləşmə istəklərinə cavab verərkən, balalar qidalanmaq istəyərkən, köməkçilərin daha yaşlı quşlara və gənclərin özündən böyüklərə qarşı etdikləri xüsusi "qanad çırpma" davranışı müşahidə olunmuşdur. Bu davranışda quş başını və dimdiyini əyir, qanadlarını gərərək sürətlə çırpır və dimdiyini səs çıxartmadan açıq saxlayır.[48]

Qidalanma

redaktə

Malurus cinsinə mənsub digər növlər kimi Malurus elegans da hərəkətli və aktiv qida ovçusudur.[39] Qıjı (Pteridium esculentum), erika kolları və meşə döşəməsindəki yarpaq örtüsü içində daima qida axtarır. Xüsusilə yay və payız aylarında tökülən evkalipt qabıqlarının buğumayaqlılarla zəngin olduğu dövrdə meşənin altındakı qoruyucu otlardan çıxıp 5 metr qədər yüksəklikdəki ağac gövdələrinə çıxırlar. Amma yırtıcılara görünə biləcəkləri üçün bu çıxışları qısa çəkir. Çoxu həşərat olmaqla kiçik heyvanlarla bəslənirlər. İl boyunca qarışqaları, müxtəlif həşəratları və çoxalma dövründə hörümçəkləri, tırtılları da ovlayır.[43][49] Yaz və yay aylarında quşlar gün içində aktiv olurlar və qida axtarışı zamanı cəh-cəh vurduqları müşahidə olunur. Günün istiliyində qrup birlikdə gizlənərək dincəlir. Qışda qida tapmaq çətin olduğu üçün bütün günü qida axtarırlar.[50] Xüsusilə qarışqalar qış aylarında ən çox ovladıqları həşəratlardır.[51]

Çoxalma

redaktə
 
Malurus elegansın yuvasında parazitlik edən Cacomantis flabelliformis.

Maluridae fəsiləsindəki digər növlər kimi Malurus elegans erkəkləri də çoxalma dövründə dişilərin diqqətini cəlb etmək üçün onlara çiçəyin sarı tac ləçəklərini təqdim edirlər. Bu növün sarı və nadir hallarda ağ tac ləçəkləri daşıdığı müşahidə olunmuşdur.[52] Tac ləçəkləri erkəyin öz bölgəsində və ya başqa bölgədə yaşayan dişiyə verilir.[53] "Üz yelpiyi" davranışı təcavüzkar və ya da cəzbetmə davranışı kimi qiymətləndirilir.[36] Bu davranış zamanı göy qulaq örtüsü lələkləri qabardılır.[54] Gümüşü göy bel lələkləri də bu tərz davranışlarda digər lələklərə nisbətən daha çox qabardılır.[36]

Çoxalma mövsümü fəsilədəki digər növlərə nisbətən qısa çəkir və oktyabr ayından (nadir hallarda sentyabr ayından) dekabr ayına qədər davam edir. Yuva tamamilə dişi tərəfindən yerdən 20 sm yüksəklikdə sıx bitki örtüyü içərisində qurulur.[55] Yumru və qübbəli yuvadır; bir yanında giriş yerləşir və quru otlar ilə hörümçək torundan hazırlanır. İç tərəfi daha incə otlar və ya Clematis pubescensBanksia grandis ilə döşənir. Çoxalma mövsümündə nadir hallarda 2 dəfə kürt yata bilirlər. İkinci kürt yatma dövrü birincidən orta hesabla 51 gün sonradır.[43] Bir dəfəyə 2–3 yumurta yumurtalayırlar. Yumurtalar krem-ağ rəngində, qırmızı-qəhvəyi ləkəli olub oval formasındadır.[56] Ölçüsü 12x16 mm-dir. Dişi 1 saatlıq yuvada kürt yatır, sonra erkəyin çağırışı ilə 15–30 dəqiqəliyinə qida axtarışına çıxıb geri dönür. Uzun quyruğu əsasən dar yuvadan qıvrılmışdır və onun kürt yatdığının müşahidə edilməsinə kömək edir.[57] Kürt yatma 14–15 gün davam edir və ikinci kürt yatma 1 gün daha az çəkir.[43] Yumurtadan bala çıxma nisbəti 94 %-dir. Yumurtadan yeni çıxan balalar ciy qırmızı rəngdə, lələksiz və gözləri bağlıdır; qidalanmaya ehtiyacları vardır. Bir gün içində dəriləri göy-boz rəngə çevrilir və lələklər peyda olmağa başlayır. Üçüncü gündə primer lələkləri çıxmağa başlayır. Beşinci gün açılmaya başlayan gözlər bir gün içində tamamilə açılır. Bütün qrup üzvləri tərəfindən bəslənilən balaların nəcis topaları 11–12 gün boyunca daşınır. Bu dövrdə balaların quyruqları və qanadları tam inkişaf etməmişdir və yaxşı uça bilmirlər.[58] Qanadlarının tam inkişaf etməsi üçün 10 gün lazımdır və bu müddətdə yuvanın yaxınlığında gizlənirlər. Pərvazladıqdan sonra 1 ay boyunca qrupun bütün üzvləri tərəfindən bəslənilirlər. Başqa qrupa keçməzdən qabaq balalar köməkçi kimi 1 il boyunca qrupla yaşayır. Quşlar cinsi yetişkənliyə 1 yaşlarında çatırlar, amma dişilər 3 yaşına qədər cütləşə bilmirlər.[59] Malurus elegansın yuvasında nadir hallarda olsa da, yuva parazitlərinə (Chrysococcyx basalisCacomantis flabelliformis) rast gəlinir.[60]

İstinadlar

redaktə
  1. Integrated Taxonomic Information System (ing.). 1999.
  2. IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3
  3. Gould J. The Birds of Australia and the adjacent islands, Part 1. London: J. Gould. 1837.
  4. 1 2 3 4 5 6 7 8 Rowley & Russell, p. 173
  5. Mathews GM. "List of additions of new subspecies to, and changes to, my list of the birds of Australia". Austral Avian Record. 3. 1916: 25–68.
  6. 1 2 3 Schodde R (1982) The fairy-wrens: a monograph of the Maluridae. Lansdowne Editions, Melbourne.
  7. Rowley & Russell, p. 40–41
  8. Rowley & Russell, p. 143
  9. Rowley & Russell, p. 159
  10. Christidis L, Schodde R. "Relationships within the Australo-Papuan Fairy-wrens (Aves: Malurinae): an evaluation of the utility of allozyme data". Australian Journal of Zoology. 45 (2). 1997: 113–129. doi:10.1071/ZO96068.
  11. Schodde R. "Interim List of Australian Songbirds". Melbourne: RAOU. 1975.
  12. Barker, FK; Barrowclough G. F.; Groth J. G. "A phylogenetic hypothesis for passerine birds; Taxonomic and biogeographic implications of an analysis of nuclear DNA sequence data". Proc. R. Soc. Lond. B. 269. 2002: 295–308. doi:10.1098/rspb.2001.1883. PMC 1690884. PMID 11839199.
  13. Barker, F. K.; Cibois A.; Schikler P.; Feinstein J.; Cracraft J. "Phylogeny and diversification of the largest avian radiation" (PDF). Proc. Natl. Acad. Sci. USA. 101 (30). 2004: 11040–11045. doi:10.1073/pnas.0401892101. PMC 503738. PMID 15263073. 2007-10-25 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2007-10-12.
  14. Simpson K, Day N, Trusler P. Field Guide to the Birds of Australia. Ringwood, Victoria: Viking O'Neil. 1993. səh. 392. ISBN 0-670-90478-3.
  15. Rowley & Russell, p. 36
  16. Wooller RD. "Bill size and shape in honeyeaters and other small insectivorous birds in Western Australia". Australian Journal of Zoology. 32. 1984: 657–62. doi:10.1071/ZO9840657.
  17. Rowley & Russell, p. 43–44
  18. Rowley & Russell, p. 172–73
  19. Russell EM, Rowley I, Brown RJ, Brown MN. "Acquisition of nuptial plumage in the Red-winged Fairywren Malurus elegans". Corella. 15. 1991: 125–33.
  20. Rowley & Russell, p. 46
  21. Rowley & Russell, p. 45
  22. Rowley & Russell, p. 44
  23. Bennett ATD, Cuthill IC. "Ultraviolet vision in birds: what is its function?". Vision Research. 34 (11). 1994: 1471–78. doi:10.1016/0042-6989(94)90149-X. PMID 8023459.
  24. Rowley & Russell, p. 63
  25. Payne R. B., Payne L. L., Rowley I., Russell E. M. "Social recognition and response to song in cooperative Red-winged Fairy-wrens". Auk. 108. 1991: 811–19.
  26. Rowley & Russell, p. 65–66
  27. Rowley & Russell, p. 66
  28. Rowley & Russell, s. 128–29
  29. Rowley & Russell, s. 130
  30. Flegg J., Madge S. Birds of Australia. Kenthurst, NSW: New Holland Press. 1995. ISBN 1-85368-353-1.
  31. Higgins P. J., Peter J. M., Steele W. K. (Eds.) (2001). Handbook of Australian, New Zealand & Antarctic Birds: Volume 5 (Tyrant-flycatchers to Chats). Oxford University Press, Victoria. ISBN 0-19-553258-9
  32. Wade P. (ed.). Every Australian Bird Illustrated. Rigby. 1977. səh. 191. ISBN 0-7270-0009-8.
  33. Williams M. R., Abbott I., Liddelow G. L., Vellios C., Wheeler I. B., Mellican A. F. "Recovery of bird populations after clearfelling of tall open eucalypt forest in Western Australia" (PDF). Journal of Applied Ecology. 38. 2001: 910–20. doi:10.1046/j.1365-2664.2001.00645.x. 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-12-25.
  34. Christensen P. E., Kimber P. C. "Effects of prescribed burning on the flora and fauna of south-west Australian forest". Proceedings of the Ecological Society of Australia. 9. 1975: 85–106.
  35. Rowley & Russell, p. 134
  36. 1 2 3 4 5 6 7 Rowley & Russell, p. 175
  37. Rowley & Russell, p. 164
  38. "Red-winged Fairywren". Important Bird Areas. BirdLife International. 2012. 2021-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-10-30.
  39. 1 2 Rowley & Russell, p. 42
  40. Rowley & Russell, p. 41
  41. Rowley & Russell, p. 58
  42. Rowley & Russell, p. 56
  43. 1 2 3 4 Rowley I., Russell E. M., Payne R. B., Payne L. L. "The ecology and breeding biology of the Red-winged Fairy-wren Malurus elegans". Emu. 88. 1988: 161–76. doi:10.1071/MU9880161.
  44. Rowley & Russell, p. 93
  45. Rowley & Russell, p. 94
  46. Rowley & Russell, p. 99
  47. Rowley & Russell, p. 121
  48. Rowley & Russell, p. 77
  49. Wooller R. D., Calver M. C. "Feeding segregation within an assemblage of small birds in the karri forest understorey". Australian Wildlife Research. 8. 1981: 401–10. doi:10.1071/WR9810401.
  50. Rowley & Russell, p. 61–62
  51. Rowley & Russell, p. 49–52
  52. Rowley I. "Petal Carrying by Fairy-wrens of the genus Malurus". Australian Bird Watcher. 14. 1991: 75–81.
  53. Rowley & Russell, p. 75
  54. Rowley & Russell, p. 76
  55. Rowley & Russell, p. 91
  56. Beruldsen, G. Australian Birds: Their Nests and Eggs. Kenmore Hills, Qld: self. 2003. 279–80. ISBN 0-646-42798-9.
  57. Rowley & Russell, p. 116
  58. Rowley & Russell, p. 117
  59. Rowley & Russell, p. 175–76
  60. Rowley & Russell, p. 176

Ədəbiyyat

redaktə
  • Rowley, Ian; Russell, Eleanor. Bird Families of the World:Fairy-wrens and Grasswrens. Oxford: Oxford University Press. 1997. ISBN 0-19-854690-4.

Xarici keçidlər

redaktə

Həmçinin bax

redaktə

Saytda 270 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024