Mehdi Mehdizadə Haqqinda Melumat - Vikipedia

Mehdi Mehdizadə Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Mehdi Məmməd oğlu Mehdizadə (5 yanvar 1903, Daşkəsən, Cəbrayıl qəzası1 may 1984, Bakı) — pedaqogika elminin görkəmli nümayəndəsi, tanınmış ictimai xadim, SSRİ Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü, akademik, Azərbaycan SSR əməkdar elm xadimi, pedaqoji elmlər doktoru, professor, Azərbaycan SSR xalq maarif naziri (1952–1954; 1960–1980).

Mehdi Mehdizadə
10 mart 1960 – 13 fevral 1980
ƏvvəlkiRəhim Rəhimov
SonrakıElmira Qafarova
mart 1952 – 12 iyun 1954
ƏvvəlkiMəmməd Ələkbərov
SonrakıMirzə Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi 5 yanvar 1903(1903-01-05)
Doğum yeri
Vəfat tarixi 1 may 1984(1984-05-01) (81 yaşında)
Vəfat yeri
Partiya
Təhsili
Fəaliyyəti alim
Elmi fəaliyyəti
Elm sahəsi pedaqogika
Elmi dərəcəsi

Təltifləri "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni "Əmək veteranı" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

Mehdi Məmməd oğlu Mehdizadə 1903-cü il yanvar ayının 5-də indiki Cəbrayıl qəzasının Daşkəsən kəndli ailəsində anadan olmuşdur. 1914-cü ildə Daşkəsən kəndində tədrisi rus dilində aparılan 3 sinifli ibtidai rus-tatar məktəbi açılır. Mehdi həmin məktəbə daxil olanda onun 11 yaşı var idi. 1919-cu ildə 16 yaşlı Mehdi Daşkəsən kənd ibtidai məktəbinin ilk məzunlarından biri olur və 1920-ci ildə kəndlərində qiraət komasının müdiri kimi əmək fəaliyyətinə başlayır. Daha sonra gənc Mehdi 1921-ci ildə rayon mərkəzində açılan pedaqoji kursda təhsil alır və kursu bitirdikdən sonra Daşkəsən kənd birdərəcəli məktəbində müəllim və müdir kimi fəaliyyətə başlayır. 1923-cü ilin mayında Mehdi Mehdizadə Cəbrayıl qəzasından Bakıya üç aylıq ali pedaqoji kursa göndərilir. Həmin kursu müvəffəqiyyətlə bitirdikdən sonra o, Qəza Xalq Maarif Şöbəsinin göndərişi ilə Azərbaycan Pedaqoji İnstitutunun hazırlıq kursuna qəbul olunur. Hazırlıq kursunun sonunda imtahan verib 1924-cü ildə İnstitutun Fizika-riyaziyyat fakültəsinin birinci kursuna qəbul edilir. Mehdi Mehdizadə 1926-cı ildə Azərbaycan Pedaqoji İnstitutunun Fizika-riyaziyyat fakültəsini bitirib ali təhsilli fizika və riyaziyyat müəllimi kimi Cəbrayıl qəzasının Qaryagin (indiki Füzuli) şəhərindəki orta təhsil verən məktəbdə pedaqoji fəaliyyətini davam etdirir.

Elmi-pedaqoji fəaliyyəti redaktə

Mehdi Mehdizadə pedaqoji fəaliyyəti dövründə yalnız tədris-metodiki işlərlə deyil, eyni zamanda, ümumpedaqoji problemlərlə də maraqlanırdı. 1930-cu ilin martında onu Azərbaycan Xalq Maarif Komissarlığının İctimai Tərbiyə Baş İdarəsinin elmi katibi və Xalq Maarif Komissarının birinci müavini Ayna Sultanovanın köməkçisi vəzifəsinə təyin edirlər. O, bu vəzifədə cəmi bir il çalışdıqdan sonra, 1931-ci ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı nəzdində pedaqogika ixtisası üzrə yenicə təşkil edilmiş aspiranturaya qəbul olunur. 1931-ci ilin sentyabr ayından onun elmi-pedaqoji fəaliyyəti başlayır. 1932-ci ilin sentyabrından APİ-nin pedaqogika kafedrasında müəllim kimi fəaliyyətə başlayır. Aspiranturanı bitirdikdən bir il sonra Azərbaycan Pedaqoji İnstitutunun rəhbərliyi Mehdi Mehdizadəni 1934-cü ildə pedaqoji fakültənin dekanı vəzifəsinə təyin edir. Az müddət bu vəzifədə çalışdıqdan sonra 1934-cü ilin sonunda onu APİ-nin elmi işlər üzrə direktor müavini vəzifəsinə irəli çəkirlər. Mehdi Mehdizadə 1941-ci ildə "Azərbaycan məktəblərində savad təlimi tarixi" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək pedaqoji elmlər namizədi − alimlik dərəcəsi alır. 1941–1942-ci illər ərzində Azərbaycan Pedaqoji İnstitutunun tədris işləri üzrə direktor müavini vəzifəsində çalışır. 1942-ci ilin sentyabrından 1946-cı ilin iyununa qədər ordu sıralarında − İkinci Dünya Müharibəsinində iştirak edir. Müharibədən qayıtdıqdan sonra 1946–1950-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunda elmi pedaqoji fəaliyyətini davam etdirərək pedaqogika kafedrasının müdiri, fakültə dekanı, elmi işlər üzrə direktor müavini vəzifələrində çalışır. Mehdi Mehdizadə 1950-ci ildə 315-ci seçki dairəsindən Bakı Şəhər Sovetinə deputat seçilir. 1950–1951-ci illərdə ölkənin ən nüfuzlu ali məktəblərindən biri olan Azərbaycan Dövlət Pedaqoji İnstitutunun rektoru vəzifəsində çalışır. 1951-ci ildə Dəstəfur seçki dairəsindən Azərbaycan SSR Ali Sovetinə deputat seçilir. 1951-ci ilin noyabrında isə Bakı Şəhər Soveti İcraiyyə Komitəsi sədrinin müavini vəzifəsinə təyin olunur. Mehdi Mehdizadə 1952-ci ilin mart ayında Azərbaycan SSR-nin maarif naziri vəzifəsinə təyin edilir və 25 ilə yaxın müddətdə (1952–1954; 1960–1980) respublikanın xalq maarifinə rəhbərlik edir. 1954-cü ildə yenidən Pedaqoji İnstituta göndərilir. 1956-cı ildə "Azərbaycan sovet məktəbinin tarixi" mövzusunda yazdığı doktorluq dissertasiyasını Moskvada müdafiə edir. Pedaqoji elmlər doktoru Mehdi Mehdizadə 1957-ci ildə APİ-nin professoru vəzifəsinə seçilir. İki ildən sonra 1959-cu ilin sentyabrında o, Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Komitəsi sədrinin birinci müavini vəzifəsinə təyin edilir. Görkəmli alim və təhsil təşkilatçısı 1960-cı il Azərbaycan Kommunist Partiyasının XXIV qurultayında Azərbaycan KP Mərkəzi Komitəsinin üzvü seçilmiş, həmin ilin mart ayında yenidən Azərbaycan SSR maarif naziri vəzifəsinə təyin edilmişdir. 1966-cı ilin avqust ayında yeni yaradılan SSRİ Pedaqoji Elmlər Akademiyasının təsis komissiyasının tərkibinə daxil edilmiş və birbaşa akademiyanın həqiqi üzvü seçilmişdir. Mehdi Mehdizadə öz ərizəsinə əsasən, 13 fevral 1980-ci ildə Azərbaycan SSR maarif naziri vəzifəsindən azad edilmiş, həmin vaxtdan ömrünün sonunadək Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun elmi məsləhətçisi olmuşdur.

Akademik Mehdi Mehdizadə 10 cildlik "Azərbaycan Sovet Ensiklopediyası"nın, Moskvada nəşr olunan 4 cildlik "Pedaqoji Ensiklopediya"nın, 2 cildlik "Pedaqoji lüğət"in müəlliflərindən biri kimi tanınır. Həyatının son illərində tamamladığı "Məktəb və məktəbli şəxsiyyətinin hərtərəfli inkişafı", "Azərbaycanda məktəb təhsilinin və pedaqoji fikrin inkişafı" adlı əsərləri görkəmli alimlər tərəfindən yüksək qiymətləndirilmişdir.

Akademik Mehdi Mehdizadənin elmi çıxış və məqalələri "Azərbaycan məktəbi", "Советская педагогика", "Народное образование" və digər jurnal və toplularda dərc edilmişdir. Mehdi Mehdizadənin fəaliyyətində beynəlxalq əlaqələr, beynəlxalq təşkilatların təşkil etdikləri tədbirlərdə fəal iştirak, bu tədbirlərdə dərin məzmunlu elmi pedaqoji məruzə və çıxışlar əsas yer tutur. O, 1961–1965-ci illərdə YUNESKO-nun Yaşlıların Təhsili üzrə Məsləhət Komitəsinin daimi üzvü seçilmiş, Sovet hökumətinin maarif məsələləri üzrə tapşırıqlarını yerinə yetirmək məqsədi ilə Sovet nümayəndə heyətinin tərkibində Polşa, Hollandiya, Fransa, Afrika qitəsində və digər ölkələrdə rəsmi səfərlərdə olmuşdur. 1961-ci ildə "Zaqafqaziyada yaşlı əhali arasında savadsızlığın ləğvi təcrübəsindən" adlı məqaləsi YUNESKO-nun Şərq ölkələri üzrə mətbuat orqanında çap olunmuşdur. Akademik Mehdi Mehdizadənin 1961-ci ilin iyun ayında YUNESKO yanında Yaşlıların Təhsili Üzrə Beynəlxalq Komissiyanın sessiyasında iştirakı, orada "Afrika ölkələrində yaşlı əhalinin təhsilinin əsas məsələləri" mövzusunda məruzəsi YUNESKO-nun sənədlərində ingilis, fransız və ispan dillərində çap olunmuşdur. Mehdi Mehdizadə həmin ilin martında Afrika ölkələri maarif nazirlərinin Parisdə keçirilən beynəlxalq konfransında da çıxış etmişdir.

Akademik Mehdi Məmməd oğlu Mehdizadə 1 may 1984-cü ildə Bakı şəhərində vəfat etmiş, İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur

Biblioqrafiya redaktə

Azərbaycan dilində kitabları redaktə
Rus dilində kitabları redaktə
Haqqında yazılan kitablar redaktə

Mükafat və təltiflər redaktə

Xatirəsi redaktə

  • Bakı şəhər Xalq Deputatları Soveti Rəyasət heyəti akademik Mehdi Məmməd oğlu Mehdizadənin yaşadığı binaya (Mirzə Şəfi küşəsi, 19) xatirə lövhəsi vurulması haqqında xüsusi qərar (21.09.1993-cü il 17/165 saylı) vermişdir.
  • Bakı şəhərinin küçələrindən birinə Mehdi Mehdizadənin adı verilmişdir.
  • Azərbaycan Uşaq Fondu M.Mehdizadənin Azərbaycan maarifinin inkişafında böyük xidmətlərini nəzərə alaraq qərar qəbul etmişdir. Qərarda deyilir: "Azərbaycan Uşaq Fondunun respublikanın pedaqoji ali, orta ixtisas, texniki peşə, ümumtəhsil məktəblərində, eləcə də təmayüllü internat məktəblərində təhsil alan istedadlı tələbə və şagirdlərə verdiyi təqaüd "Akademik Mehdi Məmməd oğlu Mehdizadə adına təqaüd" adlandırılsın".
  • Azərbaycan Müəllimlərinin Yaradıcı İttifaqı 1995-ci ildə akademik Mehdi Mehdizadə adına mükafat təsis etmişdir.
  • Cəbrayıl rayonundakı 1 nömrəli şəhər orta məktəbinə akademik Mehdi Mehdizadənin adı verilmişdir.
  • Beyləqan rayonundakı 3 nömrəli şəhər orta məktəbinə akademik Mehdi Mehdizadənin adı verilmiş və məktəbin həyətində onun büstü ucaldılmışdır.
  • Böyüməkdə olan nəslin təlim-tərbiyəsi sahəsində zəngin ənənələri ilə tanınan Gəncə şəhərindəki 4 nömrəli tam orta ümumtəhsil məktəbi akademik Mehdi Mehdizadənin adını daşıyır.
  • Azərbaycan Dövlət Televiziya Şirkəti professor Vidadi Xəlilovun ssenarisi əsasında 2002-ci ildə "Əsrə bərabər ömür" filmini çəkərək, dahi şəxsiyyətin nəsillərə nümunə olan ömür yoluna həsr etmişdir. Film hazırda Azərbaycan Televiziyasının (AzTV) qızıl fondunda qorunur.[1] Filmin elmi məsləhətçisi professor Zahid Qaralovdur.
  • 2007-ci ildə İctimai Televiziya (İTV) tərəfindən çəkilən "Yaşamaq yanmaqdır…" (Portret) sənədli filmi dahi şəxsiyyət, akademik Mehdi Mehdizadənin xatirəsinə həsr edilmişdir. Filmdə Azərbaycanın tanınmış elm nümayəndələri akademik haqqında fikir və xatirələrini bölüşürlər. Filmin ssenari müəllifi – Eldar Sadıqov, rejissor – Ruslan Hüseynov, redaktor – Cəsarət Valehovdur.
  • Akademik Mehdi Məmməd oğlu Mehdizadə adına mükafat Azərbaycan Müəllimlərinin Yaradıcı İttifaqı tərəfindən 1995-ci ildə təsis edilmişdir.[2]

Filmoqrafiya redaktə

  1. "Əsrə bərabər ömür" sənədli filmi. 2002-ci li.
  2. "Portret" ("Yaşamaq yanmaqdır") sənədli filmi. 2007-ci il.

Mənbə redaktə

İstinadlar redaktə

  1. Akademik Mehdi Mehdizadə ömrünün işığı (V.Xəlilov, H.Musayev, Bakı. 1998, 2012)
  2. Azərbaycanda pedaqoji elm: təşəkkülü, inkişafı və problemləri (1920–1991-ci illər) (F.Rüstəmov. Bakı, 1991)

Xarici keçidlər redaktə


Saytda 46 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023