Mustafa bəy Vəkilov Haqqinda Melumat - Vikipedia

Mustafa bəy Vəkilov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Mustafa bəy Vəkilov

Mustafa bəy Vəkilov (tam adı: Mustafa bəy Nadir ağa oğlu Vəkilov, mühacirətdə: Vəkilli, Vəkiloğlu; sentyabr 1896, Qazax30 noyabr 1965, Amasya) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Azərbaycan Xalq Cümhuriyyətinin Daxili işlər naziri, Moskva Universiteti hüquq fakültəsinin məzunu, siyasi xadim. Hökumətin ən gənc naziri olmuşdur (23 yaşında).

Mustafa bəy Vəkilov
Mustafa bəy Nadir ağa oğlu Vəkilov
bayraq
Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər naziri
bayraq2
18 fevral 1920 – 28 aprel 1920
ƏvvəlkiMəmmədhəsən Hacınski
Sonrakıvəzifə ləğv olunub
Şəxsi məlumatlar
Doğum tarixi sentyabr 1896
Doğum yeri
Vəfat tarixi 30 noyabr 1965(1965-11-30) (69 yaşında)
Vəfat yeri
Partiya
Təhsili Bakı gimnaziyası Moskva Universitetinin hüquq fakültəsi (1917) [1]
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

Mustafa bəy Nadir oğlu Vəkilov 1896-cı ildə sentyabr ayında Azərbaycanın Qazax mahalında anadan olmuşdur. O, Bakı gimnaziyasını bitirərək, 1912-ci ildə Moskva Universitetinin hüquq fakultəsinə daxil olmuş və həmin dövrdən öz doğma xalqının milli – azadlıq mübarizəsində yaxından iştirak etməyə başlamışdır. Mustafa bəyin siyasi dünyagörüşünün formalaşmasında onun əmisi Məmməd Rza Vəkilovun və yaxın qohumu Əlimərdan bəy Topçubaşovun böyük təsiri olmuşdur.

1917-ci ilin aprelində Bakıda çağırılmış Qafqaz müsəlmanlarının qurultayında, Kiyevdə ukraynalı professor Qruşevskinin rəhbərliyi altında keçirilmiş qeyri – rus millətlərin qurultayında, mayda isə Rusiya müsəlmanlarının Moskva qurultayında fəal iştirak etmişdir. Onun Bakı mətbuatında aktual siyasi və ictimai hadisələrlə əlaqədar xeyli məqaləsi çap olunmuşdur. M. Vəkilov həmin ildə açılması nəzərdə tutulan Rusiya parlamentinə Azərbaycandan millət vəkili seçilmişdir.

Mustafa bəy universitetdə azərbaycanlı tələbələrin həmyerlilər təşkilatının başçılarından biri idi.

Ailəsi redaktə

İkinci Dünya müharibəsinin sonlarında o, Türkiyənin Amasya şəhərinə gəlir. Bu dövrlərdə Firdevs adlı bir xanımla ailə həyatı qurur. Mustafa bəy Vəkilovun bir qızı və bir oğlu olmuşdur:

  • Serpil Vəkiloğlu
  • Nadir Vəkiloğlu

Qızı Serpil Vəkiloğlu 1946-cı ildə, oğlu Nadir Vəkiloğlu 1949-cu ildə anadan olmuşdur. Nəvəsi Arda Vəkiloğlu Türkiyə Milli Basketbol komandasının üzvüdür. Peşəkar basketbol ilə məşğul olur.[2]

Fəaliyyəti redaktə

 
Osmanlı sultanı ilə Mustafa bəy Vəkilovun görüşünü təsdiq edən sənəd

M. Vəkilov 1917-ci il noyabrın 15-də yaranmış Zaqafqaziya Komissarlığında daxili işlər komissarı A. İ. Çxengelinin məsləhətçisi vəzifəsini icra etmişdir. O, bundan başqa Zaqafqaziya seymində müsəlman fraksiyasının fəal üzvlərindən biri idi. 1918-ci il 28 may tarixində Azərbaycan öz istiqlaliyyətini elan edəndən sonra həmin ilin iyununda Məhəmməd Əmin Rəsulzadə başda olmaqla 4 nəfər nümayəndə heyəti siyasi danışıqlar üçün Türkiyəyə İstanbulda keçirilən konfransa getmişdir. Bu nümayəndə heyətinə Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Xəlil bəy XasməmmədovAslan bəy Səfikürdski daxil idilər. Onlar özləri ilə 4 məsləhətçi aparmışdılar. O məsləhətçilərdən biri Mustafa bəy Vəkilov idi. Beynəlxalq hüququ gözəl bilən Mustafa bəy Türkiyənin ali dövlət rəhbərləri ilə olan görüşlərində Əlimərdan bəy Topçubaşovun yanında yer almışdır. 1918-ci ilin sentyabrında Daxili İşlər Nazirliyində işləyən M. Vəkilov dekabrın 7-də Bakıda təntənəli surətdə açılmış Azərbaycan parlamentinə üzv seçilmişdir. O, 1919-cu ilin dekabrında "Türk Ədəmi-mərkəziyyət firqəsi Müsavat"ın ikinci qurultayında yenidən MK üzvü seçilmişdir. M. Vəkilov Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəylinin 23 dekabr 1919-cu ildə təşkil etdiyi ikinci hökumət kabinəsində Daxili İşlər nazirinin müavini vəzifəsini icra etməyə başlamışdır.

Həmçinin 1918-ci ildə Mustafa bəy Vəkilov Osmanlı sultanı ilə görüşmüşdür.

 
Oturanlar (sağdan sola): Məhəmməd Əmin Rəsulzadə, Ayaz İshaki, Cəfər Seyidəhməd Krımər, Məhəmməd Girey Sunş. Ayaqüstə duranlar (soldan sağa): Mustafa Çokay, Mustafa bəy Vəkilov, Tausultan Şakman. 1930-cu illər. Varşava, Polşa

Nazir olduğu dövr redaktə

1920-ci il fevralın 18-də iyirmi üç yaşlı M. Vəkilov Azərbaycan Respublikasının Daxili İşlər naziri təyin olunmuşdur. O, hökumətin ən gənc naziri idi. Azərbaycanın istiqlaliyyətini ilk qoruyanlardan biri olmuş ictimai-siyasi xadim M. Vəkilov ilk növbədə Nazirliyə peşəkar hüquqşünas kadrlar yığmağa çalışırdı, bu işdə ona müavini Şəfi bəy Rüstəmbəyli yaxından kömək etmişdir. Daxili İşlər naziri vəzifəsini Məmmədhəsən Hacınskidən qəbul edən M. Vəkilov onu zəifləməyə qoymamış, əksinə inkişaf etdirmiş, nazirliyin strukturlarını təkmilləşdirməyə nail olmuşdur. Özünü doğrultmağı bacaran M. Vəkilov bir sıra erməni qiyamlarının yatırmağa nail olmuş, provakasiyaların, ixtişaşların qarşını almışdır.

Qarabağda qiyam redaktə

Onun nazirliyi dövrü Cümhuriyyətin ən çətin dönəminə düşür. 1920-ci ilin martın 22-də Novruz bayramı günündə Şuşa və onun ətrafında ermənilər qiyama qalxırlar. Parlament bununla bağlı toplantı keçirir, Daxiliyyə naziri kimi Mustafa bəyin hesabatı dinlənilir.

Mustafa bəy hesabatda bildirir:[3]

"  "Silahlı ermənilər Şuşada əsgərlərimizə hücum edib, bir neçə zabiti həbs edib, əsgərlərə atəş açıb. Bir tərəfdən bayram münasibətilə xalq evlərində istirahət etdiyi, digər tərəfdən camaat belə xəyanət və hücum gözləmədikləri üçün hadisə olduqca qəfil olub. Buna baxmayaraq Şuşadakı əsgəri hissələrimiz onların başlarında duran zabitlər qəhrəman bir surətdə onların hücumunu dəf edə bilib”. " 

Hesabatdan aydın olur ki, ermənilərin bu hücumları yalnız Şuşada deyil, XankəndindəƏsgəranda da olub:

"  "'Onlar yalnız Əsgəranı işğal edə bilmişlər. Ələ keçən sənədlərdən və vəsiqələrdən məlum olur ki, bu fitnə hazırlığını yerli əhali nəinki öz təşəbbüsü ilə etmiş, bəlkə kənardan gəlmiş qüvvələr bunu hazırlamışlardır. Şuşa şəhərində erməni ziyalı sinfi onların arxasınca getməmişlərdir. Başqa köylərdə də əhali asilərə qoşulmaq istəməmişlər. Fəqət, üsyançılar onları zor ilə kəndilərinə tabe etmişlərdir. Qarabağda müvəqqətən pozulmuş intizam və qaidə bu yaxınlarda düzələcəkdir. Hökumət bu xüsusda ciddi və qəti tədbirlər görmüş və görməkdədir. Yaxın günlərdə bu üsyan təsviyyə ediləcəkdir”. " 

Qiyamların yatırılması redaktə

Mustafa bəy Vəkilov Daxili İşlər naziri kimi Bakıda fəhlələrin qızışdırılması ilə bağlı da addımlar atır.

Martın 22-də o, "Bakı rayonu fəhlələrinə Daxiliyyə Nazirliyindən" adlı müraciət ünvanlayır:

Daxili İşlər Naziri Mustafa bəy Vəkilovun "Bakı rayonu fəhlələrinə Daxiliyyə Nazirliyindən" adlı müraciəti

22 mart, 1920

"Zəhmətkeşlərin mənafeyi keşiyində dayanan cümhuriyyətin ali inzibati orqanı fəhlə sinfinin öz iqtisadi və hüquqi vəziyyətini yaxşılaşdırmaq üçün apardığı mübarizəyə qarışmaq niyyətində deyildir, lakin fəhlə sinfinin mənafeyinin müdafiəsi ilə pərdələnərək cinayətkar təbliğat və planlar yolu ilə öz pozuculuq işini aparan kənar qüvvələrin agentlərinin dövlətə zidd çıxışlarını sərəncamımda olan bütün vasitələrlə yatırdacağıq… Vətəndaş fəhlələr! Məsuliyyətsiz, qara niyyətli və satqın təbliğatçıların fitnələrinə uymayın. Dövlətin qayda-qanunlarını mütəşəkkil halda qorumağınız-istiqlalımızı və azadlığımızı möhkəmləndirməyin rəhnidir. Öz demokratik hökumətinizin işini müdafiə edin və möhkəm əmin olun ki, hər bir ədalətli iqtisadi və hüquqi iddianız Daxiliyyə Nazirliyi tərəfindən tam hüsn-rəğbət və coşqun həmrəyliklə qarşılanacaq".

Sonralar, 1959-cu ildə verdiyi bir açıqlamada Vəkilov Qarabağdakı erməni qiyamını və fəhlələrin etirazlarının Ermənistan hökuməti və rus agentləri vasitəsilə başlandığını bildirir. Ordunun əsas gücünün Qarabağdakı hadisələri yatırtmaqla məşğul olduğunu deyən Vəkilov əsgər sayının az olduğunu qeyd edir:

"  "'Azərbaycan ordusu yeni qurulurdu. Silah və təchizat baxımından məhrumiyyət içində idi. Çar hökuməti azəriləri əsgər aparmırdı. Əsgərlik ənənəmiz zəif idi. Hərbi kadrlarımız az idi. Bu ağır şərtlər altında, qısa zamanda təşkil edilməkdə olan silahlı qüvvələrimizin gücü çox deyildi”. " 

Lakin Mustafa bəy buna baxmayaraq xalqın işğalçılara qarşı dirəndiyini, Gəncədə mühüm bir mübarizənin olduğunu deyir və bu etirazların II Dünya savaşınadək davam etdiyini bildirir:

"  "'Şəhid siyahımız çox uzundur, yazmaqla bitməz, tükənməz… Azərbaycanın hər qarış torpağı bu şəhidlərin qanı ilə sulanıb. Gözəl yurdumuz, mərd və qəhrəman Azərbaycan hürriyyət və istiqlal uğrunda minlərlə, yüz minlərlə şəhid verib”. " 

1920-ci il aprelin əvvəllərində inqilabçı Əli Bayramovu öldürmüş cinəyatkarların həbs edilməsi və onlar haqqında cinayət işi qaldırılması üçün M. Vəkilov özü şəxsən göstəriş vermişdir.

Cümhuriyyətin işğalından sonra redaktə

1920-ci il aprelin 27-də baş verən hadisələrdən sonra Cümhuriyyətin işğalı ilə bərabər M. Vəkiloğlunun nazirliyi də bitir və o, qohumu — Xədicə xanım Qayıbovanın evində gizlənir, daha sonra Sultan Hüseynzadənin köməyi ilə Tiflisə gedir. Lakin bolşeviklərin Tiflisə yaxınlaşmasından sonra Türkiyəyə mühacirət etməli olur. 1924-cü ildə o, İstanbulda fəaliyyət göstərən Azərbaycan Milli Mərkəzinin Mərkəzi Komitəsinin üzvü seçilir, 1928-ci ildə yaradılan "Prometey" təşkilatında təmsil olunur. 1929-cu ildə isə Azərbaycan Milli Mərkəzindən istefa verərək Polşaya yerləşir. Daha sonra Almaniya, Fransa, İsveçrə kimi ölkələrdə fəaliyyət göstərir.

 
Mustafa bəy Vəkilov (sağdan 4-cü) Marşal Pilsudskinin məzarına əklil qoyan Qafqaz nümayəndələri arasında, Krakov, 1936

Mustafa bəy bir müddət mühacirətdə Məhəmməd Əmin Rəsulzadənin yanında yer alsa da, sonradan müəyyən problemlər nəticəsində ondan ayrılır. Türkiyədə yaşadığı dövrdə "Odlu yurd", "Azəri-Türk", "Yeni Qafqaziyyə", "Yurd bilgisi" kimi qəzet və jurnallarda məqalələr yazır. Rəsulzadə qanadından ayrıldıqdan sonra, əsasən "Mücahit" jurnalı ilə əməkdaşlıq edir, oradakı millətçi siyasi mühacirlərlə yaxınlaşır.

İkinci Dünya müharibəsinin sonlarında o, Türkiyənin Amasya şəhərinə gəlir. Daha sonra Ankaraya gedən Vəkilov Vilayətlər Bankının baş hüquq məsləhətçisi olur.

Atatürkün dəfnində redaktə

1938-ci ildə Mustafa Kamal Atatürk vəfat edir. Dünyanın müxtəlif ölkələrindən cənazə törəninə qatılanlar olur. Eləcə də, Sovet İttifaqı nümayəndəlik göndərir. Atatürkün ölümü mühacirətdəki azərbaycanlıları da kədərləndirir. Mustafa Vəkiloğlu "Mücahit" jurnalında yazdığı "Böyük Atatürk" adlı məqaləsində o günləri belə xatırlayırdı: "Qara xəbər duyulan kimi dostlarla İstanbulda toplandıq. Hamımız çox kədərli, pərişan və çaşqın bir halda idik. İçimizdə ən yaşlımız əski vəkillərimizdən olan rəhmətlik Xəlil bəy Xasməmmədli ağlayırdı".

Mustafa bəy Vəkilov Dolmabaxça sarayına gedərək xatirə dəftərinə azərbaycanlılar adından başsağlığı yazır, sonra cənazə kortejinə qatılmaq üçün müraciət edir, lakin rədd cavabı alır:

"  Cənazə kortejində iştirak edəcək rəsmi Sovet heyətinin yanında bir də sizin - Azərbaycan millətçilərinin bir heyət halında qatılması təəssüf ki, imkansızdır " 

Ankara ilə əlaqə yaradan M. Vəkilov fikrini belə əsaslandırır:

"  Atatürk bütün türklərin milli qəhrəmanıdır. Onun cənazəsində iştirak etməkdən bizi məhrum etmək böyük bir haqsızlıq olar və bütün azərbaycanlıları qəlblərindən yaralamış olarsınız. " 

Nəhayət, Vəkilov icazəni ala bilir və dəfndə iştirak edirlər. M. Vəkilov yazır: "Sabahın çox erkən saatlarında Dolmabaxça sarayının önünə gəldik, kortejdəki yerimizi aldıq. İstanbul Universitetindən olan iki azərbaycanlı gəncimiz "Yaralı azərbaycanlılar" yazılı çələngimizi daşıyırdılar, arxalarından əski vəkillərimizdən rəhmətlik doktor Xosrov bəylə mən yürüyürdük. Sabahkı İstanbul qəzetlərindən biri "canlılığı və gözəlliyi ilə gözə çarpan çələnglərdən biri də azərbaycanlıların çələngi idi" deyə yazmışdı".

Kennedinin ölümünə başsağlığı redaktə

1963-cü il, noyabrın 22-si ABŞ-nin 35-ci prezidenti Con Kennedi Dallas şəhərində Li Harvi Osvaldın açdığı atəş nəticəsində qətlə yetirilir.

Noyabrın 25-də Kennedi Vaşinqtonda Arlinqton milli qəbiristanlığında dəfn edilir. Dünya dövlətləri, tanınmış şəxslər baş verən hadisə ilə bağlı Amerika səfirliklərinə axışır, xatirə dəftərinə kədərli başsağlığı mətnləri yazırlar.

1963-cü il noyabrın 24-də Ankaradakı Amerika səfirliyinə yaxınlaşan bir şəxs bu sətirləri qeyd edir:

“Əsir millətlərin səmimi dostu, böyük liderin əziz xatirəsinə dərin hörmətlər…”

Mustafa Vəkiloğlu, Azərbaycan sabiq Daxili İşlər naziri.

Mustafa bəy Vəkilov Azərbaycan icması adından yeni prezident Lindon Consona teleqraf göndərir: "Əsir millətlərin səmimi dostu, böyük lider Kennedinin faciəli ölümü münasibətilə səmimi qəlbdən başsağlığı bildirirəm".

M. Vəkilovun xatirələrindən redaktə

 
Mustafa bəy Vəkilovun Ankaradakı qəbri

1962-ci ilin 28 aprelində Mustafa bəy Vəkilov Türk Ocağında təşkil edilən mərasimdə Türkiyənin Polşada səfiri olmuş şair Yəhya Kamal bəylə yaşanan maraqlı bir xatirəsindən bəhs edir. Vəkilov yazır ki, Kamal bəylə ara-sıra görüşərkən milli problemlərdən, iztirablardan bəhs edir, bu mövzular ətrafında müzakirə aparırdıq: "Bir gün mənə dedi ki: – Mustafa bəy, türkün müqəddaratı yalçın bir qayadır. Tarix boyunca çox dalğalar ona çırpılıb, fəqət parçalanaraq çəkilib gedib. Moskvanın azğın dalğaları da bu gün Azərbaycan türkünün yalçın qayasına çırpılmaqdadır. Çox üzülməyin, bir gün o dalğalar da qırılacaq və dağılacaq".

Ölümü redaktə

Mustafa bəy Vəkilov 1965-ci il noyabrın 1-də 69 yaşında Ankarada vəfat etmişdir. Ankarada dəfn olunmuşdur.

Xatirəsi redaktə

Haqqında film çəkilmişdir. Filmdə xalq şairi Vaqif Səmədoğlu, tədqiqatçı jurnalist İsmayıl Umudlu, tarix elmlər namizədi İltifat Əliyarlı, Mustafa bəy Vəkilovun oğlu Nadir Vəkiloğlu, qızı Serpil Vəkiloğlu, tarix elmlər doktoru, professor Xaləddin İbrahimli və b. danışmışdır.

Şəkil qalereyası redaktə

Tədqiqatçıları redaktə

Mənbə redaktə

  • İsmayıl Umudlu. Vəkiloğulları. Bakı: "QAPP-poliqraf" nəşriyyatı, 2003, səh. 55–61.

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. "Arxivlənmiş surət". 2018-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-27.
  2. "Potanın Akrepleri Konya deplasmanında". 2023-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-31.
  3. "Mustafa Vəkiloğlu" (az.). 2018-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-27.

Saytda 71 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023