Naxçıvanda sənətkarlıq Haqqinda Melumat - Vikipedia

Naxçıvanda sənətkarlıq Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Naxçıvanda sənətkarlıq

Naxçıvanda sənətkarlıq-Naxçıvan Muxtar Respublikasında sənətkarlıq.

Haqqında redaktə

Orta əsrlər dövrü Azərbaycanın bir sıra bölgələrində olduğu kimi Naxçıvan bölgəsində də bir çox sənət sahələri inkişaf etmiş və burada müxtəlif sənətkarların cəm olduğu sənətkarlıq mərkəzləri yaradılmışdır. Naxçıvan ustalarının hazırladıqları sənətkarlıq məmulatları demək olar ki, Yaxın Şərqdə özünəməxsus yer tutmuş və şöhrət tapmışdır. Bunlar içərisində dulusçuluq, daşişləmə, ağacişləmə, toxuculuq, misgərlik, zərgərlik, boyaqçılıq, ipəkçilik, və s. sənətkarlıq mərkəzlərini nümunə göstərmək olar. Mənbələrin verdiyi məlumata görə mərkəzləşmiş sənətkarlıq sahələrinin inkişafı o dövrdə ölkənin iqtisadiyyatında, məişətində, ticarət əlaqələrinin genişlənməsində böyük əhəmiyyətə malik olmuşdur. Həmçinin orta əsr Azərbaycan şəhərlərində sənətkarlıq təşkilatları sənət və peşə sahələrinin tənzimlənməsində mühüm rol oynamışdır (1, s. 313).[1] T. Dostiyev yazır ki, IX–X əsrləri Azərbaycan şəhərlərinin kiçik qala-şəhərlərdən iri siyasi-inzibati, sənətkarlıq-ticarət və mədəni-dini mərkəzlərə çevrilməsi dövrü hesab etmək mümkünsə, XI–XII əsrləri şəhər həyatının yüksəlişi, çiçəklənməsi dövrü adlandırmaq olar. İctimai əmək bölgüsü baxımından şəhər kəndin əksi olaraq, sənət istehsalı, ticarətlə bağlı əməyin və zehni əmək fəaliyyətinin cəmləşdiyi məkan idi. Orta əsrlərdə Azərbaycan şəhərlərinin inkişafının iqtisadi əsasını sənət istehsalı və ticarət təşkil edirdi (2).[2]

Sənətkarlar redaktə

Orta əsrlərdə Azərbaycanda şəhər əhalisinin əsas hissəsini sənətkarlar təşkil edirdi. Sənətkarlar əsasən üç qrupa bölünürdü:

  1. fərdi fəaliyyət göstərən sənətkarlar
  2. xüsusi təşkilatlarda (əsnaflarda) birləşmiş sənətkarlar
  3. iri feodal emalatxanalarında çalışan sənətkarlar: (3, s. 282).[3]

Sənətkarlar evlərdə işləməklə bərabər emalatxanalarda da birləşirdi. Sənətkarlıq emalatxanaları, əsasən karvansara və bazarlarda yerləşirdi.[4] Azərbaycanın qədim diyarı olan Naxçıvan bölgəsi də o dövrdə sənətkarlıq mərkəzlərinin inkişaf etdiyi ərazilərdən biri idi. Naxçıvanda sənətkarlıq mərkəzlərindən danışdıqda hələ ən qədim dövrlərdən meydana gələn daşyonma sənətini xüsusi qeyd etmək lazımdır. Bu sənətin yüksək səviyyədə inkişafı orta əsrlərdə bölgədə bir çox daşyonma mərkəzlərinin yaranmasına səbəb olmuşdu. Bunu bölgədə uzun müddət fəaliyyət göstərmiş daşyonma, daş üzərində işləmə mərkəzləri təsdiq edir. Naxçıvanda əhalisinin təlabatını təmin edən daşyonma mərkəzləri uzun müddət öz fəaliyyət dairələrini genişləndirmiş və qoruyub saxlamışdır. Həmin mərkəzlərin əhəmiyyətli mövqeyi ölkəyə gələn səyyah və tarixçilərin də diqqətini cəlb etmiş və onlar bu barədə zəngin, maraqlı məlumatlar vermişlər.

Dulusçuluq redaktə

Ən qədim sənət növlərindən biri də dulusçuluq sənəti idi. Qədim sənətkarlığın mühüm sahəsi olan dulusçuluq Naxçıvan ərazisində e.ə. VII–VI minilliklərdə yaranmışdır. Arxeoloji materiallar göstərir ki, Eneolit və Tunc dövrlərinə aid gil qablar dulus çarxlarında hazırlanmış və xüsusi kürələrdə bişirilmişdir. Dulus kürələrinin ən qədim qalıqları I Kültəpə yaşayış yerində aşkar olunmuşdur. Keramika məmulatı istehsalı Azərbaycan sənətkarlığının uzunmüddətli və sabit ənənələrini yaşadan əhalinin müxtəlif təlabatlarını ödəyən mühüm sahəsi olmuşdur. Orta əsrlər dövrü dulusçuluq istehsalı yüksək inkişaf səviyyəsinə çatmışdı. Naxçıvan diyarı müxtəlif gillərlə zəngindir. Burada əhalinin gil qablara ehtiyacını ödəyən və yerli gildən istifadə edən kustar dulusçuluq emalatxanaları fəaliyyət göstərmişdir. C. Mustafayev aparılan araşdırmalara əsasən yazır ki, Naxçıvan xanlığının Rusiya tərəfindən işğalı dövründə Naxçıvan və Ordubad şəhərlərinin hər birində 12 nəfər dulusçu çalışırdı. Həmin dövrdə Ordubaddakı dulusçu emalatxanalarından biri yararsız hala düşmüş karvansarada yerləşirdi. Xanlığın Təzəkənd adlı yaşayış məntəqəsində Naxçıvan hakimi Ehcan xana məxsus saxsı səhəng istehsal edən emalatxananın fəaliyyət göstərməsi haqqında da məlumat var (10).[5] XVIII əsrin sonu–XIX əsrin əvvəllərində bir çox sənət sahələrinin inkişaf etdiyi Ordubadda dulusçuluq nisbətən daha geniş yayılmışdı. Arxeoloji qazıntılar zamanı əldə olunan maddi mədəniyyət nümunələri və orta əsr qaynaqları təsdiq edirlər ki, Azərbaycanda qədim zamanlardan bəri inkişaf etmiş sənətkarlıq sahələrindən biri də metalişləmə sənəti idi. Orta əsrlər dövrü Naxçıvan eyni zamanda dünyanın qədim metal işləmə ocaqlarından biri idi. Metal emalının əsas sahələri misgərlik və dəmirçilik idi. Naxçıvanda ən qədim mis əşyalar Kültəpə yaşayış yerindən aşkar edilmişdir. I Kültəpə qədim yaşayış məskənindən tapılmış sancaq, bıçaq, biz, muncuq, nizə ucluğu kimi mis alətlər misgərliyin Naxçıvanda hələ ən qədim zamanlardan mövcud oldugunu göstərir. Azərbaycan ərazisi mis yataqları ilə zəngindir. Bu cür mədənlərin hələ orta əsrlər dövründən qədim diyarımızda olduğunu təsdiqləyən bir çox məlumatlar vardır. Tədqiqatçılar verdiyi məlumata görə Azərbaycanda mis məmulatının hazırlanması üçün zəruri olan xam metal Qafan və Naxçıvan bölgələrində hasil edilirdi .[6]. Təbii ki, Naxçıvanda bu sənətin inkişagı üçün yerli xammalın olması da əsas şərtlərdən biri idi. Həmdüllah Qəzvini "Nuzhət əl-qulub" əsərində göstərir ki, Naxçıvanda Əncan adlı yer vardır ki, bura Karxana da deyirlər, onun yaxınlığında mis mədənləri yerləşir.[7] Müəllifin qeydlərindən aydın olur ki, bu mədənlərdən əldə edilən xammalın emal olunması və ondan müxtəlif sənətkarlıq məhsullarının hazırlanması üçün onun yaxınlığında emalatxanalar (o dövrdə karxanalar adlandırılırdı) fəaliyyət göstərirmişdir. Misgərliyin bir sənət kimi təşəkkülü artıq orta əsrlərdə bir sıra böyük şəhərlərin misgərlik mərkəzinə çevrilməsinə gətirib çıxarmışdı.

Misgərlik redaktə

Bölgədə mis mədənlərinin olması misgərliyin inkişafına geniş imkan yaratmışdı. Həmin mədənlərdə əsasən müxtəlif ev avadanlığı və təsərrüfat əşyaları hazırlanırdı. XV əsrdə mis qablar əhalinin geniş təbəqələrinin, əyanların məişətində özünəməxsus yer tutmuşdur. Hətta Ağqoyunlu hökmdarı Uzun Həsənin sarayında əsas qab-qacaq misdən idi. 1474-cü ildə Ağqoyunlu hökmdarı Uzun Həsənin sarayında olan venesiyalı səyyah Kontarini qeyd edirdi ki, burada hər gün hökmdarın əhatəsində təxminən 400 nəfərə mis qablarda yemək verilir. Naxçıvanlı ustaların hazırladıqları mis əşyalar nəinki Azərbaycanda və yaxud Şərqdə şöhrət tapmış, hətta bu cür nümunələr Avropa dövlətlərinin muzeylərində saxlanılaraq bu gün də nümayiş etdirilir. Buna misal olaraq bədii metal ustası Osman ibn Salman Naxçıvaninin Fransanın Luvr muzeyində saxlanılan oyma naxışlarla bəzədilmiş bürünc dolçasını nümunə göstərmək olar.[8] Maraqlı faktlardan biri də odur ki, mis üzərində işləyən sənətkarlar öz imzalarını düzəltdikləri əşya üzərinə həkk etdikləri üçün dünya muzeylərində saxlanılan Azərbaycan mədəniyyətinin təkrarolunmaz incilərini başqa xalqların öz adlarına çıxması mümkün olmamışdır. Misdən hazırlanan əl işlərinin 40-dan artıq növü olub və beş qrupda ümumiləşdirilir. Xörək qabları, süfrə qabları, su qabları, ağartı qabları və məişət əşyaları. Ustaların misdən hazırladıqları dolça, satıl, sərnic, məcməyi, aşsüzən, kəfkir, kasa, cam, qazan, çıraq və s. məmulatlar Orta Asiyada, Dağıstanda, Gürcüstanda, İranda, Türkiyədə və digər yerlərdə illər ərzində tanınmışdır. Bu qədim sənət növü Mis dövründən cilalana-cilalana müasir dövrümüzə qədər gəlib çatıb. Metalişləmə sənətinin üçüncü başlıca sahəsi zinət əşyaları istehsal edən zərgərlik sənətidir. Bu sənət sırf şəhər sənətkarlığı idi. Azərbaycanın ayrılmaz bölgəsi olan qədim Naxçıvan diyarında da arxeoloji qazıntılar zamanı zərgərlik sənətinə aid çoxlu nümunələr əldə edilmişdir. I Kültəpə qədim yaşayış məskənindən tapılmış qızıl məftildən hazırlanmış sırğa, tuncdan sipiralvari girdə asmalar, biləziklər, müxtəlif formalı tunc sırğalar və s. kimi arxeoloji materiallar bunu təsdiq edir. Naxçıvanda zərgərlik sənətinin orta əsrlər dövründə inkişaf etdiyini göstərən çoxlu sayda kişi və qadın gümüş kəmərləri, gümüş toqqalar, gümüş boyunbağılar, sırğalar, qadın zinət əşyası olan qızıl çəngəl, qızıl boğazaltı çəçik və s. günümüzədək gəlib çatmışdır. Bu cür nümunələrə insanların zinət əşyaları içərisində rast gəlməklə yanaşı, həmçinin belə nümunələr Naxçıvan Dövlət Tarix Muzeyində saxlanılan zərgərlik sənətinə aid nümunələr arasında daha çoxdur. Zərgərlərlik sənəti çox incə bir sənət sahəsi olmaqla yanaşı, iş prosesi də sənətkarda böyük zəhmət tələb edir. Hər hansı bir zinət əşyasını düzəltmək üçün əritmə, döymə, burma, oyma, cızma, yonma, lehimləmə kimi texniki üsullardan geniş istifadə edilir.

Xalçaçılıq redaktə

Toxuculuğun inkişafında mühüm yerlərdən birini tutan xalçaçılıq sənəti orta əsrlər zamanı Azərbaycanın əksər bölgələrində – Ərdəbil, Təbirz, Qarabağ, Gəncə, Quba və s. yerlərdə geniş yayılmışdır. Həmin dövrdə Naxçıvanda da xalçaçılıq sənəti yüksək səviyyədə inkişaf etmişdir. M. Heydərov əsərində əhəmiyyətli toxuculuq mərkəzləri sayılan Azərbaycan şəhərləri sırasında Naxçıvan və Ordubadın adlarını qeyd edir. O, göstərir ki, I Şah Abbas Ordubadı vergilərdən azad etdikdən sonra şəhər mühüm ticarət və sənətkarlıq mərkəzinə çevrildi (15, s. 55).[9] Xanlıqlar dövründə xalça istehsalı daha da genişlənmiş, hətta hər xanlığın özünün xalçaçılıq karxanası olmuşdur. Eyni zamanda xalçaçılıq sənətinin inkişafı gələcəkdə xalçaçılıq məktəblərinin adının yaranmasına zəmin yaratmışdı. Orta əsrlər dövrü Naxçıvanda geniş şəkildə fəaliyyət göstərmiş sənətkarlıq mərkəzlərindən biri də pambıqçılıq sahəsi idi. Naxçıvanda pambıq, yun və barama istehsalı burada müvafiq parça toxuculuğuna şərait yaradırdı (4, s. 83).[10] Azərbaycanda pambıqçılıq əsasən kənar rayonlarda mərkəzləşdirilirdi. Bu sənətlə məşğul olanlar baçlıca olaraq Təbriz, Naxçıvan, Gəncə, Şamaxı, Mərənd, Marağa şəhərlərində toplanırdılar. Toxuculuqda əsasən qoyun və dəvə yunundan istifadə olunurdu. XVII əsrdə Azərbaycan şəhərləri arasında müəyyən dərəcədə ixtisaslaşma var idi. Təbriz əsasən qızılı və gümüşü saplarla işlənmiş məxmər, atlas, nazik ipək parçalar, qumaş çalmalar, ipək və pambıq örtüklər, Ərdəbil tafta, sadə pampıq parçalar, ipək və yun qurşaqlar, Bakı qumaş parçalar, Naxçıvan isə rəsmli parçalar (qələmkar), süfrəlik parçalar və s. istehsalı sahəsində ixtisaslaşmışdı. Toxuculuğun inkişafı ilə birgə bilavasitə Azərbaycan şəhərlərində boyaqçılıq işləri də inkişaf etməkdə idi. XVII əsr mənbələrində Azərbaycanın şəhərlərində boyakarlıq işinin vəziyyəti haqda məlumatlar çox azdır, lakin məlumatlardan görünür ki, boyaqçılıq işi məhz əhəmiyyətli toxuculuq mərkəzlərində — Təbrizdə, Ərdəbildə , Şamaxıda, Gəncədə, Naxçıvanda, Marağada və başqa şəhərlərdə bir çox inkişafa nail olmuşdur. Bu sənət uzun müddət davam etmiş və boyaqçılıqla məşğul olan xüsusi sənətkarlar yetişmişdi. Boyaqçılıq işi təkcə toxuculuq işinin təlabatına görə deyil, bir neçə başqa sahələrdə də inkişaf etmişdi.

Keçəçilik redaktə

Azərbaycanın bir çox bölgəsində olduğu kimi Naxçıvanda da keçəçilik sənəti ilə məşğul olan sənətkarlar olmuşdur. Keçəçilik, Azərbaycanda ən qədim zamanlardan məlum olan ev peşəsi sahələrindən biri idi. Keçə istehsalı yerli xarakter daşımış, əsasən keçə və yapıncı istehsalından ibarət olmuşdur.[11] Azərbaycanda, o cümlədəndə Naxçıvan bölgəsində maldarlığın, xüsusən də qoyunçuluğun geniş yayılması keçəçiliyin bu ərazidə də təşəkkülünə zəmin yaratmışdır. Azərbaycanda keçənin saya və bəzəkli (nəməd) növləri yayılmışdır. Keçə istehsalı (həllaclıq) maldarlıq təsərrüfatı ilə bağlı olmuşdur. Alaçıq tipli evlərin üstünü örtmək üçün işlənən keçədən eyni zamanda, geyim (yapıncı, papaq) və döçənəcək kimi də istifadə olunmuşdur. Keçə həmçinin sərraclıq və alançılıq peşələrində də işlənmişdir. Yaz fəslində yunları qırxılmayan qoyunların nəm yerlərdə yatarkən yunlarının bir-birinə keçərək qəlib şəklinə düşdüyünü görən ilk çobanlar sonralar yunu isladaraq bükməyə, döyəcləməyə başlamış və beləliklə keçə əldə etmişlər. Daha sonralar isə yunu torpaq və ya başqa maddələrlə boyayaraq rəngli keçələr düzəltmişlər. Keçənin hazırlanması üçün, qoyunların xüsusi gölməçələrdə bir neçə gün yuyulması və qırxılması prosesi gedir. Qırxılmış yun daha sonra didilir. Didilmiş yun bir neçə nəfər tərəfindən döyülür. Yunun üzərinə ilıq su əlavə edib, üzərində addımlayırlar. Sonra yun tapdalanır, buna yunun təpilməsi deyilir. Qəliblər üzərində də davam edən təpmə, yun hazır olub, keçə əmələ gələnə qədər davam etdirilir. Keçə hazırlanarkən yerinin hamarlığı, genişliyi və rahatlığı da eyni zamanda nəzərə alınmalıdır.

Nümunələr redaktə

Naxçıvanda orta əsrlər dövrünə aid olan çoxlu sayda keçəçilik sənəti nümunələri vardır. Babək rayonunun Kərimbəyli kənd sakini Ələsgərov Həsən Abbəsəli oglunun (1926-cı ildə anadan olmuş və keçəçilik sənəti ilə məşğul olduğuna görə el arasında atıcı Həsən adı ilə tanınır) verdiyi məlumata görə, keçənin bir çox növləri olmuşdur. Bunlar arasında qəbil keçə, baş keçə, rəngli keçə, naxışlı keçə və s. kimi müxtəlif formalı keçələr hazırlanmışdır. Xalq arasında keçə hazırlayan ustalar keçəçi, həllac, və ya atıcı adlanırlar. Bu sənət Azərbaycanda qədim zamanlardan inkişaf edib, hörmə, tikmə, toxumadan fərqli olaraq basma üsulu ilə ixtisaslaşmış ustalar tərəfindən aparılırdı. Onlar güzəm yunundan keçə qəlibləri və nəməd basırdılar. İnsanlar yəhər, dolaq, namazlıq, qundaq, kürk, yapıncı adı ilə tanınan keçədən hazırlanmış ləvazımatlardan istifadə etmişlər. Çox böyük əziyyətlə başa gələn keçədən həm yatacaq, həm bürünəcək kimi, həm də alaçıqların istiliyini təmin etmək üçün istifadə edirdilər. Alaçığın üstünü örtmək üçün bir neçə qəlibi bir-birinə tikirdilər. Alaçığın baş hissəsini tutmaq üçün baş qəlibdən, yanlarını örtmək üçün yan qəlibdən, qabağını örtmək üçün isə qənşər qəlibdən istifadə edirdilər.[12] Məlumatlara görə, hansı alaçığa keçə çəkilirdisə, o qışda isti, yayda sərin olardı.

Boyaqçılıq redaktə

Azərbaycanda boyaqçılıq işində gözəl xammal xüsusən Qarabağda suda qaynadılan narın nazik qabığından istifadə edilirdi və qumaşdan filtirə edildikdən sonra onun suyuna parça atırdılar. Bənzər narın nazik qabığından çox yaxşı parça rəngi alınırdı. Bu xammal xeyli səviyyədə QarabağGəncənin toxuculuq mərkəzlərində tələbatın təminatına aparmışdı .[13] Naxçıvanda isə bu sənət yüksək səviyyədə inkişaf etdiyindən XVII əsrdə Naxçıvan "Azadciran" mahalı Şərqin və Avropanın bir çox ölkələrini boyaqotu (marena) ilə təmin edirdi . Həmçinin "qırmız" adlanan tünd qırmızı rəngin alınmasında xırda böcəklərdən istifadə olunurdu ki, bu Azərbaycanın Mərənd və Gəncə bölgələri ilə yanaşı Naxçıvanda da geniş yayılmışdı. Toxuculuğun vacib xammal mənbələrindən biri də ipək sayılırdı. Azərbaycanın ticarət dövriyyəsində ipəkçilk özünəməxsus yer tuturdu. Bəzi ədəbiyyat mənbələrində Zaqafqaziya və eləcə də Azərbaycanda ipəkçiliyin yayılması tarixi VI–VII əsrlər göstərilir, lakin tədqiqatçıların məlumatına görə, artıq eramızın III–IV əsrlərində Azərbaycanda ipəkçiliklə məşğul olmuşlar. Erkən orta əsrlərdən başlayaraq istehsal texnikası təkmilləşmiş, ipək istehsalında ayaqla hərəkətə gətirilən təkərli mancanaqlar (baramaaçan dəzgahlar), ipək karxanalarında mütəhərrik toxucu dəzgahları tətbiq olunmuşdur. IX–X əsrlərdə Azərbaycanda tut ipəksarıyanının bəslənməsi geniş yayılmışdır. Şamaxı, Bərdə, Şəki, Gəncə və Azərbaycanın digər vilayətlərində bilavasitə ipəkçiliklə məşğul olurdular. XIV–XV əsrlərdən XIX əsrin əvvəllərinə qədər ipək ticarətinin və ipək xammalının əsas mərkəzi Şamaxı olmuşdur. XVI əsrin ikinci yarısından başlayaraq Ordubad və Culfa şəhərləri də böyük ipək ticarəti mərkəzi kimi tanınmışlar. Ordubad şəhəri Azərbaycanın ipək parça istehsal edən əsas mərkəzlərindən biri idi. Culfa, Ordubad və Naxçıvanda bez istehsalı (bəzzazlıq) sənəti də geniş yayılmışdı. Azərbaycanın ipəkçilk mərkəzləri arasında Ordubad şəhərini xüsusi qeyd etmək lazımdır. XVIII əsrin II yarısı- XIX əsrin I qərinəsində sənətkarlıq bir çox orta əsr şəhərlərində olduğu kimi, Naxçıvan və Ordubadın da sənayesinin özəyini təşkil edirdi. Ticarətdə olduğu kimi sənətkarlığın da mərkəzi bazar idi. Məhz buna görə də sənətkar dükanlarının bir hissəsi bazarda cəmləşmişdi. XVII əsrdə Naxçıvanda olan 1000 dükandan 450-si və bir neçə gön emalatxanası bazarda idi.[14] Naxçıvanda əhalinin maldarliqla məşğul olması burada gön dəri emalının təşəkkülünə, dabbaqçılıq sənətinin və onunla bağlı digər sənət sahələrinin (ayaqqabı istehsalı və b.) inkişafına səbəb olmuşdu. Maldarlıq sənətkarlığın mühüm sahələrindən olan dəriçiliyin inkişafı üçün əhəmiyyətli idi. Naxçıvan diyarında maldarlığın inkişafı burada gön və dəri işləmə üzrə sənətkarlığın inkişafı üçün əlverişli zəmin yaratmışdı. Şəhərdə bu sahədə on dükan (emalatxana) fəaliyyət göstərirdi .[15] Ordubadda dabbaqçılıq emalatxanaları fəaliyyət göstərirdi.

Daşyonma redaktə

Bədii oyma sənəti redaktə

Bədii oyma dekorativ — tətbiqi sənətin ən qədim və geniş yayılmış növlərindən biridir. Daş, ağac, sümük və başqa materiallar üzərində işlənilir. Ölkəmizdə oyma, yonma, cızma üsulu ilə sənət əsərlərinin yaradılması ənənəsi tarixən mövcud olub. Əcdadlarımızın hələ qədim dövrlərdə daş üzərində oyub-cızdıqları rəsmlər, fiqurlar buna sübutdur. Naxçıvan Muxtar Respublikasının ən qədim yaşayış məskənlərindən biri olan Gəmiqayada daş üzərində olan oymalar bədii oyma sənətinin ilkin nümunələri kimi qəbul edilir. Zəngin daş yataqlarına malik olan Naxçıvan ərazisinin sakinləri bir sıra yaşayış məskənlərində daşyonma sənəti yaratmış və bu mərkəzlərdə fəaliyyət göstərmişlər. Daşyonma mərkəzlərində bölgənin daş ehtiyatlarından xammal mənbəyi kimi istifadə edən sənətkarlar yaşadıqları dövrdə saxtalaşdırılması mümkün olmayan çoxlu abidələr yaratmış və gələcək nəsillərə yadigar qoymuşlar. Hələ qədim zamanlardan ibtidai insanlar həyatlarında mühüm rol oynayan daşı ən qədim və təbii nemət kimi ilahiləşdirmiş və müqəddəs hesab etmişlər. Uzaq keçmişdən belə xammaldan məzar daşları da düzəldilməsi bunu bir daha sübut edir.[16]

Orta əsrlərdə redaktə

Daşyonma mərkəzləri redaktə

Bu sahə ilə məşğul olan tədqiqatçılar öz araşdırmalarında Azərbaycanda, o cümlədən qədim Naxçıvan bölgəsində daşyonma sənətinin tarixi, keçdiyi inkişaf yolu haqqında maraqlı məlumatlar vermişlər. Orta əsrlər zamanı Naxçıvan ərazisində daşyonma sənətinin inkişaf etməsi və daha da təkmilləşməsi bölgədə bir sıra daş karxanalarının, daşyonma mərkəzlərinin, sənətkar sexlərinin yaranmasına səbəb olmuşdur. Bu mərkəzlərdə Naxçıvan ərazisinin zəngin daş yataqlarından olan bir çox daş növündən istifadə edilmişdir. Xüsusən çay daşı, dağ daşı, tuf, mərmər və sair ki-mi möhkəmliyi və görkəmi ilə fərqlənən, həmçinin memarlıq üçün böyük əhəmiyyət daşıyan daşlardan peşəkar sənət adamları sənət əsərləri yaratmışlar.

Daşyonma mərkəzləri Naxçıvanın bir çox yaşayış məskənlərində fəaliyyət göstərmişdir. Bu mərkəzlərin çoxluq təşkil etdiyi ərazilər, əsasən, indiki OrdubadCulfa rayonları olmuşdur. Bu isə həmin bölgələrdə müxtəlif daş növlərinin zənginliyindən irəli gəlmişdir. Ordubad rayonunun Biləv kəndinin yaxınlığında, Yalquzaq deyilən yerdə,"Gümüş ağılı","Mahmud ağılı" adı ilə tanınan ərazidə daşyonma mərkəzləri fəaliyyət göstərmişdir. Həmçinin bu ərazidəki "Qarovulxana","Arpaçuxuru","Südyolu" adlandırılan yerlərdə də daşyonma mərkəzlərinin fəaliyyət göstərməsi haqqında məlumatlar vardır.

Daşyonma mərkəzlərinin indiki Culfa şəhəri və ona yaxın kəndlərdə fəaliyyəti haqqında maraqlı məlumatlar mövcuddur. Aparılan araşdırmalar göstərir ki, indiki Culfa rayonunun şimal-şərqində "Darıdağ" mineral su mənbəyinin yaxınlığında, təqribən,2 kilometr aralı, yolun sağ tərəfində daşyonma mərkəzi fəaliyyət göstərmişdir. Ərazidə olan böyük daş ehtiyatları burada qədim zamanlardan daşyonma sənətinin inkişafı üçün zəmin yaratmışdır. Həmin ünvanda iş prosesində sıradan çıxmış və yaxud keyfiyyətli ustanı təmin etmədiyindən işi yarımçıq qalmış çoxlu dəyirman daşları, sənduqətipli qəbirüstü xatirə abidələri vardır.

Arxeoloji tapıntılar redaktə

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonundakı Şahbuzkənddə təsərrüfat işləri aparılarkən torpağın altından bir ədəd sənduqə tipli qəbirüstü xatirə abidəsi aşkar edilmişdir.

Qaramtıl rəngli dağ daşından hazırlanmış bu abidə orta əsr bədii daşyonma sənətinin təkrarolunmaz, gözəl bir nümunəsidir. Abidənin yan tərəfində ərəb dilində, iki sətirdə dəfn olunan mərhumun xatirəsinə həsr edilmiş kitabə var. Əvvəli "Allah, Məhəmməd,Əli" kəlamları ilə başlayan kitabənin mətnindən aydın olur ki, qəbrin sahibi hicri-qəməri təqvimi ilə 965-ci ilin rəbiüləvvəl ayında (miladi ilə 1558-ci ilin yanvar ayında) vəfat etmiş Məlik Vəlxandır. Xatirə abidəsi də onun üçün hazırlanıb. Kitabədə mərhum Vəlxan "Məlik" titulu ilə təqdim olunub. İslamın müqəddəs kita-bı Qurani-Kərimdə "Məlik" hökmdar mənasında, eyni zamanda, Allahın adlarından biri kimi işlənir. Xarəzmşah Anuştəkinin dövlətində isə bu titul bölmə komandirlərinə verilirdi. XIII əsrdən etibarən Azərbaycanda işlənməyə başlayan, orta əsrlər zamanı müxtəlif məna tutumuna malik olan "Məlik" titulu Səfəvilərxanlıqlar dövründə, əsasən, iki mənada işlənirdi. Bu titulla, ilk növbədə,şah hakimiyyətinə tabe olan yerli hakimlərin xələflərinə — kiçik feodallara müraciət edilirdi. İkinci mənada isə bu titul kənd və ya kənd qruplarının başçılarına verilirdi. Bu mənada işlənən "Məlik" titulu kəndxuda termini ilə təxminən eynilik təşkil edir.

Qəbirüstü xatirə abidəsinin digər yanında isə maraqlı ov səhnəsi həkk edilib. Təsvirin sol tərəfində öküzün üzərinə hücum edən bəbir təsviri vardır. Təsvirdə öküz özünü müdafiə etmək üçün başını aşağı əyərək buynuzlarını qabağa verib quyruğunu belinə dayananadək qaldırmış bəbirə müqavimət göstərir. Təsvirin sağ tərəfində at üzərində oturmuş və sol əlində şahin quşu olan ovçu əlindəki nizə ilə öküzü bəbirdən müdafiə edir. Bəbirin öküzə hücum vəziyyətində təsvirinə Şahbuzkəndlə qonşu olan kəndlərdəki abidələrdə də rast gəlinir. Şahbuzkənddən 3–4 kilometr cənub-qərb tərəfdə yerləşən Külüs kənd qəbiristanlığında tədqiq olunan qırmızımtıl rəngli daşdan hazırlanmış trapesiya formalı sənduqə tipli qəbirüstü abidə üzərində də belə bir səhnəyə rast gəlinir.[16]

Xətt nümunələri redaktə

XIV əsrin I yarısına qədər epiqrafik abidələr kufi xətii ilə yazılaraq müxtəlif həndəsi formalara malik olmuşlar. Kufi xəttinin formalaşmasının ilk dövründə — IX–XI əsrlərdə mətnlər sadə daşcızma üsulu ilə yazılırdı. Sonrakı dövrdə(XI–XIV əsrin bi-rinci yarısı)kitabələr çiçək xətti ilə yazılırdı. Bu kitabələr müəyyən bədii tərtibata malik idilər. İslamdan sonrakı dövr kitabələrə diqqət etdikdə görürük ki, vertikal yazılan hərflər abidələrin friz, haşiyə və s.memarlıq bəzəklərində həndəsi elementlərlə tərtib edilmişdir. Dekorativ motivlərdə kufi xətti ustalar tərəfindən həddindən artıq şərtiləşdirilirdi ki, bu da kitabələrin oxunmasını çətinləşdirirdi. Sonralar xəttatlar daha aydın yazı növü olan nəsx xəttinə keçdilər, lakin buna baxmayaraq kufi xətti elementləri də keçid dövrünü əks etdirən epiqrafik abidələrdə bir müddət işlənmişdir. Epiqrafikada bədii cəhətdən inkişaf etmiş daha sonrakı mərhələ süls xəttinə üstünlük verilməsi ilə səciyyələnir. Nəsx xətti yazını aydınlaşdırırdısa, sülh xətti ayrı-ayrı hərflərə elastiklik verməklə onun bədii-estetik əhəmiyyətini artırırdı. XVIII–XIX əsr inşaat və xatirə kitabələrində, əsasən daha sərbəst ifadə tərzinə malik olan nəstəliq xətti tərtib edilmişdir. Bu xəttlə yazılmış kitabələrdə hərflərin və hecaların düzülüşü arsdıcıl olmayıb, kitabənin bədii xüsusiyyətindəki ifadə formasına görə simmetriyaya tabe edilirdi. Bu isə kitabələrin oxunmasını çox çətinləşdirirdi.

Memarlıq abidələrində redaktə

Yuxarıda sadaladığımız xəttatlıq nümunələri Naxçıvan daşyonma sənətinin tətbiq edildiyi kitabələrə də aid edilir. Əcəminin şah əsəri hesab olunan Möminəxatın türbəsinin frizində, tərəflərinin haşiyələrində, səthlərində, stalaktitli taxçaların üstündə al-əlvan kaşılardan düzülmüş həndəsi ornamentlərə bənzər kitabələr və onların aralıqlarını dolduran, döymə üsulu ilə işlənmiş krujeva naxışlı nəbati ornamentlər tikiliyə əsrarəngiz görkəm verir.

XIV əsrdən etibarən abidələrin silindrvari gövdələrinin səthlərində, günbəz ör-tüklərində ornamentlər bir və ya bir neçə söz qrupunun çoxlu təkrarından alınırdı. Naxçıvan memqarlıq məktəbinin qiymətli əsərlərindən olan QarabağlarBərdə türbələrinin, Ərdəbildəki Şeyx Səfi türbəsinin silindrvari gövdəsini çox sayda təkrar olunmuş "Allah" sözü əhatə edir.

Gəmiqaya arxeoloji abidəsində də Naxçıvan daşyonma məktəbinin nümunələri ilə rastlaşırıq. Hələ yazının əmələ gəlmədiyi bir dövrdə buradakı daş parçaları üzərində qayaüstü təsvirlər öz əksini tapıb. Bu da həmin ərazilərin qədim yaşayış məskənlərindən biri olduğunu xəbər verir.

On üç əsr bundan əvvələ aid edilən daş türbə də diqqəti çəkir. Səkkizguşəli mahir daşyonma əsəri orta əsrlərdə məşhur olan Naxçıvan memarlıq məktəbinin incilərini xatırladır. Ümumiyyətlə,2,5 hektara yaxın ərazini əhatə edən Açıq səma altında muzeydə nümayiş etdirilən eksponatların hamısını bir cəhət birləşdirir. Müxtəlif növdə və rəngli daşlardan hazırlanmış və yonulmuş sənət nümunələridir. Üzərlərində müxtəlif kitabə və bədii təsvirlər həkk edilən abidələr isə daha qiymətli mənbələr hesab edilib. Çünki, bu yazı və təsvirlərdə xalqımızın dünyagörüşü, qədim inancları da öz əksini tapıb. Bununla yanaşı, orta əsrlərdə Naxçıvanda bədii daşyonma sənətinin hansı səviyyədə inkişaf etməsini də bu eksponatların sayəsində öyrənmək olar.[16]

Müasir dövrdə redaktə

Epiqrafik abidələrimiz mənfur qonşular tərəfindən mənimsənilməyə çalışılsa da tarix onların bu əməllərini ifşa edir. Belə ki, bu abidələrin üzərində ərəb və fars dillərində "Ya Allah, Məhəmməd, Əli" sözləri nəqş edilmiş,"Qurani-Kərim"dən müxtəlif abidələr öz əksini tapmışdır.

Toxuculuq redaktə

Azərbaycan ərazisində aparılan arxeoloji qazıntılar hələ b.e. əvvəl II minillikdə burada kənd təsərrüfatı, heyvandarlıq və sənətkarlığın çox yaxşı inkişaf etdiyini sübüt edir. Azərbaycanın ərazisində Kültəpə qazıntıları zamanı bizim eradan əvvəl IV–III yüzillikdə toxuculuqda işlədilən alətlər, boyaq maddələrinin izləri aşkara çıxmışdır. Ümumiyyətlə Naxçıvanda toxuculuq sənətinin izləri çox qədim tarixə malikdir. Kültəpə qədim yaşayış məskənindən tapılmış sümükdən hazırlanmış iy ucları və s. kimi arxeoloji materiallar da fikrimizi bir daha təsdiqləyir. Qaynaqların verdiyi məlumata görə, hələ Azərbaycanda e.ə. III–I əsrlərdə yun parçalar hazırlanırmış. Feodal münasibətlərinin yenicə inkişafı dövründə, yəni III–V əsrlərdə bədii sənət əşyalaranın istehsalı, o cümlədən də parça toxunması xeyli inkişaf etmişdi[17].

Naxçıvan orta əsrlər dövründən inkişaf etmiş sənətkarlıq istehsalına malik bir bölgə idi. Şəhərdə müxtəlif sənət sahələrini təmsil edən çoxlu mahir ustalar- toxucular, bənnalar, çini qab və ağac emaletmə ustaları, zərgərlər və b. çalışırdılar. Şəhərin sənətkarlıq istehsalında toxuculuq və onunla bağlı olan sahələr — zərif örtük, xətai parçası, xalça, keçə, çuxalıq yun parça, hamam fitələri üçün nazik şal və pambıq parça istehsalı mühüm rol oynayırdı[18]. XV–XVI əsrlərdə Naxçıvan ölkənin mühüm toxuculuq mərkəzlərindən biri hesab olunurdu. Bu da şübhəsiz ki, şəhər ətrafında müxtəlif pambıq növlərinin becərilməsi ilə bilavasitə əlaqədar idi.

İnsanların geyim və bir çox ev avadanlıqlarına olan tələbatını ödəyən toxuculuq sənəti Səfəvilər dövründə sənətkarlığın əsas növlərindən biri idi. Pambıq, yun, ipək və s. təbii materiallardan müxtəlif növ geyimlər, xalça, palaz, kilim, pərdə, süfrəlik və digər əşyalar hazırlanırdı. Əvvəldə də qeyd etdiyimiz kimi bu zaman Naxçıvanda pambıqçılıq inkişaf etdiyindən[19] pambıq parçaların toxunmasına geniş yer verilirdi. Bu fikri M. Heydərov da təsdiqləyir[20]. 1636–1638-ci illərdə Səfəvi torpaqlarını gəzmiş alman alimi Adam Oleari bu haqda qeyd etmişdir ki, Səfəvilərin daha çox pambıq parça istehsal edən əyalətlərindən dördü Azərbaycanın payına düşür ki, onlardan biri də Naxçıvandır[21]. A. Oleari ilə eyni əsrdə Azərbaycanda olmuş türk səyyahı E. Çələbi onun fikirlərini təsdiqləyərək yazırdı ki, Naxçıvanın sənət adamları bacarıqlı ustalardır. Onların toxuduqları "qələmkari", "bəhramquri" parçaları və əllə işlədikləri çit örtüklər bütün dünyaya bəllidir[22]. Səyyahın burada gözəl sənətkarların olduğunu diqqətə çatdırması həmin vaxt bölgədə sənətkarlığın inkişaf etdiyini göstərir. Evliya Çələbi tərəfindən adı çəkilən qələmkar parça pambıqdan toxunmuş və üzəri basma naxışlarla bəzədilmiş fərdi əl işlərindən ibarət idi. Buraya taxça-camaxatan və yük yeri pərdələri, süfrələr, boxçalar, qab örtükləri daxil idi. Bunların naxışları əsas etibarilə bitki ornamentlərindən ibarət olurdu. Qələmkar adlanan belə parçalar orta əsrlərdə Azərbaycanda geniş intişar taparaq yerli əhalinin məişətində mühüm yer tuturdu[23].

Naxçıvan ərazisində toxuculuq üçün zəngin xammal bazasının mövcud olması tarixən burada müxtəlif növ geyimlərin hazırlanması ilə yanaşı toxuculuğun müxtəlif sahələrinin formalaşması və inkişafı üçün zəmin rolunu oynamışdır. Təsadüfi deyildir ki, dəvəçiliyin, qoyunçuluğun, pambıq və ipəkçiliyin inkişaf etdirilməsi üçün vacib şərtlərin hər biri bu bölgədə yaşamış əhalinin imkanları daxilində olmuşdur. Toxuculuqda qoyun, keçi yunu ilə bərabər dəvə yunundan da istifadə olunmuşdu. Naxçıvan diyarında qoyunçuluğun inkişafı sayəsində əldə edilən yun xüsusilə toxucuları, xalçaçıları lazımi qədər xammalla təmin edirdi. Naxçıvan xalçaçılarının hazırladıqları gəbə, palaz, xalça, cecim, məfrəc evin otaqlarını bəzəmək üçün, xurcun və çuval yola çıxanlar üçün istifadə olunurdu[24]. Naxçıvan diyarında əsasən, mazıx və balbas cinsli qoyunlar yetişdirilirdi. Mazıx cinsli qoyunların yunu bir qədər qaba olub, qızılı və qəhvəyi rəngə çaldığından yerli əhali onu "qızıl qoyun" adlandırırdı. Mazıx qoyunlardan fərqli olaraq, balbas cinsli qoyunların yunu ağ rəngdə olub, xalça toxuculuğu üçün daha yararlı hesab edilirdi[25]. XVIII–XIX əsrlərdə Naxçıvan diyarında parça toxuculuğu, ilk növbədə isə müxtəlif növ pambıq parça istehsalı daha geniş yayılmışdı. Naxçıvan diyarının tarixən xam pambıq istehsalının əsas mərkəzlərindən biri olması bu məsələdə mühüm rol oynamışdı. Müxtəlif dövrlərə aid mənbələrdə bölgədə pambıq istehsalına dair kifayət qədər məlumata rast gəlmək mümkündür. V. Qriqoryevin verdiyi məlumatdan aydın olur ki, XIX əsrin 30-cu illərində Naxçıvan diyarında məhz qızıl qoyun cinsləri saxlanılırdı. Onun yazdığından o da məlum olur ki, buradakı "qoyun və qoçların hamısı quyruqludur, onların yunu orta keyfiyyətlidir və daha çox evlərdə kobud mahud, xalça, kilim və at çulu hazırlanmasına sərf edilir"[26] Tədqiqatçılardan biri XIX əsrin 30–40-cı illərində Naxçıvan diyarında saxlanılan 69 min 953 baş qoyun və keçidən ildə 7772 pud yun əldə edilməsi fikrini irəli sürür[27]. Xanlıqlar dövrünün sonu və rus müstəmləkəçiliyinin başlanğıc illərində Naxçıvan dairəsində 15 min, Ordubad dairəsində 10 min, Şərur mahalında isə 13 min 686 baş qoyun və keçi saxlanılırdı[28].

Heyvandarlıqla məşğul olan insanlar bu təsərrüfat sahəsini inkişaf etdirməklə həm də yundan hazırlanan toxuculuq məhsullarının hazırlanmasında mühüm rol oynayırdılar. Toplanmış materiallardan məlum olur ki, hələ ən qədim dövrlərdən başlayaraq qadınların mühüm məşğuliyyət sahələri əsasən sənətkarlığın bu sahələri olmuşdur. Toxuculuq sənətinin inkişafı əsasən qadın əməyinə əsaslanmışdır. Bu bir tərəfdən İslam dininin qayda-qanunları ilə, digər tərəfdən də fəsillərlə əlaqələndirilir. Professor C. Mustafayev yazır ki, əməklərini evdən kənarda tətbiq etmək imkanı olmayan qadınlar vaxtlarının çoxunu ev işləri görməyə, eyni zamanda toxuculuğun müxtəlif sahələri ilə məşğul olmağa sərf edirdilər[29]. AMEA-nın müxbir üzvü Q. Qədirzadə isə qeyd edir ki, toxuculuq qadın peşəsi hesab edilməklə onların çöl-tarla işləri bitdikdən sonra, daha çox havanın soyuq vaxtlarında, ev şəraitində əsas məşğuliyyət sahələri idi[30].

XVII əsrdə yaşamış türk səyyahı Evliya Çələbi Naxçıvan diyarında istehsal edilən toxuculuq məhsulları arasında bez parçaların üstünlük təşkil etməsi və müxtəlif naxışlı çit parçaların dünyada məşhur olması haqqında məlumat vermişdir[31]. S. Budaqova yazır ki, təkcə Naxçıvan şəhərində 40 ailədə bez parça toxunurdu. Toxuculuq məhsulları əsasən ilk növbədə hər bir ailənin öz təsərrüfat-məişət tələbatını ödəyirdi[32]. XIX əsrin ikinci yarısında xalça məmulatlarına tələbatın kəskin şəkildə artması Naxçıvan diyarında qoyunçuluğun daha da inkişafına ciddi təsir göstərmişdi. Bütün bunlara baxmayaraq 1849-cu ilin məlumatına görə, Naxçıvan qəzasında qoyun və keçilərin sayı 42 min başdan bir qədər artıq olmuşdur. Əslində, bu dövrdə Naxçıvan qoyun və keçilərin sayına görə Azərbaycanın digər qəzalarından çox geridə qalırdı[33]. Bununla belə, XIX əsrin ikinci yarısında xalça məmulatına tələbatın sürətlə artması Naxçıvan diyarında qoyunçuluğun inkişafına ciddi təkan vermişdir. Artıq XIX əsrin 70-ci illərində burada saxlanılan qoyun və keçilərin sayı, həmin əsrin ortaları ilə müqayisədə, təxminən, dörd dəfə artaraq 160 min baş olmuşdu[34]. XIX əsrin sonlarında bölgədə toxuculuq sənətinin inkişafına daha çox diqqət göstərilirdi. Hətta elə kəndlər var idi ki, sırf toxuculuq üzrə ixtisaslaşmışdı. Məsələn, əhalisi yalnız türklərdən (tatarlardan) ibarət olan Cul kəndində əhalinin toxuculuq üzrə ixtisaslaşdığı və kənd sakinlərinin lap kiçik yaşlarından bu işlə məşğul olduqları haqda arxiv sənədlərində geniş məlumatlar vardır. Qeyd edək ki, Cul kəndi sonralar Ermənsitan SSR-in tərkibinə daxil edilmiş və XX əsrin 50-ci illərində Artavan adlandırılmışdır. Kənd Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Kükü kəndindən şimal istiqamətində yerləşir. Sənəddə kənddə yaşayan hər bir ailənin il ərzində orta hesabla 3 pud yuyulmamış yunu yuyaraq istehsala hazırladığı göstərilmişdir. Burada həmçinin qeyd olunur ki, yuyulan hər 3 pud yundan, 1,5 pud yuyulmuş yun alınırdı. Kənddə 1700 ailənin yaşadığını göstərən sənəddə belə bir nəticəyə gəlinir ki, deməli il ərzində təkcə bu kənddə 5100 pud yun istehsala cəlb olunmaq məqsədilə yuyulur. Toxuma prosesinə hazır vəziyyətə gətirilən bu yundan isə əsasən xalça toxunmasında istifadə edilirdi[35]. Sənəddə toxuculuq ənənələrinin olduğu digər kəndlər sırasında Sultanbəy, Ses, Almalı, Keşişkənd, Başkənd, Köytul, Həsənkənd, Karaklux, Rind və s. kəndlərin də adı çəkilir[36].

Toxuculuq sənətinin inkişafında ipəkdən hazırlanmış məhsulların da özünəməxsus əhəmiyyəti var idı. Məlumdur ki, ipəkcilik cox qədimdən Naxcıvan ölkəsində, xususilə Ordubad rayonunda əhalinin başlıca məşğuliyyətlərindən biri olmuşdur. Toxuculuq sənətində Ordubadın xalçaçıları və bez parça hazırlayanları ustalıq baxımından heç də Naxçıvan sənətkarlarından geridə qalmırdılar. Ordubad bölgəsi daha çox ipəkçiliklə məşğul olduğundan burada ipəkdən hazırlanan toxuculuq məhsullarına üstünlük verilirdi. Ordubadda Naxçıvandan fərqli olaraq qadınlar ev şəraitində ipək parça toxuyur və ipək saplar hazırlayırdılar. İpəkçilik və ipək parça toxuma peşəsi (xüsusilə basma naxışlı parçalar) Ordubad əhalisinin məişətində əsrlər boyu mövcud olmuşdur[37].

Azərbaycanın digər bölgələrində olduğu kimi, Ordubadda da qeyri-adi gözəlliyə malik zərif, dəqiq və gözəl işləməli parçalar istehsal olunmuşdur. Ordubad və ümumiyyətlə, Naxçıvan diyarında toxunan parçalara xarici bazarda da böyük ehtiyac duyulurdu. Burada əsasən, xalça, ipək və bez parçalar toxunurdu. Naxçıvan diyarında toxunan və xarici bazarda ən çox satılan parçalardan qırmızı rəngli bez parça olmuşdur. Bez parça çox zaman daha artıq ehtiyac duyulan Qarabağ və İrəvan xanlıqlarına satmağa aparılırdı. Naxçıvan diyarında toxunmuş pambıq və ipək parçaları yerli tacirlər Osmanlı dövlətinin şəhərlərinə, o cümlədən Qarsa, Bəyazidə, habelə Gürcüstana aparırdılar. Əldə edilən məlumata görə, bir ildə Qars və Bəyazid şəhərlərinə Naxçıvan diyarından 15 min puda qədər pambıq parça aparılmışdı. Ordubad şəhərində pambıq parçalarla yanaşı, xarici bazara ən çox ehtiyac duyulan ipək parçalar da ixrac edilirdi[38].

Ümumiyyətlə, Naxçıvan bölgəsi xam ipəyin istehsalına görə Azərbaycanın bir sıra qabaqcıl bölgələri ilə eyni sırada dururdu. Təbriz, Marağa, Gəncə və digər bölgələrlə yanaşı, Naxçıvan iqtisadiyyatında da xamnanın (işlənməmiş ipək) geniş istehsalı böyük əhəmiyyət kəsb edirdi. XVI əsrdən başlayaraq Naxçıvanda, xüsusən Ordubadda yerli əhali həm daxili, həm də xarici bazarlar üçün külli miqdarda yüksək keyfiyyətli ipəkdən müxtəlif parçalar, xalça, cecim və s. sənət nümunələri toxumuşlar[39]. İpək və atlas parçalardan tikilmiş paltarlar, geyimlər Naxçıvan əhalisi üçün xarakterik idi. Zəmanəmizə qədər gəlib çatmış parça nümunələri göstərir ki, onların toxunma üsulu və bədii tərtibatı öz dövrünə görə çox yüksək səviyyədə olmuşdur. Ümumiyyətlə, ipəkçilik və ipək parça, xüsusilə də, basma naxışlı parçalar Naxçıvan əhalisinin məişətində əsrlər boyu mövcud olmuşdur. Basmanaxışlı parçalar adətən 2–3 zolaqdan ibarət olurdu. Ornamentlərlə bəzədilmiş bu zolaqlar al-əlvan və qırmızı xətlərlə bir-birindən ayrılırdı. İpəkdən hazırlanmış qadın baş örtükləri içərisində kəlağayı və "naz-naz" "qaz-qaz" adı ilə tanınan örtüklər xüsusilə geniş yayılmışdı.

Toxuma sənətində ən maraqlı geyim əşyası kimi önəm daşıyan və qıs aylarında ən çox istifadə edilən ayaq geyimləri içərisində yundan toxunma corablar əsas yer tutur. Qıs corabları bəzən dizə qədər, əksər hallarda isə dizdən bir qarıs aşagıyadək toxunur. Bu corabların naxısları çox vaxt xalça və tikmə naxısları ilə oxsarlıq təşkil edir. Məsələn, Şahbuz rayonun Kükü kəndində bu cür corabları "məs" adlandırırlar. Azərbaycan, o cümlədən də Naxçıvan qadınlarının bağlama (örtmə) baş geyimlərinin bir qismini də kəlağayı təşkil edirdi. Burada yaşa və zövqə uyğun olaraq qırmızı, qara, ağ kəlağayılar daha genis yayılmışdır. Müxtəlif parçalardan küləcə, don, çuxa, arxalıq, canamaz və çarşab tikilirdi. Naxçıvan, xüsusilə Ordubad etnoqrafik bölgələrində düzbucaqlı biçimli çarsaba üstünlük verilirdi. Qadın çarsabının rənginə görə onun sahibinin yaşını, sosial-iqtisadi vəziyyətini müəyyənləşdirmək mümkün idi. Belə ki, cavan qadınlar ağ (bəyaz), ahıl yaşlı qadınlar isə tünd rəngli çarşabdan istifadə edərdilər.

Beləliklə, Naxçıvanda heyvandarlığın, pambıqçılığın ipəkçiliyin geniş yayılması burada toxuculuq sənətinin yüksək inkişaf səviyyəsinə gəlib çatmasına və müvafiq parça və toxuculuq məhsullarının hazırlanmasına münbit şərait yaratmışdı. Bu isə əhalinin məişət əşyalarına olan təlabatının ödənilməsində mühüm əhəmiyyət kəsb edirdi.

Nəccarlıq redaktə

XIII–XIV əsrlərdə Azərbaycan ağac emalı sahəsində nəccarlıq (xarratliq və dülgərlik) mühüm yer tuturdu. Ağacişləmə sənəti tarixən təsərrüfat və məişətin müxtəlif sahələrində, eləcə də memarlıqda geniş tətbiq olunub. Mənbələrin verdiyi məlumata görə XII–XIII əsrin əvvəllərində Azərbaycanın Naxçıvan, Ərdəbil kimi şəhərlərində ağacişləmə sənətinin geniş yayıldığı göstərilir. Monqol işğallarınadək olan dövrdə Ərdəbil və Naxçıvan ölkənin əsas ağac emalı mərkəzləri idi (3, s. 65).[40] Ağacişləmə sənətinin inkişafını şərtləndirən digər bir amil də əhalinin təsərrüfat və sənət məşğuliyyətinin istiqaməti olub. Respublikamızın müxtəlif bölgələrində toxuculuğun geniş yayılması, toxuculuq alətlərinin (hana, cəhrə, daraq və s.) hazırlanması, əhalinin məişət ehtiyaclarının ödənilməsi məqsədilə (nehrə, toxmaq, həvəng-dəstə, tabaq, beşik, çömçə-qaşıq və s.) ağac məmulatlarından geniş istifadə olunub. Ağacişləmə ayrıca sənət sahəsi olmaqla yanaşı, toxuculuq sahələrinin inkişafına da əsaslı təsir göstərib. Ağacişləmə sənətində şəbəkəçilik geniş yer tutur. Şəbəkə ustaları əsasən qapı, pəncərə, arakəsmə və minbər hazırlayıblar. Naxçıvan ərazisindəki bir sıra tarixi abilərin inşasında ağcişləmə sənətinin şəbəkəçilik üsulundan biri olan- taxta şəbəkə üsulundan geniş istifadə edilmişdir. Bu cür nümunələrə Naxçıvan şəhərindəki Came məscidində, Bəhruz Kəngərli Muzeyində, Hüseyn Cavidin ev muzeyində, İmamzadə kompleksində, Ordubad rayonundakı Ambaras məscidində, Ordubad şəhərindəki XVII əsrə aid olan Qeysəriyyə memarlıq abidəsində və bir sıra digər tarixi memarlıq abidələrində ağacişləmə sənətinin izlərinə rast gəlmək olar. Bu çür nümunələrdən qaynaqlanaraq qeyd etmək olar ki, orta əsrlər dövründə Naxçıvanda ağacişləmə sənətinin — dülgərlik, xarratlıq, şəbəkəçilik sahələri geniş yayılmışdır. Sənətkarlıq emalatxanaları əsasən karvansara və bazarlarda yerləşirdi. Naxçıvan şəhərindəki 279 sənətkar emalaxanasından 31-i karvansaralarda, 248-i isə bazarda yerləşirdi . Onu da qeyd etmək lazımdır ki, orta əsrlərdə sənətkar müəssisələri kortəbii şəkildə deyil, XI–XVI əsrlərdə şifahi şəkildə yayılan fütuvvatnamələr (sənətkarlar üçün davranış normasını və mənəvi-əxlaqi kamilliyə çatmaq yollarını müəyyənləşdirən meyar idi) əsasında idarə olunmuşlar. Sənətkar təşkilatları müxtəlif mənbələrdə sex, həmkar və əsnaf kimi təqdim edilir, bəzi mənbələr isə "muxtarifə", "uzan" və "əsnaf" kimi adlarla adlandırılır. Ərəb dilində "sinif" mənası verən "əsnaf" termini isə xanlıqlar dövründə sənətkar təşkilatları üçün daha xarakterik ad hesab edilmişdir. Orta əsrlər dövrü fəaliyyət göstərən bu cür təşkilatlar daş üzərində işləmə mərkəzlərinin fəaliyyətinə də nəzarət etmişlər . Beləliklə Sadə üsullardan başlayaraq natural xarakterli istehsal üsuluna keçməklə inkişaf etmiş, sonralar sənət sexlərinin, sənətkarlar mərhələsinin yaranması ilə cəmiyyətin maddi nemətlər bolluğu yaratmasında həyati əhəmiyyət kəsb edən sənətkarlıq bəşəriyyətin tarixi taleyində mühüm rol oynamışdır.

İstinadlar redaktə

  1. Süleymanov N. M. Səfəvi dövlətinin təsərrüfat həyatı. Bakı: Elm, 2006, 400 s.
  2. Azerbaycanin-orta-esr-seherlerinde-senetkarligin-inkisafina-dair-Azərbaycan tarixi: 7 cilddə, III c., Bakı: Elm, 1999, 584 s.
  3. Şahverdiyev Z. Naxçıvan bölgəsi XIX–XX əsrin əvvəllərində. Bakı: Elm, 264 s
  4. Григорьев В. Статистическое описание Нахичеванской провинций. –СПб.,1833, 263 с.
  5. Həbubullayev O. Kültəpədə arxeoloji qazıntılar. Bakı: 1959, Azərbaycan SSR EA nəşriyyatı, 133 s .
  6. Şahverdiyev Z. Naxçıvan bölgəsi XIX–XX əsrin əvvəllərində. Bakı: Elm, 264 s
  7. "Arxivlənmiş surət". 2011-05-19 tarixində orijinalından (#bad_url) arxivləşdirilib. İstifadə tarixi: 2021-04-18.
  8. Şahverdiyev Z. Naxçıvan bölgəsi XIX–XX əsrin əvvəllərində. Bakı: Elm, 264 s.
  9. Budaqova S. Naxçıvan diyarının tarixi coğrafiyası (XVIII əsrin II yarısı XIX-əsrin I qərinəsi).-Bakı: Elm, 1995. – 96 s.
  10. Григорьев В. Статистическое описание Нахичеванской провинций. –СПб.,1833, 263 с.
  11. Əliyev S. V. Azərbaycanda toxuculuq və onun məişətdə rolu (s. 3. XIX–XX əsrin əvvəlləri), Tarix elmləri alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyanın avtoreferatı Bakı: 2009, 18 s.
  12. Orucov A. Qədim xalq sənəti — keçəçilik. NDU Elmi əsərlər (ictimai elmlər seriyası), 2012. № 2(47) s. 205–207.
  13. Budaqova S. Naxçıvan diyarının tarixi coğrafiyası (XVIII əsrin II yarısı XIX-əsrin I qərinəsi).-Bakı: Elm, 1995. – 96 s.
  14. Budaqova S. Naxçıvan diyarının tarixi coğrafiyası (XVIII əsrin II yarısı XIX-əsrin I qərinəsi).-Bakı: Elm, 1995. – 96 s.
  15. Мустафайев Ж. Ханлыглар дюврцндя Азярбайжанда сяняткарлыг. Бакы: Елм, 2002, 272 с.
  16. 16,0 16,1 16,2 Daşyonma nümunələrinin qorunmasında Milli Azərbaycan Tarixi Muzeyinun rolu //"Muzeylərin müasir durumu" beynəlxalq elmi konfransın materialları (29. VI.2011 – 30. VI.2011). Bakı: Ziya, 2011, s.35–36
  17. Tərlanov M., Əfəndiyev R. Azərbaycan xalq yaradıcılığı nümunələri. Bakı: Qızıl Şərq, 1959, s. 6
  18. Azərbaycan etnoqrafiyası. 3 cilddə. I c. Bakı: Şərq-Qərb, 2007, s. 449
  19. Mustafayev C. Xanlıqlar dövründə Azərbaycanda sənətkarlıq. Bakı: Elm, 2002, s. 79
  20. Гейдаров М. Ремесленное производство в городах Азербайджана в XVII в. Баку: Изд-во АН Азерб. ССР, 1967, с. 55
  21. Süleymanov N. Səfəvi dövlətinnin təsərrüfat həyatı. Bakı: Elm, 2006, s. 91
  22. Azərbaycan tarixi üzrə qaynaqlar. S. Əliyarovun və Y. Mahmudovun redaktəsi ilə. Bakı: Azərnəşr, 1989, s. 232
  23. Nəcəfli T. XV–XVI əsrlərdə Naxçıvanın ictimaiiqtisadi həyatı. Strategiya, Az. 2013, 24 iyul.
  24. Səfərli H., Hacıyeva S. Naxçıvanda xalçaçılıq: tarixdə və günümüzdə. Naxçıvan, Əcəmi, 2019 s. 52
  25. Azərbaycan etnoqrafiyası. 3 cilddə. I c. Bakı: Şərq-Qərb, 2007, 544 s. 246
  26. Статистическое описание Нахичеванской провинции. Составитель В.Григорьев. Санктпетербургь: Типография Департамента Внешней Торговли, 1833, с. 93
  27. 3. Budaqova S. Naxçıvan diyarının tarixi coğrafiyası (XVIII əsrin II yarısı – XIX əsrin I qərinəsi). Bakı: Elm, 1995, s. 59
  28. Статистическое описание Нахичеванской провинции. Составитель В.Григорьев. Санктпетербургь: Типография Департамента Внешней Торговли, 1833, 284 с. 93, 100
  29. Mustafayev C. Xanlıqlar dövründə Azərbaycanda sənətkarlıq. Bakı: Elm, 2002, s. 92
  30. Qədirzadə H. Q. Cəhriçay vadisi. M.ö. IV minillikdən günümüzədək (tarixi- etnoqrafik araşdırma). Naxçıvan: Qızıl- dağ, 2007, s. 97
  31. Azərbaycan tarixi üzrə qaynaqlar. S. Əliyarovun və Y. Mahmudovun redaktəsi ilə. Bakı: Azərnəşr, 1989, s. 232
  32. Budaqova S. Naxçıvan diyarının tarixi coğrafiyası (XVIII əsrin II yarısı – XIX əsrin I qərinəsi). Bakı: Elm, 1995, s. 23
  33. Muradov V. Naxçıvan diyarında sənətkarlıq və ticarət (XVIII–XX əsrin əvvəlləri). Bakı: Elm, 2017, s. 123
  34. Şahverdiyev Z. Naxçıvan bölgəsi XIX–XX əsrin əvvəllərində. Bakı: Elm, 2008, s. 41
  35. Naxçıvan MR Dövlət Arxivi, Fond 34, siyahı 5a, iş 7, v. 32.
  36. Naxçıvan MR Dövlət Arxivi, Fond 34, siyahı 5a, iş 7, v. 33.
  37. Hacıyeva S. A. Naxçıvanda sənətkarlıq (XII–XIX əsrlər). Naxçıvan, Əcəmi, 2017, s. 50
  38. Budaqova S. Naxçıvan diyarının tarixi coğrafiyası (XVIII əsrin II yarısı – XIX əsrin I qərinəsi). Bakı: Elm, 1995, s. 26–27
  39. Гейдаров М. Ремесленное производство в городах Азербайджана в XVII в. Баку: Изд-во АН Азерб. ССР, 1967, 200 с. 48
  40. Şahverdiyev Z. Naxçıvan bölgəsi XIX–XX əsrin əvvəllərində. Bakı: Elm, 264 s

Saytda 60 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023