Qaçaq Haqqinda Melumat - Vikipedia

Qaçaq Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Qaçaq—Qaçaq hərəkatının üzvü.

Tarixi redaktə

Məhəmməd Əmin Rəsulzadə yazır: "İstilaya uğrayan, istismar olunan, əsarətdə yaşayan və məhv edilən xalqla, istismar edən, məhv edən rus imperialist rejimi arasında tarix boyunca mübarizə davam etmişdir. Lakin istismarçı və zalım rejimə qarşı aparılan mübarizə formaları müxtəlif olmuşdur. Passiv mübarizə yolu olsa da, bəzən məhkum xalq imperialist idarəsinə vergi verməməklə, onların istehsal etdikləri məhsulu almamaqla, məcburi işlərdən boyun qaçırmaqla öz etirazlarını bildirmişdir. Bəzi hallarda da idarə məmurlarını öldürməklə bunu həyata keçirmişdilər. Biz “Azərbaycanda kəndli hərəkatı” bölümündə bu hadisələrdən misallar vermişik. Azərbaycanda rus işğalçılarına qarşı üsyanlar əsasən Azərbaycan çar üsul-idarəsi tərəfindən işğal edildikdən sonra başlamışdır. Bu barədə biz “Azərbaycanda yeniləşmə hərəkatı” adlı kitabımızın “şair Zakir” bölümündə məlumat vermişik. Kəndli həyəcanları və üsyanları xüsusilə 1840-cı ildə çar tərəfindən təhkimçilik rejimi Azərbaycanda tətbiq edilərək bəylər torpağın tam sahibi, kəndlilər isə torpağa bağlı kölə olduqdan sonra ardı-arası kəsilmədən davam etmişdir.

Azərbaycanda qaçaq hərəkatı əsasən rus çar rejiminə və yerli zülmkarlara qarşı mübarizə prosesində meydana gəlmişdir. Azərbaycan xalqı öz gördükləri işlərlə igidlik və yenilməz qəhrəmanlıq dastanlarını yaradan qaçaqları sevmiş, tərifləmiş və qorumuşdur. Çünki qaçaqlar Azərbaycanın zülmdən qurtarması uğrunda mübarizə aparmışlar. Qaçaqların bəziləri dağlarda, bəziləri kəndlərdə, bəziləri də şəhərlərdə həyatlarını təhlükə altında qoymaqdan çəkinməyərək rus kazakları ilə vuruşmuşlar.

XIX əsrin ikinci yarısında igidlikləri ilə hörmət qazanan qaçaqlardan Qazaxda Kərəm, Balasöyün, İsfəndiyar, Gəncədə Dəli Alı, Qəmbər, Qarabağda Süleyman, Murtuza, Şuşada Məmməd bəy Kavaler, Zaqatalada Yusif, Zəngəzurda Nəbi, Nuxada Qutqaşenli Kərim Əfəndi oğlunu və başqalarını misal göstərə bilərik.

Biz bu əsərimizdə qazaxlı Qaçaq Kərəm, zəngəzurlu Qaçaq Nəbidən, gəncəli Dəli Alıdan və şuşalı Məmməd bəy Kavalerdən danışmaq istəyirik. Çünki, onlar Azərbaycanda çar zamanında rusların istibdadına qarşı aparılan qaçaqçılıq hərəkatının rəhbərlərindən olmuşlar.

Qaçaqçılıq hərəkatı XIX əsrin ikinci yarısında çar idarəsini qorxuya salacaq dərəcədə artmışdı. 1882, 1885 və 1890-cı illərdən sonra da bu hərəkat davam etmişdi. O illərdə Qubaya gələn Qafqaz hərbi qüvvələrinin komandanı və mülki idarənin xüsusi müfəttişi general Dondulov-Korsakov qaçaqlara qarşı mübarizə aparmaq üçün yerli idarə rəislərinə geniş səlahiyyət verməklə yanaşı, hərbi qüvvələrin də onlara yardım etməsini əmr etmişdi.

Peterburqda nəşr olunan “Narodnaya Volya” qəzeti 1885-ci ildə dövlət məmurlarını, mülk sahibi bəyləri qorxuya salan qaçaqlardan söz açaraq, Qafqazda “Qaçaq Kərəmin məmurları və bəyləri pərişan etdiyindən...” uzun-uzadı şikayət edirdi. 1888-ci ildə aralarında olan bir qaçağı qaçırtmaq üçün üsyan edən Quba həbsxanasının dustaqları qapıları sındırıb gözətçilər ilə vuruşaraq istədiklərinə nail oldular. Bu savaşda rus əsgərlərindən ikisi ölmüş, üçü də ağır yaralanmışdı.

Xülasə, rus çar idarəsinin heç bir tədbiri Azərbaycandakı qaçaqçılıq hərəkatının qarşısını ala bilmirdi (Azərbaycan tarixi, II cild, səh. 9; Qasımov. Qafqazda qaçaqlara qarşı mübarizə).

XIX əsrin axırlarındakı Azərbaycan qaçaqlarından üçünü əlimizdə olan məlumatlara və eşitdiklərimizə əsaslanaraq anlatmaq istəyirik. Zəngəzur və Naxçıvanda qorxmadan partizan müharibəsi aparan Qaçaq Nəbi Gəncə vilayəti, Zəngəzur qəzasının Aşağı Mollu kəndində (indiki Qubadlı) anadan olmuşdu. Yeddi nəfərdən ibarət ailəni atası çətinliklə dolandırırdı. Günlərin birində 16 yaşlı Nəbinin atasını bəy döyür. Bunu görən Nəbi bəyin üzərinə atılaraq onunla savaşır. Bəyin şikayətinə əsasən Nəbi həbs olunur. O, həbsdən qaçaraq həmfikirlərini ətrafına toplayır. Rus çar rejiminə və onun Azərbaycandakı əlaltıları olan bəylərə qarşı mübarizəyə başlayır. Nəbinin arvadı Həcər xanımla yanaşı baldızı Mehri xanım da bu mübarizədə yaxından iştirak edir.

Nəbi həbsxanadan qaçdıqdan sonra çar idarəsinin Azərbaycandakı əlaltıları olan mülkiyyət sahibi xan və bəylərin zülmündən cana gələn kəndlilərdən əli silah tutan bir hissəsi onun ətrafına toplanır. Nəbinin əsas düşmənləri çar rejimi, xanlar və bəylər idi. O bu mübarizədə kasıbları və onların hüquqlarını müdafiə edirdi. Nəbinin mübarizə apardığı ərazi Zəngəzur və Naxçıvan vilayətləri idi. Nəbinin müasirləri də Azərbaycanın başqa vilayətlərində qaçaqlıq hərəkatını davam etdirirdilər. Istismarçı imperializmə və rus çar rejiminə qarşı mübarizə aparan qaçaqlara xalq yaxından köməklik edir, onlarla fəxr edirdi. Xalq onları ərzaqla təmin edir, yeri gəldikdə gizlədirdi. Nəbi uzun müddət rus kazakları ilə vuruşur, sıxışdırıldığı zaman İrana və Türkiyəyə sığınırdı. Çar idarəsi bu hərəkatı yatırtmaq üçün bütün vasitələrə əl atırdı. 1894-cü il iyulun 20-də Nəbinin qardaşı Mehdi Gürcivan kəndində çar cəsusları tərəfindən öldürülür. Bu hadisədən sonra Nəbi Gürcivan kəndinə gələrək kazaklarla döyüşə girir, rus çar idarəsində xidmət edən ağaları öldürür və Arazı adlayaraq İrana keçir. Arvadı Həcər xanım Çiçəkli kəndində qalır. Rus idarəsinin cəsusları Həcərin Çiçəkli kəndində olduğunu xəbər tuturlar və Həcər bacısı Mehri ilə birlikdə həbs olunur. Gorusdakı qalada saxlanılır. Nəbi 1895-ci il oktyabrın 28-də Gorus qəsəbəsini öz dəstəsiylə əhatəyə alır, rus polkovnikindən Həcəri və baldızını tələb edir. Rus polkovniki Nəbinin bu tələbini yerinə yetirməyə məcbur olur (Həcərin dilindən söylənmişdir).

Qazamat istidi yata bilmirəm

Ayaqda qandallar qaça bilmirəm,
Açar urusdadır aça bilmirəm
Mənim bu günümdə gələsən Nəbi,
Qazamat dalını dələsən Nəbi.

Beləliklə Nəbi xalq qəhrəmanı oldu və xalq aşıqları onun haqqında dastanlar yaratdılar. Aşağıda bu dastanın bir neçə parçasını misal olaraq veririk:

Qazamat dalında gizləndim yatdım
Qoburnat gələndə sıçradım qalxdım
Aynalı tüfəngi doldurdum, atdım
Qoy mənə desinlər ay qacaq Nəbi,
Arvadı özündən ay Qoçaq Nəbi...
  • * *

Nəbinin atlısı əllidir, beşdi,

Qırx gözəl içində Həcəri seçdi,
Güllələr urusun böyrünü deşdi,
Qoy mənə desinlər ay qacaq Nəbi,
Arvadı özündən ay qoçaq Nəbi...

Nəbi günlərin birində dəstəsilə mühasirəyə düşür. Buna baxmayaraq o, yoldaşlarını döyüşə cəsarətləndirir, mühasirəni yararaq qurtulurlar. Nəbi mindiyi məşhur boz atına belə deyir:

Boz at səni sər tövlədə bağlaram
Əgər məni bu davadan qurtarsan
Ayağına qızıl, gümüş nallaram
Qoy mənə desinlər ay qacaq Nəbi,
Arvadı özündən ay qoçaq Nəbi...

Bu dastanın əsas mövzusu rus imperializminə qarşı aparılan azadlıq mübarizəsindən ibarətdir. Dastanda “Nəbi urusları burda qoymadı” misrası olduqca çox işlədilir.

1896-cı ilin mart ayında Nəbi Kərbaladan dönərkən Türkiyə ilə İran sərhəddi arasında olan Larni kəndində rus cəsusları tərəfindən əvvəlcədən hazırlanmış pusqunun qurbanı olur. Nəbinin xatirəsi indi də Azərlərin qəlbində yaşayır. Onun qəhrəmanlığını əks etdirən dastanlar söylənilir.

Çar idarəsinin qaçaqların ailəsinə etdiyi zülm heç bir insanlığa, heç bir ədalət qanunlarına sığmırdı.

Şair Zakiri təhqir etmək üçün Şuşanın komendantı Tarxanovun onun arvadını bir rus kəndlisinə ərə verməsi Azərbaycan tarixində yaddan çıxmayan hadisələrdəndir. Bəzi qaçaq arvadlarının rus əsgərlərinin təcavüzünə məruz qalması hələ də yaddan çıxmamışdır.

Tarixçilər yazırlar ki, XIX əsrdə partizan müharibəsinin əsasını qoyan Qafqaz müsəlmanları olmuşlar. Buna misal olaraq İmam Şamilin partizan hərəkatını göstərmək olar. Müəyyən bir kənd və qəsəbədə rus əsgərləri ilə döyüşə girən qaçaqlar bir müddət vuruşduqdan sonra yenə həmin ərazidə gizlənirdilər. Bu partizan hərəkatında ən çox işlədilən taktika idi. Azərbaycan qaçaqçılıq tarixində çox maraqlı bir hadisəyə rast gəlirik ki, o üsul, bizim dövrdə çox mənimsənilən üsullardandır. 1870-ci ilin axırlarında Qazax qəzasında Quşçu kəndinin ağaları İsgəndərbəyovların zülmünə qarşı kəndlilər öz etirazlarını bildirdilər. Bəylərə yardıma gələn rus kazakları üsyanı qanlı bir şəkildə yatırtdılar. Kəndlilər Tiflisdə yaşayan çar naibinə şikayət etmək üçün nümayəndə göndərmək istədilər. Rus məmurları və bəylər onların Tiflisə getmələrinə mane oldular. Onların arasından Mürsəlqulu adlı bir kəndli gecə qaçaraq Tiflisə və oradan da çar naibinin yaşadığı Qaçoridəki villasına gəlib çıxa bildi. Amma o, çar naibini heç yerdə tapa bilmədi. Hətta o, çar vəkilinin sarayına belə buraxılmadı. Buna görə Mürsəlqulu bir çarə düşündü. Paltarını neftlə islatdı. Çar vəkilinin sarayına yaxın bir yerdə gözlədi. Çar vəkili sarayından çıxıb arabasına mindiyi zaman Mürsəlqulu əynindəki paltara od vurdu. Bu vəziyyəti görən camaat köməyə gələrək Mürsəlqulunun yanan paltarını söndürdülər. Bunu görən çar vəkili onu yanına çağırır və nə üçün özünü yandırdığını soruşur. Mürsəlqulu Qazax qəzasının Quşçu kəndindəki çar məmurlarının zülmündən kəndlilərin təngə gəldiklərini, ölümə razı olduqlarını söyləyir. Beləliklə, Quşçu kəndinin camaatı ağaların zülmündən qurtulmuş olur. Bu hadisə Azərbaycanın bir çox yerlərinə yayıldıqdan sonra kəndlilər ağa və bəylərə qarşı üsyana qalxırlar.

Mənbə redaktə

  • Azərbaycan tarixi. II cild, səh. 206-207
  • Qasımov. Qafqazda qaçaqlara qarşı mübarizə, səh. 18
  • Əhməd Cəfər oğlu. Azəri ədəbiyyatında azadlıq mübarizəsi. İstanbul, 1932-ci il, səh. 19-33

İstinadlar redaktə

Həmçinin bax redaktə

Xarici keçidlər redaktə


Saytda 47 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024