Rəhim bəy Vəkilov Haqqinda Melumat - Vikipedia

Rəhim bəy Vəkilov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Rəhim bəy Vəkilov

Azərbaycan siyasi xadimi

Rəhim bəy Alı ağa oğlu Vəkilov (1898, Yuxarı Salahlı, Qazax qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası1 mart 1934, Tiflis, Gürcüstan SSR, ZSFSR, SSRİ) — Azərbaycanın görkəmli siyasi xadimi, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü.[1][2]

Rəhim bəy Vəkilov
Rəhim bəy Alı ağa oğlu Vəkilov
Doğum tarixi 1898
Doğum yeri
Vəfat tarixi 1 mart 1934(1934-03-01)
Vəfat yeri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

Rəhim bəy Vəkilov 1898-ci ildə Qazax qəzasının Salahlı kəndində mülkədar ailəsində anadan olub. Əvvəlcə Salahlı kənd məktəbində oxuyan Rəhim bəy Vəkiloğlu daha sonra böyük bacısının həyat yoldaşı yazıçı-pedaqoq Abdulla bəy Divanbəyoğlunun təkidilə 12 yaşında atası tərəfindən Bakıya göndərilir. Abdulla bəy onu texniki təmayüllü Bakı real məktəbinə qoyur. Məktəbdə oxuduğu illərdə bacısıgildə yaşayır. Bundan başqa, onun rəssamlıq qabiliyyəti vardı:[1][2]

"  "Rəhim bəyin rəssamlığa şövqü vardı, gözəl rəsm əsərləri çəkərdi. Çoxları onu gələcəyin böyük bir rəssamı kimi görürdü." " 

Rəhim bəy Vəkilov məktəbin tam kursunu 1916-cı ildə bitirir, lakin siyasət aləminə erkən atılır:[1]

"  "Hələ 1914-cü ildə Bakı real məktəbin 5-ci sinfində oxuyarkən şagird təşkilatının işində yaxından iştirak edir. Bu təşkilatın fəallları arasında Kəbirlinski qardaşları, Məmməd Məmmədov, Mirzə Davud Hüseynov, Məmmədhəsən Baharlı da vardı. Təşkilatın işi əsasən ictimai xarakter daşıyırdı: onlar kasıb tələbələrə kömək, qarşılıqlı yardım kassası işi, xalq nağılları, mahnıları və atalr sözlərinin toplanması ilə məşğul olurdular. Bu zəmində yetişən həmin gənclər müharibənin sonlarında artıq siyasi məsələlərə keçimşdilər." " 

Real məktəbi bitirən Rəhim bəy Vəkilov 1916–1917-ci illərdə 9 saylı rus-tatar məktəbində xalq müəllimi işləyir.[1][2]

Fəaliyyəti redaktə

Rəhim bəy şagirdliyi vaxtda üzv olduğu təşkilatla əlaqəsini üzmürdü. Bu təşkilat artıq "Ümumqafqaz tələbə təşkilatı" adlanmağa başlamışdı. Elə həmin il Rəhim bəy Vəkilov bu təşkilatın rəsmi üzvü olur. Sonra həmin təşkilat milli əlamətə görə parçalanır. Türk qrupu Müsavat Firqəsinin tərkibində işləməyə başlayır.[1][2]

Bu tələbə təşkilatının işində çalışarkən Rəhim bəyin milli-demokrat yönümlü ilk milliyyətçi baxışları formalaşmışdır. Elə həmin vaxtlar Gəncədə Nəsib bəy Yusifbəylinin Türk Ədəmi-Mərkəziyyə Partiyası yaradılır. 1917-ci ildə Müsavat və Türk Ədəmi Mərkəziyyət partiyaları vahid təşkilatda birləşirlər.[1][2]

1917-ci il sentyabrın 21–31-də keçirilən qurultayda birgə yaradılan Mərkəzi Komitəyə Məhəmməd Əmin Rəsulzadə, M.H.Hacınski, R. Vəkilov , X. Rəfibəyli, N.Yusifbəyli, Ş.Rüstəmbəyli, M.Vəkilov, A.Ağazadə və M.Axundov daxil olurlar. Rəhim bəy 1918-ci ilin əvvəlində qəti olaraq Müsavat Partiyasına daxil olur və bu partiyadan Zaqafqaziya Seyminə seçilir. Rəhim bəy Seymdə Azərbaycan fraksiyasının başında duran divanın üzvü idi. Divana daxil idi: rəis- M .Ə. Rəsulzadə, müavinlər- Nəsib bəy YusifbəyliMəmməd Yusif Cəfərov, katiblər- Mustafa Mahmudov və Rəhim bəy Vəkilov. Rəhim bəy Vəkilov Seymdə hazırladığı sənədlərdə soyadını daha çox "Kosalı" kimi qeyd edirdi.[1][2]

Azərbaycanın istiqlalı elan ediləndə İstiqlal Bəyannaməsinin mətni katib Rəhim bəy Vəkilovun əli ilə və onun qələmi ilə yazılmışdı, bəyannamənin altına imza atanlardan biri də Rəhim bəy Vəkilov idi.[1][2]

Rəhim bəy siyasətə gəldiyi ilk vaxtlarda birmənalı qətiyyətlə istiqlalçılarla bir sırada dayanmışdır. Fəal siyasi xadim kimi özünü təsdiq etməyi bacardığından Rəhim bəy Vəkilov Azərbaycan parlamentinə deputat seçilir. 1918-ci il dekabrın 7-də Azərbaycan parlamentinə deputat seçilir. 1918-ci il dekabrın 7-də Azərbaycan parlamentinin təntənəli açılışı zamanı parlamentarizm ənənəsinə uyğun olaraq ən gənc deputat kimi Rəhim bəy Vəkilov parlamentin katibi seçilmişdi. Gözəl natiqlik qabiliyyəti olan Rəhim bəy parlamentin çalışqan deputatlarından sayılmışdır. Bu vaxtlar arabir qəzalara da gedirdi.[1][2]

Parlamentin arxivində onun şəxsi işi arasında 1919-cu il fevralın 6-da paşa ilə (görünür, hərbçilərdən kimisə müşayiət edirmiş) Qazaxda olarkən qarın yatalağına tutulduğu və buna görə ləngiyəcəyi barədə Divani-rəyasətə ünvanlanmış bir ərizəsi var. Həmin vaxt Qazaxda bir ay yatmış, həkimlərin səyi nəticəsində həyata qaytarılmışdı. Atasının tək oğlu olduğundan ilk cümhuriyyət zamanı hərbi xidmətdən azad edilmişdir. O, parlamentdəki fəaliyyəti ilə, eyni zamanda hökumətin orqanı olan "Azərbaycan" qəzetinin redaksiya heyətinə daxil idi, qəzetin səhifələrində vaxtaşırı olaraq yazılarla çıxış edirdi. Onun "Azərbaycan " qəzetinin 28 may 1919-cu il sayında dərc edilmiş "Azərbaycan Cümhuriyyətinin yaranma tarixi" adlı irihəcmli məqaləsi istiqlal hərəkatı tarixinin öyrənilməsi məsələsi parlamentin gündəliyinə gələndə bu ideyanı qızğınlıqla dəstəkləyənlərdən biri də Rəhim bəy idi.[1][2]

Rəhim bəy Vəkilovun özünün etiraf etdiyinə görə, 1920-ci ilin fevralına qədər "solçu müsavatçı" olmuşdur. Lakin hər halda siniflər arasındakı fərqə milliyyətçilik prizmasından baxırdı. Parlamentin tribunasından etdiyi çıxışlarından birində deyirdi:[1][2]

"  "Bizim firqəmiz fəhlələrdə sinif hissindən başqa bir də milli hiss oyadacaqdır. Onlar artıq qoymayacaqlar beynəlmiləliyyat adı ilə kəndlilərini aldatsınlar". " 

O, Əliheydər Qarayevlə birlikdə Əli Bayramovun qətli barədə sorğu ilə hökumətə müraciət edən deputatlardan biridir. Bu arada onun partiya ilə münaqişəsi baş verir, nəticədə Rəhim bəy deputat səlahiyyətlərini yerə qoyur və parlamentdən gedir. Lakin bununla bərabər partiyada işini davam etdirir, partiya rəhbərliyinin "kəndli-torpaq məsələsinə" dair ayrı-ayrı tapşırıqlarını yerinə yetirir.[1][2]

Sovetləşmədən 20–25 gün əvvəl Rəhim bəy Məmmədhəsən Hacınskinin sovet hakimiyyətinə oriyentasiya götürən qrupuna qoşulur. 1920-ci ilin aprelində Qızıl Ordu Azərbaycana doğru irəliləyəndə ordununun inqilabi şurası ilə danışıqlar aparmaq üçün Rəhim bəy bir neçə nəfərlik deputat qrupunun tərkibində bolşeviklərlə müştərək işin şərtləri barədə danışıqlar aparmaq üçün Şimali Qafqaza – Orconikidzenin yanına gedir. Parlament qrupu Pyatiqorska gəlib çıxır.[1][2]

Azərbaycan sovetləşdikdən sonra Rəhim Vəkilov siyasi fəaliyyətini dayandırmayaraq gizli işə keçən müsavatçıların sırasında idi. Məhəmməd Əmin Rəsulzadənin Peterburqdan qaçışını təşkil edənlərdən biri Rəhim bəy Vəkilov olmuşdur. Bu əməliyyatı o, gizli Müsavat təşkilatının tapşırığı ilə Musa CarullahDadaş Həsənovla birlikdə həyata keçirmişdir. Rəhim bəy 1922-ci ilin sentyabrında Bakı Dövlət Universitetinin Şərq fakültəsinə daxil olur. Rəhim bəy universitetə qəbul olunduqdan sonra, eyni zamanda Bakı-Culfa dəmir yolu idarəsində məmur vəzifəsinə düzəlir. Rəhim bəy gizli Müsavatda 1921-ci ilin sonlarından işləməyə başlamışdır.[1][2]

1921-ci ilin sonları 1922-ci ilin əvvəllərində Mirzə Balanın tapşırığı ilə siyasi kampaniyada yaxından iştirak edir və türk ziyalıları arasında iş aparır. Onun təşəbbüsü ilə bu kampaniyaya keçmiş müsavatçılardan Seyid Hüseyn, Nəriman bəy Nərimanbəyli və Kərbəlayı Vəli Mikayılov cəlb olunurlar. 1920-ci ilin iyulunda Müsavat MK yanında siyasi işlər komissiyasının rəhbəri təyin edilir. Bu komissiyaya Kərbəlayı Vəli Mikayılov, Seyid Hüseyn Sadıqzadə, Əlövsət Nəcəfov daxil idilər.[1][2]

Rəhim bəy Vəkilov 1920-ci ilin iyulunda Müsavat MK yanında siyasi işlər komissiyasının rəhbəri təyin edilir. AzFk məxfi şöbəsinin 1923-cü il aprelin 5-dən başlayaraq və 1924-cü il fevralın 18-dək olan dövrü əhatə edən "qayət məxfi" qrifli memorandumunda Rəhim bəy Vəkilovun sovetləşmənin ilk illərində ciddi müşahidə altında saxlandığı görünür". 1923-cü ilin yayında müsavatçıların ilk kütləvi həbsləri nəticəsində MK-nın iki nəfər üzvü-Əbdül Vahab Məmmədzadə (Yurdsevər) və Məmməd Sadıq Quliyev, Rəhim bəy Vəkilov və başqaları həbs olunaraq sürgün edilir.[1][2]

Vəfatı redaktə

Rəhim bəy Vəkilov sürgündən sonra bir müddət Bakı-Culfa dəmiryolu idarəsində inzibati şöbə rəisi kimi fəaliyyət göstərir. Sonralar xüsusi xidmət orqanları tərəfindən müntəzəm təqib edildiyindən 1934-cü ildə intihar edir.[1][2]

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. 1,00 1,01 1,02 1,03 1,04 1,05 1,06 1,07 1,08 1,09 1,10 1,11 1,12 1,13 1,14 1,15 1,16 ""İstiqlalımıza təcavüzə qarşı ilk əvvəl üsyana qalxan özüm olacağam"". www.anl.az. 2024-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-11.
  2. 2,00 2,01 2,02 2,03 2,04 2,05 2,06 2,07 2,08 2,09 2,10 2,11 2,12 2,13 2,14 2,15 "Cümhuriyyət parlamentində ən gənc deputat". www.anl.az. 2024-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-12.

Xarici keçidlər redaktə


Saytda 116 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024