Rinoplastika Haqqinda Melumat - Vikipedia

Rinoplastika Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Rinoplastika (qədim yunanca: rhis, rhinos-burun+qədim yunanca: plastike-heykəltəraşlıq, formalaşdırma)— burnun anadangəlmə və ya qazanılmış deformasiyalarının düzəldilməsi, eləcə də olmayan burnun tam bərpa edilməsidir.

İnsanlar burunla əlaqəli tənəffüs problemlərini, travma nəticəsində yaranan və ya anadangəlmə qüsurları düzəltdirmək məqsədilə, yaxud sadəcə burun formalarından narazı olduqları üçün rinoplastikaya üz tuturlar.

Rinoplastika ilə cərrahın burnunuzda edə biləcəyi mümkün dəyişikliklər bunlardır:

  1. Ölçüdə dəyişiklik;
  2. Bucaqda dəyişiklik;
  3. Körpünün düzəldilməsi;
  4. Uc hissənin yenidən formalaşdırılması;
  5. Dəliklərin daraldılması.

Rinoplastika sağlamlıqdan çox görünüşünüzü yaxşılaşdırmaq üçün ediləcəksə, yəni sırf estetik burun əməliyyatıdırsa, burun sümüyünün tam formalaşmasını gözləməlisiniz. Qızlar üçün bu, təxminən 15 yaşdır. Oğlanlar bundan daha çox gözləməlidirlər. Məcburi hallarda isə, yəni tənəffüsün pozulması müşahidə olunduqda burun əməliyyatı daha erkən yaşlarda edilə bilər.

Ümumi məlumat redaktə

Rinoplastika- bu, plastik cərrahiyyəninyalnız olmayan burnun və onun hissələrinin qüsurlarının canlı toxumalarla əvəz edilməsi yolu ilə yenidən bərpa edilməsi üsullarını deyil, həm də burnun anadangəlmə və qazanılmış düzgün olmayan formalarının cərrahi yolla düzəldilməsi üsullarını öyrənən bölməsidir. Rusiyalı professor P.İ.Dyakonov bu cərrahi müdaxilə haqqında yazırdı: "Rinoplastika adı ilə də məşhur olan eybəcərləşdirilmiş burnun düzəldilməsi əməliyyatı plastik cərrahiyyənin ümumi qaydalarının əməli surətdə tətbiq edilməsinin xüsusi hallarından biridir". Plastik əməliyyatın qarşısında duran məsələ embriogenez mərhələsində və ya hər hansı bir xəstəlik və yaxud da mexaniki (travmatik) zədələnmə nəticəsində pozulmuş düzgün formaların bərpa edilməsindən ibarətdir.

Tarix redaktə

Rinoplastika üzrə ilk əməliyyatlar hələ çox-çox əsrlər əvvəl qədim Hindistanda, Ərəbistandaİranda həyata keçirilmişdir. Burnun bərpa edilməsi texnikası özünün tarixi inkişafında üç mərhələdən keçmişdir. Birinci mərhələ təxminən b.e.ə.1000 il əvvəl Hindistanda başlamışdır. Cərrahlar bu mərhələdə rinoplastika üçün alın, yanaq, sağrıdan alınan toxuma parçalarından istifadə edirdilər. Rinoplastikanın ikinci inkişaf mərhələsini 1450-ci ildən 1760-cı ilə qədər Avropada keçmişdir, bu zaman əl, yanaqlardan alınan dəri parçalarından istifadə edilmiş, eyni zamanda da alından parça alınması texnikası təkmilləşdirilmişdir. Rinoplastikanın üçüncü inkişaf mərhələsini 1760-cı ildən başlanmışdır. Astar və dayaqla dəri parçalarından istifadə etməyə başlanmışdır, sümük dayağının yaradılması, burnun selikli qişasının bərpa edilməsi ilə bağlı məsələlərin öyrənilməsinə başlanmışdır. Rinoplastika məsələlərinə həsr edilmiş genişelmi ədəbiyyat meydan gəlmişdir.

Qədimdə rinoplastika redaktə

Rinoplastika haqqında ilk xatırlatmalara qədim hind manuskripti Susrutas Ayur Veda-da rast gəlmək mümkündür. Ayurveda ("Həyat bilgisi") qədim hind ədəbi abidəsidir. Onun əsasında Qədim Hindistan tibbi haqqında təsəvvür əldə etmək mümkündür. Ayurveda demək olar ki, toplanmış biliklərin elmi tədqiqatlara əsaslandığı ilk tibbi əsərdir. Ancaq xəstəliyin gedişi ərzində müdaxiləyə və onların müalicəsində ilahi, fövqəltəbii qüvvələrin gücünə daha çox yer ayrılmış, dini ayinlər təsvir edilmişdir. Bu əsər bir çox onilliklər ərzində, tədricən yaradılmışdır. "Ayurveda" –nnı qədim redaksiyası həkim Atreyə, daha sonrakı redaksiyası-həkim Xarakeyə (Çarakeyə), daha çox qorunub saxlanılan redaksiyası isə Suşriteyə məxsusdur. "Suşrita-samxita" — cərrahiyyə haqqında traktatdır. Hindistanlı cərrahlar əməliyyatların keçirilməsi zamanı sterilliyə riayət edilməsində əhəmiyyətli uğurlara nail olmuş, cərrahi alətlərdən məharətlə istifadə etmişlər. Onlar döyüşlərdə və ya hakimin hökmünə əsasən itirilmiş və şikəst edilmiş burun, qulaqlar, dodaqların bərpa edilməsi texnikasını mənimsəmişdirlər. Rinoplastika zamanı yanaq dərisindən istifadə edərək burnu bərpa edirdilər. Sonralar transplantatı alın nahiyəsindən alırdılar. Bunun üçün alından qidalanan hissədən dəri parçası kəsirdilər. Parçada qan dövranı saxlanılırdı ki, bu da onun tez bir zamanda uyğunlaşmasına səbəb olurdu. Bu üsulun çatışmazlığı dərinin götürüldüyü yerdə çapığın qalması idi. Hindistanın bir çox cərrahları rinoplastika texnikasını mənimsəmişdilər. Bu texnika get-gedə daha çox təkmilləşdirilmişdir. İngiltərəli alimlər C. Findey və T. Krusso 1494-cü ildə Bombeydə gördükləri rinoplastika əməliyyatının təsvirini verirlər. İngiltərəli hərbi cərrah Lyukas rinoplastika əməliyyatını icra etməyi öyrənmiş və daha sonra hind texnologiyasını tətbiq edərək, xəstələr üzərində çox sayda əməliyyat aparmışdır.

Orta əsrlərdə rinoplastika redaktə

Rinoplastika texnikasını əvvəlcə italiyalı cərrahlar mənimsəmişlər. XV əsrin birinci yarısında yaşamış siciliyalı cərrah Branka üz dərisindən burun hazırlamaq sənətinə yiyələnmişdi.

Branka ailəsinin cərrahlarının rinoplastika ilə harada tanış olduqları məlum deyil. Bəlkə də buna ərəblər və ya misirlilər səbəb olmuşdular. Bəlkə də bunun italiyalı səyyahlarla bir əlaqəsi var idi. Antonio Branka rinoplastikanın italyan üsulunun yaradıcısıdır. Sonradan rinoplastika müxtəlif ailələrə mənsub olan digər italiyalı cərrahlar tərəfindən mənimsənilmişdir. Vianeo ailəsinin tələbələrindən biri "plastik cərrahiyyənin atası" Qaspare Talyakossa (Gaspario Tagliacozzi, 1546–1599) idi. Zaman keçdikcə o, Bolonya universitetində tibb və anatomiya üzrə professor olmuşdur. Bu italiyalı cərrah ilk dəfə elmi nöqteyi-nəzərdən rinoplastikanı və onun cərrahiyyə üçün əhəmiyyətini təsvir etmişdir. O, həmçinin ilk dəfə bu sənəti geniş şəkildə işıqlandırmış və onu Avropanın bütün cərrahları üçün mümkün etmişdir. Qaspare Talyakossa plastik cərrahiyyə üzrə özünün bütün tədqiqatlarını 1597-ci ildə Venesiyada 2 cilddə dərc edilən "De Chirurgia Curtorum Per Insitionem" əsərində ifadə etmişdir. Qaspare Talyakossa 1599-cu ildə vəfat etdikdən sonra İtaliyada rinoplastikanın çox az sayda davamçıları qalmışdır. Onun işləri tələbəsi olan Covanni Kortezi (Giovanni Battista Cortesi, 1554–1636) tərəfindən davam etdirilmişdir. Zaman keçdikcə bu əməliyyat bir sıra səbəblərdən Avropada demək olar ki, 200 il ərzində unudulmuşdur. Rinoplastika XVIII əsrdə Avropadakı dirçəlişinə görə hindli cərrahların rəhbərliyi altında rinoplastika əməliyyatı sənətinə yiyələnməyi özləri üçün təhqiredici, alçaldıcı saymayan Şərqi Hindistan şirkətinin cərrahlarına minnətdar olmalıdır.

Rinoplastika yeni zamanda redaktə

Rinoplastika XIX əsrin əvvəlində avropalı cərrahlar tərəfindən qəti şəkildə qəbul edilmişdir. İngiltərəli cərrah C. K. Karpyu (J. C. Carpue) burunun bərpa edilməsi texnikasını Kəlküttədə mənimsəmişdir. O, Londonda cərrahi təcrübə ilə məşğul olaraq, rinoplastika texnikasını təkmilləşdirmişdir. Alman cərrahı Karl Ferdinand fon Qrefe (ata) (Carl Ferdinand Graefe, 1787–1840) 1811-ci ildə yanaq dərisindən qismən rinoplastika əməliyyatı icra etmişdir, o, yaxınlıqda yerləşən sahələrindən dəri götürərək kiçik qızın burnunun ucunu bərpa etmişdir. Almaniyada rinoplastikanın yeni üsullarını mənimsəməyə başlamışlar. 1816-cı ildə Qrefe Q. Talyakossanın metodu üzrə burnu bərpa etmişdir. Yeni italyan metodu dirçəlməyə başlamışdır. Qrefenin digər bir xidməti də ondan ibarətdir ki, o, rinoplastikanın italyan üsuluna cərrahların əvvəlki diqqətini qaytarmış və rinoplastikanın yeni metodlarının meydana gəlməsinə səbəb olmuşdur. Qrefenin yeni italyan üsulu və Kapryunun hind üsulu aseptik dövrə qədər Avropada cərrahlar tərəfindən geniş surətdə tətbiq edilməyə başlanmışdır. Bu cərrahlar parça kəsilməsi texnikasına öz təkmilləşdirmələrini daxil etmişlər. Məsələn, məlumdur ki, Byunger 1823-cü ildə bir xəstənin budundan dəri parçası kəsmiş və onu buruna köçürmüşdür; ancaq dəri parçasının böyük bir hissəsi ölgünləşmişdir, lakin toxumanın qismən bitişməsi də baş vermişdir. Ancaq yalnız İohann Fridrix Differbax (Dieffenbach Johann Friedrich, 1792–1847) cərrahlara müxtəlif xəstəlik formalarında plastik cərrahiyyənin əsaslarını tətbiq etməyi öyrədərək plastik cərrahiyyəyə yüksək dəyər gətirmiş və bu məsələyə istənilən halda yalnız ikinci dərəcəli rol oynayacaq kosmetik baxımdan yanaşmaqdan vaz keçmişdir. Sonuncu və bir çox baxımdan heç də az əhəmiyyət daşımayan addım zədələnmiş və ya kifayət qədər inkişaf etməmiş hissələrdə (xüsusilə də burun və damaq nahiyəsində) çatışmayan sümük əsasını yerinə yetirmək üçün plastik əməliyyatlar zamanı ilk dəfə sümük üstlüyündən (sümüyün üstünü örtən birləşdirici toxuma qişası) istifadə edilməsində yaxşı nəticə əldə edən Bernqardt Rudolf Konrad f. Langenbek (B. R. K. Langenbeck, 1810–1887) tərəfindən atılmışdır. O, sümük üstlüyünün sümüyün regenerasiyasında fəal surətdə inkişaf etməsinə əsaslanmışdır. B. Langenbek burun dəlikləri və çəpəri üçün alından ikiqat artırmaq üçün uclarında üç ağızlı parça kəsmiş, bundan başqa bu parçanı alında çəpinə vəziyyətdə yerləşdirmişdir. Amerikalı C. Rok 1887-ci ildə burun ucunun düzəldilməsi üzrə əməliyyat icra etmiş və əməliyyatın nəticələrini onun aparılması texnikasının təsviri ilə birlikdə dərc etdirmişdir. Rusiya imperiyasında rinoplastika problemləri ilə N. İ. Piroqovun V. A. Karavayev, A. A. Kiter, P. Y. Nemmert və b. kimi tələbələri və ardıcılları məşğul olmuşlar. Kiyevli professor Vladimir Afanasyeviç Karavayev 12 orijinal əməliyyat təklif etmişdir ki, onların da arasında plastik əməliyyatlar üstünlük təşkil edir. 1840-cı ildə dərc edilən "Sağlamlığın dostu" jurnalında onun "Rinoplastika, burnun sağ tərəfinin, sağ dəliyinin və çəpərinin yaradılması" adlı məqaləsi işıq üzü görmüşdür. Bu məqalədə o, özünün əməliyyatının aparılması metodikası barədə də məlumat vermişdir. "Bir yerdən götürülərək digər yerə köçürülən dəri parçası, -V. Karavayev yazırdı, — həyatın yeni təsirlərinə tabe olur, ona görə də digər həyatı və əvvəlkindən doğma orqanizmdən fərqli tamamilə başqa orqanizmi qəbul edir. Əgər kimsə burnun indi qığırdaq möhkəmliyinə malik olan və burnun ucu üçün əla dayaq rolu oynayan yenidən yaradılmış çəpəri üzərində araşdırma apararsa, onun yanağın yağlı və yumşaq dərisindən yarana biləcəyinə inanmaqdı". V. A. Karavayev həmçinin alından alınan dəri parçasından burun körpüsünün düzləşdirilməsi metodunu, burun qanadı qüsurunun bərpa edilməsi üsulu, yuxarı dodaqdan burun çəpərinin yaradılmasını təsvir etmişdir. Rinoplastika zamanı cərrahlar tərəfindən uzun müddət bərpaetmə (zədələr, xəstəlik və anadangəlmə qüsurlar zamanı) məqsədi güdülmüşdür, estetik amillər isə yalnız əsas məqsədi müşayiət edirdilər. Budur, XIX əsrin sonunda estetik aspektləri də nəzərə alaraq, əməliyyatlar keçirməyə başlayırlar. Bu məsələdə ilk cığırı açan Roçesterdən olan həkim, fındıqburnun korreksiyası metodikasını təsvir edən Con Orlando Roy (1848–1915-ci illər) olmuşdur. O, ilk dəfə qapalı əməliyyat üsulunu təklif etmişdir. O, həmçinin burun profilinin dərialtı korreksiyası, onun ölçülərinin azaldılması və donqarın götürülməsi metodikasını işləyib hazırlamışdır. Bir qədər sonra Royla birlikdə estetik rinoplastikanın atası adını bölüşən Jak Jozefin analoji mövzu ilə bağlı əsəri dərc olunmuşdur. Məhz o, üzdə korreksiyaedici və rekonstruktiv əməliyyatların əsas prinsiplərini formalaşdırmışdır. 1900–1901-ci illərdə burnun yəhərşəkilli deformasiyasının düzəldilməsi zamanı burun çəpəri qığırdağının uğurla köçürülməsi haqqında məlumatlar yayılmışdı. 1965-ci ildən başlayaraq qapalı burun əməliyyatları icra edən həkim Tsope, Xutsidze Vaxtanq Qalaktionoviç (plastik cərrah, otorinolarinqoloq) Sovet dövrünün əfsanəvi plastik cərrahı idi, 1984-cü ildə moskvalı kinodokumentalistlər tərəfindən lentə alınan "Məni gözəl edin" sənədli filmi onun fəaliyyətini əks etdirirdi.

Zədələnmədən sonra cərrahi müdaxilə redaktə

 
18 yaşlı qızın donqar burnu

Burun zədələndikdən sonra iki problem meydan gəlir: burun tənəffüsü çətinləşir və burnun forması dəyişir.

Qeyd etmək lazımdır ki, zədə alındığı (yana yerdəyişən, əyilən zaman) təqdirdə, ilkin sağalma mərhələsində (ilk on gün) cərrahi müdaxilə olmadan, ambulatoriya şəraitində burun körpüsünün ilkin yerləşməsi bərpa edilir. Pisləşən burun tənəffüsünün və formanın digər dəyişikliklərinin bərpa edilməsi mümkünlüyü müayinə zamanı müəyyənləşdirilir.

Əgər zədə ciddi olarsa, həm xarici, həm də daxili strukturun bərpa edilməsi ilə burnun rekonstruksiyasını icra edirlər. Çox vaxt pasiyentlərin burnunda daxili əməliyyatlar dəfələrlə keçirilmiş rinoplastika əməliyyatından sonra yerinə yetirilir.

Burun tənəffüsünün pozulması (burun çəpərinin əyriliyi) ilə müşayiət edilən zədələnmədən sonra cərrahi müdaxilənin həyata keçirilməsi zəruri hesab edilir. Əməliyyatı tənəffüsün fiziologiyasını bərpa etmək (burun çəpərinin selikaltı rezeksiyası) və burnun formasını dəyişdirməyi (estetik plastika) bir mərhələdə icra etmək daha yaxşı olar.

Septoplastika redaktə

Burun çəpərinin əyriliyi zamanı tətbiq edilir. Çəpərin əyriliyi həm anadangəlmə, həm də zədə nəticəsində yarana bilər. Bundan başqa bu cür əyilmə yaşla bağlı dəyişikliklərin nəticəsində baş verə bilər. Əksər hallarda (80%) burun çəpəri bir qədər deformasiyaya uğramış olur. Ancaq bu problemin cərrahi müalicəsi yalnız burun tənəffüsünün pozulduğu zaman tələb olunur.

"Qapalı rinoplastika" redaktə

Qapalı rinoplastika əməliyyatı zamanı kəsik burun boşluğunda aparılır. Cərrah burun dərisini burnun karkasını təşkil edən burun sümükləri və qığırdağından ayırır. Bundan sonra həkim onların formasını asanlıqla dəyişdirə, arzu edilən formanı əldə etmək üçün həcmi böyüdə bilər. Məsələn, cərrah burnu daraltmaq üçün qığırdağı burun korpus sahəsində götürə bilər. Burnun çıxıntılı hissələrinin götürülməsi xüsusi alət- iskənə vasitəsilə həyata keçirilir. Cərrah burun sümüklərinin və qığırdağın formasını dəyişdirdən sonra, onları yenidən yumşaq toxumaların kəsiyinə tikir.

Açıq rinoplastika redaktə

Açıq rinoplastika burunda çox həcmli müdaxilənin tələb olunduğu təqdirdə həyata keçirilir. Bu zaman kəsiklər burun boşluğunda deyil, burun deşiyini ayıran dərinin şaquli qatları- kolumella nahiyəsində aparılır. Cərrah yumşaq toxumaların kəsilməsindən sonra qapalı rinoplastikada olduğu kimi burun sümükləri və burun qığırdaqları üzərində manipulyasiya aparır.

Təkrar rinoplastika redaktə

Təkrar rinoplastika və ya yoxlama rinoplastikası birinci rinoplastikadan sonra qalan problemlərin korreksiyası məqsədilə icra edilir. Bu cür problemlər həm əhəmiyyətsiz və tez aradan qaldırıla bilən, həm də çox zaman kifayət qədər çətin olur. Təkrar rinoplastika həm açıq, həm də qapalı ola bilər.

Fillerlərin köməyi ilə rinoplastika redaktə

Bəzi hallarda pasiyent burnun formasını dəyişdirmək deyil, yalnız kiçik qüsurları korreksiya etmək, məsələn, iti künclərin hamarlaşdırılması (yumşaldılması), burun ucunun küncünün dəyişdirilməsi, burun simmetriyasının bərpası və s. istəyir. Bu cür hallarda artıq sizə tanış olan fillerlər köməyə gələ bilərlər. Onların köməyi ilə burnun ucunu "girdələşdirmək", burun qanadları nahiyəsində çökəkliyi aradan qaldırmaq və bir çox digər əməliyyatları həyata keçirmək mümkündür. Təbii olaraq, bu rinoplastikanın bərpa dövrü daha tez və asan keçir, həm də bu əməliyyatın aparılmasına ənənəvi rinoplastika ilə müqayisədə daha çox maddi vəsait tələb olunur. Rinoplastika əksər hallarda xarici kəsiklər olmadan, qapalı üsulla aparılır. Əgər bu cür kəsiyin icra edilməsi zərurəti yaranarsa, onu kolumelanın aşağısında görünməyən yerdə həyata keçirirlər. Əməliyyat adətən 1 saata yaxın davam edir və ümumi anesteziya altında aparılır. Cərrah əməliyyatın aparılmasına qədər tənəffüs funksiyasını ətraflı şəkildə araşdırır və göstəricilərə əsasən burun çəpərinin plastikasını və aşağı burun seyvanı nahiyəsində müdaxiləni həyata keçirir. Qeyd etmək lazımdır ki, yaxşı estetik və ən başlıcası funksional effekti əldə etmək üçün burun tənəffüsü funksiyasının əməliyyatqabağı müayinəsinin aparılması olduqca vacibdir və bu sahədə yüksək ixtisaslı mütəxəssislər tərəfindən və ən müasir diaqnostika avadanlığının istifadə edilməsi ilə aparılmalıdır ki, bu da əslində plastik cərrahiyyə klinikalarının əksəriyyətində həyata keçirilmir. Cərrah əməliyyat zamanı müdaxiləni yalnız burnun qığırdaq hissəsində apara bilər, bu zaman reabilitasiya dövrü 5–7 günə qədər azalır və ya əməliyyat burnun bütün strukturunda (qığırdaq və sümüklərdə) aparıla bilər. İkinci halda əməliyyatın həcmi artır ki, bu da daha uzun müddət davam edən reabilitasiya dövrünü (12–14 gün) tələb edir.

Reabilitasiya dövrü redaktə

 
Rinoplastikadan üç gün sonrakı pasient

Rinoplastika aparıldıqdan sonra, adətən, burunda və göz ətrafı nahiyədə güclü şişkinlik müşahidə edilir. Əgər osteotomiya icra edilmişdirsə, əməliyyatdan sonra ən azı 7–10gün ərzində gips sarğıda gəzmək lazımdır. Şişkinliklər 10–20 gündən sonra keçir. İlkin nəticə 6 aydan sonra, son nəticə isə-12 aydan sonra qiymətləndirilir. Əməliyyat sonrası dövrdə pasiyentdə ağrı hissləri olmur. Əgər cərrah tamponları üç gün ərzində burunda saxlamağı lazım bilərsə, ola bilsin ki, müəyyən müddət ərzində ağzınızla nəfəs almalı olacaqsınız. Sağalma müddəti əsasən orqanizmin fərdi xüsusiyyətlərindən və pasiyentin yaşından asılıdır, ona görə də həkim reabilitasiyanın təxmini davam etmə müddətini söyləyə bilər. Gipsin çıxarılmasından sonra müayinə olunmaq üçün həkimin təyin etdiyi dövriliklə həkimin qəbuluna gəlmək lazımdır.

Rinoplastikadan sonrakı fəsadlar redaktə

Burun qanaması. Adətən təhlükəsizdir tamponla bloklanır. 2–3 gün ərzində davam edə bilər. Şişkinlik. Reabilitasiya dövründə burun tənəffüsündə çətinlik yarana bilər. Yoluxmalar. Əməliyyatın həyata keçirilməsindən sonra antibiotik kursu tətbiq edilməlidir. Anesteziyaya qarşı allergik reaksiya. Çapıqların yaranması. Onların korreksiya edilməsi üçün təkrar əməliyyat tələb oluna bilər.

Reabilitasiya dövründə burun və yuxarı dodağın həssaslığının azalması. Uzun müddət qalan damar şəbəkəsi və piqmentləşmənin yaranması; Əməliyyatın nəticələrindən narazılıq . Burnun son formasının qabaqcadan ehtimal edilməsi adətən 70%-dən çox deyil. Bu, plastik cərrahın ixtisaslaşmasından və orqanizmin fərdi xüsusiyyətlərindən asılıdır.

Əməliyyatın nəticələri redaktə

Burnun dəyişdirilmiş forması bütünlükdə üzün proporsiyalarını əsaslı şəkildə dəyişdirə bilər, məsələn, gözlərin vizual olaraq böyüməsi effektinə nail olmağa və ümumi cizgiləri daha harmonik etməyə imkan verir. İxtisaslı həkim tərəfindən həyata keçirilən rinoplastika insanın simasını yaxşı istiqamətdə dəyişir, onun özünü dəyərləndirməsini artırır, özünə əminlik yaradır. Bu cür əməliyyat üçün qərarı hər bir kəs fərdi şəkildə verir. Və bu qərarın ətrafınızdakılar tərəfindən qəbul edilməsi vacib deyil, ona görə də pasiyent dostların və qohumların gözlənilməz reaksiyalarına hazır olmalıdır. Axı yalnız onun burnunun forması deyil, həm də siması bütünlükdə dəyişəcəkdir. Ola bilər ki, qohumlar səciyyəvi ailəvi və ya etnik üz xüsusiyyətlərini itirilməsinə görə acıqlanacaq, xətrinizə dəyəcəklər. Ancaq çox vaxt hətta ən yaxın insanlar belə əməliyyatdan sonrakı böyük dəyişiklikləri ona görə görmürlər ki, burnun forması pasiyent və cərrah tərəfindən düşünülmüş formanı kifayət qədər uzun müddət ərzində alır, əməliyyatdan sonra yaranan toxumaların şişkinliyini isə əldə edilmiş effekt ideal şəkildə örtür. Əməliyyatdan sonrakı reabilitasiyanın tam kursu 6–8 aya qədər davam edir. Məhz ona görə də rinoplastikanın yekun nəticəsini göstərilən müddətdən əvvəl qiymətləndirmək lazım deyil.

Təkrar rinoplastika redaktə

Xarici burnun uğursuz şəkildə keçirilmiş plastikasından sonra ikinci (təkrar) rinoplastika adlandırılan əməliyyatlar xüsusi mürəkkəb müdaxilələrdir. Bu əməliyyatların aparılması birinci müdaxilədən ən tez 6 aydan sonra həyata keçirilə bilər. Təkrar rinoplastikanın aparılması üçün səbəb aşağıdakılar ola bilər: burnu qeyri-təbii qısa edən yanlış tikilmiş qığırdaqlar; qığırdaqların həddən artıq götürülməsi, bunun nəticəsində də burnun ucunun forması deformasiyaya uğrayır; lateral qığırdaqların həddən artıq götürülməsi.

Ədəbiyyat redaktə

  1. P. İ. Dyakonov –"Dağılmış burnun bərpası". SPb, 1902-ci il.
  2. P. İ. Dyakonov, F. A. Reyn — "Ümumi operativ cərrahiyyə". SPb, 1903-cü il.
  3. O. Veber — "Ümumi və xüsusi cərrahiyyə üçün təlimat. Üz xəstəlikləri". SPb, 1868-ci il.
  4. N. İ. Piroqovun seçilmiş əsərləri, cild1, səh.102
  5. N. İ. Piroqov. Svastopol məktubları və xatirələri. M., 1950-ci il, s.365
  6. M. P. Kovalskiy, O. O. Markeviç, K. O. Prokopets — "Rinoplastika – tarixə qısa ekskurs", #O. O. Boqomoltsev adına MTU. Elmi xəbərlər, Kiyev, 2009, № 1

Saytda 174 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024