Sufi Xəlil Haqqinda Melumat - Vikipedia

Sufi Xəlil Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Sufi Xəlil Bektaş (v. 1492 və ya 1491, Təbriz) — Mosullu tayfasından olan, məşhur Ağqoyunlu sərkərdəsi və siyasi xadim. Sufi Xəlil bu tayfanın sərkərdələrindən olan Əmir bəyin qardaşı idi.[1]

Sufi Xəlil
Vəfat tarixi 1492 və ya 1491
Vəfat yeri

Həyatı redaktə

1451-ci ildə Uzun Həsənin müdafiə etmiş başlıca qüvvələr Sufi Xəlilin içərisindən çıxdığı MosulluPörnək tayfaları olmuşdur olmuşdur. Uzun Həsənin Teymuri hökmdarı Əbu Səid üzərindəki qələbəsində Mosullu Əmir bəy qardaşı və Sufi Xəlil mühüm rol oynamışlar.[2] 1467-ci ildə Uzun Həsəinin Bağdada yürüşündə və Həsənəli mirzə ilə Xoy döyüşündə iştirak etmişdir.[3]

1473-cü ildə AğqoyunlularOsmanlılar arasında baş vermiş Otluqbeli döyüşündə Sufi Xəlil ordunun sağ cinahına rəhbərlik etmişdir. Döyüşdən əvvəl digər sərkərdələr kimi Sufi Xəlil də döyüşə girməyin yaxşı fikir olmadığını Uzun Həsənə bildirmişdi. Mənbələrdə onun bu sözləri qeydə alınmışdır, "vuruşmaq məsləhət deyildir və qeyblərin ən yaxşı bilicisindən (Allahdan) başqa heç kim vəziyyətin necə olacağını bilmir" [4]

Uzun Həsənin ölümündən sonra Gürcüstanda vəziyyət gərginləşdi. Çünki, Ağqoyunlu hökmdarı Tiflisə təyin etdiyi Sufi Xəlil vasitəsi ilə Gürcüstanı itaət altına almağı bacarmışdı.[5] Lakin 1478-ci il yanvarın 5-də Uzun Həsənin ölümü ilə Ağqoyunlu taxtı uğrunda mübarizə başladı. Bu mübarizəyə qoşulan Sufi Xəlil Gürcüstanı tərk edərək Təbrizə qayıtdı. Ağqoyunlu dövlətində yaranmış vəziyyətdən istifadə edən gürcülər Tiflisdə möhkəmlənməyə çalışdılar.

1478-ci ildə Ağqoyunlu şahzadələri arasındakı başqa bir Xoy döyüşündə Sufi Xəlil Uzun Həsənin böyük oğlu Sultan Xəlilin qoşununun mərkəzinə rəhbərlik edirdi. Avqustun 15-də baş vermiş döyüşdə Sultan Xəlil məğlub olub öldürülsə də, Sultan Yaqub Sufi Xəlili bağışladı.[6]

Sultan Yaqub dövründə Ağqoyunluların ən böyük xarici təhlükələrindən biri də Məmlük dövləti idi. Məmlük sultanı Qayıtbəy Uzun Həsənin ölümündən istifadə edərək, Əmir Yaşbəyin başçılığı ilə 100 minlik ordunu Urfanı tutmaq üçün göndərdi. Əmir Yaşbəy 1580-ci ildə Fəratı keçərək Urfanın mühasirəsinə başladı. Bu xəbər Sultan Yaquba çatdıqda. Bayandur bəy, Süleyman bəy Bicanoğlu və Xəlil bəy Bektaşın başçılığı ilə Urfanın müdafiəsi üçün qoşun göndərdi. Qoşunlar Ruha qalası ətrafında üz-üzə gəldilər. Yaşbəy məğlub oldu və öldürüldü.[7]

Sultan Yaqub bəy bu qələbənin şərəfinə İsfahan əyalətini Bayandur bəyə verdi. Lakin o, bundan daha böyük mükafat gözləyirdi və buna görə də 1482-ci ilin əvvəllərində qiyam qaldırdı. Sultan Yaqub onun üsyanını yatırtmaq üçün Sufi Xəlilin başçılığı ilə qoşun göndərdi. Savə yaxınlığındakı Zahir kəndində baş vermiş döyüşdə Bayandur bəy məğlub edildi və öldürüldü.[8]

Sufi Xəlilin Tiflisi tərk etməsi ilə Ağqoyunlu sərhədi müdafiəsiz qaldı. 1484-cü ildə Sufi Xəlil Şiraza təyin edildi. Orada bir mədrəsə tikdirib Mövlana Şəmsəddin Məhəmmədi o mədrəsənin müdərrisi təyin etdi.[9] Sultan Yaqub ölkədə ciddi qayda yaratdıqdan sonra 1487-ci ildə Sufi Xəlili Şirazdan geri çağıraraq Gürcüstana hakim təyin etdi. Sultan Yaqub Qum qışlağında olan zaman Sufi Xəlil gürcülərə qarşı hücuma keçdi. Kartli çarı III Konstantin qorxudan Tiflisi tərk edərək digər mülklərinə çəkildi. Ağqoyunlularla gürcülər arasında döyüşlər davam etməkdə idi. Bu zaman Sufi Xəlil qışlamaq üçün Qarabağa getdi. Sufi Xəlil yaranmış vəziyyətdən istifadə edərək Tiflisi yenidən ələ keçirmək üçün hazırlıqlara başladı.[10]

1489-cu ildə Tiflis qalası alındıqdan sonra onun yenidən gürcülərin əlinə keçməsinin qarşısını almaq üçün tədbirlər görüldü. Bəzi Ağqoyunlu əmirlərini Tiflisdə saxlayan Sufi Xəlil Ağqoyunlu ordusu ilə Qarabağda Qaraağacda olan Sultan Yaqubun yanına döndü.[11]

1490-cı ildə Sultan Yaqub öldü. Onun öldüyü gecə Sufi Xəlil hakimiyyətə əsas namizəd olan Sultan Xəlilin oğlu Sultanəli Mirzəni öldürdü. Bəzi əmirlər və şahzadələr isə Uzun Həsənin oğlu Məsih bəyi sultan elan etdilər və onlarla Sufi Xəlil arasında döyüş oldu. Məsih bəy öldürüldü, tərəfdarı şahzadə Rüstəm bəy isə tutulub Əlincə qalasında həbsə atıldı. Beləliklə Sultan Baysunqur Sufi Xəlilin əli ilə taxta oturdu. Sufi Xəlil əmir əl-üməra təyin edili. 1491-ci ildə Sufi Xəlilin əmri ilə Qazi İsa Savəci asılaraq edam edildi.[8][12] Hakimiyyət faktiki olaraq Sufi Xəlilin əlinə keçmişdi.

1492-ci ildə Sufi Xəlilə qarşı narazılıqlar başladı. Bunun səbəbi isə Sufi Xəlilin dikbaşlığı zülmü ilə əlaqədar idi. Əmir və sərkərdələrin bir çoxu Süleyman bəy Bicanoğlu ilə birləşdilər və Diyarbəkirdə qiyam qaldırdılar. Üsyanı yatırtmaq üçün Sufi Xəlil və Sultan Baysunqur Diyarbəkirə doğru hərəkətə başladılar. Van gölü yaxınlığında baş vermiş döyüşdə Sufi Xəlil və oğlu öldürüldülər. Sultan Baysunqurun atabəyliyi və əmir əl-üməralıq Süleyman bəyin əlinə keçdi.[13]

İstinadlar redaktə

  1. Həsən bəy Rumlu.Qızılbaşlar tarixi.s.10.
  2. Nəcəfli T.H. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında.s.19.
  3. Həsən bəy Rumlu.Əhsənüt-təvarix.s.258.
  4. Həsən bəy Rumlu.Əhsənüt-təvarix.s.286.
  5. Paydaş K. Ak-Koyunlu ve Kara-Koyunlu Türkmenlerin Gürcüstana yaptıkları seferler.s.188.
  6. Həsən bəy Rumlu.Əhsənüt-təvarix.s.308.
  7. J. E. Woods. Akkoyunlular, s. 234.
  8. 8,0 8,1 Həsən bəy Rumlu.Qızılbaşlar tarixi.s.8.
  9. Həsən bəy Rumlu.Əhsənüt-təvarix.s.323.
  10. Хунджи Ф.Р. Тарих-и алам-арай-и амини.s.102.
  11. Paydaş K. Ak-Koyunlu ve Kara-Koyunlu Türkmenlerin Gürcüstana yaptıkları seferler.s.191-192.
  12. Nəcəfli T.H. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında.s.31.
  13. Həsən bəy Rumlu.Əhsənüt-təvarix.s.333.

Ədəbiyyat redaktə

  • Həsən bəy Rumlu. "Əhsənüt-təvarix (Tarixlərin ən yaxşısı)". Kastamonu: Uzanlar, 2017, 661 s.
  • Nəcəfli T.H. "Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında". Bakı: Çaşıoğlu, 2000. - 198 s.
  • Həsən bəy Rumlu."Qızılbaşlar tarixi". Tərcümə və şərhlər M.Ə. Məhəmmədinindir. — Bakı: «Azərbaycan» nəşriyyatı. 1993 —48 s.
  • Paydaş K. "Ak-Koyunlu ve Kara-Koyunlu Türkmenlerin Gürcüstana yaptıkları seferler". Tarih İncelemeleri Dergisi, c. XXI, sayı 2, 2006.
  • Хунджи Ф.Р. Тарих-и алам-арай-и амини. Перевод с английского на русский. Т.А.Минорской. Редакторы и примеч. З.М.Буниятов, О.А.Эфендиев. Баку, 1987.
  • J. E. Woods. 300 Yıllık Türk İmparatorluğu Akkoyunlular: aşiret, konfederasyon, imparatorluk. (tərc. Sibel Özbudun), Milliyet yay, İstanbul, 1993.

Həmçinin bax redaktə

Xarici keçidlər redaktə


Saytda 91 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023