Talış-Muğan böhranı Haqqinda Melumat - Vikipedia

Talış-Muğan böhranı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Talış-Muğan böhranı

Azərbaycanda siyasi və hərbi böhran

1993-cü il Talış-Muğan böhranı və ya Cənub bölgəsində siyasi böhranAzərbaycanda Birinci Qarabağ müharibəsi illərində, 1993-cü ilin iyunundan avqustuna qədər davam edən böhran.

Talış-Muğan böhranı
Birinci Qarabağ müharibəsi
Böhranın baş verdiyi rayonlar
Böhranın baş verdiyi rayonlar
Tarix 21 iyun – 23 avqust 1993
(3 ay 2 gün)
Yeri Lənkəran-Astara, Aran; Azərbaycan
Nəticəsi Azərbaycanın qələbəsi
Münaqişə tərəfləri

Talış-Muğan Muxtar Respublikası

 Azərbaycan
AXC

Komandan(lar)

Ələkrəm Hümbətov
Elman Osmanov
Azərbaycan Rəhim Qazıyev

Azərbaycan Heydər Əliyev
Azərbaycan Nəcməddin Sadıkov
Azərbaycan Səfər Əbiyev
Əbülfəz Elçibəy (iyun)

Tərəflərin qüvvəsi

3 min hərbi qulluqçu

naməlum sayda hərbi qüvvə
10 min etirazçı

Ümumi itkilər
ən azı 3 nəfər mülki şəxs həlak olmuşdur
ən azı 7 nəfər mülki şəxs yaralanmışdır

Vəzifəsindən azad edilmiş keçmiş hərbçi Surət Hüseynov Ermənistanla müharibə zamanı gerçəkləşən məğlubiyyətlər ardıcıllığı və hakimiyyətlə bağlı narahatlıqlar səbəbilə Gəncə şəhərində milisləri silahlandıraraq qiyam qaldırmış, bu əsnada digər bir hərbçi, Əbülfəz Elçibəy rəhbərliyindəki Azərbaycan Xalq Cəbhəsi (AXC) hakimiyyətinə müxalif, İrana meylli və eks-prezident Ayaz Mütəllibovu dəstəkləyən Ələkrəm Hümbətov 704-cü hərbi hissənin köməyi ilə Azərbaycanın cənub-şərqində yerləşən yeddi rayonda Talış-Muğan Muxtar Respublikasını (TMMR) elan etmişdir. Ələkrəm Hümbətovun məqsədi devrilmiş Mütəllibovun dövlət başçısı kimi vəzifəsini bərpa etmək idi.

Elçibəyin hakimiyyəti Surət Hüseynova və onunla ittifaq bağlamış Heydər Əliyevə verməsi ilə Ələkrəm Hümbətovun yeni rəqibi Yeni Azərbaycan Partiyası hökuməti olmuşdur. Uğursuz danışıqlar sonrası Heydər Əliyev xalqı Ələkrəm Hümbətov hakimiyyətinə qarşı üsyan qaldırmağa çağırmışdır. Yerli əhaliyə repressiya həyata keçirmiş və xalqdan dəstək qazana bilməmiş Ələkrəm Hümbətov AXC-yə bağlı etirazçılar tərəfindən tanınmayan yerli parlamentdən qovulur. Ələkrəm Hümbətov bir müddət gizlənir, lakin sonradan ailə üzvlərinə qarşı cinayət işlərinin açılmasına görə təslim olmuşdur. Ələkrəm Hümbətov ömürlük həbs cəzası almış, 704-cü hərbi hissənin bəzi zabitlərinə qarşı isə cinayət işləri açılmışdır. Ələkrəm Hümbətov 2004-cü ildə əfv edilmişdir və 24 dekabr 2022-ci ildə vəfat edib.

Zəmin redaktə

Talışlar Azərbaycanın cənubunda, İranla sərhəd ərazidə yaşayan bir İrandilli xalqdır. Talış dili özü İran dillərinin şimal-qərbi qrupuna aiddir.[1][2] 1989-cu ildə keçirilən əhali siyahıyaalmasına görə, talışlar ümumi Azərbaycan əhalisinin 0.3%-ni təşkil edirdi.[3] Azərbaycanda yaşayan talışların demək olar ki, hamısı Azərbaycan dilində də danışır. Talışlar böyük dərəcədə Azərbaycan əhalisinə assimilyasiya olmuşdur[4] və ümumi mənada, talışlar Azərbaycan cəmiyyətinə inteqrasiya olunmuş bir etnik azlıqdır.[5]

Yenidənqurma dövründə xalq olaraq talışların həyatında canlanma başlamışdır. Talış dilində qəzetlərin çapına icazə verilmiş, "Avesta" mədəni cəmiyyəti yaradılmışdır. Elmi və mədəni sahələrdən başqa siyasi tələblər bu dövrdə artmağa başlamışdır. 1980-cı illərin axırlarında talış muxtariyyətini hədəfləyən Talış Milli Dirçəliş Partiyası yaradılmışdır. 1989-cu ildə bu partiyanın üzvləri rəsmi olaraq Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinə müraciət edərək onlara muxtariyyət verilməsini istəmişdir.[6] Digər tərəfdən, talışların çoxu Azərbaycan Xalq Hərəkatının o vaxtkı lideri olan Azərbaycan Xalq Cəbhəsinə (AXC) qoşulmuşdu. Azərbaycanda Naxçıvandan sonra ikinci dəfə Talış bölgəsində sovet rejimi devrilmişdi. Regional siyasi hərəkatların rəhbərləri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini və talış xalqının gələcək inkişafının tamamilə Azərbaycan dövlətindən asılı olduğunu vurğulamışdır.[7] Talış siyasi hərəkatının və AXC-nin öncül üzvlərindən biri də Lənkəranda nəqliyyat anbarının direktor müavini,[8] İrana meylli,[9] milliyətcə talış[10][11] olan Ələkrəm Hümbətov idi. O, 1989-cu ildə AXC-nin Lənkəran şöbəsinin proqramına muxtar respublika elan edilməsi ideyasını irəli sürmüşdü, lakin Əbülfəz Elçibəyin hərəkat daxilində siyasi güc əldə etməsindən bir müddət sonra oradan istefa etmişdi.[12] AXC-ni tərk edən Ələkrəm Hümbətov 1991-ci ildə Zərdüşt ilə Araz Əlizadə qardaşlarının sosial-demokratlarına qoşulmuş, sonradan isə Rəhim Qazıyev tərəfindən hərbi komandirə çevrilmişdi.[13] O, Birinci Qarabağ müharibəsində iştirak etmiş, Lənkəran batalyonunun komandiri olmuş, sonra isə bir neçə ay Azərbaycan müdafiə nazirinin müavini kimi çalışmışdı.[12] Buna baxmayaraq, Hümbətovun komandirlik etdiyi batalyon daha sonra 704-cü hərbi hissənin tərkibinə daxil edilmiş, hərbi hissə komandiri polkovnik Mikayıl Hacıyev olmuşdur.[6]

Böhran redaktə

TMMR-nin qurulması redaktə

Azərbaycan 1993-cü ildə Ermənistanla Qarabağ müharibəsindəki hərbi uğursuzluqlar səbəbiylə vətəndaş müharibəsinin astanasında idi.[14] Prezident Əbülfəz Elçibəy Azərbaycan Silahlı Qüvvələrinin komandiri və keçmiş kommunist Surət Hüseynovu hərbi uğursuzluqlarına görə ordudan uzaqlaşdırmış, doğulduğu Gəncə şəhərinə qayıdan Hüseynov isə üsyankar milisləri silahlandırmışdır. Surət Hüseynov əmrində olan əsgərlərlə Azərbaycanın paytaxtı Bakıya doğru hərəkət edərək ölkədə siyasi böhrana səbəb olmuş, Elçibəy isə Bakıdan qaçmışdır.[15][16]

 
Ələkrəm Hümbətov 2009-cu ildə.

Ələkrəm Hümbətov keçmiş müdafiə naziri Rəhim Qazıyevin dəstəyini almış[17] və eks-prezident Ayaz Mütəllibova sadiq qalmışdır.[18] O həmçinin, iyun qiyamı zamanı rəsmi olaraq Surət Hüseynovu dəstəkləmişdir.[6][19] Buna baxmayaraq, Surət Hüseynov bu mübarizədə dostu olan Ələkrəm Hümbətova dəstək verməmiş, bununla belə bitərəf mövqe tutduğu üçün Heydər Əliyev açıq şəkildə onu tənqid etmişdir.[20] Bundan sonra Ələkrəm Hümbətov 21 iyun 1993-cü ildə Lənkəranda[21] yerli televiziyada çıxış edərək xalqa müraciətində Azərbaycanın cənub-şərqində Talış-Muğan Muxtar Respublikasını (TMMR) yaratdığını elan etmişdir.[6][22] Bu ad 1919-cu ilin martından iyun ayına kimi mövcud olmuş, Azərbaycan Xalq Cümhuriyyətinə qarşı vuruşmuş və bolşevikpərəst Muğan Sovet Respublikasından gəlirdi.[5] Tanınmayan respublika Azərbaycanın Lənkəran, Lerik, Masallı, Yardımlı, CəlilabadBiləsuvar rayonlarını əhatə edirdi.[23] Hümbətov respublikanı bir neçə hərbi zabit və əsasən də 704-cü hərbi hissənin köməyi ilə qurmuşdu.[6][24] Onun üzdə olan prinsipial tələbi muxtariyyət və Azərbaycanın federal bir ölkə kimi yenidən strukturlaşdırılması olsa da,[4] alternativ olaraq İrana qoşulmağı da düşünürdü.[11]

Çevrilişin lideri Hüseynov bu zaman ölkədəki başqa bir siyasətçi, Heydər Əliyev ilə ittifaq yaratmış, Əliyev isə bunun nəticəsində ölkənin müvəqqəti prezidenti seçilmiş, Hüseynov isə baş nazir təyin olunmuşdur.[16][25] Əliyev ilk növbədə muxtariyyətlə bağlı qeyri-müəyyən mövqe tutmuşdu. O, bu təklifin tərəfdarı olmasa da, açıq şəkildə ona qarşı çıxmamışdı. Əliyev bu böhrana görə AXC, onun milliyətçiliktürkçülük siyasətini günahlandırmışdı. O, çıxışında Ələkrəm Hümətovun "layiqli vətən oğlu" adlandırmışdı. 10 iyulda Bakıda Ələkrəm Hümbətovla Heydər Əliyev arasında dörd saatlıq bir görüş keçirilmişdi. Heydər Əliyev Ələkrəm Hümbətova yüksək vəzifə vəd etmiş və bu görüşdə onu muxtariyyət fikrindən əl çəkməyə çağırmışdır. Öz növbəsində, Ələkrəm Hümbətov Heydər Əliyevdən hakimiyyətin muxtariyyəti tanınmasını tələb etmişdi.[26] Bu görüşdən sonra Heydər Əliyevlə Ələkrəm Hümbətovun bir-birinə münasibəti dəyişmişdir. Ələkrəm Hümbətov avqustun əvvəlində Lənkəranda Hüseynovla görüşəndə Əliyevin istefasını və eks-prezident Ayaz Mütəllibovun vəzifəsinə bərpa olunmasını tələb etmişdi.[27] 7 avqustda Lənkəranda TMMR Xalq Məclisinin təsis yığıncağı keçirilmiş və yeddi rayon sovetinin deputatları böyük səs çoxluğu ilə respublikanın yaradılmasını bəyan etmişdir. Burada Konstitusiya, eləcə də dövlət himni, bayraq və digər dövlət rəmzləri qəbul edilmişdir. Muxtar respublika rəhbərliyi Azərbaycan hakimiyyətindən TMMR-nin rəsmi səviyyədə elan edilməsi üçün səsvermə keçirmək məqsədilə Azərbaycan Ali Sovetindən növbədənkənar iclas çağırmağı tələb etmişdi.[24] Hümbətov saat 14:00-da Bakıya nota göndərmışdır.[28] Bu addımlar AXC, MüsavatAzərbaycan Sosial Demokrat Partiyası tərəfindən qınanılmışdır.[27]

Toqquşmalar redaktə

 
Sürət HüseynovHeydər Əliyev.

Yeni hökuməti dəstəkləmək üçün 704-cü briqada daxilində Elman Osmanovun rəhbərliyi ilə 3 min nəfərlik Milli Qvardiya yaradılmışdır.[22] TMMR hakimiyyəti Cəlilabad, Lənkəran, Masallı, Lerik, Yardımlı, Astara rayonlarında kütləvi repressiyalar həyata keçirmişdi. Milli Qvardiya 5 avqustda Cəlilabad rayon Prokurorluğunun binasını mühasirəyə almış, 11 avqustda isə Astara rayon prokuroru Sahib Süleymanov və polis idarəsinin rəisi İbrahim Quliyevi oğurlamışdır. Həmçinin, həmin gün ikinci dəfə rəsmi Bakıya ultimatum göndərilmişdir.[28]

Heydər Əliyevlə Ələkrəm Hümbətovun növbəti görüşü 12 avqustda baş tutmuşdur. Rəhim Qazıyevin də iştirak etdiyi görüşdə yenə də müsbət nəticə çıxmamışdı.[28] Prezident Heydər Əliyev 16–17 avqust tarixlərində Azərbaycan Milli Məclisinin növbədənkənar iclasını çağırmış, burada parlament üç gün ərzində "Cənub bölgəsində ictimai asayişin bərpası" haqqında qərar qəbul etmişdir.[12] TMMR bu vaxta qədər talışlar arasında əhəmiyyətli dəstək əldə edə bilməmişdi.[5][29] 23 avqustda Heydər Əliyev televiziya ilə yeddi rayonun əhalisinə və oradakı silahlı qüvvələrə müraciət edərək Hümbətovu devirməyə çağırmışdır. Heydər Əliyevin bu çıxışından 1 gün sonra Ələkrəm Hümbətova qarşı Lənkəranda 10 min nəfərdən çox insanın iştirak etdiyi mitinq keçirilmişdir. Hümbətovun silahlıları parlament önündə yığışan kütləyə atəş açmış, etirazçılar isə binaya soxularaq Hümbətovu qaçmağa məcbur etmişdir.[9] Bəzi mənbələrə görə, mitinqdə mərkəzi hökumətə bağlı təhlükəsizlik qüvvələri də iştirak edirdi.[19] AXC qarşıdurma nəticəsində çoxlu itkilərin olduğunu, yerli xəstəxanaların ölü və yaralılar ilə dolu olduğunu bildirmişdir.[9] Mitinq iştirakçıları ilə Milli Qvardiya arasında baş verən toqquşmalarda 3 nəfər həlak olmuş, 7 nəfər isə yaralanmışdır.[22]

Xalq müqavimətinə əlavə olaraq, Azərbaycan Milli Ordusunun əsas hissələri də cənub rayonlarına cəlb edilmişdir[30][31] və hərbi müdaxilə nəticəsində mərkəzi hakimiyyət region üzərində nəzarəti bərpa etmişdir.[32]

Nəticə redaktə

Hümbətov böhran zamanı eks-prezident Ayaz Mütəllibovu (sağda) hakimiyyətə qaytarmaq istəyirdi və bu prosesdə keçmiş müdafiə naziri Rəhim Qazıyevin (solda) dəstəyini qazana bilmişdi.

Ələkrəm Hümbətov parlamentdən qaçdıqdan sonra Talış dağlarında gizlənmişdir.[12] O, buradan İrana qaçmış, lakin tezliklə Azərbaycana ekstradisiya edilmişdir.[5] Azərbaycanın təhlükəsizlik strukturlarından qaçan Ələkrəm Hümbətov həyat yoldaşı Südabə Rəsulovaya qarşı cinayət işi açılması, qardaşlarının həbs edilməsi səbəbilə təslim olmuş və bir neçə ay sonra öz evində həbs edilmişdir.[22] Əvvəlcə o, edam cəzasına məhkum olunmuş, lakin bu, sonradan ömürlük həbslə əvəz edilmişdir.[33] 20 sentyabr 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanmasından bir gün sonra Ələkrəm Hümbətov Rəhim Qazıyev və dövlətə xəyanətdə ittiham olunaraq məhkəmə qarşısına çıxarılan daha iki məhbusla birlikdə Azərbaycan təhlükəsizlik xidmətinin Bakıdakı təcridxanasından Moskvaya qaçmışdır.[34] Buna baxmayaraq, 1995-ci ilin avqustunda Azərbaycanın təhlükəsizlik qüvvələri tərəfindən ələ keçirilən[19] Ələkrəm Hümbətov 2004-cü ildə Avropa Şurasının təzyiqi ilə əfv edilmişdir.[33] O, qalan ömrünü Niderlandda yaşayaraq başa vurub.[35] TMMR ləğv edildikdən sonra 704-cü hərbi hissənin bəzi zabitlərinə qarşı cinayət işləri açılmışdır.[6]

Heydər Əliyev imzaladığı fərmanı ilə 23 avqustda həlak olanları Azərbaycanın Milli Qəhrəmanı elan etmiş və ailələrini dövlət dəstəyi ilə təmin etmişdir. Həmçinin o, efirdə onlar üçün bir dəqiqəlik sükut istəmişdir.[36] Lənkəran şəhərində "23 Avqust" meydanı açılmış və burada həlak olanların xatirəsi əbədiləşdirilmişdir.[37] Hər ilin 23 avqustunda burada həlak olanlar yad edilir.[38]

Böhran Qarabağ cəbhəsini müdafiəsiz buraxmışdı.[29] Bundan maksimum istifadə edən erməni qüvvələri iyulda Ağdama hücuma keçmiş və Qarabağın şimalının böyük hissəsini işğal etmişdir. Onlar daha sonra cənuba doğru irəliləmiş və növbəti ay Cəbrayıl şəhəri uğrunda döyüşlərə başlamışdır.[18] 3 dəfə əldən ələ keçən şəhər 20 avqustda tam olaraq erməni ordusu tərəfindən işğal edilmişdir.[39] Əlavə olaraq, Ələkrəm Hümbətovun İrana meylli siyasi mövqeyinə baxmayaraq, İran hökuməti böhrana müdaxilə etməmişdi.[30]

Professor Brüs Parrota görə, TMMR-nin etnik xarakteri əhəmiyyətli dərəcədə deyildi, eyni zamanda Azərbaycanın ərazi bütövlüyünə onun mövcudluğu ilə yaratdığı aşkar təhlükənin yeganə nəticəsi Ələkrəm Hümbətov və Surət Hüseynovu gözdən salması idi.[40] Bəzi müşahidəçilər hesab edir ki, bu hərəkat Ayaz Mütəllibovun yenidən hakimiyyətə gətirilməsi məqsədini daşıyırdı.[13][18]

İndiki dövrdə Azərbaycanda TMMR hərəkatına birmənalı separatizm kimi baxılır. Buna baxmayaraq, azərbaycanlı tarixçi Arif Yunusov bu fikirlə razılaşmır. O bildirmişdir ki, 1990-cı ildə Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparmış Ələkrəm Hümbətovun rəhbərliyi ilə Lənkəranda sovet hakimiyyəti ləğv edilmişdi. Üstəlik, o dövrdə Ələkrəm Hümbətov özünü milliyyətcə bir azərbaycanlı hesab edirdi və onun 1993-cü ildəki addımları siyasi xarakter daşıyırdı, eks-prezident Ayaz Mütəllibovun rəhbərlik etdiyi rusiyapərəst qüvvələrin hakimiyyətə gəlməsinə hesablanmışdı. Yunusov əlavə edir ki, Əliyevin xalqa müraciətindən sonra onun devrilməsində əsas rolu da talışlar oynamışdı.[41]

Mənbə redaktə

İstinadlar redaktə

  1. Rəşidvaş, 2013. səh. 218
  2. Məmmədov, 2018. səh. 157
  3. Demoscope
  4. 1 2 Svetoxovski, Kollins, 1999. səh. 122
  5. 1 2 3 4 Kornell, 2015. səh. 84
  6. 1 2 3 4 5 6 Şnirelman, 2003. səh. 118
  7. Babək, Vaysman və Vasserman, 2004. səh. 74
  8. Bölükbaşı, 2011. səh. 130
  9. 1 2 3 The New York Times, 1993. səh. 2
  10. Kornell, 2015. səh. 75
  11. 1 2 Bölükbaşı, 2011. səh. 15
  12. 1 2 3 4 Ter-Abrahamyan, 2005. səh. 123
  13. 1 2 Qolts, 1998. səh. 412
  14. Pınar, 2009. səh. 231
  15. Schmemann, 1993, The New York Times
  16. 1 2 Library of Congress
  17. Koyl, 2020. səh. 83
  18. 1 2 3 de Vaal. səh. 227
  19. 1 2 3 Bölükbaşı, 2011. səh. 207
  20. Şermatova, 2001. səh. 219
  21. Asatryan, Borciyan, 2005. səh. 45
  22. 1 2 3 4 Həmid, 2020
  23. Minahan, 2016. səh. 409
  24. 1 2 Ter-Abrahamyan, 2005. səh. 122
  25. The Associated Press, 1993. səh. A6
  26. Jiroxov, 2012. səh. 118
  27. 1 2 Musabəyov, 2012
  28. 1 2 3 Elnur, 2007
  29. 1 2 Sokor, 2005
  30. 1 2 Rasizadə, 1999. səh. 40
  31. Fərd, 2019. səh. 190
  32. Pınar, 2009. səh. 232
  33. 1 2 BBC, 2003
  34. Kornell, 2015. səh. 85
  35. BBC, 2013
  36. Qolts, 1998. səh. 413
  37. Süleymanova, 2014
  38. AzərTAc, 2013
  39. Jiroxov, 2012. səh. 274
  40. Parrot, 1995
  41. Yunusov, 2007. səh. 148–149

Ədəbiyyat redaktə


Saytda 177 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024