Telman Əliyev (professor, 1943) Haqqinda Melumat - Vikipedia

Telman Əliyev (professor, 1943) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Telman Əliyev (professor, 1940)

(Telman Əliyev (professor, 1943) səhifəsindən istiqamətləndirilmişdir)

Telman Xurşud oğlu Əliyev (3 aprel 1940, Qaryagin7 mart 2021,Bakı ) — Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat mexanikası kafedrasının professoru.

Telman Əliyev
Telman Xurşud oğlu Əliyev
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (80 yaşında)
Vəfat yeri Bakı
Vətəndaşlığı SSRİ SSRİAzərbaycan Azərbaycan
Elm sahəsi İnşaat mexanikası
Elmi dərəcəsi Texnika elmləri doktoru
Elmi adı Professor
İş yerləri Azərbaycan Memarlıq və İnşaat Universiteti
Təhsili Azərbaycan Politexnik İnstitutu
Üzvlüyü

Həyatı redaktə

Telman Xurşud oğlu Əliyev 3 aprel 1940-cı ildə Azərbaycan Respublikası Füzuli rayonunun Aşağı Rəfədinli kəndində ziyalı ailəsində anadan olmuşdur.[1]

Atası Xurşud Alı oğlu ixtisasca hesabdar olmuş və kolxozda baş mühasib işləmişdir. O, kəndin ziyalılarından olmuş, o vaxtlar Sovet hökumətinin yaratdığı savadsızlığın ləğvi kurslarında dərs demişdir. 1941-ci ildə 31 yaşında dünyasını dəyişmişdir. Anası Gülgəz Vəli qızı Mustafayeva 1912-ci ildə anadan olmuşdur. O, orta məktəbdə təhsil almaqla yanaşı evdə atası molla Vəlidən islam dininin əsaslarını öyrənmiş, Quran dərsi keçmişdir. O, 2003-cü ildə dünyasını dəyişmişdir.

Telman Əliyev 1948-ci ildə həmin kənddə orta məktəbə getmiş, 1958-ci ildə Böyük Pirəhmədli kənd orta məktəbini bitirərək, fərqlənmə ilə kamal atestatı almış və həmin il Azərbaycan Dövlət Politexnik İnstitutunun İnşaat fakültəsinin Sənaye və mülki tikinti şöbəsinə qəbul olunmuş, 1963-cü ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir.

Telman Əliyev Moskva Hərbi Mühəndislik Akademiyasının kafedra müdiri, Rusiya Federasiyasının Əməkdar elm və texnika xadimi A.P. Sinitsinin elmi rəhbərliyi ilə 28 yaşında dissertasiya müdafiə etmişdir. Onun birinci opponenti 12 ballıq seysmik şkalanın əsas müəllifi seysmoloq S.V. Medvedov olmuşdur.

Telman Əliyev 1967-ci ildə Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Ümumittifaq zəlzələyədavamlı qurğular üzrə konqresdə məruzə etmiş (sədr akademik M.T.Urazbayev) və onu Ümumittifaq zəlzələyədavamlı qurğular üzrə koordinasiya Şurasının üzvü seçmişlər.

Telman Əliyev 55 ildən artıq, Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat mexanikası kafedrasında çalışmışdır. O, 130 elmi əsərin, dövlət qeydiyyatından keçmiş (2003 və 2005-ci illər) iki kəşfin, patentləşdirdiyi 16 ixtiranın, 15 yeni modelin, 17 kitabın, 3 monoqrafiyanın, yüzlərlə elmi populyar əsərin müəllifi olmuşdur.

Alim, pedaqoq, publisist, Milli Ensiklopediyamızın elmi məsləhətçisi olan Telman müəllim uzun illər (1983-cü ildən) Azərbaycan Dövlət televiziyasının “Elm və həyat” verilişinin aparıcısı olub. O, bu verilişdə 45 böyük elmi məsələlərə aid verilişin ssenarisini özü yazmış və aparıcı olmuşdur.

Telman Əliyevin alim kimi ən böyük xidmətlərindən biri onun Bakı metrosunun naturada zəlzələyə davamlılığının sınaq üsulu ilə (eksperimental yolla) həyata keçirməsidir. Bu eksperimentdən sonra Bakıda baş vermiş Xəzər zəlzələsi (2000-ci il) onun aldığı nəticələri tamamilə sübut etdi. Metromuzda heç bir dağıntı, çat olmadı. Onun ən böyük əsərlərindən biri “Seysmik riskin azaldılmasının yeni metodu” konsepsiyasıdır. Bu metodu o, 2002-ci ildə Beynəlxalq konqresdə məruzə etmişdir. Sonra konqresin seçilmiş materiallarında çap olunmuşdur.

Telman Əliyev 2000-ci ildə sürüşmə hadisəsinə və onun aradan qaldırılmasına aid məqalə çap etdirmişdir. Bu məqalə də mütəxəssislərin böyük marağına səbəb olmuşdur. Telman Əliyev Azərbaycan Memarlıq və İnşaat Universitetində işləməklə bərabər uzun illərdir ki, AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzində də böyük elmi işçi vəzifəsində çalışır. Orada elmi-texniki şuranın üzvüdür. O, həmin elmi-texniki Şurada dəfələrlə antiseysmik qurğular nəzəriyyəsi sahəsində məruzə etmişdir.

Telman Əliyevin təklifləri respublika, Bakı və dünya miqyasında həyata keçmişdir. Bu da təsadüf deyildir. Telman Əliyev Azərbaycan İxtiraçılıq institutunu bitirmiş, özü də ixtiraçıdır. İxtira qarşısında üç tələb qoyulur. Bunun biri odur ki, ixtira dünya yeniliyi olmalıdır. Telman Əliyev Nobel mükafatı Komitəsinin ekspertidir (2010-cu ildən). Onun yeni konsepsiyaları və kəşfləri 16 dekabr 2010-cu il tarixində Nobel mükafatına təqdim olunmuşdur.

O, işlədiyi universitetdə 15 il dekan müavini, 10 il isə onun təşəbbüsü ilə yaranan tikinti–iqtisad fakültəsində dekan olmuşdur. Bu 55 ildə o, Azərbaycan xalqının 3 nəslinə mühəndislik dərsi demişdir. Onun tələbələri ordu halındadır. Onların arasında generallar, istehsalat komandirləri, Rusiya Federasiyasının Əmək qəhrəmanları, Əməkdar inşaatçı və mühəndisləri də vardır. Onlar öz müəllimləri ilə görüşürlər. Telman müəllim deyir ki, bu tələbələrim mənim böyük sərvətimdir.

Telman Əliyev öz əsas iş yeri ilə bərabər bir müddət AMEA-nın orqanı olan “Elm və həyat” jurnalında da texniki elmlər şöbəsinin müdiri vəzifəsində çalışmış və həmin jurnalda rubrika açmış və çoxlu məqalələr yazmışdır.

Telman Əliyev I Qarabağ müharibəsinin veteranıdır.

Telman Əliyev erməni faşizmini ifşa edən silsilə məqalələrin müəllifidir. Bu məqalələrin bir çoxu 2 dildə (Azərbaycan və rus) çap olunan və keçmiş SSRİ-nin digər 14 müttəfiq respublikasına, o cümlədən Ermənistana da göndərilən "İnşaatçı" qəzetində çap olunmuşdur:

“Həqiqət bir olar” ( İnşaatçı qəzeti,3 dekabr, 1988),

“Müxtar vilayətin ayrılmaq statusu yoxdur!” (İnşaatçı qəzeti, fevral,1989),

“Qabaqdangəlmişlik” (İnşaatçı qəzeti, 1989),

Nuykinin “gündəliyi” (İnşaatçı qəzeti, 23 noyabr 1991-ci)

Ailəsi redaktə

Telman Əliyev ailəlidir. Həyat yoldaşı Nazilə İbrahim qızı Əliyeva təqaüdçüdür.

Oğlu Rövşən Telman oğlu Əliyev (1973) orta məktəbi qızıl medalla, Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmiş, riyaziyyatçıdır, 26 yaşında fizika-riyaziyyat elmləri namizədi, 2017-ci ildə isə riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsini almışdır, 2019-cu ildən professordur. O, 2006-cı ildə Nobel mükafatı laureati Abdus Salamın adını daşıyan Beynəlxalq Nəzəri Fizika Mərkəzində (İtaliya) olmuş, üç il Türkiyədə Trabzon universitetində dosent işləmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında "Təbiət elmləri" şöbəsinin müdiri vəzifəsinə çalışmışdır. Hazırda BDU-nun Əməliyyatlar tədqiqi və ehtimal nəzəriyyəsi kafedrasının müdiridir.

Qızı Nüşabə Telman qızı Əliyeva (1975) orta məktəbi qızıl medalla, Azərbaycan Tibb universitetini fərqlənmə diplomu ilə bitirmişdir. Hazırda Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında Tibb xidmət polkovnik-leytinantı rütbəsində, şöbə rəisi vəzifəsində çalışır.

Qızı Günay Telman qızı Məmmədova (1980) orta məktəbi qızıl medalla bitirmiş, Bakı Dövlət Universitetinin biologiya fakültəsini və həmin fakültənin magistraturasını fərqlənmə diplomu ilə bitirmişdir. AMEA Botanika İnstitutunun dissertantı olmuş, hazırda biologiya üzrə fəlsəfə doktorudur. Hazırda Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının tabeliyində "Mərkəzi Nəbatət Bağı"nda Bioloji kolleksiyalar şöbəsinin müdiridir.

Üzvlükləri redaktə

  • Zəlzələyədavamlı qurğular üzrə ümumittifaq koordinasiya Şurasının üzvü (1967)
  • Azərbaycan Dövlət Televiziyasında yayımlanan “Elm və həyat” verilişinin aparıcısı (1983-1988)
  • AMEA-nın orqanı olan “Elm və həyat” jurnalında  texnika elmləri şöbəsinin müdiri (1977-1980)
  • Birinci Qarabağ Müharibəsinin veteranı (1993)
  • Azərbaycan Yazıçılar Birliyinin üzvü (1994)
  • Bakı Şəhər Sovetinin deputatı (1993-1998)
  • Üzeyir bəy Hacıbəyli Cəmiyyətinin üzvü (1994)
  • Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki (1996)
  • Beynəlxalq Ekoenergetika Akademiyasının elmlər doktoru, professorudur (1996).
  • Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1999)
  • Milli Geofizika Komitəsinin üzvü (1999)
  • Tikinti-İqtisad fakültəsinin dekanı (1992-2001)
  • Azərbaycan Seysmoloqlar Assosiasiyası Rəyasət Heyətinin üzvü (1999)
  • Ukrayna İnşaat Akademiyasının akademiki (2000)
  • Zadə İrsi və Süni İntellekt Assosiasiyası Rəyasət Heyətinin üzvü (2005)
  • Lütfi Zadə adına Beynəlxalq Elmlər Akademiyasının akademiki (2008)
  • Həsən bəy Zərdabi adına dünya Azərbaycanlılar Xeyriyyə Cəmiyyətinin üzvü (2009)
  • Azərbaycan Respublikası Ağsaqqallar Şurasının Elm-Təhsil Komissiyasının sədri (2010)
  • Nobel mükafatı komitəsinin Azərbaycan üzrə eksperti (2010)

Mükafatları redaktə

  • Akademik Yusif Məmmədəliyev adına mükafat və medal (1993)
  • Nobel mükafatı laureatı, akademik Basovun imzası ilə fəxri fərman
  • Bilik cəmiyyətinin döş nişanı (İki dəfə, Moskva)
  • Beynəlxalq Ekoenergetika Akademiyasının qızıl medalı (1999)
  • Azərbaycan Təhsil Nazirinin fəxri fərmanı (2000, 2005-ci illər)
  • Qabaqcıl təhsil işçisi  (2000, 2005-ci illər)
  • "Dünyanın 500 elm Lideri" nominasiyasının qalibi ordeni (ABŞ, 2002),
  • Respublika Təhsil Cəmiyyətinin birinci mükafatı (2003)
  • "Dünyanın İntellektual Lideri" qızıl medalı (ABŞ, 2004)
  • Azərbaycan Respublikası Ağsaqqallar Şurasının fəxri fərmanı (2010)
  • Akademik Zahid Xəlilov adına mükafat almışdır (2018)

İstinadlar redaktə

  1. "Dünyanın intellektual lideri- Telman Əliyev". Manevr.az. 2023-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-22.

Saytda 90 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024