Uran əməliyyatı Haqqinda Melumat - Vikipedia

Uran əməliyyatı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Uran əməliyyatı

Uran əməliyyatı (rus. Опера́ция «Ура́н») — İkinci dünya müharibəsi ərzində 1942-ci ilin 19-23 noyabr tarixləri aralığında Sovet qoşunlarının 6-cı alman ordusu və 4-cü tank ordusu, həmçinin 3-cü və 4-cü rumın ordularına qarşı hücuma keçdiyi strateji əhəmiyyətli əməliyyat. Əməliyyat beş ay davam edən Stalinqrad döyüşünün ortasından etibarən başlanmışdır və məqsədi Stalinqradın içərisində və ətrafında yerləşən alman qoşunlarını məhv etməkdən ibarət idi. Əməliyyatla əlaqədar planlar 1942-ci ilin sentyabr ayında hazırlanmağa başlanmışdır. Əsas olaraq Qafqazdakı alman qüvvələrini və Stalinqrada hücuma hazır vəziyyətdə olan B Ordular Qrupunu eyni vaxtda mühasirəyə almaq və məhv etmək planlanmışdı. Qırmızı Ordu alman qüvvələrini Stalinqrad daxilində güclü döyüşlərə cəlb etməyi bacarmışdı ki, bu da qarşı tərəfin gücünü zəiflətmiş və onu psixoloji olaraq sarsıtmışdı. Digər tərəfdən də müttəfiq qoşunların cinahlarının müdafiəsi zəif təchizatlı və çox geniş əraziyə yayılmış macar, rumın və italyan qoşunları tərəfindən qorunurdu. Sovet qoşunlarının hücumu da məhz rumın qüvvələrinin yerləşdiyi cəbhədən başlanmışdır. Həmçinin, bu birliklərin Sovet hücumunun qarşısını ala biləcək ağır silahları ya yox idi, ya da yetərsiz sayda idi.

Uran əməliyyatı
İkinci dünya müharibəsində Şərq cəbhəsiStalinqrad döyüşü
Tarix 19–23 noyabr 1942-ci il
Yeri Stalinqrad (indiki Volqoqrad) yaxınlığında
Nəticəsi Sovet qoşunları qələbə qazandı
Nasist qoşunları mühasirəyə düşdü
Münaqişə tərəfləri

SSRİ SSRİ

Nasist Almaniyası
Rumıniya Rumıniya Krallığı
İtaliya Krallığı
Macarıstan Krallığı

Komandan(lar)

SSRİ İosif Stalin
SSRİ Semyon Timoşenko
SSRİ Konstantin Rokossovski
SSRİ Aleksandr Vasilevski
SSRİ Nikolay Vatutin

Üçüncü Reyx Adolf Hitler
Üçüncü Reyx Fridrix Paulus
Rumıniya Petre Dumitresku

Tərəflərin qüvvəsi
  • 1,143,500 nəfər şəxsi heyət (ehtiyat qüvvə də daxil olmaqla)
  • 894 tank
  • 13,451 artilleriya qurğusu
  • 1500 təyyarə

Alman qoşunları:

  • 250,000+ nəfər şəxsi heyət
  • Bilinməyən sayda artilleriya
  • 732 təyyarə (402-si xidmətə hazır vəziyyətdə)

İtalyan qoşunları:

  • 220,000 nəfər şəxsi heyət
  • Bilinməyən sayda artilleriya və aviasiya

Rumın qoşunları:

  • 143,296 nəfər şəxsi heyət
  • 827 artilleriya qurğusu
  • 134 tank
  • Bilinməyən sayda təyyarə

Macar qoşunları:

  • 200,000 nəfər şəxsi heyət
  • Bilinməyən sayda artilleriya və aviasiya[1]
İtkilər

Bilinmir

Bilinmir

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qafqazdakı neft ehtiyatlarının və Stalinqradın işğalını qarşısına məqsəd qoyan alman qoşunları 1942-ci ilin yazına qədər ələ keçirdikləri əraziləri müdafiə etməkdə çətinlik çəkirdi. Ortaya çıxan bu problem Qərbi Avropadan gətiriləcək bir neçə mexanikləşdirilmiş divizionun həmin istiqamətlərdə yerləşdirilməsi ilə aradan qaldırıla bilərdi. Həmçinin, bölgədə bir neçə ay boyunca döyüşmək məcburiyyətində qalan birliklər, xüsusilə də Stalinqradda yerləşənlər tükənmiş vəziyyətdə idi. Rumın qoşunlarının yerləşdiyi cəbhə xətti üçün ehtiyat olaraq təkcə almanlara məxsus 48-ci tank korpusu ayrılmışdı. Həmin tank korpusu da bir tank diviziyası və 29-cu mexanikləşdirilmiş diviziyadan ibarət idi. Buna qarşı olaraq isə Sovet İttifaqı tərəfindən Stalinqrad ətrafındakı döyüşlərə başlamaq məqsədilə bir milyondan çox hərbçi hazır vəziyyətə gətirilmişdi. Sovet qoşunlarının hücum nöqtəsinə gətirilməsi mütləq gizli şəkildə həyata keçirilməli idi. Bu isə çox incə planlaşma işləri tələb edirdi. Ön xətdəki qoşunların təchizatında problemlər yarandığına görə Uran əməliyyatı 8 noyabrdan 17 noyabr tarixinə təxirə salındı. Daha sonra əməliyyat müəyyən problemlər səbəbilə ikinci dəfə təxirə salındı və yekun vaxt olaraq 19 noyabr müəyyən olundu.

Şimal istiqamətində yerləşən Sovet qüvvələri 19 noyabr səhəri, Moskva vaxtı ilə saat 07:20-də hücuma başladı. Cənub istiqamətində yerləşən bölmələr isə bir gün sonra əməliyyata qoşuldu. 3-cü və 4-cü rumın orduları ilk hücumları uğurla dəf edə bilsə də, 20 noyabr axşamı dağınıq şəkildə geri çəkilməyə başladılar. Sovet qoşunları müqavimət göstərməyə cəhd edən bir neçə alman diviziyasının ətrafından dolaşaraq hücum əməliyyatını davam etdirdilər. Alman çevik ehtiyat qüvvələri isə Sovet qoşunlarının qarşısını kəsəcək gücə sahib deyildi. Stalinqradda yerləşən 6-cı alman ordusu zirehli qüvvələrini cəld şəkildə bölgəyə çatdıra bilmədi. Sovet birlikləri 22 noyabrda Don çayının şərqində qalan 290 min nəfərlik alman qoşunlarını mühasirəyə aldı. Hitler mühasirənin yarılması hərəkatı əvəzinə qoşunların Stalinqradda müdafiədə qalmasına qərar verdi. Bu irəliləyişlərin ardınca hər iki tərəfin üst komandanlıqları növbəti əməliyyatları planlaşdırmağa başladılar.

Arxa plan redaktə

28 iyun 1942-ci ildə Vermaxtın Cənub Ordular Qrupu "Mavi vəziyyət" kod adı altında Sovet qüvvələrinə qarşı hücum əməliyyatına başlamışdır.[2] Qırmızı Ordunun müdafiə xəttini yarmağı bacaran alman qoşunları 13 iyulda Rostov şəhərini mühasirəyə alaraq ələ keçirdilər.[3] Hitler Rostovun ələ keçirilməsinin ardınca hücum əməliyyatını iki hissəyə ayırdı. Belə ki, Hitlerin qərarına əsasən alman qüvvələrinin bir qismi Rusiya SFSR-nın cənubunda yerləşən Stalinqrad üzərinə hücuma keçməli, qoşunların digər hissəsi isə Sovet İttifaqının əsas neft yatağı hesab edilən Qafqazı işğal etməli idi.[4] Stalinqradı ələ keçirmək vəzifəsi 6-cı alman ordusuna tapşırılmışdı. Həmin hərbi birləşmə hücum əmri aldıqdan dərhal sonra Lüftvaffenin 4-cü flotiliyasının güclü hava dəstəyi ilə Volqa çayı istiqamətində irəliləməyə başladı.[5] 7 avqust tarixində alman qoşunlarının iki tank korpusu cinahlardan hücuma keçərək Sovet qoşunlarının 50 min nəfər şəxsi heyətini və 1000-ə yaxın tankını mühasirəyə aldı. 22 avqustda Volqa çayını keçən alman qüvvələri Volqa istiqamətindəki hücum tapşırığını uğurla tamamladı.[6] Növbəti gün 6-cı alman ordusunun kəşfiyyat dəstələrinin şəhərətrafı ərazilərə daxil olması ilə Stalinqrad döyüşü başlandı.[7]

 
Sovet İttifaqı ərazisində irəliləyən alman qoşunları, 1942-ci ilin iyunu

Noyabr ayına qədər Stalinqradın böyük bir hissəsini ələ keçirməyi bacaran almanların hücumu nəticəsində Sovet qoşunları öz müdafiə mövqelərini Volqa çayı sahilinə qədər geri çəkməli olmuşdu.[8] Bu mərhələdə Stalinqrad ətrafındakı müttəfiq qüvvələri hədəf alacaq Sovet hücumu ilə əlaqədar əlamətlər ortaya çıxırdı. Bunlar 6-cı Ordunun cinahlarına qarşı artan Sovet hücumları və ələ keçirilən əsirlərin sorğusundan əldə edilən məlumatlar idi.[9] Buna baxmayaraq, alman komandanlığı Stalinqradı ələ keçirərək hücum əməliyyatını başa çatdırmaq haqqında fikirləşirdi.[10] Alman ordusunun Baş Qərargah rəisi Franz Halderin 6-cı Ordu və 4-cü tank ordusunun həddən artıq uzanmış cinahlarında yaranmış təhlükə barəsində diqqət çəkmək istəyi onun sentyabr ayında vəzifədən qovulması ilə nəticələndi.[11] Sentyabr ayının əvvəllərində Sovet yüksək komandanlığı (Stavka) cənubda Stalinqrad və Qafqazda döyüş vəziyyətindəki və mərkəz hissədə yerləşən müttəfiq qoşunları mühasirəyə alaraq məhv etmək məqsədilə əks-həmlə əməliyyatı üzərində işləməyə başladı.[12] Son nəticədə, Stalinqradı azad edəcək qoşunları idarə etmək vəzifəsi general Aleksandr Vasilevskiyə tapşırıldı.[13]

Stavka Stalinqrad və Qafqaz üçün iki genişmiqyaslı əməliyyat hazırladı ki, bunlar da müvafiq olaraq Uran və Saturn kod adı daşıyırdı. Bunlarla birlikdə, almanların Mərkəz Ordular Qrupunun cənub istiqamətinə əlavə qüvvə göndərməsinin qarşısını almaq və həmin qüvvələrə mümkün olduqca ağır itki verdirmək məqsədilə "Mars" əməliyyatı hazırlandı.[14] Uran əməliyyatı Sovet qoşunlarının mexanikləşdirilmiş və piyada qüvvələrin iştirakı ilə Stalinqrad ətrafındakı alman və digər müttəfiq qoşunları birbaşa mühasirəyə almaq məqsədi ilə planlanmışdı.[15] Hücum cəbhələri 6-cı alman ordusu tərəfindən cəld şəkildə kömək göndərilməyəcək qədər uzaqda müəyyən edilmişdi. Hücumun məqsədi qarşı tərəfi biri iç, biri çöl tərəfdən olmaqla ikiqat mühasirəyə almağı nəzərdə tuturdu.[16] Çöl mühasirə qurşağı alman müdafiəsinin arxa xəttinə daha dərinləməsinə girdiyi halda, iç mühasirə qurşağı mühasirəyə alınan müttəfiq qüvvələrini məhv edəcək əsas zərbə gücü hesab olunurdu. Qırmızı Ordu hazırlıqlarını davam etdirərkən alman yüksək komandanlığı Mərkəz Ordular Qrupu cəbhəsinə qüvvə yığmaqda olan Sovet Ordusunun eyni anda cənubda da hücuma keçəcəyini düşünmürdü.[17]

Qüvvələrin müqayisəsi redaktə

Berlin-Roma-Tokio oxu redaktə

"Mavi vəziyyət" səbəbilə alman və digər müttəfiq qüvvələri 480 km-dən də uzun cəbhə xəttinə yayılmışdı. Dərinlik isə bir neçə yüz kilometr idi. Stalinqradı ələ keçirmək qərarı isə mövcud cəbhə xəttinin daha da uzanması ilə nəticələndi. Məsələn, 6-cı alman ordusu iyul ayının əvvəlində 160 km uzunluğunda cəbhə xəttinə sahib olduğu halda, hücum əməliyyatlarından sonra cəbhənin uzunluğu 400 km-ə çatırdı.[18] Cənub Ordular Qrupundan ayrılan B Ordular Qrupu (Qafqaz istiqamətində hücum əməliyyatında iştirak edəcək digər parça A Ordular Qrupu olaraq müəyyən edilmişdi) kağız üzərində güclü görünürdü.[19] Ordular Qrupunun tabeçiliyində 2-ci və 6-cı alman orduları, 4-cü tank ordusu, 3-cü və 4-cü rumın orduları, 8-ci italyan ordusu, həmçinin 2-ci macar ordusu yerləşirdi.[20] Sonradan, B Ordular Qrupuna 48-ci tank korpusu qatıldı. Həmin korpus bir tank diviziyası və ehtiyat qüvvə olaraq nəzərdə tutulmuş bir piyada diviziyasından ibarət idi. Əməliyyat zamanı cinahlar alman olmayan müttəfiq qoşunlar tərəfindən tutuldu, alman birlikləri isə həm Stalinqrad, həm də Qafqaz istiqamətlərində əsas zərbə gücü kimi istifadə olundu.[21]

 
6-cı alman ordusunun komandiri general Fridrix Paulus

Adolf Hitler müttəfiq qüvvələrin cinahları qoruya biləcəyini düşünürdü.[22] Reallıqda isə həmin birliklər zəif və kifayət qədər təchizatı olmayan birliklər idi. Məsələn, həmin birliklərə aid artilleriya qurğuları atlar tərəfindən çəkilirdi. Digər tərəfdən də zabitlər tərəfindən verilmiş hərbi təlimin kifayət etməməsi səbəbindən psixoloji olaraq zəif hesab olunurdular.[23] Zirehli birliklər baxımından 1-ci rumın zirehli diviziyasının tabeçiliyində təqribən 100 ədəd çex istehsalı Panzer 35(t) tankı mövcud idi ki, bu tankların da əsas silahı hesab olunan 37 mm-lik topları Sovet istehsalı T-34 tankları qarşısında təsirli olmurdu.[24][25] 37 mm-lik tank əleyhinə silahlar da köhnə model idi və sursat ehtiyatı kifayət qədər deyildi.[26] Yalnızca, təkidli tələblərdən sonra Almaniyadan bu birliklər üçün hər diviziyaya altı ədəd olmaqla 75 mm-lik tank əleyhinə silahlar göndərildi.[27] Cinahlardakı müdafiənin digər bir zəif cəhəti də bu birliklərin çox uzun cəbhə xəttini tutmasında idi. Məsələn, 3-cü rumın ordusu 140 km-lik, 4-cü rumın ordusu isə 270 km-lik cəbhə xəttini tuturdu. İtalyan və macar orduları isə həmin iki rumın ordusunun arasındakı cəbhə xəttində mövqe tutmuşdu. Alman komandirlər bu birliklərin müharibə potensialını zəif olaraq görürdü.[28]

Alman qüvvələri ümumi götürdükdə, Sovet qoşunları ilə aylarla davam edən döyüşlər nəticəsində bir qədər zəifləsə də, daha yaxşı vəziyyətdə idi. Stavka yeni ordular formalaşdırdığı halda, alman komandanlığı mövcud birlikləri qorumağa çalışırdı. Həmçinin, 1942-ci ilin may və noyabr ayları aralığında alman qoşunları hücum əməliyyatlarını davam etdirdiyi bir vaxtda Vermaxtın iki elit motoatıcı diviziyası hesab edilən "Leybştandart" və "Böyük Almaniya" diviziyaları Fransada ingilislərin desant əməliyyatına qarşı mübarizə aparmaq məqsədilə Qərbi Avropaya göndərilmişdi.[29] Digər tərəfdən, 6-cı alman ordusu Stalinqradın içində baş vermiş döyüşlər ərzində ciddi itkilər vermişdi.[30] Eyni şəkildə, almanların 22-ci tank diviziyasının texniki təchizat baxımından vəziyyəti 1-ci rumın zirehli diviziyasından daha yaxşı deyildi.[31] Alman birlikləri də müdafiə cəbhəsində çox uzun cəbhə xəttinə yayılmış vəziyyətdə idi. Məsələn, 11-ci ordu korpusu təqribən 100 km uzunluğunda olan cəbhə xəttini qorumağa cavabdeh idi.[32]

Sovet redaktə

Qırmızı Ordu qarşıdan gələn hücum əməliyyatı üçün bölgəyə 1.1 milyon nəfər şəxsi heyət, 804 tank, 13400 artilleriya qurğusu və minə yaxın təyyarə yerləşdirmişdi. 3-cü rumın ordusu qarşısında yerləşən Sovet qüvvələrinə 5-ci tank ordusu, 21-ci ordu və 65-ci ordu daxil idi ki, həmin birliklərin də əsas vəzifəsi cinahdakı düşmən qoşunlarını dağıtmaqdan ibarətdi.[33] Almanların müdafiə xəttinin cənub istiqaməti isə Stalinqrad cəbhəsinin 51-ci və 57-ci orduları, həmçinin 13-cü və 4-cü mexanikləşdirilmiş korpusları tərəfindən hədəf olaraq seçilmişdi. Bu qüvvələr 4-cü rumın ordusunun müdafiə xəttinə hücum etməli və Kalaç yaxınlığında 5-ci tank ordusu ilə təmas qurmalı idi.[34] Ümumilikdə, Sovet rəhbərliyi tərəfindən bölgəyə 11 ordu, həmçinin müxtəlif müstəqil tank diviziyaları və korpusları toplanmışdı.[35]

Hücum hazırlıqları planlandığı kimi idarə olunmadı, bəzi birliklərin əməliyyat ərazisinə çatdırılmasında müəyyən problemlər yarandı. Bunun nəticəsində Sovet rəhbərliyi hücum vaxtını uzadaraq 8 noyabr tarixinə təxirə saldı.[36] Bu arada cəbhədə yerləşən birliklər qarşı tərəfin hücumunun qarşısını almaq üçün bir neçə təlimdə iştirak etmişdir.[37] Bu təlimlərdə düşmənin əks-həmlə əməliyyatının ardınca mexanikləşdirilmiş qüvvələrlə birlikdə düşmən arxasına sızma tapşırıqları icra olunurdu. Bu manevrlər yanıltma-gizləmə önləmləri ilə maskalanmışdı.[38] Yanıldıcı əməliyyatlara misal olaraq, diqqəti fərqli istiqamətə çəkmək məqsədi daşıyan müdafiə istehkamları, əsas körpüləri diqqətdən yayındıran Don çayı üzərində qurulan saxta körpülər göstərilə bilər.[39] Digər tərəfdən Qırmızı Ordu əsas hücumun şərq cəbhəsinin mərkəz hissəsində olacağı görünüşü vermək üçün Mərkəz Ordular Qrupu istiqamətində hücumları intensivləşdirdi və bölgədə aldadıcı manevrlər yerinə yetirdi.

Cəbhəyə göndərilən 38 istehkam taboru sursat ehtiyatı, şəxsi heyət və tankların Volqa çayı üzərindən keçirilərək döyüş bölgəsinə çatdırılmasına cavabdeh idi. Digər tərəfdən də kiçik miqyaslı kəşfiyyatla yaxınlaşan hücumun cəbhə xətti boyunca yarma nöqtələri müəyyən olundu. Üç həftə ərzində Volqa çayı üzərindən təqribən 111 min hərbçi, 420 tank və 556 artilleriya qurğusu qarşı tərəfə keçirilmişdir.[40]

Hücumun başlanğıcına yaxın hesab olunan 17 noyabr tarixində general Vasilevski Moskvaya dəvət olundu. Çağrılma səbəbi isə 4-cü mexanikləşdirilmiş korpusun komandiri general Vasili Volskinin birbaşa Stalinə yazdığı məktub olmuşdu.[41] General Volski əməliyyat üçün təhkim olunan qoşunların vəziyyəti səbəbilə hücumun uğursuz olmağa məhkum olduğuna inanır və əməliyyatın təxirə salınmasını və yenidən təşkil olunmasını inadla təklif edirdi.[42] Bir çox birlik qış geyimi ilə təchiz olunmamış, nəticədə bir çox Sovet əsgəri donaraq ölmüşdü.[43] Sovet kəşfiyyatı müttəfiq qoşunların cəbhə xəttindəki düzülüşü haqqında məlumat əldə etməyə cəhd etsə də,[44] 6-cı alman ordusunun vəziyyəti barədə kifayət qədər məlumat əldə edə bilməmişdilər.[45] Sovet Ordusunun komandanları əməliyyatın təxirə salınması məsələsində general Vasilevskini dəstəkləyirdi. Stalin general Volski ilə birbaşa telefonla əlaqə saxladı və əmr aldıqda vəzifəsini tam şəkildə yerinə yetirəcəyi barədə söz aldı.[46]

Sovet hücumu redaktə

Əməliyyatın əvvəlcə 17 noyabrda başlaması nəzərdə tutulsa da, sonradan general Georgi Jukovun aviasiya birliklərinin döyüşə hazır vəziyyətdə olmaması barədə məruzəsindən sonra əməliyyatın başlama tarixi 19 noyabr olaraq müəyyən olundu.[47][48] Leytenant Gerhard Stök 19 noyabr səhəri erkən saatlarda kəşfiyyat məlumatı əldə edir. Kəşfiyyat məlumatına əsasən elə həmin gün səhər saat 5-dən sonra düşmən hücumunun olacağı güman edilirdi. Lakin, bu məlumat qeyd olunan vaxtdan sonra ona çatdırıldığına görə general Paulusun Baş Qərargah rəisi general Artur Şmidti bu yanlış həyəcan siqnalı ilə qaldırmaq istəmədi.[49] Beləliklə, bu kəşfiyyat məlumatı rumın ordularına çatdırılmadı. Sovet Ordusunun komandanlarının bir qismi hava şəraitinin çox sisli olması səbəbilə görüş məsafəsinin aşağı səviyyədə olmasını səbəb gətirərək bu vəziyyətin hazırlıq bombardmanının təsirini azaldacağına görə əməliyyatın növbəti dəfə təxirə salınmasını təklif etməsinə baxmayaraq, cəbhə komandirləri əməliyyata başlamaq qərarı verdilər.[50] Moskva vaxtı ilə saat 07:20-də Sovet artilleriya komandirləri "Siren" şifrəli əmri aldılar. Əmrə əsasən alman ordusunun cinahlarını mühafizə edən qeyri-alman hərbi birləşmələrin yerləşdiyi mövqelərin 80 dəqiqə ərzində atəşə tutulması nəzərdə tutulurdu.[47][51] Saat 07:30-da "Katyuşa" raketləri ilə ilk atəş açıldı və bunun ardınca 3500-ə yaxın artilleriya və minaatan qurğusu vasitəsilə 6-cı alman ordusunun şimal istiqamətində yerləşən 3-cü rumın ordusunun mövqeləri güclü atəşə məruz qaldı.[52] Sovet artilleriyasının həftələrlə davam edən təlimləri onların düşmən mövqelərinə dəqiq zərbələr endirməsinə böyük köməklik göstərdi.[53] Artilleriyanın çox güclü effekti oldu. Belə ki, aramsız artilleriya atəşi nəticəsində Sovet qoşunları qarşı tərəfin kommunikasiya xətlərini, sursat anbarlarını və ön xətdəki müşahidə nöqtələrini darmadağın etdi. Bombardmandan sağ çıxmağı bacaran rumın hərbçilərin çoxu geriyə çəkilməyə başladı. Rumınların artilleriya mövqelərini və ikinci eşalon birliklərini hədəf alan Sovet ağır artilleriya birlikləri geri çəkilən rumın hərbçiləri də atəşə tuturdu.[54]

3-cü rumın ordusuna qarşı: 19 noyabr redaktə

3-cü rumın ordusuna qarşı hücum saat 08:50-də Sovet qoşunlarının 21-ci və 65-ci orduları, həmçinin 5-ci tank ordusunun iştirakı ilə başladı.[55] İlk iki hücumun qarşısı rumınlar tərəfindən alındı.[56] Sovet ağır artilleriyasının bombardmanının təsiri nəticəsində meydana çıxan çuxurlar və minalanmış ərazi Sovet zirehli birliklərinin irəliləyişinə mane olurdu. Buna baxmayaraq, rumınların ağır tank əleyhinə artilleriyaya sahib olmaması onların müdafiə xəttinin çökməsinə səbəb olub. Sovet 4-cü tank korpusu və 3-cü süvari korpusu günorta saatlarında cəbhəni iki istiqamətdə yarmağı bacardı. Qısa müddət sonra, 8-ci süvari korpusunun ardınca 5-ci tank ordusu da 2-ci rumın korpusunun müdafiə xəttini keçdi.[57] Sovet zirehli birlikləri qatı dumanlı hava şəraitində kompasdan istifadə edərək alman və rumınların artilleriya mövqelərini məhv edərək irəliləyirdi. Üç rumın piyada diviziyaları qarışıq halda geri çəkilərkən, 3-cü rumın ordusu şərq və qərb cinahlardakı mövqelərini tərk etdi.[58] Sovet hücumu barədə xəbər gəldikdən sonra 6-cı alman ordusunun baş qərargahı əvvəlcədən Stalinqrad daxilində döyüşlərdə iştirak edən 16-cı və 24-cü tank diviziyalarını rumınların müdafiəsini dəstəkləmək üçün geri çağırmaq əvəzinə zəif təchiz olunmuş 48-ci tank korpusunu bu vəzifəni icra etməsi üçün cəbhə xəttinə göndərdi.[59][60]

48-ci tank korpusunun Sovet zirehli birliklərinə müqavimət göstərmək potensialı olan 100-dən az istifadəyə yararlı vəziyyətdə olan müasir tankı var idi. Bundan əlavə olaraq, benzin çatışmazlığı və tankların kəmiyyət cəhətdən azlığı komandirləri tank heyətini piyada alayları içində təşkil etməkdə mane olurdu. Korpusun tabeçiliyində olan diviziyalardan biri olan 22-ci tank diviziyası döyüşlərin sonunda demək olar ki, tamamilə məhv edilmişdi.[61] 22-ci tank diviziyası döyüşlərə 30-dan az tankla qatılmışdı və döyüşlərdən sonra cəmi bir tank bölüyü sağ qalmışdı.[62] Korpusun digər bir diviziyası olan 1-ci rumın zirehli diviziyası digər alman komandirlərlə əlaqəni itirməsindən sonra Sovet qoşunlarının 26-cı tank korpusu ilə döyüşə girdi və 20 noyabrda məğlubiyyətə uğradı.[63] Sovet tankları cənub istiqamətində irəliləyərkən getdikcə pisləşən qar fırtınası səbəbilə silahların görüşünün demək olar ki, bağlanması nəticəsində tank heyətləri ciddi çətinliklərlə üzləşirdi. Bu vəziyyətdə bir çox tank çəkiş gücünü itirdi.[64] Digər tərəfdən, çovğun nəticəsində alman korpusu da idarəetməni itirmişdi.[65]

3-cü rumın ordusu 19 noyabr gün sonundan etibarən dağılmağa başlamışdı.[63] Sovet 21-ci ordusu və 5-ci tank ordusu döyüşlərin gedişində 27 min rumın hərbçini əsir götürərək, cənub istiqamətində irəliləməyə davam edirdi.[66] Sovet süvari birlikləri müdafiəni yarmaqla əldə edilən uğuru genişləndirməkdə, rumın ordusu ilə 8-ci italyan ordusu arasındakı təması və əlaqəni kəsməkdə, həmçinin Sovet qoşunlarının cinahlarına baş verə biləcək hücumun qarşısını kəsməkdə istifadə olunurdu.[67] Əslində, 376-cı alman piyada diviziyasının cinahında mövqe tutan 1-ci rumın süvari diviziyasının geri çəkilməsi nəticəsində Sovet 65-ci ordusu alman mövqelərinin ətrafından dolaşaraq irəli hərəkətinə davam etmişdir.[68] Alman birliklərinin 19 noyabrda gec reaksiya verməsi nəticəsində 6-cı alman ordusunun cənub cinahında Sovet qoşunlarının hücumu daha da intensivləşdi.[69]

Cənub cəbhəsi: 20 noyabr redaktə

Stavka 20 noyabr səhəri erkən saatlarda telefonla Stalinqrad Cəbhəsi komandanı general Andrey Yeryomenko ilə əlaqə saxlamış və öz hücumunun əvvəlcədən planlaşdırıldığı kimi saat 08:00-da başlayıb başlamayacağını soruşmuşdur. General isə duman çəkildikdən sonra hücuma keçəcəklərini bildirmişdir. 51-ci ordunun vaxtında hazırlıq atəşi açmasına baxmayaraq, cəbhə qərargahı diviziya ilə əlaqə yarada bilmədiyinə görə digər qüvvələr saat 10:00-da hücuma keçmək barədə əmr aldılar. 6-cı rumın korpusu ilə döyüşə girən 51-ci Sovet ordusu qarşı tərəfdən çox sayda əsir götürdü. 57-ci ordu saat 10:00-dan etibarən hücuma qatıldı.[70] Hücumun planlanan şəkildə davam etməsi ilə Stalinqrad cəbhəsi birlikləri öz zirehli korpuslarını da döyüşə qatdı.[71] 297-ci alman piyada diviziyası da rumınlar kimi Qırmızı Orduya müqavimət göstərə bilmədi və geri çəkilməyə başladı.[72] Lakin, qoşunların idarə olunması zamanı meydana çıxan problemlər nəticəsində Sovet qoşunlarının 4-cü piyada korpusu və 13-cü mexanikləşdirilmiş korpusu hücumun əvvəlində düşmənin müdafiə xəttini yarma zamanı göstərdiyi uğuru döyüşün gedişində təkrarlaya bilmədi.[73]

Alman komandanlığı isə bu vəziyyətdən məharətlə istifadə edərək bölgədəki yeganə ehtiyat birliyi olan 29-cu mexanikləşdirilmiş diviziyanı hərəkətə keçirdi. Bu diviziya Sovet qoşunlarının zirehli birliklərinə qarşı döyüşün əvvəlində uğurla müqavimət göstərsə də, rumın birliklərinin dağınıq şəkildə fəaliyyət göstərməsi diviziyanın cənub istiqamətindəki müdafiə xəttində problemlər yaratmış və onun irəliləməsinə mane olmuşdur. 29-cu alman diviziyasının əks-hücumu nəticəsində Qırmızı Ordu 50-yə yaxın tank itirdi. Nəticədə, Sovet komandanlığının sol cinahla əlaqədar narahatlıqları daha da artmışdır.[74] Lakin, alman diviziyasının yenidən təşkil olunması nəticəsində günün sonunda hücum edən Sovet qüvvələri ilə Don çayı arasında müttəfiqlərin yeganə qüvvəsi olaraq 6-cı rumın süvari alayının qalmasına səbəb olmuşdur.[75]

Əməliyyatın davamı: 20–23 noyabr redaktə

Stalinqrad cəbhəsi qüvvələri 20 noyabrda cənubdan hücuma keçəndə 65-ci Sovet ordusu 6-cı alman ordusunun şimal cinahında mövqe tutan 11-ci alman korpusunun yerləşdiyi istiqamətdə hücuma davam etmişdir. Hücumun gedişində Sovet qoşunlarının 4-cü tank korpusu və 3-cü süvari korpusu eyni zamanda 11-ci alman korpusunun müdafiə zolağının arxasına keçərək irəliləyişini davam etdirmişdir.[76] Bu hücum cəhdinin qarşısını almaq məqsədilə 376-cı piyada diviziyası və 44-cü Avstriya piyada diviziyası 11-ci alman korpusunu qorumaq üçün mövqe tutdu.[77] Lakin, benzin təchizatındakı problemlər burada da özünü büruzə verdi və həmin birliklərin manevr etməsinə ciddi şəkildə mane oldu. Almanların 14-cü tank diviziyasının istifadəyə yararlı vəziyyətdə olan tankları Sovet qoşunlarının 3-cü süvari korpusunun cinahdan hücum edən bir alayını məhv etdi. Günün sonunda Sovet qoşunlarının 1-ci tank korpusu geri çəkilən 48-ci alman tank korpusunu izləyərək irəliləməyə davam edərkən, Sovet qoşunlarının 26-cı tank korpusu Stalinqradın təqribən 130 km şimal-qərbindəki Perelazovski yaşayış məntəqəsinə daxil oldu.[78]

Qırmızı Ordunun hücumu 21 noyabrda da davam etdi. Stalinqrad cəbhəsi qüvvələri 50 km-ə yaxın düşmənin müdafiə xəttini yarmağı bacarmışdı. Şimal istiqamətdə mühasirəyə alınan dağınıq rumın qüvvələri məhv edilirdi. Eyni zamanda, Sovet qoşunları 6-cı alman ordusu və 4-cü tank korpusunun cinahlarına hücum etməyə başladılar.[79] Gözlənilməz əks-hücuma keçən almanların 22-ci tank diviziyası ciddi itkilər verdi və cənub-qərb istiqamətində geri çəkildi.[80] 1-ci rumın zirehli diviziyasının böyük bir hissəsini məhv edən Sovet 26-cı tank korpusu cənub-şərq istiqamətindəki hücumunu davam etdirmişdir. Eyni gün 6-cı alman ordusunun komandanı general Fridrix Paulus Sovet qüvvələrinin qərargahına 40 km-dən də az bir məsafədə olması barədə məlumat əldə etdi. Daha pisi, onun tabeçiliyində Sovet hücumunun qarşısını ala biləcək qüvvə qalmamışdı. Sovet qoşunlarının 4-cü mexanikləşdirilmiş diviziyası cənubda bir qədər fasilə verdikdən sonra Stalinqrad istiqamətində hücumu davam etdirdi. Stalinqrad içindəki və ətraf ərazilərdəki alman qoşunlarının vəziyyətinin getdikcə pisləşməsi nəticəsində Hitler şəhər ətrafında dairəvi müdafiə xəttinin təşkil olunması və digər qüvvələr köməyə gələnə qədər müdafiə olunmaq barədə əmr vermişdir.[81][82] 6-cı alman ordusu, digər müttəfiq qoşunlar və almanların 4-cü tank diviziyası da Sovet qoşunlarının mühasirəsinə düşmüşdür. Sadəcə, almanların 16-cı mexanikləşdirilmiş diviziyası mühasirədən çıxmaq üçün mübarizə aparırdı. Sovet tankları və piyadaları arasındakı əlaqənin zəifləməsi nəticəsində mühasirədə qalan 4-cü rumın ordusunun böyük bir hissəsi məhv olmaqdan xilas oldu.

Sovet qüvvələri 22 noyabrda Don çayını keçərək Kalaç istiqamətində hücumu davam etdirdilər.[83] Kalaç körpüsünü ələ keçirmək vəzifəsi 26-cı tank korpusuna tapşırılmışdı. Sovet hərbçiləri ələ keçirilən iki alman tankı və bir kəşfiyyat maşını ilə körpünü qoruyan qarnizona yaxınlaşdı və onlara atəş açdılar.[84] Geridən gələn 4-cü tank korpusu qüvvələri səhər saatlarında Kalaça daxil olaraq qəsəbəni ələ keçirdilər və cənubdan hücuma keçən 4-cü mexanikləşdirilmiş korpusun qüvvələri ilə birləşdilər.[85] Beləliklə, Stalinqraddakı alman qüvvələrinin mühasirəsi 22 noyabrda tamamlandı. Eyni gün Sovet birlikləri 5-ci rumın korpusunun mühasirəyə alınan birlikləri ilə döyüşə davam etməkdə idi.[86]

Alman qüvvələri 23 noyabrda mühasirəni yarmaq məqsədilə nəticəsiz hücumlar təşkil etdiyi bir anda şəhər xaricində toqquşmalar davam edirdi.[87] Mühasirədə olan almanlar və digər müttəfiq qoşunlarının bir hissəsi mühasirədən çıxmaq məqsədilə qərb istiqamətində hərəkətə keçdi. Həmin birliklərin bir qismi mühasirəni yarmağı bacardı. Müttəfiq qoşunların digər bir hissəsi isə Sovet tanklarının önündən şərqə doğru hərəkət edirdi.[88]

Nəticə redaktə

Uran əməliyyatı 250.000-300.000 nəfər aralığında alman və digər müttəfiq qoşunların şimaldan cənuba 40 km, şərqdən qərbə 50 km-lik bir ərazidə mühasirəyə alınması ilə nəticələndi.[89] Mühasirəyə alınan birliklərə alman qoşunlarının 6-cı ordusu və 4-cü tank ordusunun dörd piyada və bir tank korpusu daxil idi. Alman birlikləri ilə yanaşı iki rumın diviziyası, bir xorvat piyada alayı və digər xüsusi birliklər də mühasirəyə alınmışdı. Bu qüvvələrlə birlikdə 100 tank, 2 min artilleriya qurğusu və 10 min yük maşını Sovet qoşunlarının əlinə keçmişdir.[90] Stalinqrada geri çəkilmə əraziləri dəbilqələr, silahlar və digər təchizatla dolu idi. Zədələnən ağır silahlar yol boyunca tərk edilmişdi.[91] Sovet qoşunlarının zirehli və piyada birliklərindən qaçmağa çalışarkən şərq istiqamətində hərəkət etmiş müttəfiq qoşunlar Don çayı üzərindəki körpülərə yığılmışdı.[92] Müttəfiq qoşunların bir çox yaralı hərbçisi ya yollarda həlak oldu, ya da Don çayının buzla örtülü hissəsindən yeriyərək keçmək istəyərkən buzun qırılması nəticəsində suya düşərək boğularaq öldü.[93] Birliklərindən ayrı düşmüş son hərbçilər də 24 noyabr tarixində Don çayını keçdilər.[94] Sonradan, Don çayı üzərindəki körpülər Stalinqradda mühasirəyə düşmüş 6-cı ordu və 4-cü tank ordusunun çıxışına mane olmaq məqsədilə Sovet qüvvələri tərəfindən partladıldı.[95]

Benzin, sursat və ərzağın qıt olduğu 6-cı alman ordusu müdafiə xətti təşkil etməyə başladı. Getdikcə yaxınlaşan rus qışı da şəxsi heyətin normal fəaliyyətinə ciddi şəkildə mane olurdu. Almanlar rumın qüvvələrinin dağılması nəticəsində müdafiə xəttində əmələ gəlmiş boşluqları da doldurmağa çalışırdı.[96] Sovet qoşunlarının mühasirəsini yarmaq üçün lazım olmayan hər şeyi məhv edən alman birlikləri 23 noyabrda Stalinqradın şimalına çəkilməyə başladı. Lakin, müdafiə mövqeyindən çıxaraq hücuma keçən 62-ci Sovet ordusu 94-cü alman piyada diviziyasının böyük hissəsini məhv etməyi bacardı. Bu diviziyadan sağ qalanlar 16-cı və 24-cü tank diviziyalarına qatıldı.[97] Alman komandanların hücum əməliyyatı ilə mühasirənin yarılaraq Don çayının arxasındakı mövqelərə çəkilməsinin vacib olmasını bildirmələrinə baxmayaraq, Hitler bu planın həyata keçirilməsinə icazə vermədi. Hitler 23 və 24 noyabrda mühasirədə qalan 6-cı ordunun hava yolu ilə yenidən təchiz olunması ilə bağlı göstəriş verdi.[98] Stalinqradda mühasirədə qalan müttəfiq qoşunların isə gündəlik olaraq orta hesabla ən azı 750 ton təchizata ehtiyacı var idi. Heç bir vəziyyətdə yerinə yetirə bilməyəcəyi bu vəzifə Luftvaffeni tükətmişdir. Həmçinin, güclənən Sovet Hərbi Hava Qüvvələri mühasirə bölgəsi yaxınlığında heç bir başqa təyyarənin uçmasına imkan vermirdi. Dekabr ayında 500-ə yaxın təyyarə mühasirədə qalan 6-cı ordunun hava yolu ilə təchizatını təşkil etmək üçün təhkim olunmuşdu.[99] Buna baxmayaraq, bu təyyarələr də lazım olan qədər təchizatın çatdırılması üçün kifayət etmirdi. Dekabrın ilk yarısı ərzində 6-cı alman ordusu öz gündəlik tələbatının yalnızca 20%-ni əldə edə bilmişdi.[100]

Eyni zamanda, Qırmızı Ordu mühasirədə qalan alman qüvvələrini məhv etmək məqsədilə mühasirə qüvvələrini gücləndirməkdə davam edirdi. Sovet qoşunları mühasirədə qalan birlikləri daha kiçik qruplaşmalar halına gətirmək üçün şərq və cənub istiqamətlərindən olan hücumlarını intensivləşdirdi. Bu barədə əmrlər 24 noyabrda verilmişdi və bu iş üçün qoşunların genişmiqyaslı yenidən qruplaşmasına ehtiyac duyulmurdu.[101] Xarici mühasirə qurşağı təqribən 320 km uzunluğunda idi. Həmin məsafənin sadəcə dörddə üç hissəsi Sovet qoşunları tərəfindən tutulurdu. Daxili və xarici mühasirə qurşaqları arasındakı məsafə isə ortalama 16 km idi.[102] Sovet yüksək komandanlığı Qafqazdakı alman qüvvələrini təcrid etmək məqsədilə 8-ci italyan ordusunun məhv edilməsini nəzərdə tutan Saturn əməliyyatının planlaşdırılmasına başladı.[103][104] Bu əməliyyatın təxminən 10 dekabr tarixində başlaması nəzərdə tutulurdu.[105]

Bölgədə yerləşən alman qoşunlarının 6-cı ordusu, 4-cü tank ordusu, həmçinin 3-cü və 4-cü rumın orduları Don Ordular Qrupu adlı yeni təşkil olunmuş birləşmənin tabeçiliyi altına verildi və yeni təşkil olunmuş bu ordular qrupunun komandanı vəzifəsinə Erix fon Manşteyn təyin olundu.[106] Hər nə qədər vəziyyət alman və digər müttəfiq qüvvələr üçün parlaq görünməsə də, Uran əməliyyatından sonra nisbətən sakit vəziyyət hökm sürürdü və hər iki tərəf öz əməliyyat planlarını hazırlamağa davam edirdi.[107]

Mənbə redaktə

İstinadlar redaktə

  1. Anthony Tihamer Komjathy. A Thousand Years of the Hungarian Art of War. Toronto: Rakoczi Foundation. 1982. 144–45. ISBN 0819165247.
  2. McCarthy, Syron, 2002. səh. 131
  3. Glantz, House, 1995. səh. 119
  4. Glantz, House, 1995. səh. 120
  5. McCarthy, Syron, 2002. səh. 135–136
  6. McCarthy, Syron, 2002. səh. 136
  7. Cooper, 1978. səh. 422
  8. Clark, 1965. səh. 239
  9. Clark, 1965. səh. 241
  10. Clark, 1965. səh. 242
  11. McCarthy, Syron, 2002. səh. 137–138
  12. Glantz, 1999. səh. 17
  13. Glantz, 1999. səh. 18
  14. Glantz, House, 1995. səh. 129–130
  15. Glantz, House, 1995. səh. 130
  16. Beevor, 1998. səh. 226
  17. McTaggart, 2006. səh. 49–50
  18. Cooper, 1978. səh. 418
  19. Erickson, 1975. səh. 453
  20. Erickson, 1975. səh. 453–454
  21. McTaggart, 2006. səh. 49
  22. McTaggart, 2006. səh. 48
  23. McTaggart, 2006. səh. 48–49
  24. Perrett, 1998. səh. 17
  25. Perrett, 1998. səh. 21
  26. Beevor, 1998. səh. 229
  27. Clark, 1965. səh. 240–241
  28. von Manstein, 1982. səh. 293
  29. Cooper, 1978. səh. 425
  30. Cooper, 1978. səh. 425–426
  31. McTaggart, 2006. səh. 50–51
  32. McTaggart, 2006. səh. 50
  33. Glantz, House, 1995. səh. 131
  34. Glantz, House, 1995. səh. 131–132
  35. Zhukov, Georgy. Marshal of Victory, Volume II. Pen and Sword Books Ltd. 1974. 94–115, 120–129. ISBN 9781781592915.
  36. Erickson, 1975. səh. 456
  37. Erickson, 1975. səh. 456–457
  38. Beevor, 1998. səh. 226–227
  39. Beevor, 1998. səh. 227
  40. Erickson, 1975. səh. 457
  41. Erickson, 1975. səh. 461
  42. Erickson, 1975. səh. 461–462
  43. Beevor, 1998. səh. 232
  44. Beevor, 1998. səh. 233
  45. Beevor, 1998. səh. 234
  46. Erickson, 1975. səh. 462
  47. 1 2 McTaggart, 2006. səh. 51
  48. Glantz, 1996. səh. 118
  49. Beevor, 1998. səh. 239
  50. Beevor, 1998. səh. 239–240
  51. McCarthy, Syron, 2002. səh. 138
  52. Joly, 2014. səh. 56–57
  53. Beevor, 1998. səh. 240
  54. McTaggart, 2006. səh. 51–52
  55. Erickson, 1975. səh. 464
  56. Beevor, 1998. səh. 240–241
  57. Beevor, 1998. səh. 241
  58. Erickson, 1975. səh. 464–465
  59. McCarthy, Syron, 2002. səh. 138–139
  60. McCarthy, Syron, 2002. səh. 139–140
  61. McCarthy, Syron, 2002. səh. 140
  62. Beevor, 1998. səh. 245
  63. 1 2 Erickson, 1975. səh. 465–466
  64. Beevor, 1998. səh. 245–246
  65. Beevor, 1998. səh. 246
  66. Glantz, House, 1995. səh. 133
  67. McTaggart, 2006. səh. 52
  68. McTaggart, 2006. səh. 52–53
  69. McTaggart, 2006. səh. 53–54
  70. Erickson, 1975. səh. 466
  71. Erickson, 1975. səh. 466–467
  72. McTaggart, 2006. səh. 54
  73. Beevor, 1998. səh. 250
  74. Erickson, 1975. səh. 467–468
  75. Beevor, 1998. səh. 250–251
  76. Beevor, 1998. səh. 251
  77. McTaggart, 2006. səh. 54–55
  78. McTaggart, 2006. səh. 55
  79. Erickson, 1975. səh. 468
  80. Beevor, 1998. səh. 252
  81. Beevor, 1998. səh. 254
  82. Adam, Wilhelm; Ruhle, Otto. With Paulus at Stalingrad. Tony Le Tissier tərəfindən tərcümə olunub. Pen and Sword Books Ltd. 2015. 130–131. ISBN 9781473833869.
  83. Erickson, 1975. səh. 469
  84. McTaggart, 2006. səh. 72
  85. Beevor, 1998. səh. 255–256
  86. Beevor, 1998. səh. 256
  87. Joly, 2014. səh. 91
  88. Joly, 2014. səh. 91–92
  89. McCarthy, Syron, 2002. səh. 141
  90. Erickson, 1975. səh. 470
  91. Beevor, 1998. səh. 258
  92. Beevor, 1998. səh. 258–259
  93. Beevor, 1998. səh. 259
  94. Beevor, 1998. səh. 259–260
  95. Beevor, 1998. səh. 260–262
  96. Erickson, 1983. səh. 2
  97. Erickson, 1983. səh. 2–3
  98. Erickson, 1983. səh. 3
  99. Bell, 2006. səh. 62
  100. Bell, 2006. səh. 62–63
  101. Erickson, 1975. səh. 470–471
  102. Erickson, 1975. səh. 471–472
  103. Erickson, 1983. səh. 5
  104. Beevor, 1998. səh. 292–293
  105. Beevor, 1998. səh. 293
  106. Erickson, 1983. səh. 7
  107. Erickson, 1983. səh. 5–7

Ədəbiyyat redaktə

Xarici keçidlər redaktə


Saytda 55 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023