Viktoriya dövrü Haqqinda Melumat - Vikipedia

Viktoriya dövrü Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Viktoriya dövrü

Viktoriya dövrüBöyük Britaniya kraliçası I Viktoriyanın (Onu digər adı Viktoriya Vindzor olub , ona bu adı xaç atası I Aleksandr qoyub) hakimiyyət illərini (1837-1901) əhatə edən dövrdür. Bu dövr Böyük Britaniyanın sülh, zənginlik, milli özünə inam hissinin inkişaf etdiyi dövr kimi tarixə yazılıb.[1] Bəzi alimlər bu dövrün başlamasını 1832-ci il islahatlar aktının qəbul edilməsi ilə əlaqələndirirlər.

Kraliça Viktoriya, 1845-ci il

Siyasi partiyalar redaktə

Viktoriyanın başçılığı dövründə dominant siyasi partiyalar da dəyişdi. Bu dövrdə iki əsas partiya var idi: TorilərViqlər.[2] O, 1837-ci ildə taxta çıxdıqda baş nazir Viqlərdən olan Viscount Melburn oldu, baxmayaraq ki, Viqlər Partiyası 1860-ci illərə qədər Britaniya siyasətinə təsir göstərməyə davam etdi, onlar tədricən Liberallar Partiyası tərəfindən kənarlaşdırıldılar. 1868-ci ildə Viqlərin axırıncı baş naziri Edvard Smit Stenli istefa verdikdən sonra, Viktoriya dövrü İngiltərəsində Liberal və Konservativ Partiya dominant güc halına gəldi.

Siyasi islahatlar redaktə

Viktoriya dövrü siyasi sahədə əhəmiyyətli islahatlara şahid oldu.[3] İkinci islahat aktı 1867-ci ildə qəbul edildi ki, bununla da evi olan və ya 10 funt illik kirayə ödəyə bilən bütün kişilər, o cümlədən, kənd yerlərində torpaq sahəsi olan kişilər də səsvermə hüququna yiyələndilər.[4] Qadınlar yenə də bu hüquqdan məhrum qaldılar. 1872-ci ildən başlayaraq gizli səsvermə nəticəsində, əvvəllər mövcud olan göz qorxutmalar aradan qalxmış oldu. 1884-cü ildə Üçüncü islahat aktı ilə səsvermə hüququ ölkə boyu eyniləşdirildi və sərhədləri dəyişdi, beləliklə, seçicilərin çoxu parlamentin yalnız bir üzvünü onları Vestminsterdə təmsil etməsi üçün seçirdi.

Xarici işlər redaktə

Viktoriya dövründə Britaniya siyasəti bir sıra ciddi məsələlərlə qarşı-qarşıya qaldı. Viktoriyanın hakimiyyət dövründə Britaniyanın sərhədləri genişləndi ki, bu da siyasətçiləri bir sıra suallarla sınayırdı. 1857-ci il Sipahilər üsyanından sonra dövlət Hindistan administrasiyasını Londondakı Hindistan ofisinin vasitəsi ilə mərkəzin nəzarəti altına almaq qərarına gəldi. Dövrün sonunda isə Britaniya ilə bur qoşunları Cənubi Afrikada savaşda idilər.

Daxili işlər redaktə

1800-cü il Birləşmə Aktı ilə İrlandiya Britaniyanın tərkib hissəsi oldu. Torpaq mülkiyyəti məsələsi 1850 və 1860-cı illərdə pik həddə çatdı. 1871-ci ildə Parlament səs çoxluğu ilə Anglikan Kilsəsi və İrlandiya arasındakı ənənəvi bağları ayırmağa qərar verdi. İrlandiya Homrul hərəkatı Viktoriya dövrünün sonlarına yaxın güclənsə də, özünü idarə haqqında qanun layihələri 1886 və 1893-cü illərdə Parlament tərəfindən rədd edildi.[5]

İncəsənət redaktə

Viktoriya dövründə rəssamlıq redaktə

Viktoriya dövrü Britaniyada uşaqlıq anlayışını dəyişdi. Əvvəlki dövrlərə nisbətən rəsm əsərləri, kitablar və oyuncaqların sayı olduqca artmışdı. Xüsusilə uşaqlar üçün hazırlanan yaradıcılıq işləri genişlənirdi. Bu dövr şəkilləri rəngləmə, illüstrasiya, printlər kimi özünü göstərirdi. Yazıçılar uşaqlıq mövzularına geniş yer verirdilər ki, Viktoriya dövründə adiləşmiş bu hala daha çox 1850-1880-ci illərin yaradıcılıq işlərində rast gəlinir. Dövrün əhəmiyyətli rəssamlarından Con Everet Mille "Mənim ilk nəsihətim" (1863), "Sleeping" (1867), "Waking" (1865), "Dəymiş albalı" (Cherry Ripe, 1879) kimi əsərlərində azyaşlı qəhrəmanlar yaradır. Bu rəssamlar tərəfindən çəkilmiş azyaşlı qəhrəmanlar yetkinlərin dəyərlərinə uyğun olaraq ağır təbiətli qızlar və ya dəcəl oğlanlar idilər. Bu əsərlər modern həyat tərzini təbliğ edirdi və çəkilmiş səhnələrin çoxu orta təbəqənin inamlarına uyğun olaraq uydurulmuşdu. Belə didaktizmə irland rəssam Uilyam Mülredinin "Uşağı öyrətmək" (1841), "Uşağını öyrədən ana" (1859) əsərlərində rast gəlinir. Təkcə əsərlər üçün seçilmiş adlar belə uşaqlara dini tərbiyə və əxlaq çərçivəsində təhsil verməyin lazımlılığını vurğulayırdı.

Gender məsələlərinə aid bu gün də mövcud olan stereotiplər öz varlığını, məhz Viktoriya dövrü təsvirlərinə borcludur. Fotomexanikaların və fotoqrafiyanın kəşfi nəticəsində Viktoriya dövrü kişilərə tabe, dekorativ, dini bütün və gözəl qızların təsvir olunduğu print, kitab və rəsm əsərləri ilə aşıb-daşırdı. Bu dövr gənc qızlarının qaranlıq təsvirləri də var idi ki, bunlara daha çox "Alisa möcüzələr ölkəsində" əsərinin müəllifi kimi tanınan Luis Kerrollun çəkdiyi foto və rəsmlərdə rast gəlinir. Uilyam Pauel Frayt, Sofi Anderson və Ceyms Kollinsonun rəsmlərində çoxluqla oğlanlar davakar və müstəqil, qızlar isə sülhsevər və kənardan izləyən kimi göstərilirdilər.

Viktoriya dövrü aşağı və fəhlə təbəqəsinə aid uşaqların təsviri isə həm şəhər, həm də kənd mühitində gerçəyindən fərqli idi. İşçi sinifindən olan qadınlar al yanaqlı, incə, şirin, kəndçi və ya küçə satıcısı kimi göstərilir, bu qızlar əyləncə və mərhəmət obyekti kimi görülürdü. Oğlan uşaqları isə istər "Panç" jurnalı, istər Kral Akademiyası rəsmləri olsun gümrah, köhnə-üskük geyimli, qorxusuz uşaqlar kimi təsvir edilirdi. Həmin dövrdəki yüksək ölüm statistikasının təsiri ilə ölmüş və ya ölmək üzrə olan uşaq rəsmləri də dövrün əsərləri arasına ard-arda qoşulurdu.[6]

Viktoriya dövründə teatr redaktə

Viktoriya dövrü ancaq özünün son onilliyində hələ də teatr repertuarlarında öz yerini qoruya bilən əsərlər - Gilbertin operettaları və Uayldın komediyalarını bəxş etdi. Buna baxmayaraq, Viktoriyanın hakimiyyəti dövründə teatr inkişaf etməkdə idi və tamaşaçı ilə dolub-daşırdı. Dövr insanları Şekspirdən doymurdular. Buna görə də, dövrün Uilyam Makridi, Çarlz Kin, Henri İrvinq kimi tanınmış aktyor və rejissorları Şekspirin rolları ilə ad-san qazanırdılar. Georq dövründə təhrif olunmuş orijinal mətnləri bərpa etmək üçün hərəkat yaranmışdı və pyeslərdə tarixi realizm axtarılırdı. Bu dövrün başqa gözə çarpan xüsusiyyəti də romanların səhnələşdirilməsi oldu. 1800-cü illərdə populyarlıq qazanan melodramlarpantomim isə artıq qərbdə geniş kütləsi olmayan növlər hesab olunur və qismən yox olmaq üzrədilər. Qadınlar bu dövrdə artıq aktyor kimi qəbul olunmağa başladılar, onlar çox vaxt kişi rollarında da çıxış edirdilər. Teatrda transvestizm geniş yayılmışdı.[7]

Viktoriya dövründə musiqi redaktə

Baxmayaraq ki, Viktoriya dövrü İngiltərəsi "musiqinin olmadığı torpaq" kimi ad qazanıb, bu dövr musiqinin səhnəyə qaynayıb-qarışdığı dövr olub.[8] Müştərilərinə içki və yemək də təklif edən musiqili salonlar, tezliklə, köhnə rəqibləri üzərində müştəri üstünlüyü qazanmışdılar. Musiqinin teatr oyunlarına daxil edilməsi geniş yayılmışdı. Məşhur komediya musiqisi "Villikinz və onun Dinahı" mahnısının ifaçısı aktyor Sem Kovelli bu dəblə uyğunlaşanlara misal göstərmək olar.[9] 1835-ci ildən 1885-ci ilə qədərki dövr İngiltərədə sekulyar musiqi dövrü adlanır və üç başlıca hərəkatlə özünü göstərir: birinci hərəkat yerli musiqi məktəbinin formalaşdırılması idi ki, bu da Feliks Mendelson Bartoldinin modern musiqi dünyasında parladığı vaxtlara təsadüf edir, ikinci hərəkat musiqi təhsili verilməsinin başlamasından sonra yaranan musiqini demokratikləşdirmə hərəkatı idi və Herein Culyen özünün sensasiyalı səhnə çıxışları ilə bu hərəkatdakı başlıca fiqur olmuşdu, Mendelsonun ölümündən və yerli musiqi ənənəsi formalaşdırmaq arzuları yox olandan sonra yaranan üçüncü hərəkat isə Almaniyada başlayıb İngiltərəyə yayılmışdı. Musiqi sahəsində inqilab yaradan bu hərəkatın isə başlıca fiquru Rixard Vaqner idi.[10]

İstinadlar redaktə

  1. John Wolffe. Religion in Victorian Britain: Culture and empire. Volume V. Manchester University Press. 1997. 129–30. 2016-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-11.
  2. "Arxivlənmiş surət". 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-12.
  3. "Arxivlənmiş surət". 2021-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-12.
  4. "Arxivlənmiş surət". 2021-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-12.
  5. "Arxivlənmiş surət". 2022-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-10.
  6. "Arxivlənmiş surət". 2018-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-10.
  7. "Arxivlənmiş surət". 2016-11-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-12-12.
  8. "Arxivlənmiş surət" (PDF). 2021-02-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-12-12.
  9. "Arxivlənmiş surət". 2019-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-12.
  10. https://archive.org/stream/musicduringvicto00davi#page/n15/mode/2up

Saytda 79 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024