Xızı Haqqinda Melumat - Vikipedia

Xızı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Xızı

Azərbaycanda şəhər

Xızı şəhəriAzərbaycan Respublikasının Xızı rayonunun inzibati mərkəzi. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Xızı rayonunun Xızı kəndi şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmiş, Xızı kənd Soveti ləğv edilərək, Xızı şəhər tipli qəsəbəsi mərkəz olmaqla Xızı qəsəbə Soveti yaradılmışdır.[1]

Şəhər
Xızı
40°54′40″ şm. e. 49°04′10″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 745 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.588 nəf.
Xızı xəritədə
Xızı
Xızı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xızı Quba – Xaçmaz turizm regionunda yerləşən və əsas hissəsi meşə ilə əhatəli olan rayonun şərq tərəfi Xəzər sahilidir. Azərbaycanın dağ rayonları içərisində Bakıya ən yaxın olanı Xızıdır. Xızının Bakı ilə məsafəsi 70 km-dir. İqlimi mülayim, havası qurudur. Böyük Qafqaz silsiləsinin dağ ətəyi cənub yamacından Samur – Dəvəçi ovalığına kimi uzanan çoxtəpəli yaylada yerləşir. Xızı rayonunda yerləşən lay-lay dağlar nəhəng əqiq – sardoniks illüziyasını yaradır. Dağlar yüksək deyildir, ən yüksək nöqtələr dəniz səviyyəsindən 958 metr yüksəklik Saraku dağının və 2203 metr yüksəklik Dübrar dağının payına düşür. Bir neçə hissədə dağın bir yamacı qış otlağı kimi, digəri isə yay otlağı kimi istifadə olunur. Geoloji süxurların müxtəlif laylarının təpələrdə üzə çıxması rənginə görə özünəməxsus landşaft yaradır. Mütəxəssislər iddia edir ki, oxşar geoloji hadisəni Yer kürəsində yalnız bir yerdə – ABŞ-nin Ölüm Vadisində müşahidə etmək olar. Mərkəzdən 1–2 km məsafədə Azərbaycan dramaturgiyasının yaradıcısı Cəfər Cabbarlının ev-muzeyinin və qranitdən heykəlinin ucaldığı Xızı kəndi yerləşir. Bundan əlavə, Xızı Azərbaycan ədəbiyyatının daha bir görkəmli nümayəndəsinin, şair Mikayıl Müşfiqin vətənidir və onun da ev-muzeyi hazırda heç bir yaşayış olmayan tarixi Sayadlı kəndində qonaqların üzünə həmişə açıqdır.

Tarixi redaktə

Xızı rayonunda Şəhər tipli qəsəbə[2]. Eyniadlı rayonun mərkəzi. Xızı platosundadır. Kəndin əhalisinin erkən orta əsrlərdə Sasanilərin Şimal sərhədlərini qorumaq üçün İranın Xuzistan əyalətindən buraya köçürüldüyü güman edilir. Ehtimal ki, toponim həmin əyalətin adı ilə bağlıdır. Ərəb işğallarına qədər Xızı Xizan Şahlığın mərkəzi olmuşdur. IX əsr ərəb mənbələrində Xizan qalasının və xizan tayfasının adı çəkilir. Xarabalıqları hazırda Dizəvər ("qala yeri") adı ilə məlumdur. Bəzi tədqiqatçılar Xızı toponimini türk dillərindəki xız/qız (od, istilik) sözü ilə bağlayırlar[3]. Digər bir məlumata görə isə "XIZI" toponimi "Xəzər" sözündən əmələ gəlmişdir. Tarixçi S. S. Baquş bu barədə yazır; Əsrlər boyu Xəzərlər Xəzər, Qara və Baltik dənizləri ətraflarında hökmranlıq ediblər. VII əsr ərəb tarixçisi İbn Fadl'ın yazdıqlarına əsasən -"türkdilli Xəzərlərin "müsəlman" hissəsi Xızı tayfası adı altında birləşib, Qafqaz Albaniyasının şimal hissəsində e.ə VII əsrdən etibarən yaşayıblar. Bu tayfanın sakinləri bir olan Tanrıya və Peyğəmbər İlyasa iman gətirirdilər" — İbn Fadl yazırdı. Strabon bildirirdi ki, Şimali Hindistana gedən yol Qafqaz Albaniyasından keçir, həmçinin Xızı Bərmək Mahalından hansı ki Böyük İpək Yolunun bir hissəsini təşkil edirdi. Əslində Xızının kəndlərinin sayı 70-dən çox olub. Bu kəndlərdən: Xızı (mərkəz olaraq) — əsasən Şıx Xızılı və Səyyad Xızılı tayfalarının məskunlaşdığı kənddir. Şıx Xızılıların kökü ərəblərə dayanır, Səyyad Xızılıların kökü isə bəzi tədqiqatçılara görə Skiflərə, bəzi tədqiqatçılara görə isə Elamlılara (e.ə. 2700–539) dayanır. Ağdərə, Tudar — türkmən QaraqoyunluAğqoyunlu kəndləridir. Xələnc — türklərin Qarluq boyundan olan Qaraxanlıların məskunlaşdığı (XI əsr) kənddir. Əngəlan, Baxışlı — Anadolu türklərinin məskunlaşdığı kənddir.

Təkəli — Səfəvi türkmən kəndidir; Upa (Molla Kamallı), Aşağı Dizəvər — Xızının Səyyad tayfasından ayrılmış kəndləridir. Xanəgah kəndi dərvişlərin məkanı kimi tanınır. Fındığan və daha 4 naməlum kənd — Bərməkilərin III Dara zamanında məskunlaşdığı kəndlərdir. Gədi mahalı — İrandilli tayfalara məxsusdur; Gövxanı mahalı — Türkdilli və İrandilli qövmlərin məskunlaşdığı mahaldır. Quşçu kəndi (Dağ Quşçu, Köhnə Quşçu) — adını Kuşanlar sülaləsindən almışdır. Xızı ilə əlaqədar olan digər Ərəb mənbələri Xızıda yaşayanları "Əhli Xizon", yəni Xızı əhalisi adlandırır. Orta əsr tarixçiləri Xızı əhalisini eyni zamanda Bərməklilər, onun ərazisini Bərmək mahalı adlandırırlar. Tarixçilərdən başqa ədəbiyyatşünasların da tədqiqatlarında Xızı haqqında verilən məlumatlara rast gəlirik. Görkəmli folklorşünas alim, professor Məmmədhüseyn Təhmasibin "Xalq dastanları" adlı monoqrafiyasında, Qafqaz dastanı olan "Nərd" dastanında (bu dastanın mövcudluğu e.ə. XIII əsrə təsadüf edilir) Xızı və Xızıqala haqqında məlumat verilir.

Xızı-Bərmək mahalı adını burada yaşayan Bərmək tayfasından alıb. Xızılılar e.ə. II minillikdə bu mahalda yaşayıblar. Mahal İpək Yolu ticarətində iştirak edib. Hətta Dədə Qorqudun Xızı – Bərmək mahalından olduğunu iddia edirlər. Xızı – Bərmək mahalında olmuş Alman səyyahı Adam Oleari Dədə Qorqud haqqında yerli camaatdan eşidib və yazıb ki, "Dərbəndlilər onun qəbrinin şəhər qəbiristanlığında olduğunu söyləyirlər." Qəbri ziyarət edən Adam Oleari yazır: "İmam Qorqudun qəbri dağda idi. Qorqud haqda söyləyirlər ki, o, Məhəmmədin dostu olub, onun ayaqları yanında oturub, ondan dərs alıb və onun ölümündən sonra 300 il yaşayıb qəbri qayalıq bir dağda mağara içindədir."Dədə Qorqud dastanında" Xızı – Bərmək mahalından, Oğuz yaylağından, Cığatay düzündən, Boybəyim dağından bəhs edilib bir çox digər faktlarda nəzərə alıb. Belə iddia edirlər ki, Qorqud Dədə Xızı – Bərmək mahalından olub. Oradan Dərbənd şəhərinə gedib.

Xızı – Bərmək mahalının ərazisi hələ e.ə. 5-ci yüzillikdən mövcud olan türkdilli sak massagetlərin dövlətinə mənsub idi. Bərmək – bər məhsul, mak – kahin yəni "məhsuldar kahin" deməkdir. Çox bilikli olan bərməklər, mixi yazılardan istifadə edirdilər. Strabon Albaniyada "böyük və sıx məskunlu müqəddəs vilayətin" olması barədə məlumat verib. Burada Heliya (Günəşə) sitayiş edirdilər. Günəş Allahının Albanca adı bəlli deyil. Həmin yer Bərmək dağı idi. Dağın ətrafında yaşayanlar Alinlər (dağlılar) günəşə sitayiş ediblər. Xızı – Bərmək mahalı dağlılarının günəşə sitayiş əlamətləri VII əsrə qədər qalıb. Bununla yanaşı, Bərməkilər tayfası atəşpərəst idi. Onlar əkinçiliyi müqəddəs peşə hesab edirdilər. Bərmək dağının ətəyində təbii qazların yanmasından yaranmış Atəşgah var idi. III – VI əsrlərdə Xizanşahlıqda Atəşpərəstlik dövlət dini idi. Xızı – Bərmək dağlıları VII əsrin əvvələrindən İslam dinini qəbul edib. Deyilənlərə görə romalıların hərbi dəstələri imperator Sezar Avqustun 12-ci legeonu Abşerona gəldi. Legeon Bərmək mahalının dənizkənarı yerlərini də təsiri altına aldı. Bu yerlərdə qışladıqdan sonra çıxıb getdilər. Bizim eranın I əsrindən Hun, Sabir, Xəzər türk tayfaları Dərbənddən keçərək Albaniya çölündə, o cümlədən Bərmək mahalında yerləşməyə başladılar. IX – XII əsrlərdən başlayaraq Bərmək mahalından keçən İpək yolu vasitəsilə Avropa və Asiyanın bir çox şəhərləri ilə ticarət əlaqəsi olub. Xızının Bərmək mahalı Bakı – Dağıstan, şimali Qafqaz və cənubi Rusiya torpaqları ilə birləşdirən ticarət yolu üzərində yerləşirdi. Orta əsrlərdə burada Xızanşahlıq (Xızı şahlığı) dövləti olub. 1804 – 1813-cü ildə Rusiya – İran müharibəsindən sonra Quba xanlığı ilə birlikdə Rusiya hakimiyyətinin altına keçib. Tarixi faktlara nəzər saldıqda, tarixçilərdən mənbələr içərisində A. Bakıxanovun "Gülüstani-İrəm" əsərinin adını xüsusilə çəkmək lazımdır. Onun əsərində Quba xanlığının "Xızı Bərmək" mahalı haqqında dəyərli məlumatlar verilir. Tarixçi Qiyasəddin Qeybullayevin "Azərbaycanın etnik tarixinə dair" monoqrafiyasında və digər əsərlərində 644-cü ildə aran dövlətinə xizonşahlıq (Xızı şahlığı) Xızı məmləkəti arasında bağlanan müqavilədən bəhs olunur. Ərəblərin Xizonşahlığa gəlmələri haqda maraqlı materiallara akademik Ziya Bünyadovun "Azərbaycan VII–IX əsrlərdə" adlı monoqrafiyasında rast gəlmək olur.

Xızı rayonu 1928-ci ilə kimi Bakı sovetinin tərkibində olmuş sonra müstəqil rayon kimi fəaliyyətə başlamışdır. Rayonun 72 kəndi, 24 minə yaxın əhalisi olmuşdur. Sonradan rayonlaşmalarla əlaqədar 1940-cı illərdə Siyəzən rayonu təşkil olunanda rayonun Giləzi, Ağ siyəzən, Zərgərli və s. sovetlikləri Siyəzən rayonunun tərkibinə daxil olmuşdur. Həmin dövrdən Dağ Quşçu, Ərziküş, Qızılqazma və 60 kənd, 53 kolxoz, 14 sovetlik olmuşdur. Əhalisi isə 14647 nəfər idi. Rayon 1956-cı ilə qədər fəaliyyət göstərib. 1956-cı ilin axırında Sumqayıta birləşib. 1963-cü ildə Abşeron rayonu təşkil olunub. Xızı zonası həmin rayonun tərkibinə daxil edilib.

1990-cı ilin avqustunda Xızı rayonu yenidən bərpa olundu. Mərkəz Xızı qəsəbəsində yerləşir. Hal-hazırda mövcud olan kəndlərin sayı 24-dür. 12 nümayəndəlik, 13 bələdiyyə fəaliyyət göstərir. Rayonda 2 mədəniyyət evi fəaliyyət göstərir. Xızı rayonu mədəniyyət evi 1926-cı ildən 1956-cı ilə kimi fəaliyyət göstərmişdir. 1993-cü ilə qədər fəaliyyətini dayandırmışdır. Onun fəaliyyəti 1993-cü ildən yenidən bərpa olunub.

Mədəniyyəti redaktə

Xızı xalçaçılıq ilə məşhurdur. Xızı xalçaları Azərbaycan xalçalarının Bakı qrupuna aid edilir. Xızının Gədi, Giləzi, Baxışlı, Yanıq Ələs, Tıxlı, Divəzər, Fındığan və digər kəndləri öz xalçaları ilə nəinki rayonun özündə, həmçinin bütün ölkədə tanınırlar. Bu bölgənin xovsuz xalçaları daha məşhurdur. Xızıda toxunan zililər özəl kompozisiya quruluşuna və naxışlara malikdir. Adətən, ara sahə böyük damalar şəklində qəfəslərə bölünür və kompozisiya yelənlə əhatə edilir. Zili üzərində həyat ağacı və həndəsi naxışlar bütünlüklə abstrakt zoomorf təsvirlərlə toxunur.

Rayondakı tarixi abidələr bunlardır:

  1. VIII əsrin ortalarında inşa edilmiş Beşbarmaq qalası. Qala rayon mərkəzindən 9 km məsafədədir.
  2. Xızı şəhərində Azərbaycanın görkəmli dramaturqu C. Cabbarlının 100 illik yubleyi ilə əlaqədar ucaldılmış abidə və "C. Cabbarlı bağı" — 1999-cu il
  3. Xızı rayonu Sayadlı kəndində Mikayıl Müşfiqin xatirəsinə "Müşfiq ocağı" və "M. Müşfiqin büstü" −1988-ci il
  4. Xələnc kəndində "Dəyirman" – XIX əsr
  5. Xələnc qəbristanlığında "Ağ pir"
  6. Tudar kəndində "Şəhidlər piri"
  7. Ağdərə kəndində "Ağabdal piri"
  8. Ağdərə kəndində "Xəlifə Ağabdal Piri"
  9. Qarabulaq kəndində "Seyidbacı Piri"
  10. Fındığan kəndində "Göyöskürək Piri"
  11. Xızı kəndində şərq üslubunda tikilmiş abidə "Hamam"--- 1936-cı il
  12. Altıağac qəsəbəsində məskunlaşmış Malakanlara məxsus "Zəng" (kolokolçik) — XVII–XVIII əsrlə
  13. Altıağac qəsəbəsində Malakan və rus uşaqlarının xaç suyuna salındığı "Boqomolnı" bulağı
  14. Altıağac qəsəbəsində 1941–1945-ci illər Vətən Müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidə
  15. Tıxlı kəndində 1941–1945-ci illər Vətən Müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidə—1974–1976-cı illər
  16. Giləzi qəsəbəsində 1941–1945-ci illər Vətən Müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidə
  17. Kimçi kəndində 1941–1945-ci illər Vətən Müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidə
  18. V əsrin qədim şəhərinin xarabalıqları 8 km, Alaşirin kəndində Şeyx Heydərin məqbərəsi isə rayon mərkəzindən 5 km məsafədədir.
  19. Rayon mərkəzlərindən 8 km aralıda yerləşən V əsrə aid itmiş şəhərin qalıqları.
  20. Xanagah kəndində yerləşən 1247-ci ilə aid Pir Əli Ziyarətgahı
  21. Qululu kəndində 1868-ci ilə aid olan məscid

Coğrafiyası və iqlimi redaktə

Rayonun ərazisi şərqdən Xəzər dənizi, cənubdan Abşeron ilə həmsərhəddir. Rayonda inzibati ərazi bölgüsünə görə 29 yaşayış məntəqəsi mövcuddur. Xızı rayonu ilə Bakı arasında olan məsafə 104 km dir. Azərbaycanın dağ rayonları arasında Bakıya ən yaxın olan Xızıdır. Buranın iqlimi mülayim, havası qurudur. Rayon ərazisinin xeyli hissəsi meşə ilə örtülmüşdür. Rayon şərqdən Xəzər dənizinə qovuşur. Xızı rayonun ərazisində təbiətin yaratdığı ən ifadəli abidələrdən biri – ecazkar formalı Beşbarmaq qayası yerləşir. Qədim karvan yolu üzərində qorxunc bir tərzdə uzadılmış daş əli xatırladan qayanın qeyri-adi cizgilər yolçuları uzaqdan valeh edir. Bu dağın "Beşbarmaq" adlanması da bununla bağlıdır. Bu dağ ilə çoxlu rəvayətlər və əfsanələr bağlıdır. Dağın lap zirvəsində qayalar arasında "Xıdır Zində" ("Ölməz Xıdır") ziyarətgahı yerləşir. Azərbaycanın ən səfalı güşələrindən biri olan Altıağac qəsəbəsi Xızı rayonunda yerləşir. Şirvanşahlar dövründə Altıağacdan keçərək Şamaxıdan Qubaya gedən dəvə karvanları üçün burada yol salınmışdır. Altıağac yolçuların və sarvanlarının düşərgə salıb dincəldikləri yer idi. Əvvəllər "ağac" sözü uzunluq ölçüsü kimi işlədilirdi. Bu ağac 7 kilometrə bərabər idi, Şamaxıdan Altıağaca qədər olan məsafə isə 42 km-dir.

Əhalisi redaktə

Bir sıra tədqiqatlara görə İran dilli tayfalar E. Ə I minilliyin əvvələrində İran ərazisinə gəlmişlər. Bunlardan bir tayfası indiki Bərməkilərin əcdadları idi. Onların bir hissəsi indiki Beş-barmaq dağının Xıdır Zində piri yerləşən qayanın həndəvərində yerləşmişdilər. Bu Bərməkilərin ilk gəlişləri olmuşdur.

XIX əsr rus şərqşünası N. V. Xanıkov yazıb ki, X əsrin ortalarında Ərəb coğrafiyaşünası İstdxri "İqlimlər kitabında" qeyd edib ki, Xuzistanda Ərəb və Fars dilləri ilə yanaşı Xuzi dili də var idi. Belə nəticəyə gəlmək olar ki, Xuzi dili Xızılıların danışdığı qədim dil olmuşdur. Xuzi dili fars dili olmasa da, həmin dil qrupuna aiddir. Çox qədimdən Xızı mahalının əhalisinin tərkibi Xuzi dilli bərməkilərdən ibarət idi. Bərməkilər üçüncü dəfə Bağdaddan gəldiyinə görə onlar ərəb dilini də yaxşı bilirdilər. Xuzi dilli bərməkilər Azərbaycan xalqının formalaşmasında mühüm rol oynamışlar.

Xızı-Bərmək mahalında toponimlər fars və ərəb mənşəlidir. İctimai-siyasi hadisələrlə əlaqədar yaranan adlar birbaşa tarixi mənbə rolunu oynayır. Yer və kənd adlarının öyrənilməsi həmçinin xalq təsərrüfatı üçün də böyük əhəmiyyətə malikdir.

Tanınmış şəxsləri redaktə

İstinadlar redaktə

  1. "Azərbaycan Respublikasının Abşeron, Ağstafa, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Qobustan, Qubadlı, Zaqatala, İsmayıllı, Yevlax, Kəlbəcər, Masallı, Xızı, Şamaxı rayonlarının və DQMV Hadrut rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı". 27 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 August 2022.
  2. (#empty_citation)Xızı rayonu haqqında, Xızı rayon icra hakimiyyəti
  3. "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, səh.355

Həmçinin bax redaktə


Saytda 109 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023