Xosrovun çimən Şirini görməsi Haqqinda Melumat - Vikipedia

Xosrovun çimən Şirini görməsi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Xosrovun çimən Şirini görməsi

Xosrovun çimən Şirini görməsiI Şah Təhmasibin sifarişi ilə 1539–1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Sultan Məhəmməd tərəfindən çəkilmiş rəsm əsəridir. Tədqiqatçıların fikrincə, daha əvvəl də, bu mövzuda müxtəlif rəssamlar tərəfindən rəsmlər çəkilməsinə baxmayaraq, məhz Sultan Məhəmmədin əsərində mövzü özünün klassik həllini tapmışdır.[1] Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır.[2]

Xosrovun çimən Şirini görməsi
Rəssam Sultan Məhəmməd
Tarixi 1539-1543
Üslubu Təbriz miniatür məktəbi
Sifarişçi I Şah Təhmasib
Saxlanıldığı yer Britaniya Milli Kitabxanası

Mövzu redaktə

Nizaminin "Xosrov və Şirin" poemasında, Şirini axtarmaq üçün Ərmənə gələn Xosrov, yolda çayda çimən gözəllə qarşılaşır. Onu, hürkütməmək üçün, gizlincə izləyən Xosrov, saraya gəldikdən sonra, yolda gördüyü gözəlin Şirin olduğunu başa düşür.[3] Mövzuya dəfələrlə, müxtəlif rəssamlar tərəfindən müraciət olunsa da, onların yaratdıqları miniatürlərdə daimi bir sxem yoxdur.[4] XV–XVI əsr ŞirazTəbriz miniatürlərində kompozisiyanın əsas quruluşunun bədii cəhətdən ifadə edilməsindəki fərdi fərqlərə baxmadan, süjet inkişafının vahid yolu müşahidə olunursa, Hindistanda XVII əsrin sonlarında bu mövzulu rəsmlərin kompozisiyası tamamilə ayrı əsasda yaradılırdı.[5]

"Xosrovun çimən Şirini görməsi" süjetini təsvir edən ən qədim miniatür 1420-ci il tarixli Berlin əlyazmasındakı Şiraz məktəbinə aid nümunədir.[4]

Təsvir redaktə

Miniatürün mərkəzində şaxəli ağaclar və bəyaz çiçəklərlə örtülmüş qaya fonlu bir mənzrədə gözlənilməz yad kişinin — Xosrovun ona baxmasını görüb özünü itirmiş, ilk hərəkətlə uzun qara saçları ilə çılpaqlığını gizlətməyə çalışan Şirin təsvir olunmuşdur. Gözəl miniatür dili ilə nəql edilən bu süjet şux və əlvan boyalarla işləndiyindən zərif və zəngin rəng qammasına malikdir. Miniatürdə üç fiqur — yuxarıda atlı Xosrov, aşağıda Şirin və Şəbdiz təsvir edilmişdir. Fiqurların sakit və ahəstə hərəkət ritmi olduqca təbiidir. Bu ritm, xüsusilə Xosrov və onun yorğa addımlı atının fiqurunda, Şirinin çimdiyi suyun dalğalı xəttlərində, Şəbdizin baş atıb geriyə qanırılmasında və s. təzahür edir.[1]

Kompozisiyanın ümumi müvazinəti, rəng uyğunluğunun ustalıqla seçilməsi ətraf mənzərə və s. kimi təfərrüatların zərif işlənməsi bu miniatürü səciyyələndirən cəhətlərdir. Burada təbiət sakit, personajların həyəcanı isə lirik planda əks etdirilmişdir. Əgər burdakı qəhrəmanların təsviri şərtidirsə, obrazların həllində ənənəvi qanunlardan kənara çıxıla bilmirsə, təbiət təsvirləri olduqca orijinaldır. Onlar, real və lirik planda verilmişdir. Başqa sözlə, Sultan Məhəmməd bu əsəri ilə əsl mənada bitkin poetik mənzərə obrazı yaratmağa nail olmuşdur. Zəngin rəng çalarlarının incəliyi mənzərəyə təlqin edilən valehedici gözəlliyi daha da artırmışdır. Süjetdən irəli gələn qeyri-adi vəziyyət və bu vəziyyətin doğurduğu dinamika, hətta personajların çöhrəsində heç bir psixoloji ifadə oxunmasa belə, rəssam, onların keçirdiyi həyəcan və duyğuları əl-qol hərəkətlərinin köməyi ilə verməyə nail olmuşdur.[6]

İstinadlar redaktə

  1. 1 2 Zamanov, 1981. səh. 28
  2. "Khamsah of Nizami". bl.uk. Britaniya Milli Kitabxanası. 2016-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 avqust 2017.
  3. Gəncəvi, Nizami. Xosrov və Şirin (PDF). Bakı: Lider nəşriyyatı. 2004. 113. 2022-03-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-08-05.
  4. 1 2 Zamanov, 1981. səh. 27
  5. Denike, B.P. XV-XVII əsrlər Azərbaycan və Şərq incəsənətində Nizami süjetləri ("Nizami" almanaxı, IV kitab). Elm. 108.
  6. Zamanov, 1981. səh. 29

Ədəbiyyat redaktə

  • Zamanov, Nadir. Nizami poeziyası və təsviri sənət (Azərbaycan SSR EA Memarlıq və İncəsənət İnstitutu). Bakı: Elm. 1981. səh. 190.

Saytda 234 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024