Yaponiya parlamentinin Müşavirlər Palatası Haqqinda Melumat - Vikipedia

Yaponiya parlamentinin Müşavirlər Palatası Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Yaponiya parlamentinin Müşavirlər Palatası

Yaponiya parlamentinin Müşavirlər Palatası (yap. 参議院) — Yaponiya parlamentinin 2 palatasından biri. Digəri isə Nümayəndələr Palatasıdır. Sonuncu seçki 10 iyul 2016-cı ildə keçirilmişdir[1].

Müşavirlər Palatası

Quruluşu və təşkili qaydası redaktə

Hər 2 palata ümummilli nümayəndəlik orqanı sayılır və bütün xalqı təmsil edən seçkili üzvlərdən ibarət olsa da Nümayəndələr Palatasının 500, Müşavirlər Palatasının isə 252 üzvü var.

Parlamentin qanunvericilik fəaliyyətinin həyata keçirilməsində Nümayəndələr Palatasına nisbətən Müşavirlər Palatasının daha az hüquqları var.

Digər palatada olduğu kimi burada da ümumi və birbaşa seçki hüququ, gizli səsvermə yolu ilə qarışıq seçki sistemi əsasında seçilir. Seçkilərin hansı palataya keçirilməsindən asılı olmayaraq majoritar və proporsional seçki sistemləri eyni nisbətdə tətbiq olunur (təxminən 1,5:1 nisbətində).

Qanuna görə 20 yaşa çatmış, uyğun seçki dairəsinin ərazisində azı 3 ay yaşayan və seçici siyahılarına daxil edilən hər bir yapon vətəndaşının fəal seçki hüququ, yəni seçkilərdə iştirak etmək hüququ var. Passiv seçki hüququ, yəni parlament üzvlüyünə namizəd göstərilmək və seçilmək hüququnun həyata keçirilməsi üçün tələb olunan yaş həddi isə Müşavirlər Palatasına üzv seçilmək üçün 30 yaşa çatmaq tələb olunur[2].

Müşavirlər Palatasının 152 üzvü nisbi çoxluqlu majoritar seçki sistemi əsasında seçki dairələri üzrə seçilir. Seçki dairələri inzibati ərazi vahidləri olan ətraflar və paytaxt şəhəri üzrə (cəmi 48 seçki dairəsi) təşkil edilir və çoxmandatlı olur; əhalisinin sayından asılı olaraq həmin seçki dairələrinin hər birindən 2-dən 6-dək müşavir seçilir. Yaponiya seçki sisteminin xüsusiyyəti ondan ibarətdir ki, seçki dairələri çoxmandatlı olsa da seçicilərin səsvermə zamanı yalnız bir namizədin lehinə səs vermək hüququ var. Uyğun seçki dairəsi üzrə bölüşdürülməli olan mandatların sayına görə daha çox səs toplamış namizədlər Namizədlər Palatasına üzv seçilir; bu şərtlə ki, onların hər birinin lehinə verilmiş seçici səslərinin sayı həmin seçki dairəsi üzrə müəyyən edilmiş seçki kvotasına bərabər və ya ondan çox olsun. Qeyd etmək lazımdır ki, seçki kvotası hər bir seçki dairəsi üçün ayrıca, uyğun seçki dairəsi üçün etibarlı sayılan seçici səslərinin ümumi sayının həmin seçki dairəsinə düşən müşavir mandatlarının sayına bölünməsi yolu ilə müəyyən edilir.

Müşavirlər Palatasının qalan 100 üzvü isə vahid çoxmandatlı seçki dairəsi üzrə (ölkənin bütün ərazisi bir seçki dairəsidir) proporsional seçki sistemi əsasında seçilir. Seçicilər siyasi partiyaların irəli sürdükləri namizəd siyahılarından birinə bütövlükdə səs verirlər.

Nümayəndələr Palatasından fərqli olaraq Müşavirlər Palatası heç vaxt tam tərkibdə yenidən seçilmir. Müşavirlərin səlahiyyət müddəti 6 il müəyyən edilmişdir. Hər 3 ildən bir müşavirlərin yarısı yenidən seçilməlidir. Müşavirlər Palatasının buraxılması imkanı Konstitusiya ilə nəzərdə tutulmayıb.

Nümayəndələr Palatası səlahiyyət müddəti başa çatmamış buraxıldıqda yeni seçkilərdən sonra parlamentin ilk sessiyası öz işinə başlayana qədər Müşavirlər Palatasının iclasları keçirilmir, lakin hökumət (Nazirlər Kabineti) ölkənin mənafeləri üçün son dərəcə zəruri hesab etdiyi hallarda Müşavirlər Palatasının fövqəladə sessiyasını çağıra bilər. Müşavirlər Palatasının bütün parlament adından təcili tədbirlər müəyyənləşdirən qərarlar qəbul etmək səlahiyyəti var, lakin Müşavirlər Palatasının fövqəladə sessiyasında müəyyən edilən tədbirlər müvəqqətidir və seçkilərdən sonra parlamentin tam tərkibdə növbəti sessiyası açılan kimi 10 gündən gec olmamaq şərtilə Nümayəndələr Palatası tərəfindən bəyənilməzsə, qüvvədən düşmüş sayılır.

Seçkili vəzifəli şəxsləri redaktə

Yaponiya parlamentinin hər 2 palatasının seçkili vəzifəli şəxslərinə uyğun palatanın sədri, sədrin müavini, ehtiyat (müvəqqəti) sədr, daimi komissiyaların sədrləri və baş katib aiddir. Göstərilən bütün vəzifəli şəxslər uyğun palatanın ümumi iclasında gizli səsvermə ilə seçilir. Seçkili vəzifəli şəxslərin səlahiyyət müddəti uyğun palatanın səlahiyyət müddəti ilə məhdudlaşır. Vəzifəli şəxslər Müşavirlər Palatasında onun üzvlərinin yarısı yenidən seçildikdən sonra parlamentin ilk sessiyasında seçilir. Uyğun palatanın vəzifəli şəxsləri seçilərkən parlamentdəki partiya fraksiyalarının say tərkibindən asılı olaraq mütənasib təmsilçiliyi nəzərə alınmalıdır.

Müşavirlər Palatasının ən yüksək vəzifəli şəxsi palatanın sədri sayılır. Qüvvədə olan qanunvericilik palatanın və onun inzibati aparatının fəaliyyətinin təşkilində həmin palatanın sədrinə geniş səlahiyyətlər verir. Belə ki, sədr müvafiq palatanın iclaslarını aparır, müzakirələri təşkil edir, çıxış etmək istəyənlərə söz verir, parlament üzvlərinin çıxışetmə ardıcıllığını nizama salır, çıxışetmə müddətini məhdudlaşdıra bilir, səsverməni keçirir və onun nəticələrini elan edir, lazım bildiyi hallarda müzakirə olunan məsələlər üzrə səsvermə vaxtını məhdudlaşdırır, qanun layihəsinə düzəlişlərin qəbul edilməsi üzrə səsvermənin keçirilməsi qaydasını müəyyənləşdirir, öz mülahizəsinə görə palatanın iclasında fasilə elan edir və ya iclası bağlayır, zəruri hallarda uyğun palatanın hüdudları daxilində polis və parlament mühafizəsi qüvvələrindən istifadə edir və s.

Palataların sədri bir qayda olaraq müzakirələrdə və səsvermədə iştirak etmir, lakin müzakirə olunan məsələnin lehinə və əleyhinə verilən səslər bərabər olduqda palata sədrinin səsi həlledicidir.

Sədr müavini öz vəzifələrini yerinə yetirməkdə palata sədrinə kömək edir, palata sədrinin rəhbərliyi altında həmin palatanın işinin ümumi tənzimlənməsini həyata keçirir, sədr olmadıqda palatanın ümumi iclaslarını aparır. Formalaşmış ənənəyə uyğun olaraq palata sədrinin müavini vəzifəsinə parlament azlığının (müxalifətin) nümayəndəsi seçilir. Ancaq yenə də həmin ənənəyə uyğun olaraq, palatanın sədri və sədr müavini seçildikdən sonra bütün səlahiyyəti müddətində mənsub olduqları partiya fraksiyalarında öz fəaliyyətini dayandırır və partiya ilə əlaqələrini kəsirlər.

Palataların ehtiyat (müvəqqəti) sədrləri uyğun palatanın fəaliyyətinə gündəlik rəhbərlikdə bilavasitə iştirak etmir, yalnız palatanın sədri və onun müavini hər hansı səbəbdən öz vəzifə səlahiyyətlərini müvəqqəti yerinə yetirə bilmədikdə həmin palatanın iclaslarını ehtiyat sədr aparır.

Daimi komissiyaların sədrləri palata sədrinin və onun müavininin rəhbərliyi altında uyğun daimi komissiyanın fəaliyyətinin nizama salınmasını həyata keçirirlər.

Baş katib parlament üzvü olmayan şəxslər sırasından seçilir. Baş katibin əsas vəzifəsi uyğun palatanın katibliyinin fəaliyyətinə rəhbərlik etmək və onun bütün orqanlarının texniki fəaliyyətinə nəzarəti həyata keçirməkdir. Baş katib bilavasitə uyğun palatanın sədrinə və onun müavininə tabedir.

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. "Ruling camp holds over 60% of seats". The Japan News. Yomiuri Shimbun. 11 July 2016. 20 July 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 July 2016.
  2. "Temsilciler Meclisi: Diet functions". 2008-12-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-30.

Xarici keçidlər redaktə


Saytda 67 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023