Yevlax rayonu Haqqinda Melumat - Vikipedia

Yevlax rayonu Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Yevlax rayonu

Azərbaycanda rayon
Bu məqalə Yevlax rayonu haqqındadır. Şəhər üçün Yevlax səhifəsinə baxın.

Yevlax rayonuAzərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Yevlax şəhəridir.

Rayon
Yevlax

40°40′09″ şm. e. 47°00′19″ ş. u.


Ölkə
Daxildir Mərkəzi Aran
İnzibati mərkəz Yevlax
İcra başçısı Anar Tağıyev
Tarixi və coğrafiyası
Yaradılıb 20 fevral 1935
Sahəsi 1470[1] km²
Əhalisi
Əhalisi 128,7 min (2019)[2] nəfər
Rəqəmsal identifikatorlar
ISO kodu AZ-YEV
Telefon kodu 994 2233
Poçt indeksi AZ 6600
Avtomobil nömrəsi 66
Rəsmi sayt
Yevlax xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi redaktə

Yevlax XIX əsrin əvvəllərinə aid rəsmi sənədlərdə və mənbələrdə Yelizavetpol quberniyasının Yevlax kəndi, 1920-ci ildən isə Cavanşir qəzasının Yevlax kəndi adlanmışdır. Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə 1935-ci il 20 fevral tarixdə Yevlax rayonu təşkil edilmişdir. 1939-cu il 1 fevralda Azərbaycan SSR Ali Sovetinin qərarına əsasən Yevlaxa şəhər statusu verilmişdir.

1962-ci il 26 dekabrda çağırılmış Azərbaycan SSR Ali Sovetinin X sessiyasının qərarı ilə Yevlax rayonu ləğv edilərək ərazisi Ağdaş, Bərdə və Qasım İsmayılov rayonlarına veilmiş, Yevlax respublika tabeli sənaye şəhərinə çevrilmişdir.

Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin 6 yanvar 1965-ci il taixli fərmanı ilə Yevlax şəhəri respublika tabeliyində olan şəhərlər sırasına daxil edilmiş və Yevlax şəhərində sənaye müəssisələrinin tikintisinə başlanmışdır.

Ötən əsrin 70–80-ci illərində Yevlaxda Pambıqtəmizləmə, Tütün fermentləmə, 2 Dəmir-beton məmulatları, Traktor təmiri, Pivə və spirsiz içkilər zavodu, "Qarabağ" istehsalat, Taxıl məhsulları, sənaye kombinatları, onlarca iri nəqliyyat, tikinti müəssisələri, rayonlarası təchizat bazaları və s. fəaliyyət göstərmişdir.

Yevlax-Xankəndi, Yevlax-Balakən dəmiryol xətti çəkilmiş, Yevlax hava limanı, respublikadan kənarda da şöhrət qazanmış Xaldan kənd kompleks orta məktəbi, Şahmat məktəbi, Uşaq gənclər idman məktəbi, 10535 yerlik 19 orta məktəb, 840 yerlik 15 uşaq bağçası, xəstəxana, mədəni-maarif müəssisələri, çoxmərtəbəli yaşayış binaları tikilib istifadəyə verilmişdir.

Yevlax rayonu ərazisində Yevlaxın qədim yaşayış məskəni olmasını sübut edən bir sıra tarixi abidələr vardır. E.ə. III minilliyin sonlarına aid olan Qoçtəpə kurqanı rayonun Qaraməmmədli kəndi ilə Rüstəmli kəndi arasındakı ərazidə yerləşir. Kurqana yaxın yerdə vaxtı ilə eyni adlı yaşayış məntəqəsi- Qoçtəpə kəndi olmuş, 1938-ci ildə həmin kənd ləğv edilərək əhalisi Qaraməmmədli kəndinə köçürülmüşdür. Yevlax rayonunun Şirvan bölgəsində yerləşən ərazi orta əsrlərdə Azərbaycanın iri şəhərlərindən biri olan Ərəş şəhərinin və bu şəhərin adından götürülmüş Ərəş mahalının bir hissəsi idi. Bu şəhərin mərkəzinin indiki Xaldan kəndindən 3 km şərqdə yerləşdiyi ehtimal olunur. Şəhərin qala divarlarının xarabaları Xaldan kəndi yaxınlığında qalır. Xaldan kəndinin ətraf ərazisi bu gün də Ərəş kimi tanınır.

Coğrafi mövqeyi redaktə

Yevlax coğrafi mövqeyinə görə Azərbaycanın mərkəzində mühüm kommunikasiyaların kəsişməsində yerləşməklə qədim yaşayış məskənlərindən biridir. Rayon kimi 1935-ci ilin fevral ayından fəaliyyət göstərir. Yevlax eyni zamanda respublika tabeli şəhərdir. Yevlax rayonu Ağdaş, Bərdə, Tərtər, Goranboy, Samux, Qax, Şəki rayonları ilə həmsərhəddir.

Rayonda 1 şəhər, 1 şəhər tipli qəsəbə və 48 kənd vardır.

Yevlax XIX əsrin sonu XX əsrin əvvəllərinə aid rəsmi sənədlərdə və mənbələrdə Yelizavetpol quberniyasının Yevlax məntəqəsi və ya Yevlax stansiyası, sonra Yelizavetpol quberniyasının Yevlax kəndi, 1920-ci ildən isə Cavanşir qəzasının Yevlax kəndi adlanmışdır.

Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə 1935-ci ilin 20 fevral tarixində Yevlax rayonu təşkil edilmişdir. 1939-cu ilin fevral ayının 1-də Azərbaycan SSR Ali Sovetinin qərarına əsasən Yevlaxda Şəhər Soveti yaradılmaqla, Yevlaxa şəhər adı verilmişdir.

1962-ci il 26 dekabrda çağrılmış Azərbaycan SSR Ali Sovetinin X sessiyasının qərarı ilə Yevlax rayonu ləğv edilərək ərazisi Ağdaş, Bərdə və Qasım İsmayılov rayonlarına verilmiş, Yevlax respublika tabeli sənaye şəhərinə çevrilmişdir. 1965-ci ildə Yevlax yenidən müstəqil rayona çevrilmişdir.

Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin 6 yanvar 1965-ci il tarixli fərmanı ilə Yevlax şəhəri respublika tabeliyində olan şəhərlər sırasına daxil edilmiş və Yevlax şəhərində sənaye müəssisələrinin tikintisinə başlanmışdır

Relyefi redaktə

Yevlax şəhəri Bakıdan 293 km aralı Kür çayının sağ sahilində, düzənlikdədir. (Gəncə-Qazax düzənliyinin cənub-şərqi, QarabağŞirvan düzlərinin şimal-qərb kənarı). Yevlax şəhəri Qədim İpək yolunun üzərindədir. Qışı quraq keçən mülayim-isti yarımsəhra və quru çöl iqlimi var. Ərazidən Kür çayı, Əlican, Korçay və İncəçayın aşağı axınları keçir. Mingəçevir su anbarının cənub şərq hissəsi, Varvara su anbarı Yevlax ərazisində yerləşir. Yuxarı Qarabağ və Yuxarı Şirvan kanallarının yuxarı hissələri rayon ərazisindədir

Rayonun şərq və qərb ərazisi Gəncə-Qazax düzənliyinin cənub-şərq hissəsi ilə hüdudlanır. Cənub və qərb hissə Qarabağ və Şirvan düzlərinin şimal-qərb kənarı olub düzənlik sahələrdir. Şimal ərazilərdəki tirəli-təpəli hissələr Xocaşen, Bozdağ (Gəncə Bozdağı), Arçandağ silsilələrindən ibarətdir. Türyançay Dövlət Təbiət qoruğunun qərb hissəsi burada yerləşir.

Geoloji quruluşu redaktə

Dağlıq hissədə Neogen, düzənliklərdə isə Antropogen çöküntülər yayılmışdır.

Çayları və su hövzələri redaktə

Əsas çayları Əlican, Korçay və İncə çaylarıdır. İncəçay öz mənbəyini Kiçik Qafqazdan, Murovdağın (3343 m) şimal-şərq yamacında 2580 m yüksəklikdən götürür. Əlican 3500 m yüksəklikdə formalaşır.

Landşaftları və bioloji müxtəlifliyi redaktə

Ərazinin iqlimi qışı quraq keçən mülayim-isti və quru — çöl iqliminə aiddir. Boz — çəmən, allüvial çəmən- meşə, şorakətvari boz-qonur torpaqları vardır.Düzənlik ərazilərdə yovşan üstünlük edən yarımsəhralar formalaşmışdır. Kür çayının sahillərində tuqay meşələrinin qalıqlarına rast gəlinir. Burada ağyarpaq qovaq, yulğun, saqqız ağacı, söyüd və b. ağackol növlərinə rast gəlinir.Xocaşen silsiləsi və Bozdağ ərazilərindəki yovşanlı yarımsəhra fonunda, eləcə də çay vadiləri yaxın 300 Xırdaçiçək yaxınlığındakı yüksəkliklərdə saqqızağac, ardıc, nar, qaratikandan ibarət seyrək meşəliklər yayılmışdır. Kol və ot yarusunda Pallas murdarçası (Rhamnus pallasii), müxtəlif yovşan növləri, soğan, buğdayıot, məryəmnoxudu və s. bitkilərə rast gəlinir. Ərazinin heyvanlar aləmi zəngindir. Burada məməlilərdən dovşan, adi tülkü , çaqqal , canavar, İran sincabı , quşlardan qayalıq kəkliyi , turac və s. su- bataqlıq quşları vardır.[3]

Arxeoloji abidələri redaktə

Qaraməmmədli kəndi yaxınlığında m.ə. III minilliyə aid Qoçtəpə kurqanları. Qaramanlı kəndi yaxınlığında Tunc və Dəmir dövrlərinə aid kurqanlar.

Tarixi-mədəni abidələri redaktə

Qaraməmmədli kəndi yaxınlığında orta əsrlərə aid Qoşatəpə kurqanları və yaşayış yeri. Malbinəsi kəndi yaxınlığında məscid (XIX əsr). Xaldan kəndi yaxınlığında antik dövrə aid nekropol. Qədim şəhər (Ərəş) xarabalıqları.

İri yaşayış məntəqələri redaktə

Rayonda 1 şəhər, 2 şəhər tipli qəsəbə, 52 kənd vardır. İri yaşayış məntəqələri: XaldanAran qəsəbələri, Qoyunbinəsi, Malbinəsi, Tanrıqulular, Havarlı, Araş, Yuxarı Qarxun, Nemətabad, Qaramanlı, Salahlı, Kövər, Kolanlı, Səmədabad, Varvara, Balçılı, Bucaq, Qaraoğlan, Qaraməmmədli, Gülövşə, Xanabad kəndləri.

Əhalisi redaktə

Əhalinin ümumi sayı 119953
Şəhər əhalisinin sayı, [%] 47.10
Kənd əhalisinin sayı, [%] 44.50
Əhalinin orta sıxlığı 77.89
Əhalinin cins qrupları üzrə sayı: (kişilər), [%] 47.53
Əhalinin cins qrupları üzrə sayı: (qadınlar), [%] 49.87
Əhalinin yaş qrupları üzrə sayı: (uşaqlar), [%] 33.79
Əhalinin yaş qrupları üzrə sayı: (18 yaşa qədər), [%] 3.77
Əhalinin yaş qrupları üzrə sayı: (18-dən 55–60-a), [%] 48.85
Əhalinin yaş qrupları üzrə sayı: (təqaüdçülər), [%] 15.40
Ali təhsilli əhalinin sayı, [%] 4.41
Orta təhsilli əhalinin sayı, [%] 42.00
Məskunlaşmış qaçqınların sayı 965
Məskunlaşmış məcburi köçkünlərin sayı 11851

İqtisadi xarakteristikası redaktə

Yevlax aqrar-sənaye rayonudur. Kənd təsərrüfatı əsasən pambıqçılıq, taxılçılıq, heyvandarlıq üzrə ixtisaslaşmışdır. Sənayesi başlıca olaraq kənd təsərrüfatı məhsullarını emal edir. Rayonda pambıqtəmizləmə, tütün-fermentasiya, qarışıq yem, dəmir-beton məmulatları zavodları, istehsalat və sənaye kombinatları vardır.

Mədəniyyət, təhsil və səhiyyə müəssisələri redaktə

Yevlaxda 57 ümumtəhsil məktəbində (40 orta, 9 əsas, 8 ibtidai məkitəb) 17146 uşaq oxuyur. 1 peşə məktəbində 9 qrupda 105 şagird müxtəlif peşələr öyrənir. 25 məktəbəqədər uşaq müəssisəsində 1379 uşaq tərbiyə alır. Uşaq Gənclər İdman və Şahmat məktəbləri, uşaq yaradıcılıq mərkəzi və texniki yaradıcılıq mərkəzi fəaliyyət göstərir.

Yevlaxda 59 kitabxana, 1 Saray,18 mədəniyyət evi, 2 muzey, 22 klub, 6 musiqi məktəbi, B.Səfəroğlu adına xalq teatr və kukla teatrı, "Ərəş", "İlkin", "Karvan", "Səda" musiqi kollektivləri vardır.

Maddi-mədəni irsi redaktə

Yevlax – Bərdə magistral yolunun təxminən 18-ci kilometrliyində torpaqdan ucaldılmış Zərgərtəpə Kurqanı yerləşir. Konusvari formada olan kurqanın ətək hissəsinin diametri təxminən 58 metr, hündürlüyü 11 metr, uzunluğu 120 metrə yaxındır.

Üçtəpə kurqanın torpaq örtüyü 35 min kub metrə çatır və tədqiqatçılar hesablamışlar ki, bu kurqanın törpaq örtüyü fasilələrlə 3 ilə tökülüb başa çatdırılmışdır.

Xaldan kəndinin 3–4 km –də antik dövrə təsadüf edən Alban Sərdabəsi olduğu ehtimal olunan Sərdabənin, Marzılı kəndi ərazisində VII əsrə aid edilən və XVI əsrdə Şeyx Həzrə Piri kimi tanınan Pirin, Malbinəsi kəndində Qarabağda tikilən qədim məscidlər tipinə aid olan, XVIII əsrdə inşa edilən Məscidin qalıqları mühavizə olunur.

Yerli media redaktə

Yevlaxda "Kür" və "Təşəbbüs" qəzetləri nəşr olunur.

Mənbə redaktə

  • ASE, V cild, Bakı, 1981, səh. 99

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. "İnzibati-ərazi vahidləri" (PDF). 2016-03-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-07-19.
  2. "azstat.org". 2011-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-07-26.
  3. Əsgərov A.M. Azərbaycanın ali bitkiləri Azərbaycan florasınin konspekti 3 ciiddə Bakı: Elm, 2006–2008

Xarici keçidlər redaktə



Saytda 68 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024