Zaqatala rayonu Haqqinda Melumat - Vikipedia

Zaqatala rayonu Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Zaqatala rayonu

Azərbaycanda rayon
Bu məqalə Zaqatala rayonu haqqındadır. Şəhər üçün Zaqatala səhifəsinə baxın.

Zaqatala rayonuAzərbaycan Respublikasının Şəki-Zaqatala iqtisadi rayonunda inzibati-ərazi vahidi.

Rayon
Zaqatala rayonu

41°33′ şm. e. 46°43′ ş. u.


Ölkə
Daxildir Şəki-Zaqatala
İnzibati mərkəz Zaqatala
İcra başçısı Mübariz Əhmədzadə
Tarixi və coğrafiyası
Yaradılıb 8 avqust 1930
Sahəsi
  • 1.350 km²
Əhalisi
Əhalisi
  • 126.900 nəf. (2017)
Rəqəmsal identifikatorlar
ISO kodu AZ-ZAQ
Telefon kodu 2422
Avtomobil nömrəsi 62
Rəsmi sayt
Zaqatala rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Etimologiya redaktə

Zaqatala sözünün yaranmasına dair (etimologiyaya görə) bir neçə rəvayət vardır. Müasir Zaqatala adı Sakatala (Sak düzü) adının dəyişilmiş formasını təşkil edir. İkinci bir rəvayətə görə isə guya qədim zamanlarda bu ərazi sıx meşələrlə örtülmüş və Zəkəriyyə adlı bir şəxs meşəni qıraraq Tala açmış və özünə ev tikmişdir. Həmin ərazini yerli əhali "Zəkəritala", yəni "Zəkəriyyənin talası" (düzü) adlandırmışdır. Sonralar Zəkəritala adlı kənd yaranmış və zaman keçdikdə bu ad öz toponimiyasını dəyişərək Zaqatala olmuşdur.

Tarix redaktə

E. ə. VII əsrin əvvəlində Kimmer-Skit dalğaları ilə Ön Asiyaya düşmüş sak tayfaları Albaniyanın ərazisində də məskən salmışlar və bu ərazi Kür çayının sağ sahilindən (Kür-Araz qovşağı daxil olmaqla) Qafqaz dağ ətəklərinə qədərki ərazini tuturdu. Zaqatala rayonu da qədim Qafqaz Albaniyasının ayrılmaz hissəsi olmaqla onun qərbində yerləşirdi. 1803-cü ildə Zaqatala qəzası Rusiyanın tərkibinə daxil olmuşdur. 1830-cu ildə Zaqatala qalası tikilmiş, 1840-cı ildən Zaqatalaya şəhər statusu verilmişdir.

Zaqatala inzibati rayonu isə 8 avqust 1930-cu ildə təşkil edilmişdir.

Coğrafiya redaktə

Zaqatala rayonu Azərbaycan Respublikasının şimal-qərbində, Böyük Qafqaz sıra dağlarının cənub yamacları Qanıx-Əyriçay vadisində yerləşir. Cənubdan Gürcüstan Respublikası, şimaldan Dağıstan Respublikası, qərbdən və şərqdən Azərbaycan Respublikasının Balakən və Qax rayonları ilə həmsərhəddir. Mərkəzi Zaqatala şəhəridir. Şəhər dəniz səviyyəsindən 535 metr hündürlükdə, Azərbaycan Respublikasının paytaxtı olan Bakı şəhərindən 445 km aralıda, Tala çayının sahilində, Yevlax-Balakən şose yolunun üzərində, nəhəng İpək yolunun üstündə, vaxtı ilə Şərqin ən böyük ticarət mərkəzlərindən (bazarlarından) olan "Əskibazarın" (yer adı tamamilə öyrənilməmişdir) 25–30 km-də, Böyük Qafqaz silsiləsinin cənub ətəyində yerləşir. Ərazisi 1348 km².-dir.

Relyef redaktə

Relyefi şimalda və şimal-şərqdə dağlıq, cənub və cənub-qərbdə düzənlikdir. Hündürlüyü düzənlik hissədə təqribən 200–600 m, dağlıq hissədə 3648 m-ədəkdir (Quton dağı). Düzənlik hissədə Antropogen, dağlıq hissədə isə Yura və Təbaşir çöküntüləri yayılmışdır. Polimetal və gil yataqları var.

Rayonda ən uca nöqtə Quton dağıdır. (3648 m).

Rayon ərazisindən 7 çay axır (Qanıx (Alazan), Katex, Tala, Muxax, Bəkməz və s.). Çaylar Qanıx çayı hövzəsinə aiddir. Əsasən, allüvial çəmən, qonur, dağ-meşə, çimli dağ-çəmən torpaqları yayılmışdır. Dağlıq hissədə meşələr geniş sahə tutur.

İqlim redaktə

Rütubətli subtropik iqlimə malikdir. İqlimi düzənlik və dağətəyi hissədə mülayim isti, yüksək dağlıqda soyuqdur. Orta temperatur yanvarda yüksək dağlıq hissədə −10 °C-dən, düzənlik hissədə l°C-yədək, iyulda müvafiq olaraq 5-dən 24 °C-yədəkdir. İllik yağıntı 600–1600 mm-dir.

Flora və fauna redaktə

Zaqatala ərazisinin təqribən yarısını meşələr tutur. Onlar əsasən dağlarda və dağətəyi bölgədə yerləşir. Zaqatala rayonunun florası müxtəlif qiymətli ağac növləri ilə zəngindir – şabalıd, qoz, fındıq, palıd, vələs, qarağac və s.

Heyvanları: bəbir, nəcib maral, dağkeçisi, köpgər (qarapaça), daşlıq dələsi, meşə dələsi, çöl-donuzu (qaban), ayı, canavar, vaşaq, meşəpişiyi, dovşan və s. Quşları: ular, qartal, qırqovul, tetra, kəklik, dağ şahini, çalağan, turac, dolaşa, bülbül və s.

1929-cu ildə Baş Qafqaz dağlarının cənub yamaclarında yaradılan Zaqatala dövlət təbiət qoruğunun çox hissəsi rayonun ərazisindədir.

Təbii ehtiyatlar redaktə

Avtomobil və dəmir yolları redaktə

  • Xaldan-Göybulaq-Zaqatala avtomobil yolu — dövlət əhəmiyyətli avtomobil yolu, 3-cü kateqoriya;
  • Zaqatala-Balakən avtomobil yolu — uzunluğu 7 km dövlət əhəmiyyətli, 3-cü kateqoriyalı yol;
  • Zaqatala-Muğanlı avtomobil yolu — cəmi uzunluğu 26 km. Ondan:
    • Dəmir yoluna kimi olan 9 km dövlət əhəmiyyətli, 3-cü kateqoriya;
    • Dəmir yolundan Alazan çayına kimi 17 km yerli əhəmiyyətli, 4-cü kateqoriyalı yoldur.
  • Şəki-Zaqatala avtomobil yolu — cəmi uzunluğu 15 km. Dövlət əhəmiyyətlidir, 3-cü kateqoriyalıdır;
  • Dəmir yolu — uzunluğu 22,3 km. Dövlət əhəmiyyətlidir.

İnzibati bölgü və yerli idarəetmə redaktə

Rayona Zaqatala şəhəri, Qazangül, Əliabad qəsəbələri və Aşağı Tala, Yeni Suvagil, Mosul, Muğanlı, Yuxarı Çardaqlar, Əlibayramlı, Qalal, Qarqay, Əzgilli, Bəhmətli, Kürdəmir, Göyəm, Çökəkoba, Dardoqqaz, Sumaylı, Gözbaraq, Mamrux, Ələsgər, Cimcimax, Danaçı, Aşağı Çardaqlar, Uzunqazmalar, Car, Kebeloba, Axaxdərə, Zilban, Dombabinə, Mamqabinə, Bozbinə, Mücəkbinə, Masqarabinə, Həsənbinə, Xanmədbinə, Yengiyan, Kəpənəkçi, Qandax, Faldarlı, Lahıc, Sabunçu, Maqov, Yolayrıc, Paşan, Hoytala, Vohtala, Əbaəli, Fındıqlı, Mazıx, Qəbizdərə, Uzuntala, Bərətbinə, Çiçibinə, Muxax, Zəyəm, Çobankol, Qımır, Bazar, Yuxarı Tala, Mişleş, Çüdülübinə, Laqodexbinə kəndləri daxildir.

Zaqatala rayonunda 31 bələdiyyə fəaliyyət göstərir. Zaqatala bələdiyyəsi Zaqatala şəhərini əhatə edir. Rayonda elə bələdiyyələr vardır ki, onların tərkibinə bir neçə kənd yaşayış məntəqəsi daxildir.

Zaqatala rayonu rayon icra hakimiyyəti başçısı, onun ərazi icra nümayəndələri və bələdiyyələr tərəfindən idarə olunur. Rayonda 29 icra nümayəndəliyi və 31 bələdiyyə fəaliyyət göstərir. Ümumiyyətlə mövcud olan 31 bələdiyyənin tərkibində 1 şəhər, 1 şəhər tipli qəsəbə və 59 kənd yaşayış məntəqəsi vardır.[mənbə göstərin]

Əhali redaktə

1 yanvar 2012-ci il tarixinə olan rəsmi təxminə əsasən əhalisi 121.394[1] nəfərdir, əsasən azərbaycanlılardır. Rayonda azərbaycanlılarla bərabər iyirmidən artıq millət və xalqın nümayəndələri (ruslar, ukraynalılar, gürcülər, laklar, avarlar, saxurlar, udinlər, ingiloylar, ləzgilər, tatarlar, yəhudilər, türklər, yunanlar, osetinlər və digərləri) yaşayır.

Zaqatala rayonu əhalisinin milli tərkibi
Etnik qrup 1939 sa.[2] 1959 sa.[3] 1970 sa.[4] 1979 sa.[5] 1999 sa.[6] 2009 sa.[7][8] 2012 r.t.[1]
Toplam 45 854 47 776 69 270 79 627 107 240 118 228 121 394
azərbaycanlı 21 712 29 785 42 034 49 071 63 811 80 476 81 474
avar 9 958 8 878 15 240 17 592 25 835 25 578 26 402
saxur 6 021** 2 603 5 697 7 728 13 114 11 203 12 788
türk 303 303 320
rus 3 754 2 229 1 661* 1 213* 404 233 210
gürcü 279 178 1 785 224 3 075 59 27
ləzgi 1 685 2 137 1 014 2 218 313 50 71
ukraynalı 268 * * 50 7
tatar 59 56 32 11 15
erməni 1 459 1 234 1 038 884 1
kürd 14 11 7 9 50
yəhudi 29 23 13 8
alman 49
talış 18 1 8
udin ** 3 5
Digər 1 697 719 622 303 315 22

Qeyd : *- Ukrayın və Ruslar birlikdə /**- Saxurlar və digər Dağıstan xalqları /sa.- siyahıya alma /r.t.- 2009-u il sa-nın nəticələri əsasında rəsmi təxmin.

Tanınmış şəxslər redaktə

İqtisadiyyat redaktə

Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı — tütünçülük, baramaçılıq, meyvəçilik, taxılçılıq, heyvandarlıq, həmçinin kənd təsərrüfatı məhsullarının emalı təşkil edir. Rayonda mebel, tikinti, inşaat materialları, yeyinti, yüngül sənayeni inkişaf etdirmək üçün böyük potensial vardır.

Sənaye redaktə

Rayonda yeyinti məhsulları kombinatı, fındıq təmizləmə, tütün fermentasiya, efir-yağlar zavodları, tikiş və mebel fabrikləri vardır. Ümumilikdə 71 iri və orta müəssisə fəaliyyət göstərir.

Kənd təsərrüfatı redaktə

Rayonda taxılçılıq (xüsusilə də dənlik qarğıdalı), tütünçülük, meyvəçilik (qoz-ləpəli), tərəvəzçilik və çayçılıq[9] inkişaf etmişdir.

Mədəniyyət redaktə

Rayonda 143 mədəniyyət ocağı, o cümlədən 81 kitabxana, 36 klub, 27 mədəniyyət evi, 1 xalq teatrı, tarix-diyarşünaslıq muzeyi, uşaq yaradıcılıq mərkəzi, Heydər Əliyev adına Zaqatala Mədəniyyət və İstirahət Parkı, tarix-mədəniyyət qoruğu, 2 muzey fəaliyyət göstərir.

Tarixi və memarlıq abidələri redaktə

Rayonun ərazisində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı qərarına əsasən Dövlət tərəfindən qorunan 100-ə yaxın abidə qeydə alınmışdır.

Bunlardan ən qədimləri Pəriqala, Armatay qalası, Çingizqala, Şeytan qalası, Zaqatala qalası və başqalarıdır. Rayonun kənd yerlərində VI–VIII əsrlərdən qalmış 10-dan çox Alban abidələri mövcuddur.

Rayonun Mamrux (Mamrux kilsəsi), Mazıx, Muxax, Qəbizdərə, Yuxarı Tala (Yuxarı Tala məbədi) və Yuxarı Çardaxlar kəndlərində VI–VIII əsrlərdən qalmış çoxlu Alban abidələri, qalaları vardır ki, maliyyə çətinlikləri üzündən onların yenidən bərpası mümkün olmasa da qismən də olsa qorunması sahəsində müəyyən işlər görülür. Yerlərdə mövcud olan məscidlərin isə hamısında yenidənqurma, bərpa işləri aparılmış, tarixi abidə kimi onların qorunması təmin edilir.

GözbaraxQalal kəndlərində XVIII əsrə aid məscidlər, Kebeloba kəndində XV əsrə aid iki qüllə, Mazıx kəndində XII əsrə aid qüllə, Yuxarı Çardaxlar kəndində V əsrə aid Pəriqala, Car kəndində XIV əsrə aid Çingizqala və Zaqatala Tarix-Diyarşünaslıq Muzeyi, Paşan kəndində Alban qülləsi (XIII əsr) və Axaxdərə kəndindəki Alban qülləsi (XII əsr), rayonun müxtəlif kəndlərində, o cümlədən Əliabad, Mosul və Kəpənəkçi kəndlərində XIX əsrdə tikilmiş məscidlər salamat qalmışdır.

Zaqatala qalası 1830-cu ildə Zaqatala şəhəri ərazisində tikilmişdir. Qalada toplarla təchiz edilmiş güclü qarnizon saxlanılırdı. Zaqatala qalası Çar hakimiyyətinə qarşı bir sıra kəndli çıxışlarının yatırılmasında əsas dayaq məntəqəsi olmuşdur. Çar hakimiyyəti "Potyomkin" zirehli gəmisinin inqilabçı matroslarını Zaqatalaya sürgün etmiş və onlar Zaqatala qalasında yerləşdirilmişdi.

Zaqatala qalası tarixi abidə kimi dövlət tərəfindən qorunur.

Zaqatala qalasında saxlanılan matrosların inqilabi fəaliyyəti barədə yazıçı Qılman İlkin "Qalada üsyan" romanını yazmış və həmin əsər əsasında "Yenilməz batalyon" bədii filmi çəkilmişdir

Son dövrlərdə rayonun ərazisində olan tarixi və memarlıq abidələrinin təmiri və bərpası istiqamətində müəyyən işlər görülmüşdür.

Rayon mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılmışdır.

Din redaktə

Rayonda 23 məscid fəaliyyət göstərir.

Turizm redaktə

Rayon geniş turizm imkanlarına malikdir. Rayonda 1 mehmanxana, 4 motel fəaliyyət göstərir.

Rayon ərazisində, ekoturizmin inkişafı üçün əvəzsiz, 1839-cu ildə təşkil olunmuş (ərazisi 23800 ha.) Zaqatala Dövlət Qoruğu, Zaqatala şəlaləsi, Xalaxi gölü, Malarasa aşırımı, ölkə və rayon əhəmiyyətli 108 tarix-mədəniyyət abidəsi var.

Təhsil redaktə

Rayonda 48 orta, 14 əsas, 4 ibtidai məktəb, 1 humanitar fənlər gimnaziyası, 39 məktəbəqədər uşaq tərbiyə müəssisəsi, 6 məktəbdənkənar müəssisə, BETM-nin Zagatala filiali, 2 ali məktəbin (Azərbaycan Müəllimlər İnstitutunun və Bakı İslam Universitetinin filialları) filialı, 1 kollec, 1 texniki-peşə məktəbi, 1 musiqi məktəbi, uşaq qənclər idman məktəbi, şahmat məktəbi fəaliyyət göstərir.

Səhiyyə redaktə

Rayonda 10 xəstəxana, 21 kənd həkim ambulatoriyası, 26 feldşer-mama məntəqəsi fəaliyyət göstərir.

İdman redaktə

Zaqatala rayonunda 1 Olimpiya İdman Kompleksi, 3 stadion, 1 üzgüçülük hovuzu, 1 şahmat klubu, 71 sadə, 18 kompleks idman qurğusu, 3 aerobika-trenajor zalı fəaliyyət göstərir.

Kütləvi informasiya vasitələri redaktə

Rayonun əsas mətbuat orqanı olan "Zaqatala" qəzeti 1923-cü ilin mart ayının 8-də fəaliyyətə başlamışdır. İlk əvvəllər "Zaqatala kəndçisi" adı ilə nəşr olunan qəzet sonralar "Kolxoza doğru", "Kolxozun səsi", "Bolşevik kolxozu uğrunda", 40 ilə yaxın müddətdə "Qırmızı bayraq", 1991-ci ilin oktyabrından isə "Zaqatala" adı altında fəaliyyətini davam etdirir.

Zaqatala rayon yerli radio verilişləri 1950-ci ildən "Qırmızı bayraq" qəzetinin nəzdində fəaliyyət göstərmişdir. 1975-ci ildən müstəqil redaksiya kimi fəaliyyətə başlamış və fəaliyyət bu günə qədər davam edir. Müstəqil "Aygün" televiziyası isə 1994-cü ildən fəaliyyət göstərir.

Şəkillər redaktə

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. 1 2 Zaqatala Rayon İcra Hakimiyyəti :Əhalisi [ölü keçid]
  2. Ethno-Caucasus, Этнодемография Кавказа :Закатальский район (перепись 1939 года) Arxivləşdirilib 2012-05-09 at the Wayback Machine
  3. Ethno-Caucasus, Этнодемография Кавказа :Закатальский район (перепись 1959 года) Arxivləşdirilib 2012-05-09 at the Wayback Machine
  4. Ethno-Caucasus, Этнодемография Кавказа :Закатальский район (перепись 1970 года) Arxivləşdirilib 2012-05-27 at the Wayback Machine
  5. Ethno-Caucasus, Этнодемография Кавказа :Закатальский район (перепись 1979 года) Arxivləşdirilib 2012-05-23 at the Wayback Machine
  6. Population statistics of Eastern Europe :Azerbaijan Republic population and housing census of 1999 Arxivləşdirilib 2015-06-27 at Archive.today
  7. Azərbaycan Dövlət Statistika Komitəsi :Zaqatala rayonu Arxivləşdirilib 2009-11-14 at the Wayback Machine
  8. Population statistics of Eastern Europe :Azerbaijan Republic population and housing census of 2009 Arxivləşdirilib 2015-06-27 at Archive.today
  9. "azertag". 2021-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-24.

Xarici keçidlər redaktə


Saytda 102 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024