Göyçə sultan Qacar Haqqinda Melumat - Vikipedia

Göyçə sultan Qacar Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Göyçə sultan Qacar

Göyçə sultan Qacar və ya Gökçə sultan Qacar - Qacar tayfasına mənsub Səfəvi sərkərdəsi, II Şah İsmayıl adı ilə tanınan İsmayıl Mirzənin lələsi. Van və Nişapur hakimi.

Göyçə sultan Qacar
Doğum tarixi XVI əsr
Vəfat tarixi 1555-ci il
Vəfat səbəbi xəstəlik
Fəaliyyəti Van və Nişapur hakimi, Səfəvi sərkərdəsi, Şah II İsmayılın lələsi

Həyatı redaktə

Anonim müəllif tərəfindən qələmə alınan Tarix-i Qızılbaşan adlı əsərdə Göyçə sultan barədə məlumatlara rast gəlinir. Müəllif yazır ki, Qacar tayfasına mənsub olan Göyçə sultan Van hakimi idi.[1]

Hicri 952-ci ildə (1546-cı il) Əlqas Mirzə Şirvan hakimi kimi Şah Təhmasibə qarşı üsyan qaldırır. Bu səbəbdən Şah Təhmasib Göyçə sultan Qacarı və bir neçə nüfuzlu Qızılbaş əmirlərini onun yanına göndərir ki, Qurani Kərimə and içib üsyançı hərəkətlərinə son qoysun. Beləliklə Əlqas Mirzə dövlət xəzinəsinə 1000 Təbriz tüməni, orduya isə 1000 əsgər göndərəcəyinə and içir.[2]

Hicri 953-cü ilin qışında (1547-ci ilin əvvəlində) I Şah Təhmasib böyük qoşunla Şuragöldən keçərək Gürcüstana hərəkət edir. Bu zaman qardaşı Əlqas Mirzə də həmin məqsədlə “çərkəz diyarına” yola düşür. Lakin əmirlər Şirvandan qayıtdıqdan sonra paytaxtda qızılbaş əyanları arasında baş vermiş tayfa münaqişəsindən istifadə edən Əlqas Mirzə yenidən özünü müstəqil hakim elan edib, öz adından məclislərdə xütbə oxutdurdu, pul zərb etdirdi. Bundan xəbər tutan şah Gürcüstandan qayıdarkən Yevlaxda dayandı. Burada 5 min atlı ilə yenə Göyçə sultan Qacarı, İbrahim xan Zülqədəri, Hüseyncan sultan Rumlunu, Şahverdi sultan Ziyad oğlunu, Xacə Basanı Şamaxıya göndərdi. Əlqas Mirzənin döyüşə girib məğlubiyyəti və Osmanlı sarayına sığınması ilə nəticələnən bu hadisədə Şah Təhmasib Şirvan hakimliyinə öz oğlu İsmayıl Mirzəni gətirir. Göyçə sultan Qacar isə İsmayıl Mirzənin lələsi təyin edilir.[3]

Daha sonra biz mənbələrdə Göyçə sultan Qacarın adına I Sultan Süleymanın Azərbaycana üçüncü yürüşü zamanı rast gəlirik. Həsən bəy Rumlu xəbər verir ki, I Sultan Süleyman bu yürüş zamanı Təbrizə qədər irəliləyib, şəhərə daxil olsa da, osmanlı qoşunu burada sadəcə 4 gün qala bilmişdi. Osmanlı ordusu məcbur qalıb şəhəri tərk edib Xoya daxil olur. Bu zaman Şah Təhmasib məlumat aldı ki, sultan qullar ağası Osman Çələbini dörd minlik qoşunla Qars qalasını bərpa etmək üçün göndərmişdir.[4] Şah Təhmasb oğlu İsmayıl Mirzə ilə birlikdə Göyçə sultan Qacarı və 7000 atlını Qars qalasını ələ keçirib dağıtmaq daha sonra Ərzuruma hücum etmək üçün göndərdi. Onlar Qarsa hücum edib Osman Çələbi və bir çox Osmanlı  əsgərini öldürdükdən sonra qalanı yerlə-yeksan etdilər. Lakin onlar Ərzuruma doğru hərəkət etməzdən əvvəl Sultan Süleyman 9 gün sonra Van qalasını ələ keçirməyə müvəffəq oldu.[5]

Hicri 951-ci ildə (1544-ci il) Şirvanşah II Xəlilullahın oğlu Bürhan Mirzə Qaytaqdan yürüş edib Şirvana soxulsada məğlub edilib geri çəkilmişdi. Hicri 954 (1547)-cü ildə Bürhan yenidən Qaytaqdan çıxışa başladı. Bu zaman Şirvan hakimi olan İsmayıl Mirzə Göyçə sultan Qacar ilə birlikdə onun üzərinə yürüyüb qoşununu darmadağın edir.[6]

Şah Təhmasib hicri 955/ 1548-49-cu illərdə Çuxursəd şəhərinə gəldiyi zaman Şirvanı geri almaq üçün oğlu İsmayıl Mirzəni Göyçə sultan ilə birlikdə buraya göndərdi.[5]

Vəfatı redaktə

Hicri 962-ci ildə (1554-55-ci il) Şah Təhmasib Abaya qarşı o zamanlar Nişapur hakimi olan Göyçə sultan Qacar və bir neçə nüfuzlu Qızılbaş əmirini Astrabada göndərir. Baş verən döyüşdə Aba məğlub olub döyüş meydanından qaşaraq Xarəzm hakimi Əli Sultan Özbəyə sığınır. Bu hadisələr zamanı Göyçə sultan ağır xəstələnir və vəfat edir. Ordusu isə geri qayıtmalı olur.[5]

Mənbə redaktə

  • M.Ə.Məhəmmədi. TARİX-İ QEZELBAŞAN. Bakı: Azərbaycan nəşriyyatı. 1993. səh. 48.
  • Babək Cavanşir. İRAN’DAKİ TÜRK BOYLARI ve BOY MENSUBU KİŞİLER (SAFEVÎ DÖNEMİ – I. ŞAH TAHMASB HÂKİMİYETİNİN SONUNA KADAR / 1576). İstanbul: T.C. Mimar Sinan Güzel Sanatlar Üniversitesi Sosyal Bilimler Enstitüsü Tarih Anabilim Dalı Ortaçağ Tarihi Programı. 2007. səh. 896.
  • Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. Bakı: Şərq-Qərb. 2007. səh. 344. ISBN 978-9952-34-101-0.

İstinadlar redaktə

  1. Məhəmmədi, 1993. səh. 36
  2. Cavanşir, 2007. səh. 579
  3. Əfəndiyev, 2007. səh. 89
  4. Əfəndiyev, 2007. səh. 91
  5. 5,0 5,1 5,2 Cavanşir, 2007. səh. 580
  6. Əfəndiyev, 2007. səh. 96

Saytda 163 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024