Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi Haqqinda Melumat - Vikipedia

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi - Naxçıvan Muxtar Respublikasında rəssamları birləşdirən yaradıcılıq qurumu

Tarixi redaktə

Hələ 1970-ci ildə muxtar respublikada kifayət qədər ittifaq üzvü olan rəssamın mövcudluğu onların yerli təşkilatda birləşmələrinə zəruri şərait yaratmışdı. Həmin ilin sonunda muxtar respublika rəssamları bu məsələ ilə əlaqədar Azərbaycan Rəssamlar İttifaqının sədrinə müraciət etmiş, Rəssamlar İttifaqının İdarə Heyəti bu təşəbbüsə tərəfdar çıxaraq məsələni respublika rəhbərliyinə və SSRİ Rəssamlar İttifaqına çatdırmışdır.

1971-ci ilin iyun ayında Naxçıvan Rəssamlar Təşkilatının yaradılmasına hazırlıq işlərinin tamamlanması barədə hökumət strukturlarına və Rəssamlar İttifaqına göstəriş verən ümummilli liderimiz yeni təşkilatın sədri vəzifəsinə bu məsələnin əsas təşəbbüskarı olan və hələ özünün Naxçıvanda işlədiyi illərdən istedadlı gənc teatr rəssamı kimi tanıdığı Məmməd Qasımovun namizədliyini tövsiyə etmişdir.

Beləliklə, 1971-ci il iyul ayının 5-də, Bakıda Azərbaycan Rəssamlar İttifaqı İdarə Heyətinin və ictimaiyyət nümayəndələrinin Naxçıvan rəssamları ilə birlikdə təsis yığıncağı keçirilmişdir. Təşkilatın sədri vəzifəsinə SSRİ Rəssamlar İttifaqının üzvü, muxtar respublikanın əməkdar incəsənət xadimi Məmməd Qasımovun namizədliyi irəli sürülmüş və hesablayıcı komissiya seçilmişdir. Komissiyanın tərkibi Naxçıvan rəssamlarından (Şəmil Mustafayev (sədr), Rəcəb Rəcəbov, Məmmədəli İsmayılov) ibarət olmuşdur. Azərbaycan Rəssamlar İttifaqı Naxçıvan Təşkilatının səmərəli fəaliyyəti nəticəsində qısa müddət ərzində təşkilatın idarəsi və sərgi salonu üçün yer müəyyənləşdirilmiş, muxtar respublika rəssamlarının birgə sərgisi keçirilmiş, onların kataloqu hazırlanmış, həvəskar-gənc rəssamların ixtisas təhsillərinə diqqət artırılmış, Azərbaycan Rəssamlar İttifaqı Fondunun Naxçıvanda nümayəndəliyinin yaradılması barədə məsələ qaldırılmış, ittifaq üzvləri olan yerli rəssamların SSRİ-nin müxtəlif şəhərlərinə yaradıcılıq ezamiyyətlərinə göndərilməsi işinə başlanılmışdır.

Sonrakı illərdə Azərbaycan Rəssamlar İttifaqı Naxçıvan Təşkilatının sədri vəzifəsində muxtar respublikanın tanınmış rəssamları – Abuzər Qardaşbəyov, Mircəlil Seyidov, Babək Abazərli fəaliyyət göstərmişlər.

2000-ci ildə Naxçıvan Muxtar Respublikası Muxtar Respublika Ali Məclisinin Sədri Vasif Talıbovun təşəbbüsü və qayğısı ilə Azərbaycan Rəssamlar İttifaqının Naxçıvan Təşkilatı yeni əsasnaməsi olan müstəqil bir yaradıcılıq qurumuna – Naxçıvan Muxtar Respublikasının Rəssamlar Birliyinə çevrilmişdir.

Birliyin sədri vəzifəsinə Azərbaycan Respublikasının əməkdar rəssamı Hüseynqulu Əliyev (sonralar xalq rəssamı) seçilmişdir.[1] 2011-ci ildə keçirilmiş Naxçıvan Rəssamlar Birliyinin III konfransında Azərbaycan Respublikasının Əməkdar Rəssamı və Naxçıvan Muxtar Respublikasının Əməkdar Rəssamı Ülviyyə Həmzəyeva Naxçıvan Rəssamlar Birliyinin sədri seçilmişdir.

Fəaliyyəti redaktə

2013-cü ildə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi və Bəhruz Kəngərli adına Sərgi Salonu yeni bina ilə təmin olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 40 illik yubileyinin keçirilməsi haqqında” 2011-ci il iyulun 23-də imzaladığı Sərəncam ilə birliyin 40 illik yubileyi keçirilib. Bəhruz Kəngərli Muzeyi yaradılıb, Ali Məclis Sədrinin müvafiq Sərəncamı ilə Naxçıvan şəhərində Bəhruz Kəngərli adına Rəssamlar Parkı yaradılıb. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən rəssamların fərdi yaradıcılıqlarını davam etdirmələri üçün onlar hər cür şəraiti olan emalatxanalarla təmin olunub, öz fəaliyyəti ilə seçilən rəssamlar fəxri adlarla təltif edilib, rəssamların albom-kataloqları nəşr olunub.[2]

İstinadlar redaktə

  1. "NAXÇIVAN MUXTAR RESPUBLİKASI RƏSSAMLAR BİRLİYİnin internet saytı". 2017-06-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-06-20.
  2. "Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin konfransı keçirilib". 2019-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-20.

Saytda 130 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024