Ayətullah Şəriətmədari hərəkatı Haqqinda Melumat - Vikipedia

Ayətullah Şəriətmədari hərəkatı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Ayətullah Şəriətmədari hərəkatı


Ayətullah Şəriətmədari hərəkatı (az-əbcəd. آیتوللاه شریتمداری حرکاتی‎; fars. قیام آیت الله شریعتمداری‎) —‎ böyük ayətullah Məhəmməd Kazım Şəriətmədari və onun tərəfdarlarının İranın Azərbaycan vilayətlərinin muxtariyyəti uğrunda hərəkatı. Müsəlman Xalq Respublikası Partiyasının (MXRP) İran İslam İnqilabından sonra yeni qurulan hökumətə etirazları, nəhayət, ikisi arasında kütləvi qarşıdurmaya səbəb olmuşdur. Bu qarşıdurma xüsusilə Azərbaycanın mərkəzi sayılan Təbriz şəhərində özünü büruzə vermişdir.

Ayətullah Şəriətmədari hərəkatı
Təbrizdə Ayətullah Şəriətmədarinin tərəfdarlarının mitinqi. 1979-cu il.
Təbrizdə Ayətullah Şəriətmədarinin tərəfdarlarının mitinqi. 1979-cu il.
Tarix dekabr 1979 – aprel 1982
Yeri İran Azərbaycanı
Qum, Tehran
Səbəbi
Nəticəsi
  • Hərəkatın yatırılması.
  • Ayətullah Şəriətmədarinin ev dustaqlığına məhkum edilməsi.
Münaqişə tərəfləri
Komandan(lar)

İran Ruhullah Xomeyni

Məhəmməd Kazım Şəriətmədari

Tərəflərin qüvvəsi

naməlum

Yüz minlərlə

Liberal fikirləri ilə tanınan və ruhanilərin hakimiyyətdə roluna qarşı çıxan Şəriətmədari və MXRP 1979-cu ildə yeni konstitusiya ilə bağlı referendumu boykot etmiş, yeni rejimə qarşı aksiyalar keçirilmişdir. Şəriətmədarinin evinə hücumdan və onun mühafizəçilərindən birinin ölümündən sonra bu nümayişlər şiddətlənmiş, qiyam xarakteri almışdır. Vilayətlərin yerli özünüidarəetməsini dəstəkləyən İran azərbaycanlılarıkürdləri Təbrizdə, Urmiyada, ƏrdəbildəGermidə çox sayda hökumət binası etirazçılar tərəfindən ələ keçirilmişdir.

Qiyamı yatırmaqda çətinlik çəkən Ruhullah Xomeyni Şəriətmədari ilə görüşmüş, burada Təbrizin bombalanması ilə bağlı təhdidlər etmişdir. Azərbaycanda gerilla müharibəsinin imkanlarının az olmasından və kürdlərin mart üsyanında baş vermiş qətliamların təkrarlanmasından narahat qalmış Şəriətmədari etirazçıları çəkilməyə çağırmışdır. Buna baxmayaraq, hökumət qüvvələrinin bağlanmış sövdələşməyə əməl etməməsi səbəbindən vəziyyət yenidən gərginləşmişdir.

Çox keçməmiş, "SEPAH" qüvvələri nəzarəti bərpa etmiş və MXRP fəallarının, həmçinin onlarla əməkdaşlıqda ittiham edilən hərbçilər repressiyaya məruz qalmışdır. MXRP 1980-ci ildə fəaliyyətini dayandırmalı olmuş, Şəriətmədari özü isə 1982-ci ildə Xomeyniyə qarşı sui-qəsd cəhdində iştirak etmək ilə günahkar bilinmişdir və bundan onun nüfuzunun azaldılması üçün istifadə edilmişdir. Şəriətmədarinin ev dustaqlığında saxlanılması və tibbi ləvazimatlardan məhrum buraxılması etirazlara səbəb olmuşdu, lakin Şəriətmədari ardıcıllarını mübarizəni dayandırmağa çağırmışdır. Ayətullah Şəriətmədari 1986-cı ildə vəfat etmişdir.

Zəmin redaktə

Pəhləvi İranında azərbaycanlılar redaktə

Etnik azlıqlar üç səbəbə görə İran İslam İnqilabında xüsusilə mühüm rol oynamışdılar. Birincisi, etnik azlıqlar İranın müxtəlif yerlərində öz aralarında əlaqə şəbəkələri yaratmışdılar və bu, onları inqilabın rejim əleyhinə fəaliyyətləri üçün səfərbər edilməsi nisbətən asan olan qüvvəyə çevirmişdir. İkincisi, etnik azlıqlar onların etnik mədəniyyətini sıxışdıran[1]farsların üstünlük təşkil etdiyi Tehrana iqtisadi üstünlüklər verən Pəhləvi rejimindən narazı qalmışdılar. Nəhayət, bir çox azərbaycanlıkürd ailələrinin 1946-cı ildə yerli hökumətlərin süqutundan sonra rejim tərəfindən öldürülən və ya sürgün edilən qohumları var idi.[2]

Azərbaycanlılar İranda Pəhləvi rejimini devirməyə çalışan ən fəal qruplardan biri, Təbriz isə inqilabi fəaliyyət mərkəzlərindən biri idi. İranda inqilabı dəstəkləyən azərbaycanlıların əksəriyyəti bunun demokratikləşməyə gətirib çıxaracağını gözləyirdi və islam hökumətinin Xomeyni versiyasına üstünlük verənlər istisna olmaqla, əksəriyyəti demokratikləşmənin tam mədəni muxtariyyətə gətirib çıxaracağına, heç olmasa etnik azlıqların mədəniyyətinə və dilinə qoyulan qadağaya son qoyacağına inanırdılar.[3]

Erkən dövrlərdə azərbaycanlılar arasında inqilabi hislərin yayılmasına kömək edən amillərdən biri də 1960–1970-ci illərdə onların kəndlərdən Azərbaycan vilayətlərinin iri şəhərlərinə və Tehrana kütləvi şəkildə köçməsi idi. Həmin dövrdə İranın şəhər mərkəzlərinə miqrantların ən böyük faizi Azərbaycan vilayətlərindən gəlirdi. Burada yüksək doğum səviyyəsi və yeni iş yerlərinin olmaması izafi işçi qüvvəsi yaradırdı.[2] Bu miqrantların bir çoxu Tehran və Təbrizə bitişik gecəqondularda ağır şəraitdə yaşayırdılar, çünki burada tərk etdikləri ənənəvi kəndlərin dəstəyi və məhdudiyyətləri yox idi. Gecəqondularda doğulan uşaqlar valideyn evinin adət-ənənələrindən daha da uzaqlaşdırılırdılar. Bu şəraitdə miqrantlar inqilabi fəaliyyətə səfərbər olunurdu. Bundan əlavə, ölkənin farsların çoxluq təşkil etdiyi mərkəzində ilk dəfə olaraq bir çox azərbaycanlı farslar tərəfindən ikinci dərəcəli vətəndaş rəftarı və təhqirlərə məruz qalmışdılar. Bu, onların rejimdən uzaqlaşmasına səbəb olmuşdur. Pəhləvilərin periferiyaya, xüsusən də Azərbaycana iqtisadi ayrı-seçkilik, habelə etnik azlıqların mədəniyyətinin boğulması ilə bağlı dövlət siyasəti azərbaycanlılar arasında inqilabın dəstəklənməsinə kömək etmişdi. İnqilabi fəalların əhəmiyyətli bir hissəsini azərbaycanlıların təşkil etməsinə və Təbrizin antişah nümayişlərinin mərkəzi olmasına baxmayaraq, Pəhləvi rejiminin özəyində azərbaycanlılara rast gəlmək olardı.[4]

İran İslam İnqilabı redaktə

İranda ən çox azərbaycanlının yaşadığı Təbriz şəhəri Pəhləvi rejiminin süqutunu sürətləndirən inqilabi fəaliyyətin mərkəzi idi. Azərbaycanlılar rejimin öz fəaliyyətlərini zəiflətməsindən etnik kimliklərini ifadə etmək və etnik mənsubiyyətə əsaslanan iddialar irəli sürmək üçün istifadə etmiş, Azərbaycan dilində çoxlu nəşrlər çıxarmağa başlamışdılar. Təbriz Universiteti bu dövrdə hökumətə qarşı ən aqressiv fəaliyyətin mərkəzi idi. 1977-ci ilin dekabrından başlayaraq tələbələr Pəhləvi rejiminə qarşı etiraz dalğası qaldırmışdılar.[4]

İslam İnqilabı zamanı Təbriz sakinlərinin etirazları. 1979-cu il.
Təbrizdə İslam İnqilabı zamanı etirazın liderləri ilə danışıqlar. 1979-cu il.

5 dekabrda universitetin girişində toplaşan tələbələr Azərbaycan dilində "Biz demokratiya tələb edirik!" və "Biz azadlıq tələb edirik!" şüarları ilə çıxış etmişdilər. Tələbələr ən mühüm nümayişlərindən birini təşkil etmək üçün 12 dekabr, yəni İran təqvimində 21 Azər tarixini seçmişdilər. Bu tarix 1945–1946-cı illərdə İranda Azərbaycan Milli Hökumətinin həm yarandığı, həm də süqut etdiyi günün yubileyi olduğu üçün azərbaycanlılar üçün mühüm əhəmiyyət kəsb edirdi. Onların şüarlarının əksəriyyətinin iranlıların ümumi məqsədlərini müdafiə etməsinə baxmayaraq, nümayişlərin keçirilməsi üçün seçilmiş tarix onların azərbaycanlı kimliyini və sələflərinin mübarizələrinə verdikləri önəmi nümayiş etdirirdi. Etnik siyasi fəaliyyətin hər hansı əlamətinə həssaslıqla yanaşan Pəhləvi rejimi "İttilaət" qəzetində nümayişin 19 dekabrda baş tutduğunu yazmışdır.[5]

İran Azərbaycanında hökumət əleyhinə nümayişlər təkcə Təbrizlə məhdudlaşmırdı. 1978-ci ilin fevralında tələbələr Urmiyanın Rzayi Universitetində bir sıra nümayişlər keçirmişdilər. 1978–1979-cu illərdə azərbaycanlı aşıqlar tez-tez İranda avtobuslara minərək öz şeirləri ilə inqilabı təbliğ edirdilər. 18 fevral 1978-ci ildə Təbrizdə şah rejiminə qarşı fəaliyyət yeni mərhələyə qədəm qoymuşdur. 9 yanvarda Qumda təxminən 162 nümayişçinin öldürülməsinə cavab olaraq Ayətullah Şəriətmədari İran xalqını qurbanlar üçün matəmin 40-cı günündə tətillər keçirməyə çağırmışdır. Nümayişlər ölkə boyu keçirilmişdir, lakin Təbrizdəki etiraz onlardan ən şiddətlisi və zorakısı olmuşdur. Təbrizdə baş verən hadisələr İranın hər yerində silsilə iğtişaşlarla müşayiət olunmuş və bu, Pəhləvi rejimi ilə qarşıdurmanın səviyyəsini artırmışdır.[5] Təbrizdə keçirilən nümayiş "Təbriz qətliamı"nı xatırlamaq üçün İranın hər yerində qırx günlük oxşar aksiyaların başlanğıcı olmuşdur.[6]

Təbriz etirazlarından sonra bütün İranda şah əleyhinə fəaliyyət başlamışdır. Bu, Pəhləvi rejiminin nəzarətini məhv edən katalizatorlardan biri idi. Tehranda azərbaycanlı bazarçılar Qumdakı qətllərə etiraz olaraq bazarda tətil təşkil etməkdə mühüm rol oynamışdılar. Azərbaycanlılar belə bir aksiyaya öz etirazını bildirən Tehranın o zamankı ən yüksək rütbəli dini lideri Ayətullah Xonsarinin göstərişlərinə məhəl qoymayaraq tətili dəstəkləyən bəyanat yaymışdılar. Bununla belə, əsas etnik azərbaycanlı ayətullah Şəriətmədari etiraza çağırış etmişdir.[7]

Təbriz Universitetində bir tələbənin öldürüldüyü tələbə aksiyası ilə həmrəylik əlaməti olaraq Təbrizin əsas bələdiyyə bazarı 13 aprel 1978-ci ildə fəaliyyətini dayandırmışdır. 8 mayda universitetdə növbəti nümayiş keçirilmişdir. Bu nümayiş zamanı təhlükəsizlik qüvvələri ilə toqquşmada daha bir tələbə həlak olmuş, 22 nəfər isə ağır yaralanmışdır. Universitetin əksər müəllim və əməkdaşları tələbə etirazlarını dəstəkləmişdir. Yas zamanı bir çox azərbaycanlı qəzəblənmişdir. 10 may 1978-ci ildə hökumət qüvvələri ənənəvi olaraq hörmət edilən, dini liderlərin evlərində sığınacaq ilə bağlı hüququ pozmuşdur. Onlar bir qrup etirazçını təqib edərək Ayətullah Şəriətmədarinin Qumdakı evində iki ilahiyyatçı tələbəni güllələmişdilər. İnqilabın ən böyük nümayişlərindən biri 10 dekabrda Təbrizdə baş tutmuşdur. Bu aksiyada 700 min insan iştirak etmişdir. Həmin gün ƏrdəbilZəncanda da böyük nümayişlər keçirilmişdir. 18 dekabrda Təbrizdə 15 min etirazçı aksiya keçirmiş, vəzifəsi nümayişləri yatırmaq olan Təbriz qarnizonunun əsgərləri də aksiyaya qoşulmuşdur. Daha sonra nümayişlərə əlavə əsgərlər də qoşulmuşdur. 8 yanvar 1979-cu ildə Təbrizdə şiddətli nümayişlər başlamış, nümayişçilər bir çox ictimai binaları yandırmışdılar. Şah Məhəmməd Rza Pəhləvi 16 yanvarda İranı tərk etmişdir.[7]

Hadisələrin gedişatı redaktə

Şəriətmədari və MXRP redaktə

 
Böyük ayətullah Məhəmməd Kazım Şəriətmədari. 1982-ci ilin martı.

Keçmişdə olduğu kimi, etnik qrupların nümayəndələri öz etnik qruplarına mənsub olan ayətullahların fikirlərini izləməyə və qəbul etməyə daha çox meyilli idilər. İnqilab dövründə bir çox ənənəvi və dünyəvi azərbaycanlılar Ayətullah Məhəmməd Kazım Şəriətmədariyə böyük hörmət bəsləyirdilər. Şəriətmədari İranİraqda on iki imam şiələrinin ən yüksək səviyyəli aparıcı din xadimlərindən biri idi, öz perspektivi və liberal baxışları ilə tanınırdı.[8] Ayətullah Şəriətmədari yeni rejimin bir hissəsi deyildi və İslam Respublikasında siyasi mövqe tutmağa çalışmırdı. O hesab edirdi ki, ruhanilər peşəkar siyasətçiyə çevrilməməli, onlara məsləhət və kömək etməli idilər.[9] Ruhanilərin siyasətdə arzuolunan rolu və rejimin mərkəzləşmə dərəcəsi ilə bağlı mübahisə Ayətullah Şəriətmədari ilə Ayətullah Xomeynini bir-birindən ayıran əsas məsələ idi. İranda rejimin mərkəzləşməsinə qarşı mübarizədə Şəriətmədari ömrünün çox hissəsini Azərbaycan vilayətlərində keçirmiş bir etnik azərbaycanlı kimi öz keçmişinin təsiri altında olmuşdur.[10]

1979-cu ilin aprelində Təbrizdə Azərbaycan xalqlarının hüquq və azadlıqlarının müdafiəsi cəmiyyəti təsis edilmişdir. Onun tələbləri arasında azərbaycanlılara bütün milli hüquqların təmin edilməsi, QərbiŞərqi Azərbaycan ostanlarının vahid inzibati vahiddə birləşdirilməsi, yerli maliyyə və mədəni məsələləri həll etmək hüququna malik muxtar hökumətin yaradılması da var idi.[11] Böyük ayətullah Şəriətmədari Tehranda hakim dini elitaya qarşı idi. İranda azərbaycanlılar Şəriətmədarinin onların spesifik maraqlarını təmsil etdiyi qənaətində idilər.[12] İslam İnqilabının lideri Ayətullah Xomeyni sürgündə olduğu dövrdə İranda əsas dini hakimiyyət sayılırdı.[13] Mömin azərbaycanlıların əksəriyyəti onun ardıcılları arasında idi.[14] Azərbaycan milliyətçiləri Xomeyni ilə Şəriətmədari arasındakı fikir ayrılıqlarından istifadə etməyə çalışırdılar. Sonuncuya Təbriz Universitetində yaradılmış "Pişqaman" (azərb. Kəşfiyyatçılar‎) qrupu dəstək verirdi. Cənubi Azərbaycanda yerli muxtariyyət yaratmağa çalışan tələbələr və fəhlələrdən ibarət idi.[15]

Xomeyni tərəfdarları İslam Respublikası Partiyasını qurduqdan bir həftə sonra, 25 fevral 1979-cu ildə Ayətullah Şəriətmədarinin həmfikirləri Müsəlman Xalq Respublikası Partiyasını (MXRP; həmçinin, Xalq və ya Xalq-e Müsəlman) təsis etmişdilər. Partiya bütün etnik qrupların nümayəndələrinin üzvlüyünü təşviq edirdi,[16] lakin daha çox azərbaycanlılar ilə assosiasiya olunur və onlar üçün etnik haqlar tələb edirdi.[17] Onlar azərbaycanlıların milli hüquqlarını dilə gətirir, İran hakimiyyətinin desentralizasiyasını, yerlərə daha çox hakimiyyət verilməsini, 1950-ci ildə QərbiŞərqi olmaqla iki vilayətə bölünən İran Azərbaycanının yenidən vahid vilayətdə birləşməsini tələb edirdilər.[18] Odur ki, partiyanın üzvlərinin əksəriyyəti Azərbaycan vilayətlərinin sakinlərindən və Tehrandan gələn azərbaycanlı bazarçılardan ibarət idi. MXRP-nin proqramında vahid İran çərçivəsində milli azlıqların muxtariyyət hüquqlarının təmin edilməsi tələb olunurdu. Proqramda hesab edilirdi ki, İrandakı müxtəlif vilayətlərin öz parlamentləri olmalıdır.[16] Partiya inqilabi komitələrin qanunsuz davranışlarını və inqilab məhkəmələrinin sərt cəzalandırmalarını tənqid edir, dünyəvi təşkilatlarla əməkdaşlıq etməyə hazır olduğunu bildirirdi.[19] MXRP-nin rəsmi qəzeti "Xalq-e Müsülman" fars dilində nəşr olunsa da, Azərbaycanl ilə bağlı məsələləri qeyri-mütənasib şəkildə işıqlandırırdı. Partiya rəhbərliyinin məqsədi bütün İran üçün nəzərdə tutulan hədəfləri yerinə yetirmək idi, lakin MXRP ən çox Azərbaycan vilayətlərində fəallıq göstərmiş və İranda rejimin mərkəzsizləşdirilməsi ilə bağlı məsələlərə diqqət yetirmişdir. Partiya müxtəlif siyasi oriyentasiyalı insanlardan, o cümlədən əsasən Azərbaycanəsilli birləşmiş bəzi liberal qruplardan ibarət idi və özlərini təşkilatın islamçı pərdəsi altında təqiblərdən qorunmuş hiss edirdilər. MXRP Azərbaycan vilayətlərinin əksər şəhər və kəndlərində öz şöbələrini yaratmışdır.[16]

Yeni konstitusiya redaktə

Ayətullah Şəriətmədarinin MXRP-nin qurucuları ilə əlaqələri çox yaxın idi və əslində Şəriətmədarinin oğlu Həsən Şəriətmədari onun rəhbərlərindən biri idi. Ayətullah Şəriətmədari və hərəkat Vilayəti-Fəqih – bütün dövlət hakimiyyətinin bir ali lider ətrafında mərkəzləşdirilməsinə qarşı mübarizədə birləşmişdilər.[20] Hərəkat Ayətullah Şəriətmədarinin əmrlərinə tabe olmamış, Şəriətmədari isə partiyaya nəzarət etməyə cəhd göstərməmişdir. O, mərkəzləşdirilməmiş şəkildə fəaliyyət göstərmişdir və bunu Mütəxəssislər Məclisi seçkilər sübut edir. 1979-cu ilin avqustunda İran İslam Respublikasının konstitusiya layihəsini hazırlamaq üçün Mütəxəssislər Məclisi seçilmişdir. Mütəxəssislər Məclisinə seçkilərdə iştirak Ayətullah Şəriətmədari ilə MXRP arasında mübahisə mövzusu olmuşdu. Şəriətmədari seçkiləri boykot etməyin zəruri olduğunu müdafiə edirdi, çünki o, bütün seçilmiş şuranın əvəzinə konstitusiya layihəsinin sadəcə bir komitə tərəfindən hazırlanması faktına qarşı çıxmışdı. MXRP-nin Azərbaycanda fəaliyyət göstərən yerli şöbəsi konstitusiyanın hazırlanmasında iştirak etməyi, xüsusən də konstitusiyanın regional hüquqlara təminat verməsini vacib hesab edirdi. Demərkəzləşmiş bir partiya olan MXRP-nin Azərbaycandakı qolu öz qərarını verə və namizədlər irəli sürə bilərdi. Azərbaycandan olan MXRP nümayəndələri Mütəxəssislər Məclisinə Xomeyninin partiyasına daxil olmayan yeganə seçilmiş nümayəndələr idi. Bu onu göstərir ki, Azərbaycan vilayətlərində hökm sürən baxışlar ölkənin qalan hissəsindən çox fərqli idi.[17][21]

 
Ayətullah Şəriətmədari Ayətullah Xomeyni ilə. 1979-cu il.

Mütəxəssislər Şurası çağırılan vaxtda MXRP-nin Azərbaycan qolu Tehranda Məclisin tərkibində Vilayətlər Şurasının (Məclis-i əyalət) yaradılması ideyasını irəli sürmüşdü. 1979-cu ilin sentyabrında MXRP-nin Azərbaycan qolu olan Azərbaycan Birləşmiş Xalq Partiyası vilayətləri təmsil edən parlament orqanının yaradılmasını tələb etmişdi. Azərbaycandan olan yüksək səviyyəli nümayəndə Rəhmətulla Müqəddəm Marağayi Mütəxəssislər Şurasına belə bir təklif təqdim etmişdir:[21]

"  İranın Vilayətlər Şurasının və Xalqlar Şurasının yaradılması bütün hakimiyyətin mərkəzi hökumətin əlində cəmləşməsinin qarşısını almağa və mərkəzi vilayətlərin qərar qəbuletmə səlahiyyətlərini zəiflətməyə kömək edəcək. Belə bir qurumun yaradılması İran xalqları arasında həqiqi bərabərliyə nail olmağa kömək edəcək. " 

İsrail əsilli ABŞ professoru Brenda Şafferin fikrinə görə, bu bəyanat İranda vilayətlərin və azlıqların təmsilçiliyini genişləndirmək arzusunu, eləcə də azərbaycanlıların vilayətlərdə qərar qəbuletmə səlahiyyətlərini genişləndirmək istəyini əks etdirir.[21]

Bu dövrdə etnik zəmində siyasi səfərbərliyin bu dərəcədə olması azərbaycanlıların 1979-cu il ərzində Ayətullah Şəriətmədarinin Xomeyni ilə qarşıdurmasının əsas məsələlərində ona göstərdiyi böyük dəstəyin nümunəsidir.[22] Bu qarşıdurma İran İslam Respublikasının konstitusiya layihəsi üzərində pik həddə çatmışdı. Şəriətmədari hakimiyyətin Vilayəti-Fəqihin əlində mərkəzləşdirilməsinin xalqın suverenliyini qəsb edəcəyinə inanırdı və yerli hüquqların verilməsini tələb edirdi.[23] 1979-cu ilin noyabrından etibarən Şəriətmədari və MXRP bütün İranda yeni kontitusiyaya qarşı çıxan şəxslərin birləşdiyi partiyaya çevrilmişdi.[24] Şəriətmədarinin yeni konstitusiyada hakimiyyətin mərkəzləşdirilməsinə etirazını bilən və çox güman ki, hakimiyyətin həddindən artıq mərkəzləşdirilməsinin Azərbaycan vilayətlərinin maraqlarına zidd olduğuna görə əksər azərbaycanlılar digər əsas qeyri-fars etnik qrupların çoxu ilə birlikdə 2 dekabr 1979-cu ildə keçirilən konstitusiya referendumunu boykot etmişdilər,[23] Şəriətmədari isə onu Xomeyni üçün bir idarəetmə sistemini qurduğunu bildirərək kəskin şəkildə tənqid etmişdir.[25] 1979-cu ilin sonunda məlum olmuşdu ki, yeni Xomeyni rejimi azərbaycanlılara muxtariyyət vermək niyyətində deyil.[26]

Qiyam redaktə

Ayətullah Şəriətmədarinin konstitusiyaya qarşı çıxmasına baxmayaraq, radioda onun adından elan yayımlanmış, planlaşdırılan referendumda onun lehinə səs vermək üçün fətva verdiyini iddia etmişdir. İnsanlar bunun saxta xəbər olduğunu anlayanda qəzəblənmişdi. 2 dekabr 1979-cu ildə Təbrizdə böyük bir nümayiş keçirilmiş və etirazçılar mediada azərbaycanlılara qarşı ədalətsiz rəftar iddia etmiş, həmçinin referendumu "saxta" adlandırmışdılar. 5 dekabrda bütün vilayətlərdə və onun hüdudlarından kənarda yaşayan azərbaycanlılar ertəsi gün MXRP-nin təşkil etdiyi aksiyada iştirak etmək üçün Təbrizə axışmışdılar. Həmin gün Ayətullah Şəriətmədarinin Qumda yerləşən evinə hücum edilmiş və onun mühafizəçilərindən biri qətlə yetirilmişdir. Hücum hökumət rəsmilərinin 6 dekabrda keçirilən aksiyanın ləğv edilməsi ilə bağlı dəfələrlə göndərdiyi tələblərdən sonra baş tutmuşdu. Buna görə də bu hücumun Şəriətmədarinin və MXRP-nin öz tələblərinə uyğun hərəkət etməsinə nail olması üçün hökumət tərəfindən icra edildiyi ehtimalı yaranmışdı. 6 dekabrda keçirilən kütləvi nümayiş təkcə yeni konstitusiyaya deyil, həm də Şəriətmədarinin evinə hücuma qarşı etiraza çevrilmişdi. Nümayişçilər Təbrizdə Təbriz Radiosunu yayımlayan rabitə qülləsinə hücum edərək nəzarəti ələ keçirmişdilər.[23]

Nümayişçilərin tələbləri və hərəkətlərinin intensivliyi onu göstərmişdi ki, konstitusiya məsələsi və Şəriətmədarinin üzərinə hücum onların hökumət əleyhinə fəaliyyətinə təkan vermişdi. Onların tələbləri 1979-cu ilin yayında hökumət ilə Azərbaycan nümayəndələri arasında mübahisəyə səbəb olmuş iki məsələni, yəni Azərbaycan vilayətində məmurların təyinatına lokal nəzarət və yerli mətbuata təsir problemlərini əks etdirirdi. Etirazçılar bu iki məsələnin simvollarını – radio və televiziya yayımı mərkəzi, ostandarın ofisi və iqamətgahını zəbt etmişdilər.[27] Bundan əlavə, etirazçılar mülki hava limanına nəzarəti ələ keçirmiş və Təbrizdə yerləşdirilmiş ordu qüvvələri onlarla qarşıdurmadan imtina etmişdi. Üsyançılar Təbrizdə hərbi hava qüvvələrinin dəstəyini almış və Ayətullah Şəriətmədarini dəstəkləyən üç nümayişdə hərbi geyimli əsgərlər iştirak etmişdilər.[28][29][30] Bununla belə, şəhər tam nəzarətdə deyildi. İranlı jurnalist və təhlilçi Maşallah Rəzmiyə görə, Təbrizin müxtəlif ərazilərinə nəzarət edən 36 komitədən 28-i Şəriətmədari tərəfdarı idi və yalnız 1 komitə sırf Xomeyni tərəfdarlarından ibarət idi.[18] Üsyan tez bir zamanda Təbrizdən kənara da yayılmış, Azərbaycan müxalifət qüvvələri UrmiyaƏrdəbil kimi şəhərlərdə bir çox dövlət obyektlərinə nəzarəti ələ keçirmişdilər. MXRP-nin Urmiya və digər şəhərlərdə yerləşən şöbələri üsyana və Şəriətmədarinin Xomeyniyə qarşı çıxmasına dəstək vermişdilər. Urmiya sakinlərinin bəziləri Təbrizdəki aksiyalardan nümunə götürərək rabitə vasitələrini ələ keçirməyə çalışmış, lakin son anda onların qarşısı alınmışdır. Ərdəbil yaxınlığındakı Germi şəhərində yerli qüvvələr bütün hökumət obyektlərini, o cümlədən şəhər həbsxanasını ələ keçirmişdilər. Onlar bütün məhbusları azad etmiş və əvəzində bütün yerli İslam İnqilabı Keşikçiləri qulluqçularını həbs etmişdilər.[27]

 
Ayətullah Şəriətmədarinin surəti qarşısında onun tərəfdarları. 1979-cu il.

Bir sıra hallarda üsyançılar xalqın vilayətin işlərinə nəzarət etmək istəyini vurğulayırdılar. Məsələn, radio vasitəsilə oxunan kommünikedə MXRP həm Ayətullah Xomeyninin, həm də Azərbaycandakı ostandarın nümayəndələrini vəzifədən uzaqlaşdırmağa çağırış etmişdi. Sənəddə həmçinin, "Azərbaycan xalqının, eləcə də kürdlərin hüquqlarına hörmətlə yanaşmaq" çağırışı yer almışdır. Təbrizdə keçirilən aksiyalar zamanı MXRP-nin bəzi rəsmi bannerlərində "İran xalqlarının öz müqəddəratını təyinetmə" şüarı əks olunmuşdur. Nümayişlərdə iştirak edən hadisə şahidinin sözlərinə görə, bu bannerlər peşəkarcasına hazırlanmışdı və bunun da MXRP-nin bəyan etdiyi məqsədlərindən biri olduğunu göstərirdi.[27] Həmin banner fars dilində çap olunmuşdu. Sözügedən hadisə şahidi hesab etmişdi ki, bu, digər etnik azlıqların, əsasən də kürdlərin bu mübarizədə dəstəyini almaq üçün edilmişdi. Nümayişçilər bildirmişdilər ki, bütün çıxışlar Azərbaycan dilindədir və qiyama dəstək verən qeyri-azərbaycanlılar istisna olmaqla, fars dilində danışmağa cəhd edənlər fitə basılmışdır.[31] Yalnız Azərbaycandakı hərəkatı dəstəkləyən qeyri-azərbaycanlılara öz dillərində çıxış etməyə icazə verilirdi.[32]

Üsyançılar rabitə qülləsinə nəzarət etdiyi müddətdə onlar bir sıra siyasi qruplara bəyanatlar verməyə icazə vermişdir. Onlardan biri 7 dekabrda vilayəti tam nəzarətə götürməyə çağırış etmiş və bütün məmurları onların əmrlərinə tabe olmağa çağıraraq Şərqi Azərbaycanın işlərinə rəhbərlik edəcək vilayət şurasının yaradılmasını elan etmişdir. 6 dekabrda Ayətullah Xomeyninin Şəriətmədarinin evini ziyarət etməsi kənardan barışıq missiyası kimi təqdim edilmişdi və bu, üsyana ciddi zərbə vurmuşdu, lakin bu səfər zamanı Xomeyni Şəriətmədarini hədələyərək bildirmişdi ki, İslam İnqilabı Şurası Şəriətmədarinin tərəfdarları 24 saat ərzində rabitə qülləsini tərk etməsələr, Təbrizin bombalanacağına qərar verib.[31] Hər halda, bu bir ultimatum kimi qəbul edilmişdir.[24] Eyni zamanda, İslam İnqilabı Keşikçiləri vertolyotla Təbrizə daxil olmuş, Təbriz Universitetində özləri üçün hərbi baza yaratmışdılar. Odur ki, universitet bu qarşıdurma zamanı əsasən Ayətullah Xomeyniyə dəstək verən solçu azərbaycanlıların nəzarətində idi. Ayətullah Şəriətmədari Təbrizin "ikinci Kürdüstan" olacağından ehtiyat edirdi. Yeni rejimin İran Kürdüstanında qaldırılan mart üsyanını yatırtmaq cəhdi kürdlərin qətliamına səbəb olmuşdu. Beləliklə, Şəriətmədari özünəməxsus tərzdə qan tökülməsindən qaçmaq və tərəfdarları ilə rejim arasında konfrontasiyanın qarşısını almaq qərarına gəlmişdi. O, etirazçıları nümayişləri dayandırmağa, qülləni və hökumət binalarını tərk etməyə çağırmışdı. Şəriətmədarinin qülləni tərk etmək barədə etdiyi çağırış Xomeyni ilə əldə edilən kompromis çərçivəsində ictimaiyyətə təqdim edilmiş və bu, azərbaycanlılara yerli işlərə nəzarəti artırmağa və vilayətdəki bütün əsas təyinatları Şəriətmədarinin təsdiq etməsinə imkan yaratmışdır. Bununla belə, razılaşmanın Şəriətmədarinin vilayətlərdəki təyinatlar üzərində nəzarəti təmin etməsi heç bir razılaşmanın olmadığını nümayiş etdirirdi. Brenda Şafferə görə, Şəriətmədari ruhanilərin siyasətdə birbaşa iştirakına kəskin şəkildə qarşı idi və beləliklə, özü üçün belə bir rol iddia etmirdi.[31]

ABŞ-ın "NBC" xəbər agentliyinin 12 yanvar 1980-ci il tarixli süjetində Ayətullah Məhəmməd Kazım Şəriətmədari və onun tərəfdarlarının hərəkatı ilə bağlı yayılan görüntülər. Burada Təbriz sakinlərinin fars dilində "Xomeyniyə ölüm!" şüarları səsləndirdiyi görünür.

Şəriətmədarinin əsas qayğısı qan tökülməməsi idi. Buna baxmayaraq, o, rejimlə qarşıdurmanı nəzərdən keçirmiş, lakin sonda qərara gəlmişdi ki, Azərbaycanın, xüsusən də regionda yeraltı hərəkatları dəstəkləyəcək dağlar kimi coğrafi xüsusiyyətləri olmadığı üçün üsyana dəstək vermək şansı zəifdir. Şəriətmədarinin tələbi ilə 9 dekarbda aksiyaçılar rabitə qülləsi və digər hökumət qurğularına nəzarəti Xomeyni tərəfdarlarına vermişdilər. Hökumət qüvvələri binaları yenidən zəbt etdikdən sonra MXRP-nin Azərbaycanda yerləşən ofislərinə hücuma keçmiş və onun bir çox fəalını həbs etmişdilər. Vilayət əhalisi Şəriətmədari ilə Xomeyni arasında baş tutmuş söhbətin əsl mahiyyətindən xəbərsiz olsalar da, tezliklə başa düşmüşdülər ki, Xomeyninin üsyançılarla bağlanmış sövdələşməyə əməl etmək niyyəti yoxdur və onlar lazımsız yerə hökumət obyektlərini tərk edirlər. Üsyançılar rabitə qülləsinə nəzarəti bərpa etdikdən sonra üsyançılar ilə hökumət qüvvələri arasında yeni zorakılıq dövrü başlamışdır. 1979-cu ilin dekabrı və 1980-ci ilin yanvar ayının əvvəllərində qüllənin nəzarəti bir neçə dəfə əl dəyişdirmiş, lakin nəticədə Azərbaycan üsyançıları qalib gəlmişdi. Münaqişənin ilk həftəsində Təbriz kənarında yerləşən və üsyan zamanı Xomeynini dəstəkləyən Tudə Partiyasına rəğbət bəsləyən bir əsgər Bünabda rabitə ötürücüsünü sıradan çıxararaq Təbrizdəki qüllədən ötürülmənin qarşısını aldı və ona nəzarəti demək olar ki, yararsız hala salmışdır. MXRP Azərbaycan xalqı ilə əsas ünsiyyət vasitəsini, buna görə də onları asanlıqla səfərbər etmək və təşkilatlandırmaq imkanını itirmişdi. Bu, üsyanın sürətinə ciddi zərbə olmuşdur.[33]

Yatırılması redaktə

Buna baxmayaraq, 13 dekabrda Təbrizdə 700,000-dən çox insan Şəriətmədariyə dəstək nümayişi keçirmişdir. Nümayişçilər yeni konstitusiyanı rədd etmiş, hökumətin həbs etdiyi azərbaycanlı dissidentlərin azad edilməsini və qeyri-azərbaycanlı hərbi qüvvələrin vilayətdən çıxarılmasını tələb etmişdilər.[33] 27 dekabrda Təbrizdə 9 İslam İnqilabı Keşikçisi Ayətullah Şəriətmədarinin tərəfdarları tərəfindən girov götürülmüşdür. Daha sonra onlar 2 yanvarda sərbəst buraxılmışdılar. Xomeyni qiyamı yatırmaq üçün Azərbaycandan kənardan əsgər göndərməyə məcbur qalmışdı. Təbrizdəki əsas sahələr qısa müddət ərzində bir neçə dəfə əl dəyişdirmişdir, lakin üsyançılar faktiki olaraq beş həftədən çox onlara nəzarət etmişdilər. Radioda Xomeyninin mühafizəçilərinin nəzarətində olanda Ayətullah Musəvi Ərdəbili kimi Azərbaycanəsilli din xadimlərinin mesajları yayımlanırdı. Brenda Şaffer qeyd etmişdir ki, bu, hökumətin etirazçılarda etnik məsələnin vacib olduğunu başa düşdüyünü və ona görə də Azərbaycan dilində yayıma önəm verdiklərini göstərirdi. Azərbaycanlı nümayişçilər ilə İnqilab Keşikçiləri arasında döyüşlər yanvarın ikinci həftəsində də davam etmiş və daha da şiddətlənmişdir. 12 yanvarda Təbrizdə MXRP-nin on bir lideri edam edilmiş və partiyanın ofisləri İnqilab Keşikçiləri tərəfindən zəbt edilmişdir. Bu hadisələrdən az sonra toqquşmalar kəskin şəkildə böyümüşdür. 19 yanvarda Təbriz aviabazasının iyirmi beş Hərbi Hava Qüvvələri zabiti və rütbəsiz zabiti rejim tərəfindən MXRP-ni silahla təmin etməkdə və rejimi devirmək üçün sui-qəsddə ittiham edilərək həbs olunmuşdular. Hökumət qiyamda iştirak etdiklərini düşündüyü şəxsləri təqib etmiş, digər əleyhdarlarını da aradan qaldırmışdır. 22 may 1980-ci ildə digər MXRP fəalları da edam edilmişdir.[34]

Ayətullah Şəriətmədari Xomeyninin MXRP-ni rəsmi olaraq ləğv etmək tələblərini qəbul etməmişdi. Şəriətmədari bu tələblərə kinayə ilə cavab vermiş, "özü bütün siyasi partiyaları qanundan kənarlaşdıran, onları tədricən amerikan, sionist və antiinqilabçı kimi qələmə verə bilən" mövcud hökumət siyasətini nəzərə alaraq bunun zəruri olmadığını bildirmiş, eyni zamanda hökumətin bu etiketlər ilə MXRP-yə böhtan atmaq cəhdlərinə toxunmuşdur. MXRP-nin yüksək səviyyəli bir fəalının sözlərinə görə, partiyanın ofisləri bağlandıqdan sonra MXRP İranda fəaliyyətini bərpa etməyə cəhd göstərməmişdir. O, buna səbəb kimi partiyanın rejimə qarşı yeraltı mübarizəyə inanmadığını, yalnız açıq siyasi fəaliyyətlə məşğul olmağı üstün tutduğunu göstərmişdir. MXRP heç vaxt formal olaraq buraxılmamışdır.[34]

Nəticəsi redaktə

Ayətullah Şəriətmədari hərəkatı zamanı baş verən hadisələr bir çox azərbaycanlının İslam Respublikasına münasibətində dönüş nöqtəsi olmuşdur. Brenda Şaffer qeyd etmişdir ki, İran azərbaycanlıları islam inqilabının onların dil və mədəniyyətlərinə qoyulan qadağanı qaldıracağını gözləyirdilər, lakin sonradan həddən artıq optimist olduqlarını anlamışdılar. Ayətullah Şəriətmədariyə böyük hörmət bəsləyən azərbaycanlılar, xüsusən də yaşlılar və mühafizəkarlar onu yeni rejim tərəfindən qərib və alçaldılmış görmüşdülər, bir çoxları isə hakimiyyətdən narazılıq etmişdilər.[35] Azərbaycanlı tarixçi Yadigar Sadıqlıya görə, hərəkat zamanı konstitusiya məsələsi yalnız katalizator olmuş, "etirazların kökündə azərbaycanlıların milli haqları uğrunda mübarizə" dayanırdı.[18] Egey Universitetində məsul müəllif, tədqiqatçı Qulamhüseyn Məmmədova görə, orduya məhəl qoyulmadan Təbriz və digər şəhərlərin etirazçılar tərəfindən ələ keçirilməsi, habelə İran azərbaycanlılarının dəstəklədiyi bir sima kimi tanınan Şəriətmədarinin cəzalandırılmasını islam inqilabından sonrakı dövrdə İran azərbaycanlılarının inqilaba şübhə etməyə başladığı ilk hadisə hesab etmək olar.[36]

 
Ayətullah Şəriətmədari "Mehrad" xəstəxanasında ölümündən bir neçə gün əvvəl. 1986-cı ilin martı.

Üsyanın yatırılmasından sonra bir çox azərbaycanlı İranın milli qurumlarına seçkilərdə iştirakdan imtina etmişdir.[37] Şaffer bunu azərbaycanlıların seçkidə iştirak ilə hansısa dəyişikliyə nail ola bilməyəcəklərini düşünməsi ilə əlaqələndirmişdir.[35] İsveç professoru Svante Kornel qeyd etmişdir ki, bir çox azərbaycanlı ilk mərhələlərdə islam inqilabını Pəhləvi sülaləsinin fars milliyətçi siyasətindən qurtuluş kimi qiymətləndirmiş və inqilab nəticəsində özlərinin farslar ilə birlikdə dövlətin birinci dərəcəli vətəndaşları olacaqlarına inanırdılar. Buna baxmayaraq, İslam Respublikası Pəhləvi sülaləsinin bir çox azlıq siyasətini davam etdirmişdi.[12]

1979-cu ilin dekabrından sonra Ayətullah Şəriətmədari müsahibələr və ictimai bəyanatlar verməyi dayandırmışdır. O, hər gün Qumda yüzlərlə ziyarətçi qəbul etməyə davam edirdi və bu ziyarətçilərin əksəriyyəti onun Azərbaycandan olan davamçıları idi.[35] Şəriətmədarinin köməkçilərinin bir çoxu həbs edilmişdir. Xomeyninin rəhbəri olduğu İslam Respublikası Partiyası MXRP-nin bağlanması üçün etirazlar təşkil etməyə başlamış və nəticədə MXRP özünün fəaliyyətini dayandırdığını elan etməyə məcbur qalmışdır.[30] 1980-ci illin yanvarında Şəriətmədari rəsmi olaraq özünün MXRP ilə əlaqəsinin olmadığını elan etmişdir və həmin aydan etibarən partiya artıq mövcud deyildi.[38] Bundan bir neçə ay sonra partiyanın aktiv üzvlərindən bəziləri Təbrizdə edam edilmişdilər.[39]

Şəriətmədari İraqa qarşı hərbi əməliyyatları İranın sərhədlərinin müdafiəsi ilə bağlı olduğu müddətcə dəstəkləmişdir. Buna baxmayaraq, Xomeyni İraq qoşunları İran ərazisindən çıxarıldıqdan sonra belə müharibənin yekunlaşdırılması məsələsində uğursuz olmuş, buna görə də Şəriətmədari tərəfdarlarına müharibənin əleyhinə olduğunu deməyə başlamışdır. Brenda Şafferə görə, Xomeyni bunu özünə təhdid kimi qəbul etmişdi və 1982-ci ilin aprelində Şəriətmədarinin rejimə qarşı sui-qəsddə iştirak etdiyini iddia etmişdir.[35]

Həmin dövrdə siyasətçi Sadiq Qütbzadə hərbi zabitlər və din xadimləri ilə Xomeyninin evini bombalamaq, hakimiyyəti devirmək planı hazırlamaqda ittiham olunaraq həbs edilmişdir. Qütbzadə Xomeyninin həyatı ilə bağlı hər hansı bir niyyəti olmadığını demiş, onun İslam Respublikasını devirmək deyil, hökuməti dəyişməyə çalışdığını bildirmişdir. O, işgəncə altında olduğu zaman Ayətullah Şəriətmədarinin plandan xəbərdar olub, sui-qəsd cəhdinin uğurla baş tutacağı təqdirdə pul və xeyir-dua vəd etdiyini iddia etmişdir.[40] Şəriətmədari saxlanılmış və təhqiramiz rəftara məruz qalmışdır. Hərbi inqilab məhkəməsinin sədri Məhəmməd Reyşəhriyə görə, Şəriətmədari bu zaman şillələnmişdir. Şəriətmədari sonradan həbs olunan kürəkənini edamdan xilas etmək üçün televiziyaya çıxaraq sui-qəsddə iştirakını etiraf etmiş və Xomeynidən üzr istəmişdir.[18]

Əslində, Şəriətmədari sui-qəsdçilərin planlarından xəbərdar idi, lakin güman etmişdi ki, əgər o, bu barədə məlumatlıdırsa, deməli, hakimiyyət də bunu bilir, ona görə də eşitdiklərini hökumət dairələrinə bildirməmişdir. Bundan başqa, Şəriətmədarinin fəal şəkildə Xomeynini devirərək hakimiyyəti ələ almağa çalışacağı fikri onun din xadimlərinin siyasi vəzifə tutmamalı, bunu siyasətçiləri yönləndirməli olduğu ilə bağlı qəti prinsipial inancı ilə tamamilə uyğunsuzluq təşkil edirdi. Odur ki, bir çox azərbaycanlı fəal Şəriətmədarinin Xomeyni ilə qarşı-qarşıya gəlmək və siyasi hərəkətə keçmək istəməməsindən narazılıq edərək tez-tez şikayət edirdilər.[35]

Xomeyni bu sui-qəsd hadisəsindən Şəriətmədarini ayətullah vəzifəsindən məhrum etmək üçün bəhanə kimi istifadə etmişdir. Şəriətmədari 1986-cı ilin aprelində vəfat edənə qədər ev dustaqlığında saxlanılmış və lazımi tibbi yardımdan məhrum edilmişdir. Şəriətmədarinin Təbrizdəki tərəfdarları 20 aprel 1982-ci ildə nümayiş və iğtişaşlar keçirmişdilər. Bu dövrdə Təbrizdən Quma çoxlu azərbaycanlılar gələrək onu müdafiə etməyə hazır olduqlarını bəyan etmişdilər. Buna baxmayaraq, Şəriətmədari onların Azərbaycana qayıtmağı və onun müdafiəsi üçün hərəkətə keçməməyi tapşırmışdır.[41][42] Brenda Şaffer qeyd etmişdir ki, İran azərbaycanlıların əksəriyyəti Şəriətmədarinin ölümündə Xomeynini günahlandırır.[35] Hakimiyyət ruhanilərə Şəriətmədarinin cənazə namazında və dəfnində iştirak etməyə qadağa qoymuşdu. Livanda islamçı lider Musa Sədrin qardaşı Rza Sədr bu qadağaya baxmayaraq, dəfndə iştirak etməyə cəhd göstərmiş, lakin həbs olunmuş və dəfndən sonra azadlığa buraxılmışdır.[18]

Mənbə redaktə

İstinadlar redaktə

  1. Shaffer, 2002. səh. 78
  2. 1 2 Shaffer, 2002. səh. 79
  3. Shaffer, 2002. səh. 113
  4. 1 2 Shaffer, 2002. səh. 80
  5. 1 2 Shaffer, 2002. səh. 81
  6. Shaffer, 2002. səh. 82
  7. 1 2 Shaffer, 2002. səh. 83
  8. Fischer, 2003. səh. 34–35
  9. Shaffer, 2002. səh. 85
  10. Shaffer, 2002. səh. 86
  11. Trubetskoy, 1986. səh. 112–113
  12. 1 2 Cornell, 2015. səh. 319–320
  13. Əliyev, 1989. səh. 206
  14. Əliyev, 2004. səh. 461–462
  15. Jiqalina, 1996. səh. 144–145
  16. 1 2 3 Shaffer, 2002. səh. 90
  17. 1 2 Shaffer, 2000. səh. 454
  18. 1 2 3 4 5 Sadıqlı, Yadigar. "Ayətullah Şəriətmədari İslam inqilabından sonra". Meydan TV (az.). 11 iyul 2022. 2023-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-05.
  19. Bakhash, 1984. səh. 67–68
  20. Moin, 2009. səh. 229
  21. 1 2 3 Shaffer, 2002. səh. 91
  22. Shaffer, 2002. səh. 94
  23. 1 2 3 Shaffer, 2002. səh. 95
  24. 1 2 Moin, 2009. səh. 231
  25. Fischer, 2003. səh. 221–222
  26. Cretan, 2008. səh. 68–77
  27. 1 2 3 Shaffer, 2002. səh. 96
  28. Shaffer, 2000. səh. 456
  29. Zabih, 1988. səh. 237
  30. 1 2 Bakhash, 1984. səh. 89–90
  31. 1 2 3 Shaffer, 2002. səh. 97
  32. Shaffer, 2000. səh. 457
  33. 1 2 Shaffer, 2002. səh. 98
  34. 1 2 Shaffer, 2002. səh. 99
  35. 1 2 3 4 5 6 Shaffer, 2002. səh. 100
  36. Mammadov, 2023. səh. 36
  37. Abrahamian, 1989. səh. 59–62
  38. Moin, 2001. səh. 232
  39. Bakhash, 1984. səh. 111
  40. Nikou, Semira N. "Timeline of Iran's Political Events". Iran Primer (ingilis). The United States Institute of Peace. 10 avqust 2021. 2016-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-01.
  41. Schahgaldian, 1987. səh. 143
  42. Shaffer, 2000. səh. 455-459

Ədəbiyyat redaktə

  • Shaffer, Brenda. İranda azərbaycanlı kollektiv kimliyinin formalaşması. Nationalities Papers (ingilis). 28. September 2000. 449–477. doi:10.1080/713687484.
  • Shaffer, Brenda. Borders and Brethren: Iran and the Challenge of Azerbaijani Identity [Sərhədlər və qardaşlar: İran və azərbaycanlı kimliyin məsələsi] (ingilis). Cambridge: Belfer Center for Science and International Affairs. Studies in International Security. 2002. ISBN 978-0-262-69277-9.
  • Cretan, Joel. "Calculation and Confrontation: Explaining Ethnic Rebellions in the Islamic Republic of Iran" [Hesablama və qarşıdurma: İran İslam Respublikasında etnik üsyanların izahı]. Stanford Journal of International Relations (ingilis). 9 (2). 2008. ISSN 1534-8946.
  • Bakhash, Shaul. The Reign of the Ayatollahs: Iran and the Islamic Revolution [Ayətullahların hakimiyyəti: İran və İslam İnqilabı] (ingilis). Basic Books. 1984. ISBN 0-465-06887-1.
  • Moin, Baqer. Khomeini: Life of the Ayatollah [Xomeyni: Ayətullahın həyatı] (ingilis). I.B. Tauris. 2009. ISBN 1-84511-790-5.
  • Fischer, Michael M. J. Iran: From Religious Dispute to Revolution [İran: Dini mübahisədən inqilaba] (ingilis). Wisconsin: University of Wisconsin Press. 2003. ISBN 978-0-299-18474-2.
  • Abrahamian, Ervand. Radical Islam: The Iranian Mojahedin [Radikal islam: İranlı mücahidlər]. Society and Culture in the Modern Middle East (ingilis). I.B. Tauris & Co. Ltd. 1989. ISBN 978-1-85043-077-3.
  • Трубецкой, В. В. Особенности национальной ситуации в Исламской Республике Иран [İran İslam Respublikasında milli vəziyyətin xüsusiyyətləri] // Национальный вопрос в странах Востока [Şərq ölkələrində milli məsələ] (rus). М.: Наука. 1986.
  • Алиев, Салех Мамедоглы. Разработка и принятие конституции Исламской Республики Иран. Её содержание [İran İslam Respublikasının konstitusiyasının hazırlanması və qəbulu. Onun məzmunu] // Иранская революция: 1978–1979: причины и уроки [İran inqilabı: 1978–1979: səbəblər və dərslər] (rus). М.: Наука. 1989.
  • Алиев, Салех Мамедоглы. Егорин, А. З. (redaktor ). История Ирана. XX век (rus). Крафт+. 2004. ISBN 5-93675-075-2.
  • Жигалина, О. И. Лазарев, М. С. (redaktor ). Етносоциальная эволюция иранского общества [İran cəmiyyətinin etnososial təkamülü] (rus). М.. 1996. ISBN 5-02-017952-3.
  • Mammadov, Gulamhuseyn. "Iranian Azerbaijanis. From a "Well Integrated" Ethnic Minority to a Different Identity?". İran Çalışmaları Dergisi (ingilis). 7 (1). 2023: 25–52. doi:10.33201/iranian.1242541.

Saytda 144 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024